Məhkəmə qərarları › İş №2-1(105)-32/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-32/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-32/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Cavabdehin həkim-eksperti X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-229/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 024400AANVH nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. TSEK-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. TSEK tərəfindən verilmiş tarixli qərarlardan görünür ki, İddiaçı 2014-cü ildən 2021-ci ilədək üçüncü dərəcəli əlillik verilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 780 saylı qərarından görünür ki, A.Əliyevanın diaqnozunun səbəbli əlaqəsi kimi “Hərbi travmadır, hərbi xidmət vəzifələrii yerinə yetirərkən alınmışdır. Məhkəmə-tibb ekspertizasının 3863 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tərtib edilmiş 0244003AANVH saylı göndərişlə göndərilmiş N088 saylı arayışda qeyd edilən diaqnozdakı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri, əsas xəstəlik və onun ağırlaşmaları” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AANVH nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı sağ döş qəfəsinin, hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı çapıqlar izlənilsə də, ətraflarda hərəki məhdudiyyət müşahidə olunmamışdır. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, keçiriciliyi simmetrik, qanda oksigenin saturasiyası 97%, boy-172 sm, çəki- 76 kg, boy/çəki defisiti müəyyən edilməmişdir. Hazırda əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AANVH nömrəli göndərişi əsasında 11.12 2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarı”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Səhiyyə Nazirliyinin „MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasınm nəticələri, sağ ağciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoraks, torakotomiya, sağ ağciyərin tikilməsi cərrahi əməliyyatı (1995), kürəyin, sağ bazunun, sağ budun, sol aşıq-baldır oynağının çoxsaylı yad cisimləri (Y36.2), Ağırlaşmalar: pnevmotoraks, sağ plevranın qalınlaşması (J93), xroniki respirator çatmamazlıq, tənəffüs çatışmazlığı İİ dərəcə (J96.1), oynaqların kontrakturası, sağ bazu oynağının uzaqlaşdırıcı kontrakturası, oynaqda funksiyanın kəskin pozulması (M24.5), Mak-Leoda sindromu, sağ tərəfli emfizema (J43.0), xroniki çox ocaqlı osteomielit, sağ aşıq-baldır oynağının xroniki osteomieliti, funskiya edən fistula (M86.3), cərrahi əməliyyat nəticəsində yaranan xroniki ağciyər çatmamazlığı, c/ə sonrakı xroniki ağciyər çatışmazlığı (J95.3), hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması (R26.8). Yanaşı xəstəliklər: nevrasteniya, kəskin asteno-nevrotik sindrom (F48.0), stenokardiyanm digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİ f.s (120.8)” və həmin xəstəliklərə aid qiymətləndirmə meyarları üzrə əlamətləri (müvafiq Qərarın 1.1.1.1 təngənəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə, 1.1.1.2 təngənəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişlı forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya 11A dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə, 1.1.1.3 ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngənəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə, 6.1.10.1 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanm mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları, 6.1.10.2 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları, 6.1.10.3 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanm ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi, 13.1.1.1 prosesin aktivliyinin orta dərəcəsi, fıstulanm tez-tez və ya daimi irinləməsi, 13.1.1.2 prosesin aktivliyinin təzahür edən dərəcəsi (ağır kəskinləşmələr hərarətlə, təzahür edən şişkinlik və yumşaq hissələrin iltihabı, sekvestrin irinləməsi və xaric olunması), 13.1.1.3 yuxarı ətrafların anadangəlmə deformasiyası, olmaması, habelə müvafiq Qərarın 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar, 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya), 2.3.2 dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması), 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası, 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası, 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fıbrokavemoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə, 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri və digər əlamətlər)” aşkar edilmir. Diaqnoz hazırda əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndinə aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yanlış qərarın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. 2014-cü ildə ona 1 il müddətinə 3-cü dərəcəli əlillik dəyin edilmişdir. Ona “mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi, açıq hemopnevmotoradaks, sağ bazunun, kürəyin yad cisimləri, sağ açıq daban oynağının kontrakturası, sağ bazu oynağının kontrakturası" diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar alınmışdır. 2015-ci ildə əlillik dərəcəsi 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə uzadılmışdır. 2021-ci ildə əlilliyin müddəti bitdikdən sonra ona əlilliyin təyin olunması üçün tibb müəssisəsi tərəfindən göndəriş veirlmişdir. Lakin cavabdeh diaqnozun və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14-Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1Diaqnozun mətni: Bədənin çoxsaylı qəlpə yaraları; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S27 - Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması.; Diaqnozun mətni: mina partlayışı nəticəsində çoxsaylı qəlpə yaraları; 2.3. Üçüncü dərəcə əlillik => digər səbəblə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S27-Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travm...; Diaqnozun mətni: mina partlayışı nəticəsində çoxsaylı qəlpə yaraları; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S27 - Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travm...; Diaqnozun mətni: “mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi, açıq hemopnevmotoradaks, sağ bazunun, kürəyin yad cisimləri, sağ açıq daban oynağının kontrakturası, sağ bazu oynağının kontrakturası" Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankil..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-229/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş diaqnoz X1 J35-J36 kodu altında göstərilmiş xəstəliklərin tənəffüs sisteminin xəstəliklərinə aid edilmişdir. İddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin imtina cavabında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin mövcudluğu inkar edilməmişdir. İddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar cavabdeh tərəfindən formal əsaslarla ona əlliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə-tibb ekspertizasının 3863 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tərtib edilmiş 0244003AANVH saylı göndərişlə göndərilmiş N088 saylı arayışda qeyd edilən diaqnozdakı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri, əsas xəstəlik və onun ağırlaşmaları” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi iddiaçı barəsində göndərilmiş müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərə aid diaqnoz və ağırlaşmaların əlilliyin təyin etməsinə əsas verməməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2014-cü il tarixdə bir illik müddətinə “bədənin çoxsaylı qəlpə yaraları” diaqnozu ilə üçüncü dərəcə əlillik dərəcəsi, xx.xx.2015-ci il tarixdə “mina partlayışı nəticəsində çoxsaylı qəlpə yaraları” diaqnozu ilə bir illik müddətinə üçüncü dərəcə əlillik dərəcəsi, xx.xx.2016-cı il tarixdə elektron təyinatla eyni diaqnoz əsasında eyni əlillik dərəcəsi beş illik müddətinə verilmiş,xx.xx.2016-cı il tarixdə tibbi müəssisəsinin göndərişi əsasında “mina partlayışı travmasının nəticələri.sağ aöciyəri əzilməsi, açıq hemopnevmotoradks.sağ bazunun, kürəyin yad cisimləri, sağ aşıq-daban oynağının kontrakturası.sağ bazu oynağının kontrakturası” diaqnozu, Meyar “2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox olması), yaxud saidin tam suoinasiya və ya pronasiya halında qalması, ankil...” səbəbi ilə beş il müddətində üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir (M 21.2, M24.5-M24.6, M25.6, M67.1, M99.0) İş materiallarından görünür ki, iddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixli tibbi göndəriş rəsmiləşdirilmiş, həmin tibbi göndərişin məzmununda iddiaçı barəsində əsas diaqnoz hərbi əməliiyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya sağ ağciyərin tikilməsi cərrahi əməliyyat (1995) kürəyin sağ bazunun sağ budun sol aşıq baldır oynağının çoxsaylı qəlpələri və cərrahi əməliyyatdan sonrakı vəziyyət ətrafın çoxsayı yad cisimləri (Y36.2), ağırlaşmaları Pnevmotoraks, sağ plevranın qalınlaşması (J93), Xroniki respirator şatmamazlıq, tənəffüs çatışmazlığı İİ dərəcə (J96.1), Oynaqların kontrakturası, sab bazu oynağının uzaqlaşdırıcı kantraktura oynaqda funksiyanın kəskin pozulması (M24.5), Mak-Leoda sindromu, sağ tərəfli emfizema (J43.0), Xroniki çox ocaqlı osteomielit, sağ aşıq baldır oynağının xroniki ostemielitoi funksiya edən fistula (M86.3), Cərrahi əməliyyat nəticəsində yaranan xroniki çatışmazlığı, c/ə sonrakı xroniki ağ ciyər çatışmamazlığı (J95.3), Hərəkətin və yerişin digər və dədiləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması (R26.8), yanaşı xəstəliklər Nevrasteniya, kəskin asteno nevrotik sindrom (F48.0), Stenokardiyanın digər formaları, üix stabil gərginlik stenokardiyası İİ fs.(İ20.8) kimi qeyd edilmişdir. İş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 902 nömrəli qərarın məzmunundan görünür ki, iddiaçı barəsində “ Mina partlayış travması, bədənin çoxsaylı odlu qəlpə yaralrı:sağ ağciyərin əzilməsi və zədələnməsi, açıq homopnevmotoraks ilə döş qəfəsinin sağ yarısının nüfüz edən kor yaralanması, kürəyin, sağ bazunun, budun, baldırın və sol aşıq oynağının kor qəlpə yaralanması” “Hərbi travmadır. Hərbi xidmət vəzifələrinin yeirnə yetirərkən alınmışdır”. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində müvafiq tibb müəsissəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və ağırlaşmaları nəzərə alınmaqla, şəxsin müyainəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermir. İş materiallarında olan Quba Rayonu Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 22 sentyabr 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçı həmin xəstəxanada stasionar müalicədə olmamış, 2022-2023-cü illərdə yeddi dəfə ixtisaslı həkim müayinələrinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə Həkim-Məsləhət Komissiyasında müayinədən keçmiş “Z.02.7 (tibbi sənədlərin alınması ilə bağlı müraciət)” diaqnozu qoyulmuş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “M24.5 (oynaqların kontrakturası)” diaqnozu ilə həkim-travmatoloqun qəbulunda olmuşdur. İş materiallarında olan Quba Rayonu Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixdə sənədləri Həkim Məsləhət Komissiyasına təqdim edilmişdir, lakin vətəndaşa qeyd olunan əlillik səbəbi “Y36.2” XBT kodu “Əlilliyin alt sistemində” seçilə bilməz, şəxsə dair məlumat ƏƏSMN-nın hərbi-həkim ekspertizası və tibbi şəhadətnamələndirmə alt sistemində aşkar edilməmişdir, şəxs əlillik sənədini təsdiq edən sənədi (xəstəlik haqqında şəhadətnamə və ya qərar) ƏSSMN-nı “Hərbi-həkim ekspertiza və tibbi şəhadətləndirmə” alt sisteminə daxil edilməsi üçün xidmət keçdiyi tibb idarəsinə müraciət etməlidir. Həmçinin, məhkəmə araşdırması zamnaı cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndiirlməsi üçün vaxt təyin edilmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müyainəsi aparılaraq, onun nəticəsi olaraq, təqdim edilmiş tibbi sənədlər və iddiaçının əyani müayinəsi aparılmaqla, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı sağ döş qəfəsinin, hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı çapıqlar izlənilsə dəətraflarda hərəki məhdudiyyət müşahidə olunmamışdır, auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, keçiriciliyi simmetrik, qanda oksigenin saturasiyası 97%, boy 172 sm, çəki 76 kq, boy/çəki defisiti müəyyən edilməmişdir, hazırda əlilliyin təyininə əsas verən ağırlaşmaları və patofunksional dəyişikliklər aşkar olunmadığındandiqanozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmaları, yanaşı xəstəliklər və onların hər biri üzrə əlilliyin təyin edilməsinə əsasən verən əlamətləri aşkar edilmir, diaqnoz hazırda əlillik səviyyəsində olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın həkim-eksperti mütəxəssis kimi dinlənilmişdir. O, izahatında bildirmişdir ki, iddiaçının yaralanmasına uyğun olaraq ağırlaşmaları aşkar etmək üçün bir sıra müayinə üsulları zəruridi, ilk növbədə ağciyər zədələnməsi olduğu üçün iddiaçının spirometriya müayinəsi həyata keçirilməlidir, iddiaçı cavabdeh orqanda spirometriya müayinəsindən keçmiş, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu müəyyən olunmuşdur, bu İ-İİİ dərəcə tənəffüs çatışmazlığı sayılmır və əlillik təyinatına göstəriş vermir,anaşı olaraq bədəndə qəlpə yaraları vardır, onlar oynaqlarda heç bir hərəkət məhdudiyyəti, kəskin kontraktura və ankiloz müəyyən etmədiyi üçün əlillik təyinatına uyğun görülmür, əsas ağciyərlə bağlı spirometriya müayinəsidir, bu müayinə zamanı tənəffüs çatışmazlığı aşkar edilməmişdir, həm 413 №-li, həm də 187 №-li Qərarlara uyğun olaraq araşdırma aparılmışdır, iddiaçı instrumental müayinə olunmuşdur, tənəffüs funksiyasının yoxlanması üçün spirometriya müayinəsindən keçmişdir, əlavə olaraq hərəkət məhdudiyyətlərini yoxlamaq üçün oynaqların müayinəsi həyata keçirilmişdir, oynaqların müayinəsində instrumental müayinəyə zərurət yoxdur., göndərişdə qeyd olunan İİ dərəcə tənəffüs çatışmazlığı öz təsdiqini tapmamışdır, hemopnevmotoraks yaralanma dövründə mövcud olur, hazırda iddiaçıda aşkar edilməmişdir, zədələnmənin qalıq əlaməti ancaq tənəffüs çatışmazlığı ola bilərdir, o da iddiaçıda aşakr edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, hansı xəstəliklərin, onun ağırlaşmalarının və hansı əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olması məhz əlilliyin təyin edilməsi və meyarlarına dair müvafiq qanunvericilik normasında qeyd edilmişdir. Həmçinin, məhkəmə kolegiyası onu qeyd edir ki, indiki halda iddia tələbinin əsaslılığı baxımından müəyyən edilməli olan iddiaçı barəsində xəstəliyin mövcudluğu deyil, məhz xəstəliyin və onun ağırlaşmalarının müvafiq qanunvericiliklə müəyyən edilmiş əlilliyin təyin edilməsinə əsas verən əlamətlərinin olduğunun müəyyən edilməsidir. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda iddiaçı barsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş rəsmiləşdirilsə də, həmin göndərişdə əks olunmuş əsas diaqnoz xəstəliklərin, onun ağırlaşmalarının və yanaşı xəstəliklərin müvafiq qanunvericilik normasında ehtiva olunan qiymətləndirmə üzrə əlamətləri aşkar edilməmişdir. Başqa sözlə desək, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş XBT kodu ilə qeyd edilmiş əsas diaqnoz xəstəliklərin, onun ağırlaşmalarının və yanaşı xəstəliklərin əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 413 nömrəli və 187 nömrəli Qərarlarda əks olunmuş əlamətlərinin aşkar edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri, həkim-ekspertin izahatı və digər tibbi sənədlər əsasında təkzib olunmuşdur. İddiaçı tərəfindən isə həmin halları təkzib edən, iddia tələbinin əsaslılığını təsdiq edən heç bir dəlilə istinad edilməmişdir. Bununla da, hazırki iş üzrə iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçı barəsində əlillik vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müəssisəsi tərəfindən müvafiq göndərişin verilməsinə əsas olan hallar aydınlaşıdırılmamış, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin və onun əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olub-olmaması halı qanunvericiliklə müəyyən edilmiş normlarının tələbi baxımından qiymət verilməmiş, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-229/2023 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar