Məhkəmə qərarları › İş №2-1(105)-323/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-323/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-323/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılmasının cavabdehə tapşırılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2-1(118)-407/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonunun Qalacıq kəndi ərazisində yerləşməklə RX №0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılmasının cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Qalacıq kəndi ərazisindən iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması üçün tərəfindən Qalacıq bələdiyyəsinin X7 filialındakı hesabına 14 dekabr 2012-ci il tarixdə 04 №-li qəbzlə 300 (üç yüz) manat məbləğində pul köçürülmüş və Qalacıq bələdiyyəsinə də həmin torpaq sahəsinə RX № 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra Qalacıq bələdiyyəsi tərəfindən guya torpaqların qiymətlərinin artması səbəbindən əlavə olaraq ondan 420 (dörd yüz iyirmi) manat məbləğində pulun bələdiyyə hesabına köçürülməsi tələb olunmuş və qeyd olunan məbləğdə pul köçürüldükdən sonra torpaq sahəsinin satılması barədə sənədləşmə işlərinin aparılacağı bildirilmişdir. Ona görə də xx.xx.2019-cu il tarixdə bələdiyyə hesabına əlavə olaraq 420 manat pul ödəmişdir. Lakin Qalacıq bələdiyyəsi tərəfindən qeyd olunan 0,06 ha torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılması dəfələrlə yazılı və şifahi qaydada tələb edilsə də həmin işlərin aparılması təmin edilməmişdir. Ona görə də, cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə 04 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Qusar rayonun Qalacıq kəndi ərazisindən RX № 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış üzrə Qusar rayonunun Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmiş və əks təqdirdə bununla əlaqədar müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə bildirmişdir. Cavabdeh tərəf ərizəyə cavab vermədiyinə görə təkrarən 14 mart 2022-ci İİ tarixdə həmin ərizəni poçt vasitəsilə xəbərnaməli məktubla göndərmiş, yalnız bundan sonra cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsi ərizəsinə cavab vermiş və bildirmişdir ki, iddia etdiyi 0,06 ha torpaq sahəsi guya Qalacıq Bələdiyyəsinin 22 mart 2005-ci il tarixli, 06 saylı qərarı ilə həmin kənd sakini X3 fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ilkin sənədlərinə əsasən satılmış, sonuncu 2007-ci ildə vəfat etdiyinə görə həmin torpaq sahəsi o vaxtdan halhazıra kimi mərhumun qardaşının ailəsinin istifadəsindədir. Bildirir ki, mübahisələndirdiyi 0,06 ha torpaq sahəsinə cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixdə, yəni həmin torpaq sahəsinin alınması üçün tərəfindən bələdiyyənin hesabına 300 (üç yüz) manat pul köçürüldükdən sonra yuxarıda qeyd olunan çıxarış verilmişdir. Belə olduğu halda həmin torpaq sahəsinin 2005-ci ildə digər şəxsə (mərhum X3) satılması qeyri-mümkündür. Göründüyü kimi, cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsi 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmasından imtina etmək üçün müxtəlif bəhanələrə əl atır. Ona görə də həmin torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılması cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

3. Sumqayıt İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2-1(118)-407/2023 nömrəli qərardadı ilə (hakim İsmayıl Quliyev) iddia mümkün sayılmamışdır.

4. Qərardaddan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı tərəf apellyasiya şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə istinad edərək Sumqayıt İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2-1(118)-407/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi

12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi

Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (...)

Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...)

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Birinci intansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Qusar rayonunun Qalacıq kəndi ərazisində yerləşməklə RX №0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılmasının cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə tapşırılmasını istəyir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təşkil etmir, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi bir tərəf inzibati orqan olsa da müqavilə bağlanması ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Eyni zamanda torpaq sahəsindən faktiki istifadə ilə bağlı mübahisənin olduğu görsənir. Bu mübahisələr də mülki məhkəmə icraatı qaydasında həyata keçirilə bilər.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, iddia tələbi Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılması haqqında olmuşdur. Göründüyü kimi iddia tələbi aydın və dəqiq deyil.

14. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etməyə borcludur.

15. Halbuki mübahisənin düzgün həlli, həmçinin tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım edilməli idi. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir.

16. Birinci instansiya məhkəməsi isə iddiaçıya hüquqi yardım etməmiş, iddia tələbinin dəqiqləşdirilməsini təklif etməmişdir.

17. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Qusar rayonu, Qalacığ kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində 13 fevral 2015-ci il tarixdə Qalacıq bələdiyyəsinin mülkiyyət hüququ qeyd alınmışdır.

18. Qusar rayon Qalacıq bələdiyyəsi isə iş materiallarına əlavə edilmiş 16 dekabr 2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddia edilən 0,06 ha torpaq sahəsi Qalacıq bələdiyyəsinin 17 mart 2006-ci il tarixli, 03 nömrəli qərarı ilə Qalacıq kənd sakini X3 fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ilkin sənədlərinə əsasən satılmışdır. 2007-ci ildə X5 vəfat etmişdir. Həmin dövrdən hal-hazıra kimi həmin torpaq sahəsi mərhumun qardaşının ailəsinin istifadəsindədir.

19. Qusar rayon Qalacıq bələdiyyəsinin 17 mart 2006-ci il tarixli, 03 nömrəli qərarında isə X3 fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur.

20. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15-ci bəndinə əsasən, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə əsasən, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi nə iddiaçının iddia ərizəsində göstərdiyi hallarla bağlı, nə də cavabdehin iş materiallarına əlavə edilmiş məktublarında qeyd edilən xüsusatlarla bağlı araşdırma aparmamışdır.

23. İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur və məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır.

24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinə və İPM-in 13-cü maddəsində təsbit olunmuş “Məhkəmənin yardım etmək vəzifəsi” prinsipinə riayət edilmədiyindən, iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi yekun nəticə nəzərə alınmaqla və ona müvafiq hüquqi yardım göstərilməklə iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2-1(118)-407/2023 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar