Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-318/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2-1(118)-1391/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N oktyabr 2021-ci il tarixli, 8570 nömrəli travma haqqında arayışa əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ ayağın İİİ barmağının bitişmiş sınığı” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Bundan sonra Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli, 11732 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən onun “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, anamnezində psixotik əlamətlər. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nişanələr, vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ peroneal sinirin keçirilmiş posttravmatik neyropatiyasının ətrafın distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ ayağın güllə yaralanmasından (xx.xx.2020) sonrakı İİ-İİİ daraq sümüyünün, İİİ barmağın proksimal falanqasının bitişmiş sınığı. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 3.5 metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün X2 Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, Y00149759CNM nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, iddiaçı son 1 il ərzində - 2022-ci ilin mart, may, iyun, oktyabr, ayları, 2023-cü ilin fevral, may, iyun, avqust, sentyabr və oktyabr ayları G93.4, F07.0, F43.1, F06.3, F06.6, T42.4 kodlu xəstəliklərlə ambulator və stasionar müalicələrdə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu”, ağırlaşmaları: F44.8 “Digər dissosiativ (konversion) pozuntular, nevrotik reaksiyalarla”, yanaşı xəstəlikləri: G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya. Keçirilmiş Qapalı KBT baş beynin əzilməsinin qalıq əlamətləri, F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra şəxsiyyətin dəyişməsi, bir neçə dəfə intihar cəhdləri” qeyd edilmişdir. Həmin göndəriş əsasında onun əlilliyi TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və ona “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 23 yanvar 2024-cü il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyası tərəfindən 14 fevral 2024cü il tarixli, 3-17-4/3-3-1207/2024 nömrəli qərar qəbul edilmişdir. Əyani müayinə zamanı iddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış, anamnezində intihar cəhdi və qıcolma tutmaları" kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun əlillik vəziyyətinin qiymətləndirilməsi barədə cavabdehin 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 03 avqust 2022-ci il tarixdən etibarən əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sağ ayağında problem var, ayağı funksiyalarını icra edə bilmir. X6 29 avqust 2023-cü il tarixli müayinə nəticələrinə əsaəsn onda sağ peroneal sinirin xroniki dövr aksonal zədələnməsi mövcuddur. Ona “Respublika Psixiatriya Xəstəxanası” X7 Həkim Psixiatr Komissiyasının 22 aprel 2024-cü il tarixli rəyi ilə üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, tez-tez dekompensasiyalar, anamnezində psixotik əlamətlər diaqnozu qoyulmuşdur. Hesab edir ki, ona diaqnozun əlillik əlaməti təyin etməməsi barədə cavabdehin qərarı qanunsuz və əsassızdır. Belə ki, kəllədaxili travma və davamlı beyin zədəsi simptomları da daxil olmaqla, ağır tibbi vəziyyətləri olan bir veteran kimi ona əlillik statusunun verilməməsi iddiaçını mühüm maliyyə dəstəyi ilə yanaşı, həm də həyati əhəmiyyət kəsb edən zəruri tibbi müalicə və reabilitasiya xidmətlərindən də məhrum edir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış, anamnezində intihar cəhdi və qıcolma tutmaları" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli, Y00149759CNM saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2024-cü ilin iyun ayında, yəni təxminən 4 aydan artıq müddət keçdikdən sora əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçı qeyd edilən qərardan xx.xx.2024-cü il tarixdə, ********** nömrəli telefona SMS bildiriş göndərilməklə məlumatlandırılmışdır. İddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, xx.xx.2023-cü il tarixli göndərişə əsasən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2-1(118)-1391/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Respublika Psixiatriya Xəstəxanasında, 07.04-xx.xx.2024-cü il və 08.07-xx.xx.2024-cü il tarixlərdə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri epileptiform tutmalar tez-tez dekompressiyalar, anamnezində psixotik əlamətlər” (prof. Fuad İsmayılov) diaqnozu ilə müayinə və müalicədə olmuşdur. (F07.0) O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin T 667/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli ekspert rəyi). Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı tərəfindən təqdim edilmiş müvafiq tibbi sənədlər, habelə məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyi ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Qeyd edilən hallar isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğuluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2-1(105)-318/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia müddətinin bərpa edilməsinə dair ərizə təmin edilmiş, buraxılmış müddət bərpa edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarətlər almış və iş üzrə verilmiş ekspert rəyi ilə də həmin xəsarətlərin iddiaçıda mövcudluğu təsdiq edilmişdir. Bu isə əlillik dərəcəsinin təyin edilməsi üçün əsaslardan biridir. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: ...
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmiş, bundan sonra iddiaçı bu qərardan yuxarı inzibati orqana şikayətlə müraciət etmiş, şikayətlə əlaqədar cavabdeh tərəfindən 14 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1207/2024 nömrəli “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İddiaçı verilən imtina ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyləri ilə də təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Belə ki, X2 Mərkəzi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Y00149759CNM nömrəli göndərişə əsasən, onda əsas diaqnozu: XBT 10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu”, ağırlaşmaları: F44.8 “Digər dissosiativ (konversion) pozuntular, nevrotik reaksiyalarla”, yanaşı xəstəlikləri: G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya. Keçirilmiş Qapalı KBT baş beynin əzilməsinin qalıq əlamətləri, F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra şəxsiyyətin dəyişməsi, bir neçə dəfə intihar cəhdləri” xəstəlikləri mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ilkin ekspertiza Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 məhkəmə-tibb eksperti ilə yanaşı cavabdehin tibbisosial ekspertinin iştirakı ilə həyata keçirildiyindən, məhkəmə tərəfindən cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Təkrar ekspertiza tədqiqatı nəticəsində Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T667/2024 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı Respublika Psixiatriya Xəstəxanasında, 07.04-24.04. 2024-cü il və 08.07-xx.xx.2024-cü il tarixlərdə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri epileptiform tutmalar tez-tez dekompressiyalar, anamnezində psixotik əlamətlər” (prof. Fuad İsmayılov) diaqnozu ilə müayinə və müalicədə olmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçının tibbi sənədlərinə əsasən onda “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra astenonevrotik təzahürlər, sağ ayağının İİİ barmağının bitişmiş sınığı” diaqnozu aşkar edilir. Qiymətləndirmə meyarı üzrə əlamətlərin aşkar edilib-edilməməsi mütəxəssis (nevroloq, psixiatr, cərrah) tibbi sosial ekspertlərin səlahiyyətlərinə aiddir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 4373 nömrəli arayışdan görünür ki, ekspert rəyində qeyd edildiyi kimi iddiaçı xx.xx.2024-cü il tarixdə xəstəxananın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona F07.0 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri epileptiform tutmalar tez-tez dekompressiyalar, anamnezində psixotik əlamətlər” diaqnozu qoyulmuşdur. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Y00149759CNM nömrəli göndəriş, ekspert rəyi, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş arayışın qarşılıqlı təhlilindən müəyyən edilir ki, göndərişdə göstərilən həm əsas diaqnoz, həm də onun ağırlaşması olan xəstəliklər (F07.0 və F62.0 kodlu) iddiaçıda aşkar edilir. Həmin xəstəliklər isə AR Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.2, 7.7.1.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir. Belə ki, F07.0 kodlu xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2, 7.6.2.1- 7.6.2.2-ci bəndlərinə, F62.0 kodlu xəstəlik isə (Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra şəxsiyyətin dəyişməsi, bir neçə dəfə intihar cəhdləri) həmin bölmənin 7.7.1 və 7.7.1.1-7.7.1.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının 35-60, 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya əlilliyin təyin edilməsi üçün əsas diaqnozla yanaşı, həmin xəstəliyin ağırlaşmalarının mövcud olmalı olduğunu, lakin, iddiaçıda əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlərin aşkar edilmədiyini bildirir. Kollegiya şikayətin bu dəlillərini əsassız hesab edərək qeyd edir ki, meyarların 7.6.2, 7.6.2.1-7.6.2.2-ci bəndlərinə əsasən F07.0 kodlu xəstəlik iki halda:
1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı);
2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda əlilliyin təyin edilməsinə əsas verir. Göründüyü kimi, sözügedən xəstəlik hər iki halda intihar riski (cəhdi) səbəbindən kənar şəxsin köməyinə ehtiyacın olması və ya daimi müşahidə zərurəti olduğu hallarla müşahidə edilməlidir ki, əlilliyin təyin edilməsinə əsas versin. Hazırkı halda da, iddiaçıda intihar cəhdlərinin olduğu (F62.0 kodlu xəstəlik) “Respublika Psixiatriya Xəstəxanası” X7 tibbi arayışı, ekspert rəyi ilə yanaşı, 23 yanvar 2024-cü il tarixdə onun əyani müayinəsi zamanı cavabdehin özü tərəfindən də təsdiq edilmişdir. Belə ki, əyani müayinə zamanı onun diaqnozu “Üzvi isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış, anamnezində intihar cəhdi və qıcolma tutmaları" kimi müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, Y00149759CNM nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş F07.0 kodlu və onun ağırlaşması olan F62.0 xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, işə baxan məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində yalnız göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmalarının hazırda iddiaçıda aşkar edilmədiyini bildirir. Bununla belə kollegiya qeyd edir ki, iddiaçının hərbi travma olub, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınan “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, epileptiform tutmalar, anamnezində psixotik əlamətlər” diaqnozlu xəstəliyi ilə Y00149759CNM nömrəli göndərişdə əsas diaqnoz və onun ağırlaşması kimi göstərilmiş və hazırda iddiaçıda müşahidə edilən F07.0 və F62.0 kodlu (Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müharibədən sonra şəxsiyyətin dəyişməsi, bir neçə dəfə intihar cəhdləri” xəstəliklərinin eyni xəstəliklər olduğu aşkar edilir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, iddiaçı apellyasiya baxışı zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2-1(118)-1391/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.