Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-319/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2791/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı və onun ailə üzvləri yoldaşı X3, övladları Quliyeva Vəfa Ramiz qızının və Quliyeva Güllər Ramiz qızının mülkiyyətinə verilmişdir. 6123557 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X7 və xx.xx.1979-cu il təvəllüdlü Quliyeva Vəfa Ramiz qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı MənzilKommunal Sahəsi tərəfindən tərtib edilmiş 124 saylı, 01 fevral 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Quliyeva Güllər Ramiz qızı ünvan 2 ünvanından qeydiyyatdan çıxmışdır. X7 və Quliyeva Vəfa Ramiz qızı tərəfindən verilmiş 8 fevral 2023-cü il tarixli, 8i-2303 və 8i-2304 reyestr nömrəli notarial ərizələrdən görünür ki, onlar ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 15 mart 2023-cü il tarixli imtina məktubundan görünür ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilin ünvanı təkrarlanır. Belə ki, bu ünvanla **********83-05101-093017 reyestr nömrəli mənzil vətəndaş X4 adına xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından daxil olmuş Sumqayıt XDS İcraiyyə Komitəsinin 10 oktyabr 1986-cı il tarixli, 22 saylı protokolunun 12.345.2 saylı qərarından çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı və onun ailə üzvləri yoldaşı X3, övladları Quliyeva Vəfa Ramiz qızının və Quliyeva Güllər Ramiz qızının mülkiyyətinə verilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanına dair xx.xx.1986-cı il tarixdə 14/970 saylı order verilmişdir, ailə üzvləri ev sahibi İddiaçı, həyat yoldaşı X8, qızı Quliyeva Vəfa Ramiz qızı, Quliyeva Güllər Ramiz qızı, nəvələri X22 və X16r. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, ünvan 5 ünvanına dair xx.xx.2007-ci il tarixdə 209 saylı order verilmişdir, ailə üzvləri ev sahibi X11, qızı X17, oğlu X14r. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 209 saylı, 04 dekabr 2007-ci il tarixli orderinin surətindən görünür ki, ünvan 6 ünvanı X4, qızı X9 və oğlu X12 mülkiyyətinə verilmişdir. RX seriyalı, ******* saylı, xx.xx.2019- cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 73A, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 73A, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə X15 məxsusdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, 7A saylı evdə yerləşən 70 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzil Azərbaycan SSR Sumqayıt şəhər XDS İcrayə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 22 oktyabr 1986-cı il tarixli, 14/940 saylı order əsasında ona və onun 4 ailə üzvünə - həyat yoldaşı Quliyeva (Məlikova) Leyla Həmdulla qızına, övladları Quliyeva Vəfa Ramiz qızı və Quliyeva Güllər Ramiz qızına verilmişdir. Belə ki, o uzun müddət “Üzvi sintez” zavodunda “instruktor” vəzifəsində işləmişdir. Sözügedən mənzil ona işlədiyi yerdən verilmişdir. Həmin vaxtdan bu günki tarixə qədər sözügedən ünvanda ailəsi ilə birlikdə yaşayır. Mənzilin özəlləşdirilməsi ilə bağlı məsələyə əhəmiyyət verməmiş və vaxtında sənədləşmə işlərini aparmamışdır. Lakin mənzil üzərində hüquqlarını həyata keçirə bilməsi üçün ünvan 1 ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Bu barədə o, cavabdeh inzbati orqana müraciət etmişdir. Lakin cavabdeh orqanın 15 mart 2023-cü il tarixli məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73a ünvanında yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq, iddiaçıya ərizənin icrasının mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli **********66 nömrəli məktub göndərilmişdir. Müraciətlə əlaqədar bildirilmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan mənzilin ünvanı təkrarlanır. Belə ki, bu ünvanla **********83-05101-093017 reyestr nömrəli mənzil vətəndaş X4 adına xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2791/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi, ev 73a ünvanında yerləşən sahəsi 31.37 kv.m olan 2 otaqlı, 9 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi gətirdiyi dəlil əsassız olmuşdur. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderlə İddiaçı, X3, Quliyeva Vəfa Ramiz qızının və Quliyeva Güllər Ramiz qızının mülkiyyətinə verilmişdir. **********83-05101-093017 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla X4 mülkiyyətində olan “ünvan 7 ünvanı ilə Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986-cı il tarixli, 14/970 saylı orderlə iddiaçıya ayrılmış “ünvan 9 ünvanlardır və mübahisə predmeti olan mənzil həqiqətən də, iddiaçının mülkiyyətinə ayrılmışdır. Belə olan halda mübahisə predmeti olmayan digər mənzilə dair X4 adına **********83- 05101-093017 reyestr nömrəli, xx.xx.2019cu il tarixli çıxarışın tərtib edilməsi, mübahisə predmeti olan mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmamalıdır. İnzibati orqan tərəfindən X6 ayrılmış mənzilin dövlət qeydiyyatına alınması zamanı yanlışlığa yol verilməsi, iddiaçının ziyanına şərh oluna, onun məsuliyyətinə səbəb ola bilməz və ona mənzilin ayrıldığını təkzib edə bilməz, bu hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi üçün müraciət edən vətəndaşın həmin mənzildə qeydiyyatda olması şərt kimi göstərilməmişdir və mənzilin özəlləşdirilməsindən bu səbəblə imtina edilməsi nəzərdə tutulmamışdır. İddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. İddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, işə baxmış məhkəmə işin hallarına düzgün qiymət verməmiş, Sumqayıt Şəhər İcra Hakimiyyətini üçüncü şəxs qismində işə cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə olaraq iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin İdarənin iddiaçıya ünvanladığı məktubun məzmunundan və qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının dövlət qeydiyyatına alınmasını tələb etdiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıbəyov küçəsi, ev 73a ünvanında yerləşən 9 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi isə nədənsə bunları nəzərə almayaraq, İdarə tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsini qanunvericiliyin tələblərinə zidd hesab etmişdir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Belə ki, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzilə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən mənzillə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 68. Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə dəyişdirmək ixtiyarına malikdir. (xx.xx.2009-cu ilədək qüvvədə olan) “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Maddə 8.3 Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq mənzil üzərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən mənzilin ünvanının təkrarlanması, həmin ünvanla mənzilin başqa şəxsin adına qeydiyyata alınması halına istinad edərək, iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 22 oktyabr 1986cı il tarixli, 14/970 saylı order əsasında iddiaçı və onun 3 nəfər ailə üzvinə verilmişdir. İddiaçı və onun ailə üzvləri həmin mənzildə daimi pasport qeydiyyatındadır (iddiaçı və onun həyat yoldaşı 1987-ci il tarixdən). Eyni zamanda iş materiallarından görünür ki, orderdə adları yazılan şəxslər həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş yazılı razılıq ərizələri vermişlər. Göründüyü kimi, sözügedən mənzil müvafiq order əsasında iddiaçı və onun ailə üzvlərinə verilməklə, onların qanuni sahibliyində və istifadəsində olmuşdur. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının yaşadıqları mənzilləri (evləri) qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin hüququn realizəsi üçün tələb olunan şərtlər: mənzilə hüququ olan şəxslər, həmin mənzildə faktiki yaşaması, ərizəçi ilə birlikdə yaşayan və həmin mənzilə hüququ olan yetkinlik yaşına çatmış şəxslərin mənzili özəlləşdirməyə dair razılıq ərizələrinin verilməsi, habelə mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam sənədinin təqdim edilməsindən ibarətdir. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan qanunla müəyyən edilmiş sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, mülki qanunvericiliyin və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order əmlak üzərində hüququn yaranması və yaranmış hüququn dövlət qeydiyyatı üçün əsas qismində çıxış edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin mənzil üzərində əmlak hüquqları yaranmaqla, qanunun dispozitiv şərtlərinə əsasən mənzili özəlləşdirmək hüququ mövcud olmuşdur. Məhkəmə kollegiyası işin mübahiəsli halları ilə bağlı aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan ünvanın təkrarlanması halına istinad etsə də, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin özünün məhkəməyə təqdim etdiyi binaların yerləşmə yerinə dair ortofoto görünütüsünə aid sənədlərdən görünür ki, iddiaçının faktiki istifadəsində olan və müvafiq order əsasında ayrılmış mənzilin yerləşdiyi bina ilə cavabdehin istinad etdiyi şəxslərə (inzibati iş ürzə üçüncü şəxslərin) aid mənzilin yerləşdiyi bina fərqli binalardır. Həmçinin, qeyd edilməlidir ki, həmin ortofoto görüntüsünə aid sənədlərin birində həmin mənzillərin yerləşdiyi hər iki bina bir bina olaraq 73 nömrə ilə, digərində isə ayrı-ayrı bina olaraq, 73 və 73 a kimi əks olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, həmin mənzilə cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilməklə, buna dair müayinə aktı tərtib edilmiş, həmin mənzillərin eyni mənzil olması, eyni binada yerləşməsi halı müəyyən edilməmişdir. Belə olan halda isə ünvan reyestr nömrələrinin təkrarlanması halına istinad etməklə, iddiaçının mövcud olan hüquqlarının məhdudlaşıdırılması qnaunvericiliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 1.5-ci bəndinə əsasən ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. Bundan əlavə qeyd edilməlidir ki, həmin Qaydaların 2.4-ci bəndinin məzmunundan görünür ki, ünvan reyestrində saxlanılan məlumatlarda dəyişiklik edilməsinə əsas olan hallardan biri də texniki səhvlərin aradan qaldırılması halı qeyd edilmişdir. Göründüyü kimi, ünvan reyestrin aparılması və ünvan verilməsi iddiaçının öhdəlik daşıdığı hal olmamaqla, məhz müvafiq inzibati orqanın səlahiyyətinə aid olmuşdur. Belə olan halda isə ünvan reyestr nömrələrinin təkrarlanması məhz müvafiq inzibati orqanın öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi səbəbindən ortaya çıxa bilər. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Həmçinin qeyd edilməlidir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Qeyd olunan hallara əsasən mhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan Sumqayıt Şəhər İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməməsi halını qeyd etsə də, onun zəruri edən heç bir dəlilə və ya hala istinad etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da işin halları baxımından inzibati aktın digər şəxsin hüquqlarına birbaşa təsir etməsi və ya şəxsin qanunla qorunan maraqlarına digər qaydada toxunma halının mövcudluğu müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən hissədə şikayətin dəlilləri əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan hazırki iş üzrə ekspertiza keçirilməsini qeyd etsə də, həmin halı zəruri edən heç bir dəlilə istinad etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hazırki iş üzrə işin halları baxımından xüsusi bilik tələb edən hər hansı halın araşdırılmasının zəruriliyi müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən hissədə şikayətin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2791/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-319/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-319/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver