Məhkəmə qərarları › İş №2-1(105)-32/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-32/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-32/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 19.11.2004-cü il taixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası X4 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən 500 kv.metr olan həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə müvafiq arayışın verilməsi” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində müvafiq arayışın alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Şirinova Şəfəq Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X4 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kv.metr olan həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixil 2-1(118)-569/2021 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək «Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X4 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kv.metr olan həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək iddia ərizəsinin "xahiş edirəm” hissəsinin “Sumqayıt Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X4 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi böyünca yerləşən sahəsi 500 kvadratmetr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə müvafiq arayışın ona verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası İ qrup əlil X9 2004-cü ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 51-ci məhəlləsi ərazisində uzun müddətdir istifadə etdiyi sahəsi 500 kvadratmetr olan həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmiş, atasının müraciətinə bələdiyyədə etiraz edilməmiş və Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpağın mövqe planı tərtib edilmiş və torpağa yerində baxış keçirildikdən sonra torpaq sahəsinin alqı-satqı qaydasında atasının mülkiyyətinə ayrılmasının mümkün olduğu ona bildirilmişdir. Bundan sonra atası torpağın tələb olunan alqı-satqı haqqı olaraq ******* (bir milyon beş yüz min) manat məbləğində pul vəsaitini Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödəmişdir. Bunun əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kvadrat metr olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən inşaat Pasportu tərtib edilərək ona təqdim olunmuş, müvafiq təhkim aktı əsasında torpaq sahəsi yerində ona təhvil verilmişdir. Ancaq mərhum atası qanunları tam bilmədiyindən hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq sənəd üzrə onun mülkiyyətidir. Bu səbəbdən atası bələdiyyə qərarı əsasında ona verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etməmişdir. Atası İ qrup əlil X9 2008-ci ilin sentyabr ayının 2-də vəfat etmişdir. Atasının ölümündən sonra torpaq sahəsindən və üzərində inşa olunmuş fərdi yaşayış evindən bugünədək o, istifadə edir. Atasının vəfatından sonra o, torpağa dair bir sıra sənədlərin, o cümlədən torpağın alqı-satqı haqqını ödədiyini təsdiq edən kassa mədaxil orderi qəbzinin əslini və torpağın alqı-satqı aktını tapa bilməsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına etdiyi müraciət əsasında həmin sənədlərin surətləri ona təqdim olunmuşdur. Bu sənədləri əldə etdikdən sonra o, müəyyən etmiş ki, mərhum atası torpağın sənədləşmə işlərini tam başa çatdıra bilməmiş və bu səbəbdən mərhumun vərəsəsi kimi torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, o adı çəkilən qərar əsasında torpaq sahəsini mülkiyyət hüququ əsasında dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdehin müraciətinə verdiyi 04 noyabr 2020-ci il tarixli, **********54 saylı cavab məktubunda imtinanın səbəbi kimi bələdiyyə qərarı qəbul edilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması göstərilmişdir. Cavabdehin bu əsasla mərhum atasını torpaq üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etməsini tamamilə qanunazidd hesab edir. Belə ki, onun mərhum atası torpaq sahəsinin alqı-satqı haqqını bələdiyyəyə ödəmiş və həmin dövrdə onun tərəfindən tələb olunan bütün öhdəliklərini yerinə yetirmişdir. Ancaq o, atasının vəfatından sonra atasına verilmiş bələdiyyə sənədlərini itirdiyindən, bu sənədlərin surətlərinin verilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və etdiyi müraciətə cavab olaraq ona bildirilmişdir ki, 2010-cu ilədək olan bələdiyyə sənədlərinin bir qismi, o cümlədən kassa mədaxil orderi qəbzləri vaxtı keçmiş sənədlər kimi yandırılaraq məhv edilmiş, bir qismi isə Dövlət Arxivinin Sumqayıt şəhər filialına saxlanılması üçün təhvil verilmişdir. O ki, qaldı cavabdehin bələdiyyə qərarı verilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin guya alınmaması fikrinə, onun atası buna görə məsuliyyət daşıya bilməz, çünki həmin rəyin alınıb-alınmaması məsələsi bələdiyyə tərəfindən həyata keçirilməli olan bir hərəkətdir. Hətta bələdiyyənin qanunvericiliyə zidd olaraq bu rəyləri almaması cavabdehin mərhum atasının hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün əsas ola bilməz, belə ki, bələdiyyənin sözügedən qərarı hal-hazırda da qüvvədədir və heç kim, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin mərhum atasının adına qərar qəbul edərkən yol verdiyi hər hansı pozuntular qərar qüvvədə olduğu surətdə mərhum atasının üzərinə qoyula bilməz və onun torpaq sahəsi üzərində hüququnun tanınmasına əngəl yarada bilməz. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mərhum atasının adına verilmiş qərara oxşar onlarla bələdiyyə qərarı əsasında fiziki şəxslərin mülkiyyət hüququ bu günədək cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, sadalananlardan cavabdehin bələdiyyə qərarının qanunvericiliyə uyğun şəkildə verilməməsi və bu səbəbdən bələdiyyə qərarı əsasında mərhum atasının mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində onun hüququnun dövlət qeydiyyatından imtina edilməsinin əsaslarının səhv olduğu anlaşılır. Bələdiyyə qərarının qüvvədə olduğu halda, cavabdehin onun müraciətinə əsassız şəkildə imtina cavabı verməsi nəticəsində mərhum X4 vərəsəsi kimi hüququ aşkar şəkildə pozulmuşdur. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində atasının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri əsassızdır. Bütün bu sadalananlara əsaslanaraq o, cavabdeh tərəfindən pozulmuş hüququnun müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazları:

4. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Qənbərov Nazim Nəcəf oğlu Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 22 oktyabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq iddiaçının etibarnamə üzrə nümayəndəsinə bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 19 noyabr 2004-cü il tarixli 141 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Ona görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X4 hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə iddiaçının etibarnamə üzrə nümayəndəsinə 04 noyabr 2020-ci il tarixli qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixil 2-1(118)-569/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası İ qrup əlil X4 mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kv.metr olan həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə iddiasının təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixil 2-1(118)-569/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarını əsassız və qanunsuz hesab edirlər ona görə ki, məhkəmə işə baxarkən tərəflərin münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş, tamamilə aidiyyəti olmayan qanun normalarını tətbiq etmiş, qanunları səhv təfsir edərək torpağın faktiki sahibi və istifadəçisi kimi iddiaçının hüquqlarının pozulmasına göz yummuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının mərhum atası İ qrup əlil X9 2004-cü ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 51-ci məhəlləsi ərazisində uzun müddətdir istifadə etdiyi sahəsi 500 kvadrat metr olan həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmiş, həmin müraciətə bələdiyyədə etiraz edilməmiş və Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpağın mövqe planı tərtib edilmiş və torpağa yerində baxış keçirildikdən sonra torpaq sahəsinin alqı-satqı qaydasında N.M.Əsgərovun mülkiyyətinə ayrılmasının mümkün olduğu bildirilmişdir. Bundan sonra sonuncu torpağın tələb olunan alqı-satqı haqqı olaraq ******* (bir milyon beş yüz min) manat məbləğində pul vəsaitini Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödəmişdir. Bunun əsasında Sumqayıt şəhər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli 141 nömrəli qərarı ilə Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kvadratmetr olan həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün N.M.Əsgərovun mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən İnşaat Pasportu tərtib edilərək sonuncuya təqdim olunmuş, müvafiq təhkim aktı əsasında torpaq sahəsi yerində təhvil verilmişdir. Ancaq iddiaçının mərhum atası qanunları tam bilmədiyindən hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq sənəd üzrə onun mülkiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı, Mülki Məcəllənin 139 və 152-ci maddələrinə, İnzibati icraat haqqında Qanunun 2.0.2-ci maddəsinə, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci və 8-ci maddələrinə istinad edilməklə iddia tərəfi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verə bilməmiş, torpağın hüquqi statusunu səhv müəyyən etmiş, formal mülahizələr əsasında torpağın üzərində hüququnun yaranmadığı barədə əsassız qənaətə gəlmişdir. Bu səbəbdən məhkəmənin yol verdiyi hüquq pozuntuları aradan qaldırılmalı, işə obyektiv şəkildə baxılaraq ədalətsiz məhkəmə qərarı ləğv edilməli və iddia təfəbləri təmin olunmalıdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən 22.11.2021-ci il tarixli etirazda göstərilmişdir ki, iddiaçının müraciətilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş Torpağın alqı-satqısına dair akt, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsi, habelə Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyləri, torpaq sahəsinin yerquruluşu planından çıxarışı və ya torpaq sahəsinin plan və ölçüsü ərizəyə əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********04 saylı, 08.05.2021-ci il tarixli məktub ünvanlanmışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında" Təlimatın 7.2-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə rqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul unmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi qabaqcadan verilmiş razılığı ilə həyata keçirilirsə, etibarlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə esasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası təmin edilməməlidir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin imtinası ona görə əsassız olmuşdur ki, bələdiyyə qərarının qüvvədə olduğu halda, cavabdehin onun müraciətinə əsassız şəkildə imtina cavabı verməsi nəticəsində mərhum X4 vərəsəsi kimi İddiaçı hüququ aşkar şəkildə pozulmuşdur. Belə olan halda cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində iddiaçının atasının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri əsassızdır. Birinci instansiya məhkəməsi də sadalanan halları tam araşdırmayaraq əsassız olaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə kollegiyasının ilk iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onu da bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Qənbərov Nazim Nəcəf oğlu Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 22 oktyabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq iddiaçının etibarnamə üzrə nümayəndəsinə bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 19 noyabr 2004-cü il tarixli 141 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Ona görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum X4 hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə iddiaçının etibarnamə üzrə nümayəndəsinə 04 noyabr 2020-ci il tarixli qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 izahatında apellyasiya şikayətinə etiraz etdiyini bildirərək onu da vurğulamışdır ki, əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndələrinin şikayətlə bağlı verdiyi izahatla tanışdır və o, da həmin mövqedədir, həmçinin iddia tərəfinə edilən imtina üç çatışmamazlığa görə, yəni müvafiq dövlət orqanlarının rəyinin olmaması və alqı-satqı aktının bağlanmaması səbəbilə əsaslandırılmışdır. Konstitusiya Məhkəməsinin oxşar iddia ilə bağlı son qərarına münasibətdə onu deyə bilər ki, iddiaçıya imtina məktubunda bütün əsaslar göstərilmiş, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; (-).

34. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiyada).

35. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədiləhərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-). İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. (-).

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. (-).

36. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanı: (-).

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

37. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı: (-).

2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nınsəlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; (-).

38. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hazırkı qərarın 14-27-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.

40. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir.

41. Məhkəmə kollegiyası iddiaçının hazırki qərarın 7-ci bəndində qeyd edilən apellyasiya şikayətinin dəlillərinə və iddiaçı tərəfin məhkəmədəki ifadələrinə, o cümlədən cavabdeh tərəfin hazırkı qərarın 10 və 11-ci bəndlərdəki izahatlarında göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, hazırki qərarın 35-36-cı bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının mərhum atasına 19.11.2004-cü il tarixli Bələdiyyənin qərarı əsasında satılan torpaq sahəsinin ayrılmasına görə Sumqayıt Bələdiyyəsinin hesabına 28.01.2004-cü il tarixində ******* manat məbləğinin ödənillməsinə dair sənədlər cavabdeh İdarəyə təqdim edilmiş olsa da, iddiaçıya müraciətilə bağlı 04.11.2020-ci il tarixində imtina məktubu verilmiş və imtinanın əsası kimi 19.11.2004-cü il tarixində Bələdiyyənin qərarı ilə ayrılan torpaq sahəsilə bağlı ləğv edilmiş DT və XK-nin, həmçinin rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması və alqısatqı aktının tərtib edilməməsi göstərilmişdir.

42. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mərhum atası N.M.Əsgərova ayrılmış Sumqayıt şəhəri İ.Qayıbov küçəsindəki istifadəsində olan 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdehin mövqeyinə görə N.M.Əsgərova bələdiyyə qərarına əsasən 19.11.2004-cü ildə torpaq sahəsinin ayrılmasına baxmayaraq aidiyyəti orqanların rəyi alınmamış və alqı-satqı aktı bağlanmamışdır.

43. İşin mübahisə olunmayan hallarına əsasən Sumqayıt şəhər Bələdiyyə Şurasının 19.11.2004-cü il tarixli qərarı ilə İ qrup əlil X6 Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində İ.Qayıbov küçəsi boyunca fərdi ev tikmək 500 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış, 28.01.2004-cü il tarixdə torpaq sahəsinə görə bələdiyyənin hesabına ******* manat ödənilmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi iddiaçının mərhum atasına fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından hazırkı qərarın 36-cı bəndində istinad edilən qanunun 6.5-ci maddəsinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, həm də Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi, lakin nə ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, nə də ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyi təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən müvafiq səlahiyyətli orqanların rəyi alınmasa da, hazırda qüvvədə olan və hazırkı qərarın 37-39-cu bəndlərin sadalanan normalara görə fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılan torpaq sahəsi ilə bağlı memarlıq xidmətinin rəy vermək səlahiyyəti yenə də mövcuddur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra mərhum H.M.Əsgərova ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməli idi. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməli, öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməli idi. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir.

47. Qeyd edilməlidir ki, fərdi yaşayış evinin tikintisi üçün mərhum N.M.Əsgərova torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsinin rəyi alınmaqla bələdiyyə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etməli və ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmalı zəruri olsa da, həmin torpaq şöbəsinin rəyinin alınması və ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək mərhum N.M.Əsgərovun səlahiyyətinə aid olmadığından, belə sənədlərin mövcud olmaması və iddiaçıdan tələb edilməsi düzgün olmazdı.

48. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırda da fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılan torpaq sahəsi ilə bağlı yerli icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəy vermək səlahiyyəti olduğundan, məhkəmə kollegiyası tərəfindın mübahisəyə dair memarlıq xidmətinin münasibəti öyrənilməsi məqsədilə 29.11.2021-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 05.01.2022-ci il tarixli münasibətində bildirilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 19.11.2004-cü il tarixli 141 saylı qərarına əsasən vətəndaş X5 Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində 500 kvadratmetr torpaq sahəsi mavafiq rəy olmadan ayrılmışdır. Buna baxmayaraq Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 19.11.2004-cü il tarixli 141 saylı qərara əsasən vətəndaş X5 ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində 500 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən etiraz edilmir.

49. Bundan əlavə məhkəmə kollegiyasının cavabdehə ünvanlanmış 30.11.2021-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh İdarənin 10.12.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mərhum X5 bələdiyyə qərarına əsasən fərdi ev tikmək üçün ayrılmış Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi boyunca yerləşən sahəsi 500 kvadratmetr olan həyatyanı torpaq sahəsinin mövcud texniki vəziyyətini yerində dəqiqləşdirmək mədsədilə yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinnin mütəxəssisi tərəfindən 28.04.2021-ci il tarixdə baxış keçirilmiş və mütəxəssisin müayinə aktına əsasən torpaq sahəsinə texniki baxış zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi mişar daşı ilə hasarlanmış, üzərində iki mərtəbəli fərdi yaşayış evi və həyət tikilisi inşa olunmuş, bir tərəfdən yol ilə, digər üç tərəfdən qonşularla əhatəlidir. Torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən tərtib edilmiş mövqe planına uygundur(i.v.133).

50. Kollegiya onu da qeyd edir ki, iddiaçının mərhum atası tərəfindən 2004-cü ildə ******* manat bələdiyyənin hesabına torpağın dəyərinin ödənilməsi iddiaçı ilə bələdiyyə arasında sözügedən torpaq sahəsinin alqı-satqısı ilə bağlı prosedurlar çərçivəsində qanunvericiliyə uyğun həyata keçirilərək bələdiyyə tərəfindən bu və ya digər sənədlərin rəsmiləşdirilməməsinə görə inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasının qanuni olması barədə cavabdehin mövqeyi ilə razılaşıla bilməz ona görə ki, torpağın alqı-satqısının mövcudluğu Bələdiyyə tərəfindən mübahisələndirilməyərək mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçının mərhum atası tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu hazırkı qərarın 31-32-ci bəndlərində istinad edilən normaların tələbləri ilə uzlaşmır.

51. Kollegiya hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın hazırkı qərarın 36-cı bəndində istinad edilən normalara əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına ******* manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir, digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz.

52. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında vurğulamışdır ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)...”.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarında o da, qeyd edilmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

54. Məhkəmə kollegiyası hazırkı qərarın 33-38-ci bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sənədlərə əsasən torpaq sahəsinə dair iddiaçının atasına məxsus hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilə bilməz.

55. Belə ki, işdə olan cavabdeh İdarəyə ünvanlanmış, ünvan 1bundan görünür ki, 02.09.2018-ci ildə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində yerləşən 500 kvadratmetr torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə İddiaçı müraciət etmiş, lakin mənzilin hüquqmüəyyənedici sənədi təqdim edilmədiyindən, icraatda olan vərəsəlik işi ilə əlaqədar Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində yerləşən 500 kvadratmetr torpaq sahəsinə hüquqmüəyyənedici sənəd verilməsi məsələsinə baxılması xahiş edilmişdir(i.v.15).

56. Məhkəmə nəzərə alır ki, hazırkı qərarın 31-ci bəndində istinad edilən qanunun 8.0.1-ci maddəsinə əsasən, yəni qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-cı bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 19.11.2004-cü il tarixli 141 saylı qərarına əsasən vətəndaş X5 Sumqayıt şəhəri, 51-ci məhəllə, İ.Qayıbov küçəsi ərazisində fərdi yaşayış evi tikmək üçün ayrılmış 500 kvadratmetr torpaq sahəsi mərhum N.M.Əsgərovun istifadəsinə verilmiş, sonuncu 02.09.2018-ci ildə vəfat etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır.

59. Beləliklə, məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bu baxımdan apellyasiya şikayətinin təmin edilməməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixil 2-1(118)-569/2021 saylı qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddiaçının tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixil 2-1(118)-569/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 19.11.2004-cü il taixli 141 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası X7 ayrılmış Sumqayıt şəhərinin 51-ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən 500 kv.metr olan həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə müvafiq arayışın verilməsi” tələbinə dair iddiası təmin olunsun. İddiaçı Sumqayıt şəhər Bələdiyyə Şurasının 19.11.2004-cü il taixli 141 nömrəli protokol qərarı ilə fərdi ev tikintisi üçün mərhum atası X5 ayrılmış Sumqayıt şəhərinin 51ci məhəlləsində İ.Qayıbov küçəsi boyunca yerləşən 500 kv.metr olan həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar