Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-318/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində X2 Bakı şəhər İdarəsi İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulmasına görə protokol tərtib edərək Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Nərimanov Rayon Məhkəməsi də protokol əsasında iddiaçının 5000 (beş min) manat cərimələnməsi haqqında qərar qəbul etmişdir. Həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Çünki X2 Bakı Şəhər İdarəsi protokol tərtib etdikdən sonra göndərdiyi xəbərdarlıq müddətini pozmuşdur. Bu öz təsdiqini Bakı Apellyasiya Məhkəməsində tapsa da, hakim buna fikir verməmişdir. X2 Bakı şəhər Baş İdarəsi protokolu İXM-in maddələrini pozaraq qəbul etmişdir. Belə ki, İXM-in 101-ci maddəsində protokolun tərtib olunma müddətləri göstərilib. Protokol inzibati xəta aşkar olunduğu an yazılmalıdır, əlavə araşdırmaya ehtiyac duyduqda 2 gün müddətində tərtib oluna bilər. X2 Bakı Şəhər İdarəsi protokolu nə zaman aşkar edib, nə zaman tərtib edib və bunu tərtib edən zaman yanında kim olub? X2 Bakı Şəhər İdarəsi hüquqi şəxsə istədiyi zaman protokol tərtib edib xəbərsiz məhkəməyə göndərə bilərmi? İddiaçı MMC protokolun tərtib olunması və Məhkəmənin qərar çıxardığını icra məmuru zəng etdiyi zaman bilmişdir. Məhkəmələr prosessual pozuntuya göz yumub sadəcə cəriməni ödətmişlər. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Əgər 48 saat müddətə hakimə göndərilməsə, hakim həmin porotokola baxmamalı və cərimə tətbiq etməməlidir. Amma məhkəmə iddiaçı tərəfdən xəbərsiz bütün bu prosessual pozuntulara göz yummuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Tural Məlikov). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırki halda İddia tələbinin yönəldiyi Bakı Apellyasiya Məhkəməsi həmin siyahıda inzibati orqan kimi nəzərdə tutulmamışdır. İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə (mübahisələndirmə haqqında iddia) əsasən İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin qərarını mübahisələndirə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət intansiyası tərəfindən şikayətə baxılma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsi inzibati orqan deyil, lakin maddədə qeyd edildiyi kimi prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması əlavə məhdudiyyət kimi qiymətləndirir. Bakı Apellyasiya Məhkəməsinin qərarı zamanı prosessual normanın pozulmasına göz yumması, qərara ciddi təsir göstərəcək şəkildə pozulması kimi qiymətləndirir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi məhkəmə qərarının ləğv eidlməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmiş, məhkəmə gəldiyi qənaətini cavabdeh qismində qeyd olunan qurumun inzibati orqan olmadığından, onun qəbul etdiyi aktın inzibati akt qismində çıxış etmədiyindən, hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən eidlmiş hallarından görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. Qanunvericiliyə görə inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Hazırkı iş üzrə cavabdeh qismində qeyd edilən qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-cı il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibatı orqanların Təsnifatında göstərilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmənin qəbul etdiyi akt inzibati icraat haqqında qanunvericiliyin yuxarıda qeyd olunan normasının dispozitiv şərtləri baxımından inzibati akt qismində çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə inzibati xarakterli mübahisə olmadığından, nəticə etibarilə həmin mübahisə inzibati məhkəmə icraatının predmeti qismində çıxış etmədiyindən, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-318/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-318/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver