Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-324/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-1923/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 470 saylı, xx.xx.2010-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı hərbi xidmət keçərkən, xx.xx.1992-ci ildə aldığı və N saylı hərbi hissədə xx.xx.1992-ci ildə ambulator qaydada müayinə və malicə olunduğu tavma–diaqnoz “Başın tüklü hissəsinin, sol əlin, sağ ayaq nahiyyəsinin əzilmiş, cırılmış avtoqəza yarası”, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx002 saylı, 15 fevral 2016-cı il tarixli qərarının surətindən görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar; keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, sol əlin və sağ ayağın kobud çapıq toxumaları; postkontuzion sindrom; postravmatik ensefalopatiya tez-tez baş verən vegetativ damar krizləri; kəllə daxili təzyiq daimi baş ağrıları ilə; nevrasteniya; oynaqların kontrakturası; sağ diz oynağının kontrakturası” diaqnozları ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 05 mart 2021-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə; OU-diabetik angiopatiya, dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar; qabarıq asteno-nevrotik sindrom; tez-tez baş verən vegetativdamar krizləri ilə; xorniki böyrək xəstəliyi ikinci mərhələ” diaqnozları ilə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “məhkəmə tərəfindən Müdafiə nazirliyinin mərkəzi hərbi komissiyanın rəyinə əsaslanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında müharibə əlili statusunu bərpa etmək öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1969-cu il təvəllüdlüdür, 1992-ci il iyun-oktyabr aylarında Qarabağda gedən döyüşlər zamanı “20 yanvar” özünü müdafiə batalyonunda sıravi döyüşçü kimi döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin avqust ayında Ağdərə istiqamətində olduğu avtomobilin minaya düşməsi nəticəsində ağır kontuziya (yüngül xarici zədə və ağır qapalı kəllə beyin travması) almışdır. Buna dair Müdafiə nazirliyinin mərkəzi həkim komissiyasının qərarı vardır. Sonradan bu travmalar ağırlaşma verdiyindən 2016-ci ildən yenidən TSEK-in qərarı ilə Qarabağ müharibəsi əlili kimi tanınmışdır. 2021-ci ildə isə cavabdeh tərəfindən heç bir hüquqi səbəb gətirilmədən əlilliyinin təyinatı mülki əlillik statusuna keçirilmişdir. İddia ərizəsinə əlavə etdiyi bütün tibbi arayışlara baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir əsaslı dəlil gətirmədən onun müharibə əlili statusunu qaytarmaqdan imtina edir. Bu səbəbdən də, hesab edir ki, məhkəmə tərəfindən hüquqları bərpa edilməli, ona müharibə əlili statusuna uyğun əlillik təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: ümumi xəstəlik, “X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N30-N39 - Sidik sisteminin digər xəstəlikləri => N39 - Sidik-ifrazat sisteminin digər xəstəlikləri => N39.8 - Sidikifrazat sisteminin digər də...; Diaqnozun mətni: Xr. qlamerulonefrit. nefrotik forma, teztez kəskinləşmələrlə. Diabetik angiopatiya. Postravmatik ensefalopatiya. xr. obstruktiv bronxit. Keçirilmiş KBT-nın qalıq əlamətləri. К/d hipertenziya ilə. Şəkərli diabet İİ tip. orta ağır gedişli. xr. faringit. ANS; Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2. Xr. qlamerulonefrit. nefrotik forma, tez-tez kəskinləşmələrlə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, sol əlin və sağ ayağın kobud çapıq toxumaları. Postkontuzion sindrom. Postravmatik ensefalopatiya tez-tez baş verən vegetativ damar krizləri, kəllə daxili təzyiq daimi baş ağrıları ilə. Nevrasteniya. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə.OU-diabetik angiopatiya Dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ damar krizləri ilə Xroniki böyrək xəstəliyi İİ mərhələ; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1 ,E22.0-E22.1,E23.0E23.2,...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0529003AAGYL nömrəli göndərişi DTSERA əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS **********4). Növbəti əlillik təyinatının səbəbəlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 470 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın tüklü hissəsinin, sol əlin, sağ ayaq nahiyyəsinin əzilmiş, cırılmış avtoqəza yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan əziyyət çəkdiyini ifadə etmiş, Romberqdə yüngül səndəlləmə, kəllə-beyin sinirləri tərəfdən burun-dodaq bucağında assimmetriya, astenik əlamətlər izlənilmişdir. Nevroloji sınaqları rahat yerinə yetirmiş, ünsiyyətə adekvat qoşulmuş, intellektual-amnestik funksiyaları yaşına uyğun, ətraflarda reflekslər canlı çağrılmış, əzələ gücü 4,5-5,0 bal və tonusu normal qiymətləndirilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiya SpO2 98%, ürək döyüntülərinin sayı 88 vurğu olmuş, aşağı ətraflarda periferik zəif nəbz, aşağı ətraflarda xroniki angio-neyropatik əlamətlər, dəri hərarətinin enməsi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra-göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdınimiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-1923/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, əlilliyinin səbəbli əlaqəsini cavabdeh təyin etmir, belə olan hallarda AR Müdafiə Nazirliyinə sorğular verilmir. Əlilliyin səbəbli əlaqəsinin təyin edilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri daxilindədir. AR Ali Məhkəməsinin mövqeyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının şəhadətnaməsində qeyd olunan diaqnozlar Forma-88-də qeyd edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının şəhadətnaməsində qeyd edilən diaqnozlarla Forma-88-də qeyd edilən xəstəliklər səbəb-əlaqə yaratmır. İddiaçıya ümumi əsaslarla 5 il müddətinə ll dərəcə əlillik təyin edilmişdir. 2021-ci ildə ola bilər ki, iddiaçıya sadəcə sms göndərilib. İddiaçı sonuncu dəfə əlillik təyin edildikdən sonra, müharibə ilə əlaqədar əlilliyin təyin edilməsi üçün müraciət etməmişdir. İddiaçıya “kəllə beyin travması” diaqnozu ilə 2016-cı ildə 5 il müddətinə əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsinin əsası Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd edilən “Başın tüklü hissəsinin, sol əlin, sağ ayaq nahiyyəsinin əzilmiş, cırılmış avtoqəza yarası” diaqnozlarının kəllə beyin travması olmamasıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi və məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, ona xx.xx.2021-ci il tarixdə əlillik təyin edilmişdir. Ümumi əsaslarla əlillik təyin edildiyini gec-1 il sonra öyrənmişdir. Pensiya almış, əvvəl 475 manat, daha sonra 130 manat pensiya almışdır. Aldığı travma ilə əlaqədar müalicələr alır. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə iddiaçı məhkəmədən cavabdeh orqan tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarın ləğv edilməsi və iddiaçıya 05 mart 2021-ci il tarixli qərarla təyin edilmiş ikinci dərəcə əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının hazırkı tələbləri həm əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi hissəsində, həm də inzibati aktın ləğvi ilə bağlı olan hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Qərarın 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. əlverişsiz inzibati akt olmalı;
3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;
4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;
5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. İş materialları ilə müəyyən edilir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 15 fevral 2016-cı il tarixli qərarı ilə iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 05 mart 2021-ci il tarixli qərarı ilə iddiaçı növbəti dəfə müayinə olunaraq ona “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının müraciəti əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Yəni, iddiaçı cavabdeh orqanın onun əlillik səbəbinin “ümumi xəstəlik” kimi müəyyən edilməsindən ən azından 01 avqust 2022-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı inzibati orqanın qərarını məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı qərardan məlumatlı olmadığını bildirsə də, kollegiya həmin dəlilləri əsassız hesab edir. Belə ki, 01 avqust 2022-ci il tarixli, **********8 saylı qərardan görünür ki, iddiaçı əyani müayinə edilmiş, xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. İddiaçının izahatından məlum olur ki, əlillik səbəbi dəyişdirildikdən sonra əlilliyə görə ödənişlərdə fərqlər olmuş, 01 avqust 2022-ci il tarixli qərar qəbul olunduqdan sonra ödənişlər həmin qaydada davam etmişdir ki, bu da iddiaçının inzibati orqanın qərarından həmin vaxtdan məlumatsız olduğunu istisna edir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-1923/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.