Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-320/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X22 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı, X8, X9 və X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1609/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Xaçmaz rayonu, Ərəb kənd sakinləri İddiaçı, X11, X6 və X12 verildiyi göstərilən 7,21 ha torpaq sahəsinə dair Xaçmaz rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına 25 fevral 2000-ci il tarixli, JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Xaçmaz Rayon İHB-nin Qalağan kənd İƏD üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, JN-0055 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında texniki yanlışlığa yol verilərək X3 anket məlumatları “X11”, X10 məlumatları isə “X13” kimi göstərilmişdir. Adıçəkilən şəxslərdən İddiaçı 28 oktyabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Xaçmaz rayonu, Ərəb kəndində yerləşən 7,21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 02 dekabr 2022-ci il tarixli, **********78 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, JN-0055 nömrəli KOD 30210048 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nda torpaq sahəsinin ölçüsü 7,21 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 5,84 ha ölçüdə öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0055, KOD 30210048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 7,21 ha ölçüdə torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adlarına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 7,21 ha torpaq sahəsi 1997ci il tarixdə müvafiq komissiya üzvləri tərəfindən yerində ölçülərək iddiaçı və ailə üzvlərinə təhkim olunduğu vaxtdan istifadələrindədir və orada kənd təsərrüfatı məhsulları əkib becərirlər. torpaq Həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı ərizə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, 7,21 ha torpaq sahəsinə dair ailə üzvlərinin adına olan Dövlət Aktı hər hansı səlahiyyətli dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilməmiş və yaxud etibarsız hesab edilməmişdir. Dövlət Aktının özündə də göstərilir ki, həmin sənəd qeydiyyat kitabında 25 mart 2002-ci il tarixdə, 055 nömrəsi ilə qeydiyyata alınmışdır. Xaçmaz rayonunun Qalağan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 118 nömrəli arayışında, həmçinin, Qalağan kənd İƏD üzrə nümayəndəliyinin 12 dekabr 2022-ci il tarixli, 631 nömrəli arayışında qeyd olunur ki, İddiaçı və ailəsinə verilmiş, JN-0055 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adambaşına düşən pay 1,8025 ha hesablanmışdır. Belə olan halda, heab edir ki, cavabdehin imtinasında Dövlət Aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsinin 5,84 ha ölçüdə öz əksini tapması barədə göstərilənlər tamamilə əsassızdır. Dövlət Aktında göstərilmiş rəqəm, yəni 7,21 ha göstərilmiş dörd nəfər mülkiyyətçiyə düşən pay normasına uyğundur (4 x 1,8025 ha =7.21 ha). Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(118)-1609/2023 nömrəli qərardadı ilə X8, X9 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1609/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçıya və onun ailə üzvlərinə torpaq sahəsinin ayrılmasına dair JN-0055, KOD 30210048 “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının verilməsinə əsas olmuş Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarına əsasən iddiaçıya 7,21 ha torpaq sahəsi ayrılmamışdır. İddiaçı Azərbaycan Respublikası Xaçmaz rayonu Qalağan bələdiyyəsinin İHB-nin Qalağan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlara istinad edərək, müvafiq qərarla ailə üzvlərinə adambaşına düşən payın 1,8025 ha hesablandığını bildirsə də, araşdırma zamanı qeyd olunan qərarla iddiaçının ailə üzvlərinə adambaşına torpaq sahəsinin ayrılmasına dair hüquqi sənədin mövcudluğu müəyyən edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan ərəfədə dövlət aktında göstərilmiş torpaq sahəsinin naturada vəziyyətin müəyyən edilməsi üçün məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilmiş, lakin iş üzrə qərar qəbul edilən tarixədək həmin idarədən müayinə aktı məhkəməyə daxil olmamışdır. Artıq iş üzrə qərar elan edildikdən sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli müayinə aktı verilmiş və həmin sənəddə göstərilmişdir ki, JN-0055 saylı, ********* “Torpağa mülkiyyət hüququna” Dövlət Aktı əsasında İddiaçı ayrılmış Xaçmaz rayonu, Ərəb kəndində yerləşən torpaq sahəsi elektron uçot baza məlumatlarına əsasən və faktiki naturada istifadə vəziyyəti 7,21 ha təşkil edir. Heç bir fiziki və ha hüquqi şəxsin mülkiyyətinə olan torpaq sahələri ilə üstüstə düşmür. Elektron uçot baza məlumat bazasında olan xəritəyə əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir. Göründüyü kimi dövlət reyestrində olan elektron uçot baza məlumatlarına əsasən ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 7,21 ha göstərilmişdir. Məhkəmə cavabdehə torpaq sahəsinin faktiki vəziyyətinin müəyyən edilməsinə dair vermiş olduğu sorğunun nəticəsini gözləmədən işin hallarını tam və obyektiv araşdırmadan əsassız qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Üçüncü şəxslər X8, X9 və X15 məhkəmə kollegiyasına birgə ərizə təqdim edərək birgə iddiaçılar qismində tanınmalarını, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 7,21 ha torpaq sahəsi üzərində birgə iddiaçılar kimi onların və İddiaçı ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdilər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2024-cü il tarixli, 2-1(105)-320/2024 nömrəli qərardadı ilə X8, X9 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmiş, adıçəkilən şəxslər və İddiaçı birgə iddiaçı qismində tanınmışlar. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı (həmçinin digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin ölçüsü X4 X5 (TEKUİS) 7,21 ha, Dövlət Aktlarının qeydiyyat kitablarında isə 5,84 ha ölçüsündə öz əksini tapmışdır. İddiaçıların adına olan JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsində də torpaq sahəsinin ölçüsü 7,21 ha göstərilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiya məhkəməsi “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının verilməsinə əsas olmuş Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən iddiaçıya 7,21 ha torpaq sahəsinin ayrıldığını müəyyən edilmədiyini bildirərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Cavabdehin inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən Dövlət Aktlarının qeydiyyat kitabından iddiaçılara dair hissədən çıxarışdan görünür ki, kitabda iddiaçıların adına olan JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə bağlı məlumat qrafasında torpaq sahəsinin ölçüsü 5,84 ha göstərilmişdir. Cavabdeh yalnız bu hala istinad edərək, iddiaçıya müvafiq imtina cavabı vermişdir. Kollegiya hesab edir ki, bu hüquqların qeydə alınmasından imtinaya əsas ola bilməz. Belə ki, Dövlət Aktlarının qeydiyyat kitabı adından da göründüyü kimi, aktların qeydiyyatı aparılan kitab olmaqla, hüquqmüəyyənedici sənəd deyildir, qeydiyyat zamanı iddiaçılara ayrılmış torpaq sahəsinin ölçüsünün səhv göstərilməsi həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas ola bilməz. Bundan əlavə işdən görünür ki, iddiaçıların adına JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir və həmin Aktdakı məlumatların həqiqiliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Aktdan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün Xaçmaz rayonu, Ərəb kəndindən iddiaçılara 7,21 ha torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivi, həm də Kadastr və Yerquruluşu Layihə-Təqiqat Mərkəzi” MMC tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən: 1. “Xəzər” sovxozu üzrə ........... xüsusi mülkiyyətə verilən torpaqlar 2809 hektar (o cümlədən, 130 hektar həyətyanı torpaq sahələri) təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 1,5 ha orta torpaq payının müəyyən edilməsi və “Xəzər” sovxozunun əhatə etdiyi kəndlər üzrə torpaq payı almaq hüququ olan subyektlərin (.................... Ərəb kəndi 406 nəfər 94 ailə, ..................) siyahılarının təsdiq edilməsi barədə “Xəzər” sovxozu AİK-nın 25 noyabr 1997-ci il tarixli, 10 nömrəli iclas qərarının təsdiq edilməsi qərara alınmışdır. - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Xəzər” sovxozunun Ərəb kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahısının 43- 46-cı bəndlərində iddiaçılar - İddiaçı, X8, X6 və X10 adları da qeyd edilmişdir. Xaçmaz rayonunun Qalağan bələdiyyəsinin 12 dekabr 2022-ci il tarixli, 118 nömrəli arayışından, həmçinin, Qalağan kənd İƏD üzrə nümayəndəliyinin eyni tarixli, 631 nömrəli arayışlarında qeyd edilmişdir ki, İddiaçı və ailə üzvlərinin adına verilmiş JN-0055 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adambaşına düşən pay 1,8025 ha hesablanmışdır. Cavabdeh orqan tərəfindən təqdim edilən 28 avqust 2023-cü il tarixli və 06 mart 2024-cü il tarixli müayinə aktlarından görünür ki, JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçılara ayrılmış Xaçmaz rayonu, Ərəb kəndində yerləşən torpaq sahəsi elektron uçot baza məlumatlarına əsasən və faktiki naturada istifadə vəziyyəti 7,21 ha təşkil edir. Heç bir fiziki və ya hüquqi şəxsin mülkiyyətinə olan torpaq sahələri ilə üst-üstə düşmür. Elektron uçot baza məlumat bazasında olan xəritəyə əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Həmçinin, cavabdeh tərəfindən kollegiyaya təqdim edilən: - JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsindən də müəyyən edilir ki, arxiv nüsxədə də, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə iddiaçılara ayrılmış torpaq sahəsinin ölçüsü 7,21 ha qeyd edilmişdir. - Mübahisəli torpaq sahəsi yerləşən ərazinin planından çıxarışdan görünür ki, elektron baza (DWG) məlumatlarına, eləcə də X4 X7 (TEKUİS) əsasən iddiaçılara məxsus torpaq sahəsi 7,21 ha təşkil edir. Beləliklə, yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən edilir ki, Dövlət Aktlarının qeydiyyat kitabındakı məlumat istisna olmaqla, bütün hüquqmüəyyənedici sənədlərə əsasən, iddiaçılara aqrar islahat zamanı 7,21 ha pay torpağı ayrılmış və bununla əlaqədar onların adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçıların 7,21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ yuxarıda sadalanan normaların tələblərindən irəli gələn hüquqmüəyyənedici sənədə - 25 fevral 2000-ci il tarixli, JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, hazırki iş üzrə iddiaçıların sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. Beləliklə, sadalananları nəzərə alaraq, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1609/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və JN-0055, KOD 30210048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 7,21 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı, X8, X9 və X10 ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.