Məhkəmə qərarları › İş №2-1(105)-320/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-320/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-320/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi hakim), Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, X4 ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(118)-107/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1996-cı il tarixli 25 saylı Sərəncamına əsasən iddiaçıya Abşeron rayonu, X4 ərazisində fərdi ev tikmək üçün 0,01 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinə verildiyindən həmin torpaq sahəsinin baş plan və koordinatlarının ona verilməsi ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş, Sabunçu rayon İcra hakimiyyətinin 29.05.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, həmin torpaq sahəsi barədə sənədlərin Sabunçu rayon İcra Hakimiyyətinin arxivində olmadığından xahişi müsbət həll edilməmişdir. Bundan sonra iddiaçı qeyd edilən torpaq sahəsinin sxeminin hazırlanaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsindən ötrü Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, onların 30.04.2018-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: «Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 №-li Fərmanı ilə bütün mülkiyyət növləri üzrə torpaqların xərtəçəkmə fəaliyyəti ƏMDK-nin səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (həyətyanı sahələrin) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələrin torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə qanuni istifadəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərkən ərizəyə yalnız torpaqların onlara qanuni istifadəyə verilməsini təsdiq edən sənədin surətini əlavə edirlər». Abşeron rayonu, X4 ərazisində fərdi ev tikmək üçün 0,01 ha torpaq sahəsinin sxeminin verilməsindən ötrü cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilatın 05.07.2008-ci il tarixli rəsmi cavabı ilə ərizə təmin edilməmişdir. Cavabdeh təşkilatın verdiyi cavab əsassız və qeyri-qanunidir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 №-li Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (həyətyanı sahələrin) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnaməyə və İPM-nin 2.2.3, 34, 45, 46-cı maddələrinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1996-cı il tarixli 25 saylı Sərəncamına əsasən ona Abşeron rayonu, X4 ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,01 ha torpaq sahəsinə çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 14 fevral 2019-cu il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, X4 ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-290/2019 saylı 15.05.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh təşkilat apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qərardadı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2-1(82)- 290/2019 saylı qərarı ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, anoloji iddia tələbini DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı irəli sürmüş, məhkəməyə ərizə ilə müraciət edərək DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdeh, Abşeron Rayon İcra Hakimiyyətinin isə üçüncü şəxs kimi tanınmasını xahiş etmişdir. İddiaçı cavabdeh təşkilata qeyd olan tələbi ilə bağlı müraciət etmiş, lakin cavabdeh təşkilat onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(118)-107/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, X4 ərazisində yerləşən 0,10 ha. torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması qərara alınmışdır (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddiaçı Abşeron rayonu, Ramana qəsəbəsində yerləşən X2 məxsus 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12 aprel 2019-cu il tarixli müraciət etmişdir. Lakin iddiaçının müraciətinə əlavə edilmiş Abşeron Rayonu İcra Hakimiyyətinin 12 yanvar 1995ci il tarixli, 25 nömrəli qərarında göstərilən X2 ayrılmış 0.10 ha torpaq sahəsinin yerləşmə sxeminin əlavə edilmədiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin həyata keçirdiyi fəaliyyətlərə yerləşmə sxeminin tərtib edilməsi aid deyildir. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanının icrası “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və bildirdi ki, idarənin elə bir səlahiyyəti olmadığı üçün qərarın onlar tərəfindən icrası qeyrimümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2- 1(118)-107/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddianın mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxaraq tələbini təmin etmiş və bununla da, düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2-ci maddəsinə uyğun olaraq, Xidmətin fəaliyyət istiqamətlərinə aşağıdakılar aiddir. 2.0.1 dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin etmək; 2.0.2 daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq; 2.0.3 daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək; 2.0.4 daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etmək. Eləcə də, sözügedən Əsasnamənin 3-cü maddəsinə müvafiq olaraq, Xidmətin vəzifələrinə aşağıdakılar aiddir: paralel olaraq yazı üsulu ilə kağız üzərində (yazılı sənədlər) və elektron daşıyıcılar üzərində məlumatları dövlət reyestrinə daxil etmək; hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək; təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq və s. Kollegiya qeyd edir ki, müvafiq Əsasnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin fəaliyyət istiqamətlərinə və vəzifələrinə yerləşmə sxeminin tərtib edilməsi aid edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin yerləşmə sxemini vermək kimi vəzifəsi olmadığından cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hər hansı bir hüququnun pozulması müəyyən olunmur. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(118)-107/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, X4 ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar