Məhkəmə qərarları › İş №2-1(105)-323/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-323/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-323/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Naxçıvan Qarnzionun tabeliyində və tərkib hissəsi olan N nömrəli hərbi hissənin tank tağım komandiri vəzifəsində xidmət etdiyi müddətdə dörd ilə yaxın müddətdə ödənilməyən ikiqat əmək haqqının indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(118)-1044/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Naxçıvan Qarnzionun tabeliyində və tərkib hissəsi olan N nömrəli hərbi hissənin tank taqım komandiri vəzifəsində xidmət etdiyi müddətdə dörd ilə yaxın müddətdə ödənilməyən ikiqat əmək haqqının indeksləşdirilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür. xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixədək təqvimlə 22 il 2 ay Azərbaycan Ordusunda zabit qismində Naxçıvan Qarnizonunda hərbi xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixədək Naxçıvan Qarnizonunun tabeçiliyində və tərkib hissəsi olan N nömrəli hərbi hissənin tank tağımının komandiri vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixədək, yəni iddiaçının həmin hərbi hissədə xidməti dövründə döyüş şəraitində olan hərbi hissələrin siyahısında olmuşdur. Hər ilin yanvar ayında həmin hərbi hissələrin siyahısı Müdafiə nazirinin müvafiq əmri ilə təsdiq edilmişdir. Hərbi hissə döyüş şəraitində olduğu üçün şəxsi heyətə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 2-ci yarımbəndinə (Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır) əsasən əmək haqqı ikiqat hesablanaraq ödənilirdi. Sözügedən hərbi hissədə xidməti zamanı heç bir hüquqi əsas olmadan ona ikiqat pul təminatı ödənilməmişdir. Həmin dövr üçün qüvvədə olan “Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli hərbi qulluqçuların pul təminatı haqqında təlimatın təsdiq olunması barədə əmri”nin müvafiq maddələrinin tələblərinə əsasən döyüş şəraitində xidmət edən hərbi qulluqçuya yalnız müxtəlif səbəblərdən (məzuniyyət, ezamiyyət və hospital) hərbi hissədə olmadığı günlərin sayı qədər birqat pul təminatı ödənilir, qalan digər hallarda ikiqat pul təminatı ödənilməlidir. 2 aya yaxın müddət hospitalda müalicə aldığı müddət istisna olmaqla, məzuniyyətdə və ezamiyyətdə olmadığına görə hesab edir ki, heç bir hüqiqi əsas olmadan ona 4 (dörd) ilə yaxın müddət ikiqat əmək haqqı ödənilməmişdir. Bununla bağlı xx.xx.2021ci il (poçt göndərişinin verilməsi haqqında xəbərnamə SS825157235AZ, qoşma №3) tarixdə ərizə ilə Müdafiə nazirinin müavini-X5 X2 rəisi general-polkovnik Kərəm Mustafayevə və həmin ərizənin surətini Müdafiə naziri general-polkovnik Zakir Həsənova ünvanlayaraq yuxarıda qeyd olunan məsələ ilə bağlı müraciət edərək köməklik edilməsini xahiş etmişdir. Lakin Müdafiə nazirliyi onun müraciəti ilə bağlı heç bir əməli tədbir görməmişdir və bu günə qədər müraciətinə hər hansı cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1044/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Eyni tələblər xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 1.10 və 1.11-cu maddəsində qeyd edilmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının xidmət etdiyi dövr ərzində qeyd edilən tələblə bağlı müraciəti olmamışdır. Bundan başqa İnzibati Prosessual Məcəllə xx.xx.2011-ci il tarixdə qüvvəyə minmişdir. İddiaçının 2004-2008-ci illər ərzində ikiqat əmək haqqının ödənilməsini tələb etmək hüququ xx.xx.2011-ci ilə qədər yaranmış və o zaman sözügedən məsələnin həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənmişdir ki, orada da iddia müddəti 1 ay müəyyən edilmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın tamamilə ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətini ötürüldüyünü qeyd etməklə işini bitmiş hesab etmişdir. Məhkəmə hazırki iddianın hansı növ iddia olmasını özü üçün müəyyən edə bilmədiyi üçün yanlış qənaətə gələrək əsassız və ədalətsiz qərardad qəbul etmişdir. Belə ki, məhkəmə öz qanunsuz qərardadını Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli və xx.xx.2017-ci il tarixli 22 nömrəli əmrləri ilə əsaslandırmaq istəmişdir. Halbuki, bu yanlış mövqedir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların sıralaması verilmişdir. Həmin sıralamaya əsasən, İnzibati Prosessual Məcəllə Müdafiə nazirinin əmrlərindən üstün hüquqi qüvvəyə malikdir. İddiaçının tələbi xidmət vaxtı ona ödənilməyən ikiqat əməkhaqqının indeksləşdirilərək ödənilməsi tələbidir, bu isə qanunla cavabdehin vəzifə borcudur, yəni öhdəliyidir. İnzibati Prosessual Məcəllədə isə öhdəlik növündə iddialar üçün iddia müddəti müəyyən olunmamışdır. Ona görə də “iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır” qənaəti səhv olmaqla kobud prosessual pozuntudur. Bu pozuntu iddaçının iddia qaldırmaq hüququnu kobud şəkildə məhdudlaşdırması ilə nəticələnmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəmsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 296-ci maddəsindən görünür ki, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. İşdən isə görünür ki, iddiaçı 2004-2008-ci illər üçün ödənilməyən ikiqat əmək haqqının indeksləşdirilərək ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1044/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar