Məhkəmə qərarları › İş №2-1(105)-322/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-322/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-322/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər:əlillik statusuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzilin verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olması ilə əlaqədar olaraq, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2700/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 899 saylı, 30 dekabr 2022-ci il tarixli “Mənzil növbəliliyinin adına keçirilməsi haqqında” sərəncamından görünür ki, ümumi xəstəliyə (görməsinə) görə ikinci dərəcəli əlil İddiaçı arvadı X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən altı nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyini iddiaçıya ünvanladığı 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olması ilə əlaqədar olaraq, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil iə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sosial-məişət şəraitimin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixində ona ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, “Sosial-məişət şəraitinizin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinə ünvanladığınız müraciətə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi, müəyyən edilmiş, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş məzunlarının mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 899 saylı sərəncamına əsasən X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən 6 nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilmişdir. Yuxarda qeyd olunanları və sizin gözdən əlilliyinizin xx.xx.2005-ci il tarixindən yaranmasını nəzərə alaraq Sizin sosialməişət şəraitinizin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyiniz mövcud qanunvericiliyə uyğun deyildir.” Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (Agentlik) publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Sözügedən Nizamnamənin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli və 2021-ci il 25 yanvar 2449 nömrəli sərəncamlarına, həmçinin Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi prosesi həyata keçirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2700/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun gözdən əlilliyinin xx.xx.2005-ci il tarixindən yaranmasına baxmayaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2022-ci il tarixli 899 saylı sərəncamına əsasən X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən olan növbəliliyi həmin tarixdən 6 nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilmişdir.Bu səbəbdən də hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmənin bu yanaşması tam əsassızdır. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 899 saylı, 30 dekabr 2022-ci il tarixli “Mənzil növbəliliyinin adına keçirilməsi haqqında” sərəncamından görünür ki, ümumi xəstəliyə (görməsinə) görə ikinci dərəcəli əlil olan onun arvadı X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən altı nəfər ailə tərkibi ilə onun adına keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ona ünvanladığı 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki xx.xx.1964-cü ildə anadan olmuş və 05 dekabr 2005-ci il tarixindən gözdən əlilliyi yaranmışdır. Cavabdeh orqana müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olmağı ilə əlaqədar olaraq, sosial-məişət şəraitimin yaxşılaşdırılması üçün mənzilə təmin edilməyini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 07 mart 2023-cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2022-ci il tarixli 899 saylı sərəncamına əsasən X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən 6 nəfər ailə tərkibi ilə onun adına keçirilməsini və xx.xx.2005-ci il tarixindən gözdən əlil olmağını göstərmişdir. Məhkəmə cavabdeh orqanın bu imtinası əsaslı hesab etmişdir. İnzibati iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 899 saylı, 30 dekabr 2022-ci il tarixli Mənzil növbəliliyinin adına keçirilməsi haqqında” sərəncamından görünür ki, ümumi xəstəliyə (görməsinə) görə ikinci dərəcəli əlil onun arvadı X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən altı nəfər ailə tərkibi ilə onun adına keçirilmişdir. Məhkəmənin qənaətinə görə İcra Hakimiyyəti tərəfindən sərəncam, yuxarıda adıçəkilən müvafiq sərəncamda nəzərdə tutulan tarixdən sonra, yəni 30 dekabr 2022-ci il tarixində verildiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s saylı sərəncamının onun barəsində tətbiq edilməsi mümkün deyildir. Məhkəmənin bu yanaşması tam əsassızdır. Belə ki, onun həyat yoldaşı 1987-ci ildən mənzil növbəsində olmuş və o da onun ailə üzvü kimi həmin növbədə olmuşdur. Ona gözdən əlillik 2005-ci ildən təyin edilmişdir, bu halda məhkəmə gözdən əlil kimi onun və ailə üzvlərinin güzəştlə əsaslarla mənzil sahəsi ilə təmin olunmalı olduğu hüququnu da tarixdən hesab etməmişdir. Lakin məhkəmə bu halda ayrıseçkiliyə yol vermiş və onun mənzil növbəsini sərəncama uyğun olaraq nəinki 1987-ci ildən, heç 2005-ci ildən hə hesab etməmiş, bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı: Bənd 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosialməişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı, 16 avqust 2021-ci il tarixli sərəncamı: Bənd 1.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Blnəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda İnşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 570 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Bənd 2.Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1ci hissəsində nəzərdə tutulan çoxmənzilli binaların (tikintisi davam edənlərə münasibətdə isə tikintisi başa çatdıqdan sonra) Komitənin balansından həmin binaların yerləşdiyi rayon (şəhər) icra hakimiyyətlərinin balansına verilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının gözdən əlil olması ilə əlaqədar olaraq onun sosialmənzil şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının həyat yoldaşı X4 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən ümumi əsaslarla mənzil uçotuna alınmış, ona xx.xx.2003-cü il tarixdən ümumi xəstəliyə görə İİ dərəcəli əlillik təyinatı aparılmışdır. İddiaçı isə xx.xx.2005-ci il tarixdən ümumi xəstəliyə (görməsinə görə) İİ dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə ümumi xəstəliyə (görməsinə) görə iddiaçının həyat yoldaşının xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyinin iddiaçının adına keçirilməsi qərara alınmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 2021-ci il tarixli Sərəncam əsasında gözdən əlil kimi uçota götürüldüyündən, xx.xx.2005-ci il tarixdən isə gözdən əlil olduğundan, ona mənzil verilməsini tələb etmişdir. Cavabdeh inzibati orqan isə müvafiq 16 avqust 2021-ci il tarixli Sərəncam qanuni qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzillə təmin edilməsini nəzərdə tutduğundan, iddiaçının isə müvafiq icra hakimiyyəti orqanın 30 dekabr 2022-ci il tarixli Sərəncamına əsasən həyat yoldaşının iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyinin 2022-ci il tarixdən iddiaçının adına keçirildiyindən, onun mənzillə təmin eidlməsinin qanunauyğun olmadığına istinad edərək, imtina etmişdir. Yuxarıda istinad edilən müvafiq Sərəncamların məzmununa əsasən gözdən əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə təmin edilməsi üçün tələb olunan şərtlərə məhz həmin şəxslərin 2020-ci il ərzində uçota götürülmə və Sərəncamın qanuni qüvvəyə mindiyi tarixədək uçotda olma şərtləri daxildir. Göründüyü kimi qanunvericilik normasında qeyd edilən şərtlər imperativ norma kimi müəyyən edilmiş və həmin normadan istisna halı müəyyən edən hər hansı müddəa əks olunmamışdır. Başqa sözlə desək, məhkəmə kollegiyası qeyd edir ki, həmin şərtlərin tərkib hissəsi kimi və ya istisna norma kimi müvafiq Sərəncamın təsir dairəsinin məhz şəxsə münaisbətdə əlillik təyinatının aparıldığı tarixin və ya əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin yaranması tarixinin əsas götürülməsi ilə bağlı hallarla şərtləndirilməsi müəyyən edilməmişdir. Belə olan halda, iddiaçıya münasibətdə məhz gözdən əlilliyinin yaranma tarixinin (2005-ci il) əsas götürülməklə, həmin Sərənacamın müddəalarının ona şamil edilməsi qanunun normasının dispozitiv şərtləri ilə uzlaşmamaqla, qanunun tələblərinə uyğun deyildir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin əsaslarla imtinası qanuni olmuş, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni olmuş, iddiaçının şikayətinin dəlilləri istinad olunan həmin hallar əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2700/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar