Məhkəmə qərarları › İş №2-1(105)-320/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-320/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-320/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı Firudun oğlunun, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Köhnə Xudat bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-690/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayon X5 19 avqust 2003-cü il tarixli, 10 nömrəli iclas qərarına əsasən İddiaçı Firudun oğluna bələdiyyənin ehtiyat fondundan kafe və digər ticarət oyektlərinin tikintisi üçün 0,39 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Sözügedən bələdiyyə qərarı ilə İddiaçı Firudun oğluna ayrılmış 0,39 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən sonuncunun adına 08 may 2006-cı il tarixli, JN-607 KOD 30212018 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Xaçmaz rayon Köhnə Xudat kəndində yerləşən 0,39 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Firudun oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin 0,39 ha torpaq sahəsinə dair iddiaçının adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən A seriyalı, 317868 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Xaçmaz rayon X5 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarı ilə İddiaçı Firudun oğluna 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin 19 avqust 2003cü il tarixli, 10 nömrəli iclas qərarının ərazinin baş planına uyğun olmadığına görə, plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməsi qərara alınmışdır. İddiaçı Firudun oğlu cavabdeh Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu X5 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin ona satılması barədə X5 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarının qanunsuz sayılaraq ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Köhnə Xudat kəndində yerləşən 0,39 ha torpaq sahəsi X5 19 avqust 2003-cü il tarixli, 10 nömrəli qərarı ilə kafe və digər ticarət obyektlərin tikintisi üçün ona ayrılmış və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının qanuniliyi DT və XK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2003-cü il tarixli rəyi, torpaq sahəsinin alqısı müqabilində tərəfindən bələdiyyənin bank hesabına 502450 (beş yüz iki min dörd yüz əlli) manat pulun ödənilməsinə dair ödəniş qəbzi, bələdiyyənin nümayəndəsi ilə onun arasında bağlanmış torpaq sahəsinə dair alqı-satqı aktı, 08 may 2006-cı il tarixli JN-607 KOD 30212018 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı ilə təsdiqlənir. Torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Hesab edir ki, ona 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin sözügedən qərarının ləğv edilməsinə dair bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin bələdiyyə qərarında göstərilmişdir ki, X5 19 noyabr 2003-cü il tarixli, 10 nömrəli iclas protokolunun qərarı ərazinin baş planına uyğun olmadığına görə, plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün ləğv edilsin. Qeyd edir ki, bələdiyyənin qərarında uyğunsuzluğun və qanunvericiliyin tələblərinin pozulmasının nədən ibarət olması barədə açıqlama verilməmişdir. Protokolun giriş hissəsində bələdiyyə sədrinin çıxışında göstərilmişdir ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli iclas protokolunun qərarı ilə 0,39 ha torpaq sahəsinin “kommersiya” məqsədi ilə hərrac və ya müsabiqə keçirilmədən birbaşa İddiaçı Firudin oğluna satılması ilə bağlı qərar qəbul edilmişdir. Bununla bağlı qeyd edir ki, 2003-cü ildə bələdiyyə torpaqlarının satılması üçün hərracın və ya müsabiqənin keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdı. Bu qayda AR Prezidentinin müvafiq Fərmanı ilə 2007-ci ilin dekabr ayından tətbiq edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 59.1.5.-ci maddəsinə əsasən yazılı inzibati aktın rekvizitlərindən biri kimi aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla baglı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Lakin, mübahisələndirdiyi bələdiyyə qərarında bu məlumatlar yoxdur. Ona görə də hesab edir ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi üçün heç bir qanuni əsası olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-690/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək Xaçmaz rayonu X5 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X5 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarının 0,39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilməsi (0,29 ha torpaq sahəsinin ayrılmasının ləğv edilməsi hissəsində qüvvədə saxlanılması) qərara alınmışdır (hakim İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, X5 xx.xx.2003-ci il tarixli, 11 nömrəli iclasının protokolunda və X5 xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəmi ağardılaraq təhrif olunması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunun başlanmış ********* saylı cinayət işi üzrə aparılmış istintaqla bələdiyyənin xx.xx.2003-ci il tarixli, 11 saylı iclasın protokolunda və xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəminin ağardılaraq təhrif edildiyi, bələdiyyənin xəritəsində İddiaçı Firuddin oğluna 0,10 ha torpaq sahəsi ayrılmasının məlum olduğu müəyyən edilmişdir. Aparılmış istintaqla bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarının saxtalaşdırıldığı müəyyən edilsə də, bu saxtalaşdırma ayrılan torpaq sahəsinin ölçüsü ilə əlaqədar olduğuna və cinayət təqibi ilə bağlı qərarda iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi ilə bağlı sənədin saxtalaşdırılaraq 0,39 ha olaraq qeydiyyatının aparıldığı müəyyən edildiyinə görə məhkəmə hesab etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən iddia qismən təmin edilməlidir. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi X5 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarın qanunsuzluğuna və əsassızlığına dəlalət edən iddia ərizəsində göstərilmiş halları nəzərə almadan Xaçmaz rayon prokurorunun köməkçisi X7 cinayət işi üzrə icraata xitam verilməsi barədə 02 avqust 2022-ci il tarixli qərarını əsas götürmüşdür. Halbuki, mübahisələndirilən bələdiyyə qərarında həmin cinayət işi üzrə müəyyən edilən hallar – 0,39 ha torpaq sahəsinin ona satılmasına dair bələdiyyə qərarında, alqı-satqı aktında və bələdiyyənin xəritəsində hər hansı düzəlişlərin edilib-edilməməsi barədə heç bir qeyd yoxdur. Məhkəmə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara istinadən qeyd etmişdir ki, X5 keçmiş sədri bələdiyyənin xx.xx.2003-ci il tarixli 11 nömrəli iclas protokolunda və xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəmini ağardaraq təhrif etmişdir, bununla da iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması ilə bələdiyyə qərarının saxtalaşdırılaraq qəbul edildiyi müəyyən edilmişdir. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın beşinci abzasının sonuncu cümləsində göstərilmişdir ki, “İddiaçı Firudin oğluna kafe və digər ticarət obyektləri tikintisi üçün “0,39 ha torpaq sahəsi ayrılsın” sözləri yazılmışdır. “0,39 ha yazısında “9” rəqəminin ağardıcı maddə üzərində yazıldığı müəyyən edilmişdir. Yəni, həmin qərarda “0,39” yazısının bütövlükdə ağardılaraq təhrif edildiyi müəyyən edilməmişdir. Daha sonra məhkəmə qərarında bələdiyyənin xəritəsində iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrıldığının məlum olduğu qeyd edilir. Buna münasibətdə qeyd edir ki, torpaq sahəsinə dair müvafiq sənədlərdə (DTXK-nin rəyi, bələdiyyə qərarı, alqı-satqı aktı, Dövlət Aktı) torpaq sahəsinin ölçüsünə münasibətdə heç bir düzəliş edilməmiş və həmin sənədlərdə sahənin ölçüsü 0,39 ha olaraq göstərilmişdir. Həmçinin, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarda mübahisəli torpaq sahəsinin ölçüsünə düzəliş edilməsi qeyd edilsə də, bu fakt ekspertiza yolu ilə müəyyən edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. İddiaçı həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, Xaçmaz rayonu X5 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin ona satılması barədə X5 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilm5ədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə Xaçmaz rayon X5 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarının ləğv edilməsi barədədir. İşdən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi 18 avqust 2003-cü il tarixli, 479 nömrəli rəyi ilə X5 mülkiyyətinə aid 0,39 ha torpaq sahəsinin kafe və digər ticarət oyektlərinin tikintisi məqsədilə iddiaçıya ayrılmasına etiraz etməmişdir. Daha sonra X5 19 avqust 2003-cü il tarixli, 10 nömrəli iclas qərarına əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondundan qeyd olunan məqsədlə 0,39 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqısı müqabilində iddiaçı tərəfindən 09 oktyabr 2003-cü il tarixdə bələdiyyənin bank hesabına 502450 (beş yüz iki min dörd yüz əlli) manat pul ödənilmişdir. 31 oktyabr 2003-cü il tarixdə iddiaçı ilə X5 nümayəndəsi arasında torpaqların alqı-satqısına dair akt bağlanmış və DTXK-nin Xaçmaz rayon şöbəsində həmin tarixdə 102 nömrəsi ilə qeydə alınmışdır. Bələdiyyə qərarı ilə 19 avqust 2003-cü il tarixdə iddiaçıya ayrılmış 0,39 ha torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən sonuncunun adına 08 may 2006-cı il tarixli, JN-607 KOD 30212018 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ 10 oktyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra X5 10 iyun 2016-cı il tarixli, 09 nömrəli iclas qərarı ilə bələdiyyənin alqısatqı predmeti olan 0,04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədilə satılması ilə bağlı açıq hərrac və ya müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Həmin qərarın icrası məqsədilə Köhnə Xudat bələdiyyəsi Köhnə Xudat kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan 06 noyabr 2018-ci il tarixli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı sözügedən 0,04 ha torpaq sahəsinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan sonra X5 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarı ilə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin 19 avqust 2003-cü il tarixli, 10 nömrəli iclas qərarının ərazinin baş planına uyğun olmadığına görə, plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməsi qərara alınmışdır. Hazırda iddiaçı qeyd edilən qərarı mübahisələndirir. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı X5 xx.xx.2003-ci il tarixli, 11 nömrəli iclas protokolunda və bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəmi ağardılaraq təhrif olunması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunda 11 may 2022-ci il tarixdə cinayət işi başlanmış və aparılmış istintaqla bələdiyyənin sözügedən iclas protokolu və hazırki iş üzrə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəmi ağardılaraq təhrif edildiyi, “0,39 ha” yazısında “9” rəqəminin ağardıcı maddə üzərində yazıldığı müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş bələdiyyənin nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarında İddiaçı Firudin oğluna 0,39 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, araşdırma zamanı bələdiyyənin xəritəsində ona 0,10 ha torpaq sahəsi ayrıldığı məlum olmuşdur. Həmin dövrdə X5 sədri vəzifəsində işləmiş X4 öldüyünə, qeyd olunan kateqoriyadan olan cinayətlər üçün cinayət məsuliyyətinə cəlbetmə müddəti 2 il olduğuna və əməl “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarın təsiri altına düşdüyündən Xaçmaz rayon prokurorunun köməkçisi X6 02 avqust 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. İşə baxan məhkəmə qərarında sözügedən cinayət işi üzrə icraata xitam qərarına istinad edərək iddianı qismən təmin etməklə, qərarın nəticə hissəsində qeyd etmişdir ki, “Xaçmaz rayonu X5 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X5 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarının 0,39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilsin (0,29 ha torpaq sahəsinin ayrılmasının ləğv edilməsi hissəsində qüvvədə saxlanılsın)”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, məhkəmə qərarının nəticə hissəsi qeyri-müəyyən olmaqla, iddia tələbinin hansı hissədə təmin edilməsi aydın deyildir. Bununla yanaşı, işə baxan məhkəmə sözügedən cinayət işi üzrə icraata xitam qərarına əsasən iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə qərarında sahənin ölçüsünün dəyişdirilərək 0,39 ha kimi göstərilməsinin müəyyən edildiyini qeyd etmişdir. Halbuki, iş materiallarında iddiaçıya bələdiyyə qərarı ilə 0,10 ha torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı sübut və ya dəlil mövcud deyildir. Yalnız cinayət işi üzrə icraata xitam qərarında iş üzrə şahid qismində dindirilmiş bələdiyyənin nümayəndəsi X3 ifadəsində bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarında iddiaçıya 0,39 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, araşdırma zamanı bələdiyyənin xəritəsində ona 0,10 ha torpaq sahəsi ayrıldığının məlum olduğunu bildirmişdir. Göründüyü kimi işdə bununla bağlı hər hansı mötəbər sənəd olmasına baxmayaraq, birinci instansiya məhkəməsi yalnız şahid ifadəsinə istinad etməklə, əslində iddiaçıya bələdiyyə qərarı ilə 0,10 ha torpaq sahəsi ayrıldığı qənaətinə gəlmiş və bu hissədə iddianı təmin etmişdir. Digər tərəfdən, işin yuxarıda sadalanan hallarından göründüyü kimi cavabdeh bələdiyyənin mübahisələndirilən 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarı ilə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı həmin bələdiyyənin 19 avqust 2003-cü il tarixli, 10 nömrəli iclas qərarının ərazinin baş planına uyğun olmadığına görə, plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməsi qərara alınmışdır. İddiaçı sözügedən qərarı birinci instansiya məhkəməsində mübahisələndirdiyi dövrdə yuxarıda qeyd edilən cinayət işi başlanmış və həmin iş üzrə aparılmış istintaqla ona 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəminin ağardılaraq təhrif edildiyi müəyyən edilmişdir. Yəni, məhkəmənin istinad etdiyi hallar mübahisələndirilən bələdiyyə qərarının qəbul edildiyi tarixdən sonra başlanmış cinayət işi üzrə müəyyən edilən hallar olduğundan, 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli bələdiyyə qərarında iddiçıya satılan torpaq sahəsinin ölçüsünün saxtalaşdırılması və s.lə bağlı əsaslar göstərilməmiş, həmin qərarda ümumi şəkildə iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olmuş 19 avqust 2003-cü il tarixli qərarın ərazinin baş planına uyğun olmadığına görə, plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməli olması qeyd edilmişdir. Odur ki, hazırki iddia tələbi üzrə birinci instansiya məhkəməsində icraat zamanı başlanmış cinayət işi üzrə müəyyən edilən hallar iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyənin 19 avqust 2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsinə dair 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli qərarın qanuniliyi əsası kimi qəbul edilə bilməz. Bununla yanaşı, birinci instansiya məhkəməsi mübahisələndirilən bələdiyyə qərarı qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilibedilməməsi məsələsini araşdırmamışdır. Halbuki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən inzibati aktın qanuniliyinin yoxlanılması zamanı ilk növbədə akt qəbul edilərkən inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilib-edilməməsi yoxlanılmalıdır. İşdən görünür ki, bələdiyyə tərəfindən mübahisələndirilən qərar (inzibati akt) qəbul edilərkən inzibati icraat aparılmamışdır. Halbuki, inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibatı aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. İşdən görünür ki, hazırkı iş üzrə cavabdeh bələdiyyə tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və va sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmişdir. Məhkəməsi araşdırması zamanı iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliklə müəyyən edilən inzibati icraatla bağlı qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Lakin, hazırki işdən cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edildiyi müəyyən edilmir. Bu təhlil isə mübahisələndirilən qərarın qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunduğuna dəlalət edir. “İnzibati icraat haqqında” Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar yuxarıda sadalanan hüquq normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-690/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Xaçmaz rayonu X5 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin İddiaçı satılması barədə X5 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 nömrəli iclas qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar