Məhkəmə qərarları › İş №2-1(105)-323/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-323/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-323/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X8 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X8 adına qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X14 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Ağayev Qabil xx.xx.1998- ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mərhum həyat yoldaşı X8 yeganə vərəsəsidir. İddiaçının həyat yoldaşı X14 vəfat etməmişdən öncə X17 Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır. Bu qərar heç bir şəxs və ya qurum tərəfindən mübahisələndirilməmiş və bundan sonra da mübahisələndirilə bilməz. Bununla bağlı iddiaçı tərəfindən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir, lakin 04 iyun 2020-ci il tarixdə imtina cavabı verilmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 müraciəti araşdırılarkən müraciətə əlavə olunmuş “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X1 barədə X21 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun itməsi barədə polis arayışı və qəzet elanı adıçəkilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı bildirilmişdir. Belə ki, sözügedən sənədin X21 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun Siyəzən rayon Dövlət Arxivi tərəfindən təsdiq olunmuş surəti X9 22 sentyabr 2019-cu il tarixli ərizəsi ilə idarəyə daxil olmuş və müraciətə 02 oktyabr 2019-cu il tarixli **********66 nömrəli məktubla münasibət bildirilmişdir. Təkrar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmiş və bu barədə ona 04 iyun 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim Vəfa Əzizova)

6. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalı, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflərin çəkişmə prinsipinə əsasən təqdim etdikləri dəlilləri yoxlamalı, bu dəlillərin hər hansı mötəbər sübutla öz əksini tapmasını müəyyən etməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-353/2021 saylı inzibati iş üzrə olan 28 dekabr 2021-ci il tarixli qərarı şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli protokolundan görünür ki, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin göstərilən qiymətə Ağayev Qabilə satılması qərara alınmışdır. Habelə iddiaçının mərhum həyat yoldaşı X14 vəfat etməmişdən öncə X17 Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

11. İş üzrə cəlb edilmiş üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 9. Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydaları Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin ,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları . müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

17. İş materiallarında olan İV-№ 385341 seriyalı nikahın bağlanması haqqına şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1987-ci ildə X15 rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir.

18. AZ-İ № 995057 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1998-ci ildə vəfat etmişdir.

19. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci ildə vəfat etmiş X10 vərəsəsi İddiaçıdır.

20. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli protokolundan görünür ki, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin göstərilən qiymətə Ağayev Qabilə satılması qərara alınmışdır.

21. İddiaçı Q.Ağayevin ölümündən sonra Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin Qabil Ağayevin adına rəsmiləşdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh Q.Ağayevin mülkiyyət hüququnu qeydə almaqdan imtina edərək, imtinasında göstərmişdir ki, X21 İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli protokolu mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyil.

22. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşaraq qeyd edir ki, iddiaçı X21 İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli protokoluna istinad edərək Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin Qabil Ağayevin adına rəsmiləşdirilməsini xahiş edir. Həmin protokolun məzmunundan görünür ki, X16 Rayon İcra Hakimiyyəti başçısına ünvanladığı xx.xx.1997-ci il tarixli ərizəsinə baxaraq komissiya qoyunçuluq damlarını və çoban evini 183600 manata X3 qərara almışdır.

23. Siyəzən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı 08 yanvar 2020-ci il tarixli 6/2- 974 saylı məktubunda sözügedən qoyunçuluq yatağının Q.Ağayevə satılmasını təsdiq etsə də, sonuncunun vəfat etməsi səbəbindən müvafiq sənədləşdirmə işlərinin başa çatdırılmadığını bildirmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən Q.Ağayevə satılmış qoyunçuluq yatağına görə hər hansı ödənişin edilib-edilməməsi barədə sorğular verilmiş və məhkəmənin sorğusuna Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 1178/3-658 xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Siyəzən rayon X21 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat Təsərrüfatına məxsus 1997-ci ildə X2 qoyunçuluq yatağı üçün onun tərəfindən hər hansı ödənişin edilib-edilməməsi barədə heç bir məlumat yoxdur.

25. Məhkəmənin sorğusuna Siyəzən rayon Dövlət Arxivinin 83 saylı 21 oktyabr 2021ci il tarixli cavab məktubunda isə qeyd olunmuşdur ki, Siyəzən rayon X21 İslahat Komissiyasının müvafiq qərarı ilə keçmiş Zarat Təsərrüfatına məxsus 1997-ci ildə X2 qoyunçuluq yatağı üçün onun tərəfindən hər hansı ödənişin edilməsi barədə heç bir sənəd aşkar edilməmişdir.

26. Beləliklə müəyyən olunur ki, iddia ərizəsində qeyd edildiyi kimi Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin dəyəri Qabil Ağayev tərəfindən ödənilməmişdir.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qoyunçuluq yatağının mərhum Q.Ağayevə ayrılması (satılması) prosesi qanunvericiliklə müəyyən edilmiş qaydada başa çatdırılmadığından onun Qalaşıxı qoyunçuluq yatağı və çoban evi üzərində mülkiyyət hüququ yaranmamış, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtinası qanuni olmuşdur və iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar