Məhkəmə qərarları › İş №2-1(105)-322/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-322/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-322/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumayıt şəhəri, Saray bağlar ərazisi B3350 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2-1(118)- 455/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sumayıt şəhəri, Saray bağlar ərazisi B3350 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Saray bağlar ərazisi B3350 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 09 sentyabr 2020-ci il tarixli ərizə ilə nümayəndəsi vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə və texniki pasport əlavə olunmuşdur. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 05 oktyabr 2020-ci il tarixli bildirişlə imtina etmişdir. İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ərizəçinin hüquqlarını kobud surətdə pozaraq ''Daşmmaz əmlakakın dövlət reyestri haqqında" Qanunun tələbinə əməl etməyərək həmin qanunda göstərilən müddətdə deyil, 26 gün sonra imtina bildirişini tərtib edərək ona təqdim etmişdir. Cavabdeh qeyd etmişdir ki, bağ torpaq sahəsinə dair Bağ təsərrüfatı idarəsi ilə onun arasında bağlanmış 27 mart 2000-ci il tarixli müqavilə onun yetkinlik yaşına çatmadığı zamanı bağlandığı üçün hüquqların qeydiyyata alınması üçün əsas ola bilməz. Cavabdeh imtina bildirişində Mülki Məcəllənin 28.2-ci maddəsinə istinad edərək əsaslandırma vermişdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Digər tərəfdən əşyaya dair səlahiyyətsiz şəxsin sərəncam verməsi sonradan səlahiyyətli şəxsin bunu bəyənməsi halında etibarlı olur. Mövcud torpaq sahəsindən qanuni istifadə edir və həmin torpaq sahəsi torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də ki dövlət mülkiyyətinə aiddir. Cavabdeh torpaq sahəsinin ayrılması zamanı onun 18 yaşının tamam olmamasını əsas gətirərək Mülki Məcəllənin 28.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması zamanı mülki hüquq fəailiyyət qabiliyyəti yaranmadığı üçün hüququn qeydiyyatından imtina edir. Cavabdeh fiziki şəxsin mülki hüquq qabiliyyəti ilə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti anlayışını səhv salmışdır. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti onun doğulduğu andan əmələ gəlir. Ona görə də cavabdehin imtinası əssasızdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2-1(118)-455/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına Sumayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması məqsədi ilə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ Təsərrüfat İdarəsi ilə İddiaçı arasında bağ torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 mart 2000-ci il tarixli 9986 nömrəli müqavilə bağlanılan zaman ərizəçi İddiaçı yetkinlik yaşına çatmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə yaranır. Bununla əlaqədar olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 05 oktyabr 2020-ci tarixli **********86 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Məhkəmə qərarın əsaslandırma hissəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edərək qeyd edir ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və ya onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Lakin bu zaman məhkəmə bir məqamı nəzərdən qaçırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ Təsərrüfat idarəsi ilə İddiaçı arasında bağ torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 mart 2000-ci il tarixli 9986 nömrəli müqavilə bağlanılan zaman ərizəçi İddiaçı yetkinlik yaşına çatmamışdır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi ilə bağlı 2010-cu il tarixinədək qüvvədə olan 27 mart 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması müəyyən olunmur, Sumqayıt şəhəri, Saray bağlar ərazisi B3350 saylı bağ torpaq sahəsi ilə bağlı 2010-cu il tarixinədək qüvvədə olan 27 mart 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsi bağlandıqdan sonra İddiaçı qanuni nümayəndəsi olan atası Məzahir Əliyev övladı tərəfindən icarə müqaviləsinin bağlanmasını bəyənmiş və hal- hazırda İddiaçı həmin hüquqdan irəli gələn maraqlarını məhkəmədə müdafiə edir. Bu səbəbdən 27 mart 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 345.1-ci maddəsinə əsasən ön dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Həmin Məcəllənin 357 -ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ Təsərrüfat İdarəsi ilə İddiaçı arasında Sumqayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi ilə bağlı 2010-cu il tarixinədək qüvvədə olan 27 mart 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan icarə müqaviləsi bağlanarkən İddiaçı məhdud fəaliyyət qabiliyyətli şəxs olmuş, yəni tam olaraq 18 yaşına çatmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti” haqqında Qanunun 8.0.7-ci maddəsinə əsaən iddiaçı Xidmətə müraciət edərək, əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh təşkilat Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ Təsərrüfat İdarəsi ilə İddiaçı arasında 27 mart 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin bağlandığı zaman iddiaçının 15 yaşı olmasını və Mülki Məcəllənin tələblərinə əsasən İddiaçı müqaviləni müstəqil şəkildə imzalamağa hüququnun olmamasını əsas gətirərək həmin müqavilə üzrə ərizəçinin torpaq üzərində əmələ gəlmiş hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. İlk növbədə kollegiya cavabdehin apelyasiya şikayətinin iddianın mümkünsüzlüyü ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Sumqayıt şəhərində icarəsinə torpaq sahəsi verilmiş və həmin bağ sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin vəzifə funksiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatına alınmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İstinad olunan normalardan göründüyü kimi, iddiaçının hüquqların qeydiyyatı ilə bağlı müraciət etməli olduğu inzibati orqan məhz cavabdehdir. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ Təsərrüfat idarəsi ilə İddiaçı arasında bağ torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 mart 2000-ci il tarixli 9986 nömrəli müqavilə bağlanılan zaman ərizəçi İddiaçı yetkinlik yaşına çatmamışdır. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin istinad olunan normalarından görünür ki, fiziki şəxslər 14 yaşından 18 yaşınadək məhdud fəaliyyət qabiliyyətli şəxslər hesab olunur. Məcəllənin yaş senzoru baxımından məhdud fəaliyyət qabiliyyyətli şəxslərin müstəqil şəkildə bağlamağa səlahiyyəti olmayan müqavilələrinin qanuni nümayəndələrinin razılığı ilə imzalamaq səlahiyyətinin olması qeyd olunmuşdur. Eyni zamanda səlahiyyətsiz şəxs tərəfindən əqdlər bağlanmamışdan, yəni imzalanmamışdan öncə verilmiş icazə və əqd bağlandıqdan sonra səlahiyyəti olan şəxs tərəfindən verilmiş bəyənmə adlı hərəkətlər öz əksini tapmışdır. Bundan başqa Mülki Məcəllədə əqdlərin etibarsız olmasının iki əsası, yəni 1) mübahisə edilə bilən və 2) əhəmiyyətsiz olması öz əksini tapmışdır. Belə ki, Məcəllədə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş 14 və 15-ci fəsilləri -mübahisələndirilən əqdlərin etibarsız hesab edilməsi üçün mütləq şəkildə mübahisənin olması, yəni məhkəmə qaydasında həmin əqdin mübahisələndirilməsi və məhkəmə tərəfindən əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarının olması tələb edilməyən əhəmiyyətsiz əqdlərə həsr olunmuşdur. Məcəllənin həmin fəsilləri ilə müəyyən olunur ki, Qanunun birbaşa göstərişinə əsasən əhəmiyyətsiz sayılan əqdlərin sırasına yalnız Məcəllənin 340.1-ci maddəsində öz əksini tapmış yalan və uydurma nəticəsində bağalnmış əqdlər daxildir. Yəni, Məcəllənin 340.1-ci maddəsində göstərilmiş əqdlərdən başqa digər əqdlərin etibarsız hesab edilməsi üçün əqd maraqlı şəxs tərəfindən mübahisələndirilməli və məhkəmənin müvafiq qərarı ilə həmin əqd etibarsız hesab edilməlidir. Əqd etibarsız hesab olunduqdan sonra əqdlə bağlı bütün hüquqi nəticələr aradan qaldırılır. Lakin hazırki mübahisə predmeti olan Sumqayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi ilə bağlı 2010-cu il tarixinədək qüvvədə olan 27 mart 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması iş materialları ilə müəyyən olunmur. Bundan başqa, həmin icarə müqaviləsi bağlandıqdan sonra İddiaçı qanuni nümayəndəsi olan atası Məzahir Əliyev övladı tərəfindən icarə müqaviləsinin bağlanmasını bəyənmiş və hal hazırda İddiaçı həmin hüquqdan irəli gələn maraqlarını məhkəmədə müdafiə edir. Bu isə onu deməyə əsas verir ki, 27 mart 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında və apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Kollegiya qeyd edir ki, iddiaçı artıq 20 ildən çox müddət ərzində həmin torpaq sahəsindən istifadə və ona sahiblik edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi onun mülkiyyət hüququnu pozur. İddiaçı Sumqayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarını həyata keçirsə də, onun sərəncam vermə hüququnun həyata keçirilməsində müəyyən məhdudiyyətlər var. Bu isə iddiaçıya mülkiyyət hüququnun əsas üç elementindən birinin, yəni sahiblik və istifadə ilə yanaşı, sərəncam vermək hüququnun da tam realizə edilməsində maneçilik törətməklə, onun mövcud qanunverciliyə uyğun olaraq mülkiyyət hüququndan tam istifadə etməsində çətinlik yaradır. Hazırkı işdə inzibati orqanın mübahisləndirilən imtinası iddiaçının dövlət tərəfindən tanınmış mülkiyyət hüququndan tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2-1(118)-455/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar