Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-321/2023 15.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və üçüncü şəxs X1, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(118)- 1719/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.2021-ci il tarixində ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 14 iyul 2021-ci il tarixli, **********99 saylı məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş xx.xx.1993-cü il tarixli, 185 nömrəli order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, orderdə otağın nömrəsinə düzəliş olunmuş, lakin aparılmış düzəliş müvafiq olaraq möhür və imza ilə təsdiq olunmamışdır. Yaranmış zərurətlə əlaqədar olaraq orderin verilməsinə əsas olmuş 15 fevral 1993-cü il tarixli, 2 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) və “Neftkimyaavtovat" Elmi- Tədqiqat və Layihə İnstitutuna sorğular göndərilmişdir. SOCAR "Azərkimya" İstehsalat Birliyinin sorğuya cavab məktubuna əsasən sözügedən protokolu verən təşkilatın birliyin tabeliyində fəaliyyət göstərilmədiyi bildirilmiş, '‘Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsi MMC-nin sorğuya cavab məktubunda isə X6 1993-cü il tarixli protokollarının ləğv olunması səbəbindən sözügedən protokolun verilməsinin mümkün olmadığı bildirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin 2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Odur ki, yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının balansına verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim olunduqdan sonra müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzil 15 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil 1993-cü il tarixli order əsasında iddiaçı və ailə üzvlərinin istifadəsinə verilmişdir. Qeyd edir ki, o, həyat yoldaşı və qızları həmin mənzildə qeydiyyatdadırlar. Mənzilin özəlləşdirilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, cavabdehin imtinasında qeyd edilən yanlışlığın aradan qaldırılması və mənzilə dair 15 fevral 1993-cü il tarixli, 185 nömrəli orderdə mənzilin nömrəsinin 18 olaraq oxunmasına dair qətnamə qəbul edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ona müvafiq tələblə inzibati qaydada müraciət etdikdən və verilmiş imtinadan narazı olduğu halda inzibati məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qərardaddan apellyasiya şikayəti versə də bu apellyasiya instansiyası məhkəməsi də eyni mövqedən çıxış etmişdir. Onun və ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərdə qeydiyyatda olduğu mənzilin nömrəsi 18 olaraq qeyd edilmişdir. Bundan əlavə 1 saylı Mənzil Kommmunal Sahəsi tərəfindən verilmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışında qeydiyyatda olduğu mənzilin nömrəsi 18 olaraq göstərilmişdir. Mənzilin yerləşdiyi yataqxanada yerləşən mənzilllərdən bəziləri üzərində hüquq cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Hər bir halda mənzil sahəsinin tutulmasına görə verilmiş order həmin mənzilin tutulmasına hüquq verən bir sənəddir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(118)-1719/2022 nömrəli qərardadı ilə X8, X3 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(118)-1719/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən mənzilin yerləşdiyi yataqxana binası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin balansında deyildir. İddiaçının təqdim etdiyi sənəd əsasında onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə uyğun olmamaqla, yanaşı onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını istədiyi mənzil müvafiq icra hakimiyyəti orqanının balansına verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı Sumqayıt şəhərində yerləşən X15 Elmi Tədqiqat və Layihə İnstitutunda işləmiş, xx.xx.1993-cü ildə həmin müəssisəyə məxsus olan Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı yataqxananın 18 saylı mənzili iddiaçıya verilmişdir. Yataqxana həmin instituta məxsus olduğundan qanuna müvafiq olaraq order də institut tərəfindən verilmişdir. İddiaçının anası 13 ildən çoxdur ki, iflic xəstəsidir, 1-ci qrup əlildir. Çox çətin bir vəziyyətdə yaşayırlar. xx.xx.2021-ci il tarixində faktiki yaşadıqları mənzili özəlləşdirmək məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. 1993-cü ildə order verilərkən protokol, yataqxananın İcra Hakimiyyətinin balansına verilməsi, “Neft-qaz avtomat” Elmi-İstehsalat müəssisəsinə sorğuya cavab məktubunda X6 1993-cü il tarixli protokollarının saxlanılmadığı və ləğv olunması göstərilmişdir və şifahi bildirilmişdir ki yataqxana Sumqayıt Şəhər İH-nin balansına verilmişdir. Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyi isə həmin yataqxananın onlara təhvil verilmədiyini bildirmişdir. Qeyd edir ki, “Neft-qaz avtomat” Elmi-İstehsalat müəssisəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, X6 1993-cü il tarixli protokolları müddət keçdiyinə görə heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhv edilmişdir. Hər bir halda mənzil sahəsinin tutulmasına görə verilmiş order həmin mənzilin tutulmasına hüquq verən bir sənəddir. Mənzilin özəlləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi, Forma 2 arayışı və razılıq ərizələrini təqdim etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında mənzilə dair kirayə müqaviləsi bağlanmamışdır, lakin “Neft-qaz avtomat” Elmi-İstehsalat müəssisəsi tərəfindən iddiaçının adına mənzilə dair verilmiş order mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxslərdən X8 və X5 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; (-). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə istinadla hazırkı iş üzrə həmin normanın tələbinin ödənilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 6 ünvanında yerləşən 18 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mənzil üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının əsas dəlili iddiaçının təqdim etdiyi orderin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmədiyi, eləcə də yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının balansına verilmədiyidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, “Neftkimyaavtovat" Elmi Tədqiqat və Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 185 nömrəli orderə əsasən müəssisədə işlədiyi müddət ərzində yataqxanada yaşayış sahəsi ilə təmin olunması üçün iddiaçıya Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 6 ünvanında yerləşən 18 saylı mənzil ayrılmışdır. Orderin verilməsinə əsas həmin müəssisənin X6 15 fevral 1993-cü il tarixli, 2 nömrəli protokolu olmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2056 saylı Forma-2 arayışından görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 6 ünvanında yerləşən 18 nömrəli mənzilin sahibi İddiaçı olmaqla, mənzildə əri X8, qızları Allahverdiyeva Çinarə və X4rı qızı daimi qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Birliyinin 1 saylı Mənzil- Kommunal Sahəsi 18 və 24 oktyabr 2022-ci il tarixli məktublarla Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı yataqxana binasının Kimya və Avtomatika institutunun balansında, ev 22B, 6 saylı yataqxana binasının isə Superfosfat zavodunun balansında olduğunu, "xxxx" Elmi-İstehsalat Müəssisəsi MMC isə iddiaçıya ünvanladığı 02 avqust 2021-ci il tarixli məktubunda sözügedən yaşayış sahəsinin dövlət mənzil fonduna aid edilməklə halhazırda həmin müəssisənin balansında olmadığını bildirmişdir. Qeyd olunan ziddiyyətli məqama aydınlıq gətirilməsi üçün məhkəmə kollegiyası tərəfindən aidiyyəti qurumlara təkrar sorğular verilmişdir. Kollegiyanın sorğularına cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsi aşağı instansiya məhkəməsinin sorğularına verilən cavablarla eyniməzmunlu cavab verərək 6 saylı və ev 22B, 6 saylı yataqxana binalarının 1 saylı Mənzil-Kommunal Sahəsinin balansında olmadığını, 6 saylı yataqxananın Kimya və Avtomatika institutunun balansında, ev 22B, 6 saylı yataqxananın isə Superfosfat zavodunun balansında olduğunu bildirmişdir. "xxxx" Elmi-İstehsalat Müəssisəsi MMC isə sorğuya cavab olaraq 09 və 20 iyun 2023-cü il tarixli məktublarında qeyd etmişdir ki, Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı yataqxana binası keçmiş SSRİ dönəmində yataqxana binası olaraq “Kimya və Avtomat” Elmi-tədqiqat İnstitutunun (hal-hazırkı adı "xxxx" EİM MMC) balansında olmuşdur. Lakin sonradan həmin yataqxana binası yataqxana statusundan çıxarılmaqla dövlət mənzil fonduna aid edilmiş və müvafiq icra hakimiyyəti orqanının mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən bina sakinlərinin bir qisminə mənzillərə dair orderlər verilmişdir ki, məhz həmin orderlər əsasında bina sakinlərinin böyük qismi yataqxana şəklində ayrılmış və sonradan mənzil orderi verilmiş yaşayış sahələrini xüsusi mülkiyyətləri kimi dövlət qeydiyyatından keçirə bilmişlər. Həmin binada mənzillərin bir qisminin mənzil sahiblərinin xüsusi mülkiyyəti olaraq dövlət qeydiyyatına alınması sözügedən binanın yataqxana statusundan çıxarıldığına dəlalət edir və binadakı mənzillər üzərində halhazırda "xxxx" EİM MMC-nin rəhbərliyi tərəfindən hər hansı şəkildə sərəncam verilmir. 6 saylı yataqxana binası müəssisənin balansında deyildir. Müəssisənin balansında olmadığı üçün orada yaşayan şəxslər barədə hər hansı məlumatları yoxdur. Məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən mənzilin yerləşdiyi 6 saylı yataqxana binasının balans mənsubiyyəti ilə əlaqədar aidiyyəti qurumlara təkrar sorğular verilsə də, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və "xxxx" EİM MMC yenə də ziddiyyətli cavablar verdiyindən, yataqxana binasının halhazırda hansı qurumun balansında olduğu müəyyən edilə bilmədi. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi” Siyahısının 130-136-cı bəndlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilən müxtəlif təşkilatların tabeliyində olan yaşayış sahələrinin siyahısı təsbit edilmişdir. Həmin siyahıda "xxxx" EİM MMC-nin tabeliyində olmuş mübahisələndirilən mənzilin yerləşdiyi 6 saylı yataqxana binasının adı göstərilməmişdir. Hazırkı işin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində yataqxanaların özəlləşdirilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin maddənin ikinci cümləsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 22 may 2007-ci il tarixli, 576 nömrəli Fərmanının 2-ci bəndinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Normanın tələbindən göründüyü kimi yalnız dövlət mülkiyyətində olan yataqxanaların özəlləşdirilməsinə yol verilir, hansı ki, belə özəlləşdirmə yataqxananın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanının balansına verildikdən sonra həmin binada yaşayan və ən əsası mənzilin mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan şəxslər tərəfindən həyata keçirilir. Qeyd edilməlidir ki, həmin qanunun müvafiq maddəsinin xx.xx.2006-cı il tarixədək olan redaksiyası, ümumiyyətlə, yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi. Kollegiya qeyd edir ki, hazırkı halda mənzilin yerləşdiyi yataqxananın balans mənsubiyyəti müəyyən edilməsə belə, istinad edilən normaya əsasən iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsi yalnız onunla Sumqayıt şəhər İcra Hakimiyyəti arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilə bilər. İddiaçı qeyd edilən yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsini nə cavabdeh inzibati orqana, nə də məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etməmiş, belə bir müqavilənin mövcudluğuna istinad etməmişdir. Əksinə, iddiaçının etibarnamə üzrə nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında sədrlik edən hakimin sualına cavab olaraq iddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında mənzilə dair kirayə müqaviləsi bağlanmadığını bildirmişdir. Kollegiya işin hüquqi halları ilə bağlı yekun olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə, birinci instansiya məhkəməsi isə bu əsasla iddianı rədd etməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(118)-1719/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-321/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-321/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver