Məhkəmə qərarları › İş №2-1(105)-319/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-319/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-319/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxslər X5 və X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X5 və X3 iddiaçının mülkiyyətində olan Quba şəhəri, X10 küçəsi, ev 35 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinni cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(118)-5621/2024 saylı qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhəri, X10 küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli, 3-13-91/2-K-179992/11 nömrəli imtina məktubundan görünür ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi məsələsinin məhkəmə orqanlarının səlahiyyətinə aid olması əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X5 və X3 iddiaçının mülkiyyətində olan Quba şəhəri, X10 küçəsi, ev 35 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması (həvalə edilməsi) barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 və X6 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, X10 küçəsi ünvanında yerləşən 35 saylı ev xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan X5 və X6 qardaşı uşaqlarıdır. Üçüncü şəxslər sözügedən evdə yaşamırlar və həmin evlə heç bir əlaqələri olmamışdır. Onların qeydiyyatda olmaları mülkiyyət hüququnu məhdudlaşdırır və əsassız müdaxilə təşkil edir. Bu da mənzil ilə bağlı hüquqlarının realizə edilməsində mane olur. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin və üçüncü şəxslərin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin və üçüncü şəxslərin iddiaya qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(118)- 5621/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər X5 və X3 Quba şəhəri, X10 küçəsi, ev 35 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Lakin həmin mənzildə iddiaçının ailə üzvü olmayan və faktiki olaraq həmin mənzildə yaşamayan üçüncü şəxslər qeydiyyatdadır. Bu isə iddiaçının həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar məhkəmədə iddia qaldırılmasından və məhkəmə iclaslarından xəbərsiz olmuşlar. Bir müddət əvvəl Qubaya yas mərasiminə gedən zaman qonşularının sözündən onlara məhkəmnədən məktub gəldiyini bilmişlər. Daha sonra məhkəməyə müraciət edərkən bibiləri İddiaçı onların Quba şəhəri, X10 küçəsi, ev 35 ünvandan qeydiyyatdan çıxarılması barədə iddia qaldırması və məhkəmənin qərarı ilə iddianın təmin edilməsi barədə məlumat almışlar. xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsindən xx.xx.2024-cü il tarixli, 2-1(118)-5621/2024 saylı qərarını almışlar. İddia tələbinin mahiyyətinə gəldikdə bildirirlər ki, İddiaçı onların bibisidir. Mübahisə predmeti olan ev mərhum nənələri X1 məxsus olmuşdur. Sonradan həmin evi İddiaçı öz adına sənədləşdirmişdir. Doğulduqları gündən sözügedən evdə qeydiyyatda olmaqla yaşamışlar. Bir neçə il bundan əvvəl iddiaçı onları həmin evdə yaşamağa qoymamış və evdən çıxmağa məcbur etmişdir. Pnlar münaqişənin yaranmaması üçün evi tərk etmişlər. Hazırda yaşamağa yerləri yoxdur, hər ikisi kirayədə qalmaq məcburiyyətindədirlər. Hesab edirlər ki, məhkəmə onların həmin evdən istifadə hüquqlarının olmasını nəzərə almadan iddianı təmin etməklə qanunsuz qərar çıxarmışdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam olaraq aydınlaşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak edən üçüncü şəxslər X5 və X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı həmin fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Hazırda inzibati iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslər iddiaçının qardaşı oğlanları olmaqla, həmin evdə yaşamışlar, hazırda yaşamırlar. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı üçüncü şəxslərin (qardaşı oğlanlarının) ona məxsus vedə formal olaraq pasport qeydiyyatında qaldılqarını, bu halın isə onun mülkiyyət hüququnu pozduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüş, üçüncü şəxslər isə həmin evdə yaşadıqlarını, sonradan məcburi çıxarıldıqlarını, hazırda kirayə qaldıqlarını və həmin evdən istifadə hüquqlarının olduğunu hesab edirlər. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, üçüncü şəxslərdən X3 ünvan 3 ünvanında qeydiyyatda olması barədə məlumat daxil olmuşdur. Daha sonra araşdırma zamanı müəyyən edildi ki, B.Ramazanovun qeydiyyat ünvanı texniki səhv nəticəsində Tağı Rüstəmov əvəzinə, Tofiq Rüstəmov küçəsi kimi göstərilmişdir və hər iki üçüncü şəxs mübahisəli ünvandan məhkəmə qərarının icrası nəticəsində çıxarılmışlar. İstinad edilən qanunvericilik normalarına görə inzibati məhkəmə icraatı qaydasında şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin mənzilə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Birinci hal, yəni şəxsin yaşayış evində yaşamaması ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə üçüncü şəxslərin sözügedən mənzildə yaşamaması işin mübahisəsiz halıdır. Belə ki, üçüncü şəxslər izahatlarında qeyd edilən fərdi yaşayış evindən 2014-cü ildən məcbur qalaraq çıxmaları və Bakı şəhərində kirayədə yaşadıqlarını bildirdilər. İkinci hal olan şəxsin mənzilə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlı isə kollegiya qeyd edir ki, üçüncü şəxslərin mənzilə hər hansı əmlak hüquqları mövcud deyil. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən müvafiq qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda üçüncü şəxslər iddiaçının qardaşı oğlanları olmaqla, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin təsiri dairəsinə düşmədiyindən, onlar iddiaçının ailə üzvi hesab edilmirlər. Bu baxımından qeyd edilən üçüncü şəxsin mənzil qanunvericiliyinin tələbinə əsasən həmin evə dair əmlak hüququ yaranmamışdır. Bundna əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın, 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda üçüncü şəxslər həmin evdə yaşamadıqlarından və həmin evə dair əmlak hüquqları mövcud olmadığından, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, üçüncü şəxslərin şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd olunan hallar özlüyündə üçüncü şəxslərin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib etdiyindən, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(118)- 5621/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar