Məhkəmə qərarları › İş №2-1(105)-32/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-32/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-32/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndələri X5, Nümayəndə və üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil Amil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna dair aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz rayon XDS-nin 30 iyun 1981-ci il tarixli, 9 saylı protokol qərarı ilə və Şəfəq Sovxozunun 28 iyun 1981-ci il tarixli razılığı ilə qırqovul və kəklik yetişdirilməsi üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmişdir. İddiaçı ilə X8 arasında 5 yanvar 2006-cı il tarixdə bağlanmış icarə müqaviləsi ilə Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət 41,0 ha ərazi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi 99 il müddətinə üçüncü şəxsə icarəyə verilmişdir. 41 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 783.1 kv.m olan əmlak kompleksi kimi müəssisə 10 yanvar 2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında, müəssisənin yerləşdiyi və dövlət mülkiyyətində olan 41 ha torpaq sahəsi isə istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınmış və bu barədə RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir.

2. İddia ərizəsində və cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək X3 mülkiyyətinə verilmiş əmlak kompleksinə dair çıxarışda buraxılmış texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir.

3. Cavabdeh 13 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, müraciətdə qeyd olunan əmlak kompleksinə dair verilmiş 10 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun əsillərini hüquq sahibi X8 ərazi idarəsinə təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 15 dekabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv.metr qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun X3 adına daşınmaz əmlakın reyestrində qeydin aparılmasına dair hərəkətin qanunsuz və həmin qeydin etibarsız hesab edilməsini, düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X8 iddiaçıya məxsus Xaçmaz rayonu, Güləlan kəndi ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət 41,0 ha ərazi və onun üzərində yerləşən 783,1 kv.m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin torpaq sahəsinə adına reyestr qeydiyyatından çıxarış əldə etdiyinə istinad edir. Tərəfindən təqdim edilmiş çıxarışın məzmunundan məlum olmuşdur ki, həqiqətən də adı çəkilən əmlak kompleksinə onun adına cavabdeh tərəfindən çıxarış verilmişdir. Bununla bağlı dəfələrlə cavabdeh tərəfə müraciətlər edilmiş, lakin hər dəfə müraciətə baxılmasından imtina olunmuşdur. Sonuncu dəfə də bu barədə imtina ilə bağlı 13 noyabr 2020-ci il tarixli məktub verilmişdir. Hesab edilməlidir ki, üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alınması barədə reyestr qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və reyestrdə müvafiq düzəlişin aparılması vəzifəsi onun üzərinə qoyulmalıdır. Belə ki, hazırda üçüncü şəxs tərəfindən zəbt olunan sözü gedən Xaçmaz rayonu, Güləlan kənd ərazisində mövcud göl və torpaq sahəsindən ibarət 41,0 ha torpaq sahəsi və onun üzərində yerləşən 783,1 kv.m qeyriyaşayış sahələrindən ibarət əmlak kompleksi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə (İddiaçı İB) məxsusdur. Son dəfə həmin ərazi üstündəki tikililərlə birgə vahid əmlak şəklində sahibi İddiaçı İB tərəfindən, İB-in üzvü üçüncü şəxs X4 icarəyə verilmiş və icarə əsasında ona verilmiş hüququn dövlət reyestrində qeydə alınmasına razılıq verilmişdir. Həmin sərəncamın 1-ci bəndində belə deyilir: İddiaçı Cəmiyyəti ilə Xaçmaz rayonu Qaraçı kənd sakini X8 arasında Cəmiyyətin istifadəsində olan 39,5 ha göl və 1,5 ha torpaq sahəsinə dair 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınsın. Torpaq sahəsi (göl ərazisi ilə birgə) və üzərindəki əmlaklar sonuncuya icarə əsasında yəni müvəqqəti istifadəyə verildiyi aşkar haldır və onun adına verilən sonrakı bütün sənədlər və aparılan qeydiyyatların əsası qeyd edilən icarə müqaviləsi və sərəncam olmuşdur. Lakin cavabdeh tərəfindən X3 adına 10 yanvar 2017- ci il tarixdə 1 nömrəli reyestr kitabının 106 nömrəli vərəqəsində aparılmış qeyd və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adı çəkilən torpaq sahəsini daimi istifadə, üzərindəki əmlakları isə X3 adına mülkiyyət hüququ kimi yanlış qeydiyyata almışdır. Bununla da dövlət reyestrinə yanlış məlumatlar daxil edilmiş və nəticədə İddiaçı İB-ni həmin əmlak kompleksinə qanunla əldə etdiyi hüquqdan mərhum etmişdir. İddiaçı yol verilmiş aşkar qanun pozuntusuna aydınlıq gətirilməsi, reyestr qeydində düzəliş etməklə, pozuntunun aradan qaldırılması xahişi ilə cavabdehə təkrar müraciət edilməsinə baxmayaraq, nəticəsi olmamışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 10 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş JN- 9450 KOD 30211058 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”, tikintiyə icazə verilməsi barədə Xaçmaz İHB-nın sərəncamı, rayon icra hakimiyyəti memarlıq və tikinti işləri şöbəsi tərəfindən təsdiqlənmiş layihə, tikilinin istismara qəbul edilməsi barədə akt əsasında hazırlanmışdır. Həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir.

7. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan ərazini iddiaçının həmin dövrdəki rəhbərliyinin yazılı razılığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən təqdim edilmiş JN 9450 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 7 fevral 2003-cü il tarixli, 35 saylı müvafiq sərəncamına əsasən 11 may 2006-cı il tarixli istismara qəbul aktına və eskiz layihəyə əsasən qanuni yolla sənədləşdirmişdir. Bütün bunlar əsasında üçüncü şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10 yanvar 2017-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan, seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport da verilmişdir. Üçüncü şəxs Xaçmaz rayonu Güləlan kəndi ərazisində Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən uzun müddət baxımsız vəziyyətdə olmuş torpaq sahəsini öz vəsaiti hesabına təmizləmiş, ərazidə yaşıllaşdırma işləri aparmış, ağaclar əkmiş, bağ salmışdır. Ərazidə yerləşən tikililəri öz vəsaiti hesabına, müvafiq idarə və təşkilatların razılıqları və layihələri əsasında aparmışdır. Bütün bu işlər 20 ilə yaxın bir müddətdə aparılmış, ərazidə dəyirman binası da inşa etmiş, ev quşlarının yetişdirilməsi ilə də məşğul olmuşdur. Bütün bunlar barəsində İddiaçı xəbəri də olmuşdur. İddiaçı həmin müddət ərzində cavabdehə müraciət etməmişdir. Beləliklə, iddia əsassızdır və rədd olunmalıdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 nömrəli qərarı (hakim: X11) ilə iddia təmin edilmiş, cavabdehin Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkəti qanunsuz olmaqla həmin qeyd etibarsız hesab edilmiş və həmçinin düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə və həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv.m qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Daha sonra üçüncü şəxs iddiaçının adından çıxış edərək Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin ərazinin abadlaşdırılmasına və tikililərin yenilənməsinə razılıq almışdır. Belə ki, üçüncü şəxsin istinad etdiyi Xaçmaz Rayon İcra Hakimiyyətinin 7 mart 2003-cü il tarixli, 35 saylı sərəncamında qeyd edilmişdir ki, Xaçmaz rayonu Güləlan yardımçı təsərrüfatının icarədarı İddiaçı İB-nin səlahiyyətli nümayəndəsi B.Abasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına müvafiq sərəncam verilməsini xahiş etmişdir. İddiaçı İB da Xaçmaz Rayon İcra Hakimiyyətinə 27 sentyabr 2002-ci il tarixli müraciətində ərazidə yeni işlərin görülməsi icarədarı B.Abasova icazə verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində X3 torpaq sahəsi üzərində daimi istifadə, üzərində əmlaklar üzərində isə mülkiyyət hüququnu qeydə alınmışdır. İş üzrə toplanmış sənədlərin heç birində sözügedən torpaq sahəsinin və ya üzərindəki qeyri-yaşayış sahəsinin B.Abasovun mülkiyyətinə keçməsini təsdiq edən sübut aşkar edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırmışdır.

13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı sadəcə olaraq məhkəməni aldadaraq iddia ərizəsində guya torpağın onun daimi istifadəsinə verilməsini qeyd edib və hakim də əsassız qərar qəbul edib. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilən JN-9450, KOD 30211058 şəhadətnamədə torpaq daimi istifadə deyil, müvəqqəti istifadəsindədir. İddiaçı İstimai Birliyinin məktublarından görünür ki, 2001-2004-cü illər həmin ərazidə olan, ona məxsus tikililəri tam söküb və üstəlik İddiaçı Rəyasət Heyəti Xaçmaz Rayon İH-nə müraciət edərək ona - Böyükağa Abasova öz vəsaiti hesabına abadlıq işləri və tikinti işləri aparılmasına razılıq verməyi xahiş etmişdir. İddiaçı müraciətini nəzərə alaraq, Xaçmaz RİH xx.xx.2003-cü il tarixdə 35 saylı sərəncamla B.Abasova öz hesabına tikintilərin və abadlıq işlərinin görülməsinə icazə verib və məhkəməyə təqdim olunan texniki pasportda sadalanan tikililər tikilib və yenə üstəlik-İddiaçı verdiyi xx.xx.2000-ci il tarixli, 238 saylı məktubun 5-ci bəndində göstərilib: öz vəsaiti hesabına tikilmiş tikililər onlara məxsusdur. Bütün bunlar seriya RX №0983750 saylı çıxarışda da öz əksini tapmışdır. İddiaçı xx.xx.2006cı il tarixdə 10 saylı məktubla Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edərək cəmiyyətin istifadəsində olan, Xaçmaz rayonunun ərazisində yerləşən Gülalan yardımçı təsərrüfatını, oradakı göl və torpaq sahəsini ona 99 il müddətinə icarəyə verildiyini bildirmiş, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq onunla cəmiyyətin istifadəsində olan göl və 1,5 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin dövlət qeydiyyatına alınması və həmin ərazilər üçün müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2006-cı il tarixdə İddiaçınun sədri X18 ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, onun icarə götürdüyü ərazidə öz hesabına tikinti və yenidənqurma işləri apara bilər. O, həmin ərazidə öz vəsaiti ilə istehsal xarakterli tikinti, yenidənqurma işləri aparmışdır. Müqavilənin şərtinə görə icarəyə götürülmüş əmlakın özəlləşdirilməsində üstünlük hüququ var. İcarəyə verən təşkilatın yenidən təşkil edilməsi, mülkiyyətçinin dəyişilməsi müqavilənin pozulması üçün əsas deyildir. Həmin müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, icarəyə götürülmüş əmlakın özəlləşdirilməsində üstünlük hüququ var. İcarəyə götürdüyü ərazidə öz vəsaiti hesabına istehsal xarakterli tikinti və yenidənqurma işləri apara bilər. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2006-cı il tarixli 99A saylı sərəncamla İddiaçı Cəmiyyətinin istifadəsində olan göl və torpaq sahəsinin ona 99 il müddətinə dair müqavilə təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 10 yanvar 2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı reyestr çıxarışı və texniki pasportu vermişdir. 05 yanvar 2006-cı il tarixdə bağlanmış müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, icarəçinin icarəyə götürdüyü əmlakdan istifadə nəticəsində əldə etdiyi məhsul və gəlir onun mülkiyyətidir. Onu da qeyd etmişdir ki, 2000-ci ilə qədər ərazidə yerləşən bütün tikililər və avadanlıqlar İddiaçınun Rəyasət Heyətinin xx.xx.2000-ci il tarixli qərarı ilə balansdan silinmişdir. İddiaçınun sədri Zaman Novruzovun xx.xx.2000-ci il tarixli, 238 saylı məktubu ilə (əsas xx.xx.2000-ci il tarixli qərar) ərazidə öz hesabına tikilən tikililər gələcəkdə ona məxsusdur. İddiaçınun sədri F.Əşrəfovun ona ünvanladığı xx.xx.2009-cu il tarixli, 28 saylı məktubdan görünür ki, “xx.xx.2006-cı ildə bağlanmış ikitərəfli müqaviləyə əlavə olaraq Xaçmaz dayaq məntəqəsinin müdiri-qardaşı Nasim Abbasovun imzaladığı xx.xx.2008-ci ildə bağlanmış müqavilənin müddəti xx.xx.2009cu ildə bitmişdir”. Bu bir daha sübut edir ki, qərarda hakimin istinad etdiyi İddiaçı ilə onun arasında bağlanmış müqavilə onun tərəfindən imzalanmayıb, saxtadır.

