Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-319/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X3 və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. Hal-hazırda orada yaşayır. O hərbi xidmətini tam və qüsursuz başa vurduqdan sonra öz istəyi ilə 1991-ci ilin mart ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X1 Mühafizəsi üzrə polis alayının 3-cü bölümünə polis nəfəri kimi qəbul olunmuşdur. Orada 2009-cu ilin mart ayına qədər işləyib, imtiyazlı illərlə birlikdə 25 (iyirmi beş) il iş stajı ilə təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində alayın komandirinin xx.xx.1994-cü il tarixli, 102 saylı əmri ilə ezam olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsində Füzuli rayonunun ərazisində düşmənlə üz-üzə dayanıb döyüşlərdə iştirak etmiş, həmin əraziləri düşməndən qorumuşdur. Bu fakt, yəni iddiaçının qeyd olunan tarixdə həmin ərazidə iştirak etməyi alayın komandirinin verdiyi xx.xx.2008-ci il tarixli rəsmi arayışında da öz əksini tapmışdır. Lakin həmin illərdə bəzi şəxslərin səhlənkarlığı ucbatından iddiaçıya «müharibə veteranı» vəsiqəsi verilməmişdir. 2019-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 2019-cu ilin aprel ayının 1-dən müharibə veteranlarına DSMFdan hər ay 80 (səksən) manat pul ayrılmışdır. İddiaçı da döyüş bölgəsində iştirak edən bir şəxs kimi müharibə veteranı vəsiqəsini alıb həmin imtiyazdan faydalanmaq məqsədilə işlədiyi alayın komandiri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 260 saylı arayışı da təqdim etməklə rəsmi qaydada Azərbaycan Respublikası DİN-nə müraciət etmişdir. Oradan iddiaçıya xx.xx.2019-cu il tarixli *** **** i-3219 saylı məktubla cavab verilərək bildirilmişdir ki, döyüş bölgəsinə ezam olunduğu dövr məhz atəşkəs dövrünə təsadüf edildiyindən vəsiqənin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən imkan xaricindədir və müraciət baxılmamış dayandırılmışdır. Həmin vaxt atəşkəs vaxtı olsa da, atışma davam edirdi. Həyatları hər an təhlükədə idi. Əgər atəşkəs idisə, onda niyə onları həmin bölgəyə ezam etmişdilər və niyə iddiaçıya verilən arayışda iddiaçının döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirakı təsdiqlənmişdir. Məgər xidmət etdiyi alay DİN-in tabeçiliyində deyilmi? Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 26 nömrəli qərarına əsasən müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamədən və müvafiq vəsiqələrin nümunəsinin eskizlərinin və təsvirlərinin təsdiq edilməsi haqqında həmin qərara əsasən mühribə veteranı adı aşağıdakı qaydada verilir: X4 illərində orduda, partizan birləşmələri tərkibində gizli fəaliyyətlə və vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, ***-*******19 nömrəli məktubda iddiaçının DİN-in nəzdində olmuş Mühafizə idarəsinin Bakı Su kəmərləri və Obyektlərinin mühafizəsi üzrə Polis Alayının xx.xx.1994-cü il tarixli, 102 nömrəli əmrinə əsasən 22 gün müddətinə su kəmərlərinin mühafizəsi ilə bağlı Füzuli rayonuna ezam olunması göstərilmiş, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlərin aşkar olunmadığı müəyyən edilmişdir. Həmçinin, sabiq polis əməkdaşı İddiaçı ezam olunduğu müddət atəşkəs dövrünə təsadüf etdiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. Göstərilənləri, eləcə də Nazirlər Kabinetinin 22.09 1995-cı il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələblərini nəzərə alaraq sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəmüvafiq deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan hazırkı apellyasiya şikayətini vermişdir. Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ilin aprel ayının 1-dən müharibə veterenlarına DSMF-dən hər ay 80 (səksən) manat pul ayrıldığından iddiaçı da döyüş bölgəsində iştirak edən bir şəxs kimi «müharibə veteranı» vəsiqəsi almaqla bu imtiyazdan istifadə etmək üçün Azərbaycan Respublikası DİN-ə müraciət etçiş və oradan ona imtina cavabı gəlmişdir. Bu məqsədlə döyüş bölgəsində olub «müharibə veteranı» vəsiqəsi almaq üçün Azərbaycan Respublikası DİN-ə müraciət etmiş şəxslərin əksəriyyətinə belə imtinalar verilib və onların maraqları nəzərə alınmır, hətta onlarla birgə iştirak edib «müharibə veteranı» vəsiqəsi almaqla bu imtiyazdan istifadə edən şəxslərin təsdiqi belə, nəzərə alınmır. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı iş materiallarında olan xx.xx.2008-ci il tarixli, 260 saylı arayışa istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmin arayışla müəyyən olunur ki, iddiaçı xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə alay komandirinin əmri ilə Füzili rayonuna ezam olunmuşdur. Cavabdeh isə ona əsaslanmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmamış, həmçinin, sabiq polis əməkdaşı İddiaçı ezam olunduğu müddət atəşkəs dövrünə təsadüf etdiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iş materiallarında olan sənədlərdə iddiaçının 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması, müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Republikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması, müəyyən olunmur. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-1(105)-319/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-319/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver