Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-321/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(118)- 1744/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 16.05.2021-ci il tarixli **********437400 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 13.07.2021-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərar alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.05.2021-ci ildə iddiaçının elektron kabinetinə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********437400 saylı qərarı daxil olmuşdur. Qərara əsasən 2021-ci il 1-ci rübündə güzəştli vergi tutulan ərazi olan Çinin Xüsusi İnzibati Rayonu Hankonq Deutsche Bank AG (X3 Ltd) hesabına 8449.00 manat ödəniş olunduğu üçün dövr üzrə ödəmə mənbəyindən vergi bəyannaməsi əsasında 844.90 manat vergi hesablanmışdır. Lakin qərarda ödəmə mənbəyində verginin tutulması qaydalarının hansı bəndinə, ümumiyyətlə Vergilər Məcəlləsinin hansı maddəsinə əsasən vergi hesablandığı qeyd olunmur. Halbuki, həmin köçürmə X3 Ltd-dən alınmış məhsula görə ödənilib və mallar Azərbaycan Respublikasına idxal olunaraq gömrük rəsmiləşdirilməsindən keçirilərək Dövlət Gömrük rüsum və vergiləri ödənilmişdir. Bununla bağlı iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir.
4. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2021-ci il 1-ci rüb ÖMV bəyannaməsi üzrə 844.9 manat analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələrək Vergi Məcəlləsinin 125.1.9-cu və 128.3- cü maddələrinin tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir. Vergi Məcəlləsinə 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutulur. Vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkə və ərazilərə Çinin Xüsusi İnzibati Rayonu Honkonq DEUTSCHE BANK AG (SWEET PLAZİNTL CORP LTD) 2021-ci ilin 1-ci rübü üzrə 8449,0 manat ödəniş edilməsinə baxmayaraq qeyd olunan dövr üzrə bəyannamə təqdim edilməmişdir. Qeyd edilən kənarlaşma üzrə 844,90 manat vergi hesablanmışdır. 03.05.2021-ci il tarixli **********231100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən kənarlaşmaya əsasən 844,9 manat vergi məbləği hesablanmış və 16.05.2021-ci il tarixli **********437400 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(118)-1744/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 16.05.2021-ci il tarixli **********437400 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı Azərbaycan Respiblikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 saylı Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının ödəniş etdiyi şirkətin yerləşdiyi Çin Xalq Respublikasının Xüsusi İnzibati rayonu Honkonqun güzəştli vergi tutulan ərazilərə aid edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, (SWEET PLAZİNTL CORP LTD) şirkətinin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyekt olması təsdiq olunmadığından, həmin şirkətə ödənilmiş ödəmələrə görə iddiaçıya Vergi Məcəlləsinin 125.1-ci və 125.1.9-cu maddələri tətbiq oluna bilməz. Belə olan halda həmin normalara istinadən iddiaçıya əlavə vergi məbləği hesablanmasına dair cavabdehin 16 may 2021-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir.
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələbləri araşdırmadan qərar qəbul etdirmişdir. məhkəmə kollegiyası maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə təhrif olunmuş əsaslarla yanlış qənaətə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləniz 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
13.2.16. Azərbaycan mənbəyindən gəlir: 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər.
Maddə 16. Vergi ödəyicisinin vəzifələri
16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək...
Maddə 37. Kameral vergi yoxlaması
37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
Maddə 125-1. Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi
Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Maddə 128. Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə əldə edilən gəlir 128.1. Rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyrirezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. 128.2. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür. 128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 150. Ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; 150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar. 150.2. Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. 150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar: 150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə; 150.3.2. bu Məcəllənin 150.1.3-150.1.7-ci maddələrinə uyğun olaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə; 150.3.3. bu Məcəllənin 150.1.1-150.1.8-ci və 150.1.17-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutan şəxslər ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
16. Belə ki, iş materiallarında olan 03.05.2021-ci il tarixli **********231100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubdan görünür ki, İddiaçı 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.
17. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 16.05.2021-ci il tarixli **********437400 nömrəli qərar ilə İddiaçı ödəmə mənbəyindən vergi bəyannaməsi əsasında 844.90 manat vergi hesablanmışdır.
18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
19. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, qərarda ödəmə mənbəyində verginin tutulması qaydalarının hansı bəndinə, ümumiyyətlə Vergilər Məcəlləsinin hansı maddəsinə əsasən vergi hesablandığı qeyd edilməmişdir.
20. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ödəniş etdiyi şirkətin yerləşdiyi Çin Xalq Respublikasının Xüsusi İnzibati rayonu Honkonq güzəştli vergi tutulan ərazilərə aid edilməmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Vergilər Məcəlləsinin yuxarıda sadalanan normaların məzmunundan aydın olduğu kimi, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına birbaşa və ya dolayısı ilə ödəniş edən rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergini tutmağa, ödənişin edildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və buna dair müvafiq bəyannaməni vergi orqanına təqdim etməyə borcludurlar.
22. İşdən görünür ki, cavabdeh mübahisələndirilən qərarın qəbulunu onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən İddiaçı ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.
23. Qərardan həmçinin görünür ki, mübahisələndirilən dövr 2021-ci ilin 1-ci rübünü əhatə edir.
24. İddiaçının 2021-ci ilin 1-ci rübündə Honkonq (Çin) ərazisində yerləşən hüquqi şəxsin bank hesabına ödəniş etməsi isə mübahisələndirilmir.
25. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”na əsasən Honq-Konq (ÇXR) həmin siyahıda yer alır.
26. Beləliklə müəyyən olunur ki, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, onların bank hesablarına rezidentlər və ya qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10% miqdarında ödəmə mənbəyində vergi tutulmalıdır.
27. Birinci instansiya məhkəməsi isə “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”na əsasən iddiaçının ödəniş etdiyi şirkətin yerləşdiyi Çin Xalq Respublikasının Xüsusi İnzibati rayonu Honkonqun güzəştli vergi tutulan ərazilərə aid edilmədiyini göstərərək iddianı təmin etmişdir.
28. Halbuki, cavabdeh inzibati orqan tərəfindən qanunun tələbinə uyğun olaraq 844,90 manat məbləğində vergi hesablanmışdır. Belə olan halda, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(118)-1744/2021 saylı qərarı ləğv edilsin və və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 16.05.2021-ci il tarixli **********437400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.