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X3 adına aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə iş üzrə icraata qəbul edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021- ci il tarixli, 2-1(105)-604/2021 nömrəli qərarı (hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X12 və X15) ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X3 adına aparılmış qeydiyyatın dəyişdirilərək, 5 yanvar 2006-cı il tarixdə bağlanmış 99 illik icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmçinin torpaq icarəsi ilə bağlı qüvvədə olan qanunvericilik normalarının tələbinə görə, hazırkı iş üzrə icarəyəverənin (iddiaçının) razılığı ilə icarəçinin (üçüncü şəxsin) vəsaiti hesabına tikilmiş binalar və qurğular müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarəyəverəndə (iddiaçıda) qalır və sonuncu həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada icarəçiyə (üçüncü şəxsə) ödəyir. Qanunvericiliyin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. İcarə müqaviləsinin bağlandığı tarixdən 11 il sonra 10 yanvar 2017-ci il tarixdə cavabdeh tərəfindən icarəyə verilmiş əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ əsasında, icarə verilmiş torpaq sahəsi isə müddət göstərilmədən daimi istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydə alınmışdır. Beləliklə, inzibati orqan tərəfindən üçüncü şəxsə icarəyə verilmiş əmlak kompleksi kimi müəssisənin mülkiyyət hüququ əsasında aparılmış qeydiyyat qanunsuz olduğundan ləğv edilməli, icarəyə verilmiş torpaq sahəsi üzərində istifadə hüququna dair üçüncü şəxsin adına aparılmış qeydiyyatın isə dəyişdirilərək, 99 illik icarə müqaviləsi əsasında icarə hüququnun dövlət qeydiyyatı aparılmalıdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

19. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər S.Kərimov və R.Nəbizadə) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2- 1(105)-604/2021 nömrəli qərarının qismən, yəni Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

21. Qərarda qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarının “Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi” hissəsi ilə məhkəmə kollegiyası razı deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi adıçəkilən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində B.A.Abasovun adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatı ləğv etsə də, faktiki olaraq həmin məsələnin həlli, tam və hərtərəfli araşdırılmadığından yarımçıq və natamam qalmışdır. Belə ki, əvvəla, sözügedən əmlak kompleksinin hüquqi statusu müəyyən edilməmiş, iddiaçının əmlak statusu müəyyən edilməmiş, iddiaçının əmlak kompleksinə ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənədlərinin olub-olmaması öyrənilməmişdir.

22. Bu həm də, ona görə vacibdir ki, tərəflər arasında bağlanmış 5 yanvar 2006-cı il tarixli, müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “icarədar” İddiaçı öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən “Gülalan” yardımçı təsərrüfatını və oradakı 39,5 ha gölü, 1,5 ha torpaq sahəsini, 2 mərtəbəli binanı B.A.Abasova icarəyə verir, B.A.Abasov isə yuxarıda göstərilənləri icarəyə götürür.

23. Lakin apellyasiya instansiyası məhkəməsi artıq göstərildiyi kimi, iddiaçının 2 mərtəbəli binanın həqiqətən mülkiyyətində olub-olmamasını araşdırmamış, bundan başqa sözügedən 2 mərtəbəli binanın üçüncü şəxsin bildirdiyi 783 kv. metr əmlak kompleksi ilə eyni bina olub-olmamasını aydınlaşdırmamış, mübahisə predmetinə çevrilmiş binanın dəqiq olaraq nə zaman kim tərəfindən tikilməsi müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılmamışdır. Halbuki, işin 29-cu səhifəsində olan 1.05.2006-cı il tarixli aktda yazılmışdır ki, “vətəndaş İddiaçı-nun səlahiyyətli nümayəndəsi B.A.Abasov (hazırkı işdə üçüncü şəxs – qeyd ali məhkəmənindir) tikintisi başa çatdırılmış fərdi ictimai-iaşə obyekti istifadə qəbul edilməsi barədə ...”

24. Daha sonra, işin 32-ci səhifəsində olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 7 fevral 2003-cü il tarixli, 35 saylı sərəncamından çıxarışda göstərilmişdir ki, “1. Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini X4 İddiaçı- nun yardımçı təsərrüfatı olan Güləlan gölünün yanında ictimai-iaşə obyektinin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilsin.”

25. Beləliklə, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 5 yanvar 2006-cı il tarixli müqavilədə 2 mərtəbəli binanın iddiaçının mülkiyyətində olmaqla, üçüncü şəxsə icarəyə verilməsi göstərildiyi halda fərdi obyektin (bu və ya başqasının) yalnız 4 ay 11 gündən sonra başa çatdırılması qeyd olunmuş, bundan başqa obyektin tikilməsinə icazə 7 fevral 2003-cü il tarixdə üçüncü şəxsə verilmişdir.

26. Bununla yanaşı, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 1 yanvar 2001-ci il tarixli müqavilədə 2 mərtəbəli binanın iddiaçı tərəfindən üçüncü şəxsin icarəsinə verilməsi göstərilmişdir (iş səh. 120).

27. Digər tərəfdən, işin 140-cı səhifəsindəki məktubdan görünür ki, sözügedən ərazidə 27 sentyabr 2002-ci il tarixdə artıq iddiaçıya məxsus köhnə tikililər və yardımçı binalar mövcud olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan həmin sənədləri araşdırmamış, mövcud olan ziddiyyətləri aradan qaldırmamış, nəhayət əsas olan məsələni, yəni 781,3 kv metrlik əmlak kompleksinin kimin hesabına tikilməsi müəyyən etməmişdir.

28. Bundan başqa, işin 139-cu səhifəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının sərəncamının tarixində, daha doğrusu sərəncamın verdiyi illə bağlı aşkar düzəliş var ki, bu məsələ də araşdırılmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil Amil oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X9 və Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

31. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (...)

Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.

Maddə 16. Dövlət reyestrində düzəlişlər (...) 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Maddə 96. Ali Məhkəmədə icraat (...) 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 720/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər S.Kərimov və R.Nəbizadə) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(105)-604/2021 nömrəli qərarı qismən, yəni Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində ləğv edilib, həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi qeyd edilən hissədə yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi baxılan, yəni Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində təmin edilməlidir.

36. İşin hallarından görünür ki, Xaçmaz rayon XDS-nin xx.xx.1981-ci i tarixli 9 saylı protokol qərarına, həmçinin Şəfəq Sovxozunun xx.xx.1981-ci il tarixli razılığna əsasən, qırqovul və kəklik yetişdirilməsi üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmiş və həmin tarixdə də tərtib edilmiş ayrıc aktına əsasən, torpaq sahəsi Azərbaycan Ovçuluq İttifaqına təhvil verilmişdir.

37. 01 yanvar 2001-ci il tarixdə "Azərovçu" İB ilə X8 arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, icarədar özünəməxsus 2 mərtəbəli bina, 2 kameralı inkubator, yem üyüdən dəyirmanı işlək vəziyyətdə, Gülalan təsərrüfatı, göl və əkin sahəsini üçüncü şəxsin icarəsinə vermişdir. İcarə müddəti 05 il müəyyən edilmişdir.

38. İddiaçınun Rəyasət Heyəti 27 sentyabr 2002-ci il tarixdə rayon icra hakimiyyətinə müraciət edərək, Xaçmaz rayon Gülalan Yardımçı təsərrüfatının icarədarı, İddiaçınun səlahiyyətli nümayəndəsi B.Abbasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına, ərazidə heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatlarının yaradılması və digər lazımi yeni işlərin görülməsinə müvafiq sərəncam verilməsini xahiş etmişdir.

39. Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya yerində baxış keçirmiş və həmin ərazidə ictimai-iaşə obyektlərin tikintisinə icazə verilməsini məqsədəuyğun hesab etmiş və Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 35 saylı sərəncamına əsasən, Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini X4 İddiaçınun yardımçı təsərrüfatı olan Gülalan gölünün yanında ictimai-iaşə obyektlərin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilməsi qərara alınmışdır.

40. İctimai iaşə obyektinin istifadəyə qəbul edilməsi barədə komissiya tərəfindən tərtib edilmiş 11 may 2006-cı il tarixli aktdan görünür ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 35 saylı sərəncamına əsasən, 05 mart 2003-cü il tarixdə tikintisinə başlanılmış Xaçmaz rayon Gülalan kənd ərazisində yerləşən ictimai iaşə obyektinin tikintisi başa çatdığından, komissiya tərəfindən istifadəyə qəbul edilmişdir.

41. Qeyri-yaşayış sahələri 2003-cü il tarixdə inşa edildikdən sonra icarədar qismində İddiaçı ilə icarəçi X6 arasında 05 illik müqavilənin müddəti başa çatdığından, xx.xx.2006-cı il tarixdə tərəflər arasında təkrar icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, İddiaçı İB öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən Gülalan yardımçı təsərrüfatını və oradakı 39.5 ha gölü, 1.5 ha torpaq sahəsini, eləcə də 2 mərtəbəli binanı B.A.Abasova 99 il müddətinə icarəyə vermiş, B.A.Abbasov isə qeyd edilənləri icarəyə götürmüşdür. Tərəflərin razılığı ilə illik icarə haqqı 1300 manat təşkil etmişdir.

42. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 2006-cı il tarixli 99a saylı sərəncamına əsasən, tərəflər arasında 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DT və XK-nin Xaçmaz Rayon şöbəsi tərəfindən 28 aprel 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə üçüncü şəxsə torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair JN- 9450 saylı KOD 30211058 saylı şəhadətnamə verilmişdir.

43. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə qismən razılşaraq qeyd etmişdir ki, 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X3 adına aparılmış qeydiyyatın dəyişdirilərək, 5 yanvar 2006-cı il tarixdə bağlanmış 99 illik icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Belə ki, sözügedən 5 yanvar 2006-cı il tarixli müqavilə iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsinin 99 illiyə, məhz icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır. Bu işin təkzibolunmaz faktıdır.

44. Lakin kollegiya apellyasiya instansiyası məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarının “Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi” hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, sözügedən əmlak kompleksinin hüquqi statusu müəyyən edilməmiş, iddiaçının əmlak statusu müəyyən edilməmiş, iddiaçının əmlak kompleksinə ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənədlərinin olub-olmaması öyrənilməmişdir.

45. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Xaçmaz rayon XDS-nin xx.xx.1981-ci i tarixli 9 saylı protokol qərarına, həmçinin Şəfəq Sovxozunun xx.xx.1981-ci il tarixli razılığna əsasən, qırqovul və kəklik yetişdirilməsi üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmiş və ayrıc aktına əsasən, torpaq sahəsi Azərbaycan Ovçuluq İttifaqına təhvil verilmişdir.

46. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin işin 139-cu səhifəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının sərəncamının verildiyi illə bağlı düzəliş məsələsinin araşdırılması üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə və Xaçmaz Rayon Dövlət Arxivinə sorğu verərək, X4 İddiaçınun yardımçı təsərrüfatı olan Gülalan gölünün yanında ictimai-iaşə obyektlərin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilməsi barədə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 35 saylı sərəncamının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini və sərəncamın tarixində düzəliş edilmişdirsə həmin düzəlişin edilməsinə səbəb olan hallar barədə məhkəməyə məlumat verilməsini xahiş etmişdir.

47. Xaçmaz Rayon Dövlət Arxivi Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 35 saylı sərəncamının arxiv surətini təqdim edərək, 654 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd etmişdir ki, sərəncamın tarixində olan düzəlişin edilməsinə səbəbin nəyə əsaslanması, nə vaxt, kim tərəfindən icra olunması barədə arxivdə heç bir məlumat yoxdur. Həmin sərəncam Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 2003-cü ilə aid sərəncamlar toplusuna daxildir və 2003-cü ilin sərəncamların qeydiyyatı kitabında xx.xx.2003 tarixlə, №35 qeydiyyatdan keçirildiyi göstərilmişdir.

48. Xaçmaz Rayon İcra Hakimiyyətinin 1796 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş B.A.Abbasova verilmiş sərəncamdan çıxarışda sərəncamın tarixi xx.xx.2003-cü il göstərilmişdir. Həmçinin arxivdə saxlanılan sərəncamların qeydiyyat kitabında sərəncamın xx.xx.2003-cü il tarixdə 35 nömrə ilə qeyydiyyata alınması göstərilir. Sərəncama əlavə edilmiş X10 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2003-cü il tarixli məktubundan da məlum olur ki, sərəncam 2003-cü ildə verilmişdir.

49. Bundan başqa mübahisəli 2 mərtəbəli binanın üçüncü şəxsin bildirdiyi 783 kv.metr əmlak kompleksi ilə eyni bina olub-olmamasını aydınlaşdırmaq üçün iş üzrə üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı İB-yə ayrılmış ərazidə sahəsi 783.1 kv.m olan əmlak kompleksində 2 mərtəbəli binadan əlavə hər hansı tikili (və ya tikililər) mövcuddurmu? 2) İddiaçı İB-yə ayrılmış ərazidə inşa edilmiş 2 mərtəbəli bina İddiaçı İB ilə X8 arasında bağlanmış xx.xx.2001-ci il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələrdə göstərilən (İ cild səh. 26 və səh. 120) 2 mərtəbəli bina ilə eyni binalardırmı?

50. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10/7803 nömrəli, 28 mart 2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, **********32-12301 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportun məlumatlarına əsasən, Xaçmaz rayonu, Gülalan kəndində istifadədə olan 41,0 ha ərazidə yerləşən ümumi sahəsi 783,1 kv.m olan əmlak kompleksinə ümumi sahəsi 221,4 kv.m “A” literli iki mərtəbəli restoran binasından əlavə ümumi sahəsi 34,8 kv.m olan “B” literli yeməkxana binası, ümumi sahəsi 86,1 kv.m. “C” literli yeməkxana binası, ümumi sahəsi 32,3 kv.m. olan “D” literli yeməkxana binası, ümumi sahəsi 9,2 kv.m. olan “E” literli sanitar qovşağının, ümumi sahəsi 112,5 kv.m. olan “F” literli ferma, ümumi sahəsi 286,8 kv.m. olan “K” literli dəyirman tikililəri aiddir. Eyni zamanda qeyd olunur ki, Xaçmaz rayonu, Gülalan kəndində istifadədə olan 41,0 ha ərazidə **********32-12301 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan tikililərdən əlavə bir mərtəbəli gözətçi otağı, mişar daşından inşa edilmiş iki tövlə tikilisi, mişar daşından inşa edilmiş yarımtikili, taxta konstruksiyalardan inşa edilmiş bir mərtəbəli tikili və dəmir konstruksiyalardan inşa edilmiş talvar tikilisi mövcuddur. İddiaçı İB ilə X7 arasında bağlanmış xx.xx.2001-ci il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələrdə qeyd olunan (İ cild. Səh 26 və səh 120) 2 mərtəbəli binanın texniki parametrləri (sahəsi, otaqların sayı, konstruktiv elementləri (hansı materialdan inşa edilməsi), tikililərin planlı yerləşməsi və s.) barədə məlumat olmadığından həmin müqavilələrdə qeyd olunan 2 mərtəbəli binanın **********32- 12301 reyestr nömrəli. xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 221,4 kv.m “A” literli iki mərtəbəli restoran binası ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı.

51. Göründüyü kimi icarəyə verilmiş ümumi sahəsi 783,1 kv.m olan əmlak kompleksində bir 2 mərtəbəli tikili (ümumi sahəsi 221,4 kv.m “A” literli iki mərtəbəli restoran binası), digərləri yeməkxana binaları, sanitar qovşağı, ferma, dəyirman tikililərdir.

52. İddiaçı tərəf göstərmişdir ki, mübahisəli tikililərin təmir və yenidən qurulmasına çəkilən xərclər üçüncü şəxsin deyil iddiaçıya aid vəsait hesabına həyata keçirilmişdir. Belə ki, üçüncü şəxs ərazidə icarəçi olmaqla yanaşı həm də Birliyin üzvü olmuşdur və həmin ərazidə işləri Birliyin adından o, həyata keçirmişdir. 2006-cı ildən əvvəl də ərazi və tikililərin bir qismi ona icarə əsasında verilməklə yanaşı, digər tikililər də işçi olaraq onun nəzarətində olmuşdur. Arxivdən götürülmüş xx.xx.1997-ci il tarixli inventarizasiya aktından aşkar şəkildə görünür ki, hazırda mövcud olan 2 mərtəbəli bina (həmin vaxt ovçular evi) üçüncü şəxsə təhvil verilmişdir. xx.xx.2005-ci il tarixli 176 nömrəli kassa məxaric orderi ilə Böyükağa Abasova ovçu evinin təmiri üçün 1.950.000 manat nağd şəklidə vəsait verilmişdir. Eyni qayda ilə həmin məbləğ qədər də 2005-ci ilin dördünücü rübü üçün icarə haqqı təmir xərclərinə görə ondan alınmamışdır. xx.xx.2007-ci il tarixiı məktubla B.Abasov Birliyə müraciət etmişdir ki, binada cari təmirə xərclədiyi 390 manat pulu 2006-cı ilin icarə haqqının hesablaşmasında nəzərə alınmasını xahiş etmiş, müraciət Birliyin rəhbərliyi tərəfindən təmin edilmişdir.

53. İddiaçı tərəf bu dəlillərinin təsdiqi kimi məhkəməyə olan müraciətə xx.xx.1997-ci il tarixli akt, xx.xx.2005-ci il tarixli AİT seriyalı 319952 nömrəli kassa mədaxil orderi, həmin tarixli 176 nömrəli xəzinə məxaric orderi, X1 İddiaçınun sədrinə yazdığı xx.xx.2007-ci il tarixli ərizəni və xx.xx.2007-ci il tarixli məlumatı əlavə etmişdir.

54. Bundan başqa, iş materiallarında olan xx.xx.2017-ci il tarixli texniki pasportdan da aydın olur ki, mübahisəli tikililər iddiaçı ilə üçüncü şəxs arasında xx.xx.2006-cı il tarixdə bağlanmış icarə müqaviləsindən əvvəl 2003-cü ildə tikilmişdir.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.

56. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilməli və iddia tələbi baxılan hissədə təmin edilərək, Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin edildiyindən, üçüncü şəxsdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

59. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 nömrəli qərarı dəyişdirilsin və iddia tələbi baxılan hissədə təmin edilsin. Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X3 adına mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Üçüncü şəxs X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar