Məhkəmə qərarları › İş №2-1(105)-319/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-319/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-319/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-292/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı(bundan sonra iddiaçı) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh 14.08.2020-ci il tarixli **********33 saylı məktubla sözügedən qeyri yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların təqdim edilməməsi səbəbindən iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq göndərməsi faktı, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, əvvəlki tələblərlə yanaşı, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 60000 manat tutulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mənəvi zərərin ödənilməsi ilə bağlı inzibati orqana müraciət olmadığı üçün, ərizə icraata qəbul edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-292/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verib, qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli 2-1(118)-292/2021№-li qərarından göründüyü kimi, “qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədi təqdim olunmadığından” iddia rədd edilmişdir. İş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının, prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə aldığı vəsatətlərinə əhəmiyyət verməmişdir, araşdırma tam aparılmamışdır, tətbiq edilməli olan maddi hüquq norma tətbiq edilməmişdir. Cavabdehin iştirakı ilə keçirilmiş məhkəmə iclasında sübutların qiymətləndirilməsi həyata keçirilmişdir, dövlət təşkilatların (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şöbəsinin, "xxxx" ASC-nin, “Azəriqaz” İB-nin, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Sumqayıt Telekommunikasiya Qovşağının, DİN-nin Yanğın Təhlükəsizliyi idarəsinin, elektrik enerjisi satışı təşkilatı olan Barmek Azərbaycan Elektrik Şəbəkəsi təşkilatının və digər müvafiq) razılıqları ilə olan kommersiya obyektinin İnşaat Pasportu sənədlər toplusuna məhkəmə baxışı keçirilmişdir və onun kserosurətinə hakim “əslini gördüm” yazaraq imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cu bəndinə gorə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin huquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölcusunun çəkilməsini təmin etmək, 9.24-cu bəndinə gorə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və muəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Məhkəmə qərarının 11-ci səhifəsinin yuxarıdan 2-ci və 3-cü abzaslarında iddiasında göstərdiyi qanun pozuntusu hallarını sadalasa da, cavabdeh tərəfinin qanuna əsaslanmayan münasibətini göstərsə də, cavabdehin qanun pozuntusuna qiymət verməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırki işin hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiasında cavabdehin möhürü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq göndərməsi faktı, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddianın yalnız tikiliyə dair hüquqların qeydə alınmasına dair tələbi üzrə araşdırma apararaq yekun nəticəyə gəlmiş, torpaq sahəsinə dair hüquqların qeydə alınmasına dair iddia tələbinə münasibətdə cavabdehin mövqeyini öyrənməmiş, həmin tələb üzrə araşdırma aparmamış, mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməmişdir. Belə ki, qərarın əsaslandırma hissəsində birinci instansiya məhkəməsi tikiliyə dair hüquqların qeydə alınmasına dair tələbi əsassız hesab edərək qeyd etmişdir ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara icazə sənədi təqdim olunmamışdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə mahiyyəti üzrə baxılmadığından və müvafiq olaraq həmin tələbə dair qərar qəbul edilmədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-292/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin möhrü ilə 21.08.2020-ci il tarixdə zərfin içərisinə köhnə tarixli, yəni poçt şöbəsinə təhvil verdiyi zərfin içərisinə 14.08.2020-ci il tarixli **********33 №-li məktubunu qoyaraq göndərməsi faktı, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən inşası başa çatmış tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinaya dair hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin və tikiliyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun ona verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş, yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar