Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-323/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddiaçıya məxsus olan və Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-361/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan və Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İDDİA TƏLƏBİNİN ƏSASLANDİRİLMASİ Abşeron rayonu, Masazır kəndində X6 məxsus 0,8580 ha torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsindən 0,15 ha hissəsi 2008-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda Hüsniyyə Şahmuradovanın adından etibarnamə əsasında oğlu cavabdeh X8 tərəfindən İddiaçı satılmışdır. Torpaq sahəsini aldıqdan sonra, torpaq sahəsi yerdə və naturada iddiaçıya təqdim edilmişdir. Torpaq sahəsi iddiaçıya təqdim edilərkən yolun səkisindən təxminən 2-3 metr aralı məsafədən yerləşdiyi bildirilmişdir. Təxminən 2018-ci ildə iddiaçıya məlum olmuşdur ki, Hüsniyyə Şahmuradovaya məxsus olmuş 8580 kv m torpaq sahəsi ona və qeyrilərinə satıldıqdan sonra cavabdeh tərəfindən düzgün, yəni ilkin torpaqayırma sənədinə uyğun koordinatlar vurulmamışdır. Torpaq sahəsi koordinatlara uyğun yerində ölçülərkən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan yolun mühafizəsini nəzərə almadan torpaq sahəsinin başlanğıc hissəsini səkidən vurmuşdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək plan və ölçü sənədlərində göstərilən koordinatların ilkin torpaqayırma sənədlərinə uyğunlaşdırılmasını xahiş etmişdir. Lakin cavabdeh ərizəni təmin etməyərək onun mülkiyyətində olan 0.15 ha hissənin 0.85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini bildirmiş və faktiki olaraq bununla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. CAVABDEHİN İDDİA TƏLƏBİNƏ DAİR ETİRAZİ Araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,85 ha torpaq sahəsi Abşeron rayon Masazır Bələdiyyəsinin 28.02.2007-ci il tarixli 10 nömrəli qərarı və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0680 nömrəli “Torpaq sahəsinin planı-ölçüsü” əsasında 0.85 ha torpaq sahəsi 25.02.2008-ci il tarixli, **********72 reyestr nömrəli ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsində qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədi verilmişdir. Sözügedən 0.85 ha torpaq sahəsi notarial qaydada təsdiqlənmiş alqısatqı müqavilələri əsasında bir hissəsi özgəninkiləşdirilmişdir. İddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsi **********0680 nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş 0.85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-361/2021 saylı qərarı (hakim-V.E.Əzizova) ilə iddia təmin edilərək, İddiaçı məxsus olan və Abşeron rayonu Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********707 reyestr nömrəli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-323/2021 saylı, 13 oktyabr 2021-ci tarixli qərardadı ilə X15 hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,85 ha torpaq sahəsi Abşeron rayon Masazır Bələdiyyəsinin 28.02.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0680 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” əsasında 0,85 ha torpaq sahəsi 25.02.2008-ci il tarixli, **********72 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınaraq, çıxarış və plan-ölçü verilmişdir. Odur ki, İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin texniki-pasportu ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən və Masazır Bələdiyyəsi tərəfindən təsdiqlənmiş ilkin yerləşmə sxemi və qeyd olunan **********0680 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” sənədinə uyğun verilmişdir. Sözügedən 0,85 ha torpaq sahəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələri əsasında bir hissəsi özgəninkiləşdirilmişdir. Bundan başqa qeyd etmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən vətəndaşın mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0680 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü” əsasında verilmiş 0,85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Eləcə də, iddiaçı tərəfindən təqdim edilən və sadəcə Abşeron rayonu, Masazır Bələdiyyəsi tərəfindən təsdiq edilən sxem 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv əsaslarında aşkar edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X22 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı qeyd edilən torpaq sahəsində ağac və güllərin satışı ilə məşğul olur, bu günkü gün orda dibçəkdə ağaclar yolda səkinin üstünə kimi düzülüb. Koordinatlar piyada səkisindən 1 metr içəridə vurulub. İddiaçı torpağı sürüşdürmək istəyir, sürüşdürsə hamının torpaq sahəsi sürüşəcək, heç kimin öz torpağından narazılığı yoxdur. İddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsi dövlət reyestrindən çıxarış əsasında onlara məxsusdur. Məhkəmə kollegiyasından cavabdehin apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsini aldıqdan sonra cavabdeh tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların düzgün vurulmadığını bildirərək, ilkin torpaq ayırma sənədlərinə uyğun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış və nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi koordinatların düzgün vurulmaması ilə bağlı iddiaçının dəlilini araşdırmadan iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, göstərilən torpaq sahəsinin yerində sərhədlərinin dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 43-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Həmin maddənin 3-cü bəndində qeyd olunub ki, yerquruluşu işləri dedikdə həmçinin torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutulur. 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin. İş materiallarından görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində 0,35 ha torpaq sahəsi 29 may 2008-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın AN-İ №0186141 saylı, 21 may 2009-cu il tarixli torpaq alqı-satqısı müqaviləsinə əsasən, X11 Abşeron rayonu Masazır kəndində yerləşən ümumi sahəsi 0,35 ha olan torpaqdan 0,15 ha torpağı İddiaçı satmışdır.Qeyd edilən torpaq sahəsi 12 iyun 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış və həmin torpaq sahəsinə dair DƏDRX-nin Abşeron rayonu Ərazi İdarəsi tərəfindən AA seriyalı, 017020 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının cavabdeh tərəfindən ilkin torpaq ayırma sənədlərinə uyğun olaraq düzgün vurulmadığını iddia etdiyindən, məhkəmə kollegiyası tərəfindən qeyd edilən halın aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki:
1. Abşeron rayon, Masazır kəndi ərazisində yerləşən X5 mülkiyyətində olmuş 0,35 ha torpaq sahəsinin 0,15 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı 12.06.2009-cu il tarixli, **********07 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən X5 mülkiyyətində olmuş 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilindədir.
2. İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları iddiaçının faktiki istifadəsində olan 0,16 ha torpaq sahəsinin 0,1289 ha hissəsi ilə üst-üstə düşür.
3. İddiaçının faktiki istifadəsində olan 0,16 ha torpaq sahəsinin 0,0241 ha hissəsi başqa şəxsin adına hüquqi qeydiyyatdan keçmişdir. Beləliklə, mütəxəssis rəyindən aydın olur ki, iddiaçının X4 aldığı 0.15 ha torpaq sahəsi satıcının mülkiyyətində olmuş 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir, başqa sözlə cavabdeh tərəfindən iddiaçıya verilmiş planölçüdəki koordinatlar ilkin topraqayırma sənədlərinə uyğundur. Eyni zamanda rəydən və rəyə əlavə edilmiş torpağın faktiki istifadə vəziyyətinə dair sxemdən görünür ki, iddiaçı mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin 0.1289 ha hissəsindən faktiki olaraq istifadə edir, qalan 0.0241 ha torpaq sahəsi isə başqa şəxsin mülkiyyətində olmaqla iddiaçı tərəfindən zəbt edilmişdir. Hazırda isə iddiaçı faktiki istifadə etdiyi vəziyyətə uyğun, yəni başqa şəxsin mülkiyyətində olan və özünün zəbt etdiyi 0.0241 ha sahə də daxil olmaqla koordinatların dəyişdirilməsini tələb edir. Halbuki, məhkəmə kollegiyasında araşdırma zamanı müəyyən edildi ki, iddiaçının zəbt etdiyi torpaq sahəsinin mülkiyyətiçisi X12r və onunla iddiaçı arasında zəbt edilmiş torpaq sahəsinin boşaldılmasına dair məhkəmə mübahisəsi olmuşdur. Belə ki, iş materiallarından görünür ki, X11 mülkiyyətində olan 0.35 ha torpaq sahəsindən 0.15 ha torpağı iddiaçıya satdıqdan sonra, qalan 0,20 olan torpaqdan 0,04 ha torpağı X16, 0.02 ha torpağı isə X7, sonuncular isə öz növbəsində 0.06 ha torpağı X1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində 06 iyul 2015-ci il tarixdə qeydiyyata alınmış və 0,06 ha torpaq sahəsinə dair 24 iyun 2015-ci tarixdə AA seriyalı, 039257 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarından görünür ki, 26.11.2015-ci il tarixdə X3 Rövşən Rəsul oğluna qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(012)- 291/2016, hakim Ş,H.Nəcəfova) X9 Abşeron rayon Masazır Bələdiyyəsi, X10, İddiaçı qarşı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 06.07.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş 0,0482 ha hissəsinin boşaldılması, həmin torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən tikilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi qət edilmiş, iddia Abşeron rayon Masazır Bələdiyyəsi və X6 aid hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən, məruzəçi), G.Tağızadə və T.Quliyev, 2(105)- 991/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 2(012)-291/2016 saylı qətnaməsi torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən tikilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3418/2020 saylı, 21 iyul 2020-ci il tarixli Qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 24 sentyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, X9 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı tərəfindən 0,0585 ha hissəsi tutulmuş, tutulmuş torpaq sahəsində İddiaçı tərəfindən 0.003027 ha (30.27 kv.metr) hissəsində tikili inşa edilmişdir. Həmçinin, məhkəmə qərarı ilə N.H.İsmayılovanın mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin naturada koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 12 iyun 2009-cu il tarixli, AA seriyalı, 017020 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının verilmiş sənədlərə əsasən üst-üstə düşmədiyi, eləcə də, N.İsmayılovanın mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə çıxarışa qədərki koordinatlarının eyni olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2015-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir: “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Hazırkı halda yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadə etməsi, həmçinin üçüncü şəxsin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə çıxarışa qədərki koordinatlarının eyni olduğu və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarıilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Odur ki, qeyd edilən halların hazırkı prosesdə mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. 05 avqust 2021-ci il tarixli mütəxəssis rəyində, iddiaçının mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən faktiki olaraq 0.1289 ha hissədən istifadə etdiyi qeyd edilsə də, məhkəmə kollegiyası tərəfindən mübahisəsi gedən əraziyə iddiaçi və üçüncü şəxsin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçı öz mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən tam olaraq istifadə edir, eyni zamanda əlavə olaraq rəydə də qeyd edildiyi kimi, üçüncü şəxsin mülkiyyətində olan ərazinin bir hissəsini də faktiki olaraq zəbt etmişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş 22.07.2021-ci il tarixli **********59 saylı məktubdan da görünür ki, cavabdehin əməkdaşları tərəfindən mübahisəsi gedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan döngə nöqtələrinin koordinatları üst-üstə düşür. Başqa sözlə cavabdeh tərəfindən də yerində müayinə zamanı iddiaçının mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən faktiki olaraq tam istifadə etdiyi müəyyən edilmişdir. Beləliklə, işin sadalanan xüsusatlarını, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında hər hansı uyğunsuzluğun olması müəyyən edilmədiyindən, eləcə də, iddiaçının faktiki olaraq zəbt etdiyi torpaq sahəsi(0.0241 ha) üçüncü şəxsin mülkiyyətində olmaqla, həmin sahədən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan qaldırılmış iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tələb edildiyi kimi tam ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-361/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.