Məhkəmə qərarları › İş №2-1(105)-325/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-325/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-325/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-367/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı(bundan sonra iddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə (bundan sonra cavbadeh) müraciət etmişdir. Cavabdeh 27.01.2020-ci il tarixli **********5 saylı məktub ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, 01 may 1969-cu ildən 31 dekabr 1969-cu il tarixədək, 01 iyul 1970-ci ildən 31 dekabr 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 yanvar 1997-ci ildən 31 dekabr 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından, 1969-cu ildə 15 yaşı olmadığından, X5 filialında saxlanılan, 1969- 1970-1971–1972-ci illərə dair əməyin ödənilməsinə dair hesablaşma kitablarında adı və soyadı qələmlə yazıldığından, verilən əmək haqqı isə sadə qələmlə yazıldığından və eyni zamanda 01 yanvar 1974-cü ildən 31 dekabr 1979-cu il tarixə kimi sovxozun əmək haqqı cədvəllərinin arxivdə olmaması səbəbindən ona pensiya təyin olunmasından imtina olunur. İmtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab olunması, 01 may 1969-cu ildən 31 dekabr 1969cu il tarixədək, 01 iyul 1970-ci ildən 31 dekabr 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 yanvar 1997-ci ildən 31 dekabr 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi müddətin onun sığorta stajına hesablanmaqla ona yaşa görə pensiya təyin olunması öhdəliyinin DSMF-nun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, fəhlə, sürücü işləmiş, çobançılıqla məşğul olduğundan müxtəlif rayonlarda, müxtəlif təsərrüfatlarda işləmişdir. Belə ki, ailəsi çoxuşaqlı ailə olduğundan 7-ci sinfi bitirəndən sonra 02 iyun 1969-cu ildə Quşçu kənd “Xaqani” adına sovxozda əmək fəaliyyətinə başlamışdır. Sovxoz direktorunun əmri də var. Səkkizinci sinifdə olarkən həmişə dərsdən sonra azyaşlı kimi işləmişdir. 1969-1970-1971-1972-ci illərə dair əməyin ödənilməsinə dair hesablaşma kitablarında əmək haqqının sadə qələmlə yazılması və 01 yanvar 1974–cü ildən 31 dekabr 1979-cu il tarixə kimi sovxozun əmək haqqı cədvəllərinin arxivdə olmaması bütün bu illərə dair əmək kitabçasının olmaması onun günahı deyil. O Quşçu kənd “Xaqani” adına sovxozda, Yeni Astraxanovka sovxozunda işləmiş və bu illərə dair sığorta haqqları da sovxoz tərəfindən ödənilib. Hesab edir ki, DSMF-nin Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, rayonun Quşçu kəndində yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etdiyi arxiv arayışlarına DSMF tərəfindən imtina edilmişdir. Belə ki, pensiya işinə əlavə edilmiş arxiv arayışları ilə iddiaçının 20 il 07 ay 22 gün sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının pensiya işinə əlavə edilmiş arayış ilə iddiaçının 30.11.1973-cü ildən 17.12. 1975-ci ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrünü 2 il 17 gün təşkil edir. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajını 22 il 11 ay 09 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından azdır. Əlavə olaraq bildirilmişdir ki, 1969-cu ildə cavabdehin 14 yaşı olmuş və buna görə də onun 1969-cu ildən 1971-ci ilə kimi olan müddətini sığorta stajına daxil olması mümkün deyil. Bundan başqa Şamaxı rayon Arxiv İdarəsi tərəfindən təqdim edilmiş iddiaçının 01 yanvar 1974-cü ildən 31 dekabr 1979-cu il tarixinədək “Xəqani” adına sovxozda aldığı əmək haqqı cədvəlinin olmaması onun qeyd olunan müddətdə işləməməsinə dəlalət edir. 1969, 1970, 1971 və 1972-ci illər üçün verilmiş əməyin ödənişi üzrə hesablaşma kitablarında iddiaçının adı və soyadı qələmlə yazılmışdır. Qanunvericiliyin tələbləri baxımından iddiaçıya pensiyaya çıxmaq üçün 25 il əmək stajı tələb olunur, lakin iş materiallarına əlavə edilmiş sənədlərdən onun hərbi xidmətdə olma müddəti daxil 22 il 11 ay 09 gün əmək stajı var. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(118)-367/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 15 yaşının tamam olduğu dövrdən, yəni 01 iyul 1970-ci ildən sonra işlədiyi və dövlət arxivinin arayışlarında göstərilmiş 01 iyul 1970-ci ildən 31 dekabr 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda, 01 yanvar 1997-ci ildən 31 dekabr 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlərin pensiya təyinatının hesablanması zamanı nəzərə alınması və ona hüququn yarandığı (64 il 6 ay) 01.01.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iddiaçının ümumilikdə sığorta stajı 22 il 08 ay 09 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən xeyli azdır. Arxiv arayışları ilə bağlı bildirir ki, 1969-cu ilin may ayında iddiaçının cəmi 13 yaşı vardır. Həmin dövrdə SSSR-in Əmək Qanunları Məcəlləsinə əsasən isə əmək qabiliyyətli yas 16 yaş hesab olunur. Həmçinin, 1974-1979-cu illərə aid əmək haqqı cədvəllərinin arxiv arayışında öz əksini tapmaması, həmin illərin iş stajına əlavə edilməsi mümkün hesab edilməməlidir. 1989-1970-1971- 1972-ci illərdə X6 filialında saxlanılan əməyin ödənişi üzrə hesablaşma kitablarında iddiaçımın adı və sovadı qələmlə yazıldığı halda, verilən əmək haqqları sadə qələmlə (karandaşla) yazılmışdır. 01 yanvar 1974-cü ildən 31 dekabr 1979-cu il tarixədək “Xəqani” adına sovxoza məxsus əmək haqqı sənədlərinin saxlanılmadığına görə vətəndaşın həmin illər ərzində həmin sovxozda işləməsi faktı öz təsdiqini tapmır. İddiaçının “Xəqani” adına sovxozda fasiləsiz işlədiyini iddia etdiyi 1969-cu il tarixdən 1996-cı il tarixədək olan dövr üzrə məhz 1974-1979-cu lərə aid əmək haqqı cədvəllərinin olmaması iddiaçının həmin dövrdə həqiqətən orda işləməsini əsaslı şübhə altına alır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini iddianın təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissə üzrə yoxlamışdır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (64 il 6 ay) çatdıqdan sonra ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaya etirazdan görünür ki, cavabdeh iddiaçının, 01 may 1969-cu ildən 31 dekabr 1969-cu il tarixədək, 01 iyul 1970-ci ildən 31 dekabr 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 yanvar 1997-ci ildən 31 dekabr 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından, 1969-cu ildə 15 yaşı olmadığından, X5 filialında saxlanılan, 1969- 1970-1971–1972-ci illərə dair əməyin ödənilməsinə dair hesablaşma kitablarında iddiaçının adı və soyadı qələmlə, verilən əmək haqqı isə sadə qələmlə yazıldığından və eyni zamanda 01 yanvar 1974-cü ildən 31 dekabr 1979-cu il tarixə kimi sovxozun əmək haqqı cədvəllərinin arxivdə olmaması səbəbindən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə işin mübahisə edilən məqamı arxiv arayışı ilə təsdiq edilən dövrlərin sığorta stajına daxil edilməsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 27 noyabr 2019-cu il tarixli, 782 saylı arxiv arayışından və birinci instansiya məhkəməsinin sorğusuna əsasən, təqdim edilmiş əmrlər kitabının arxiv çıxarışından görünür ki, iddiaçı 63 saylı 02 iyun 1969-cu il tarixində Xəqani adına sovxoza fəhlə qəbul edilmiş və 133 saylı 23 oktyabr 1993-cü il tarixli əmr ilə hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. Sovxozun 1969-cu il üzrə əmək haqqı ödənişinə dair cədvəlindən görünür ki, 1969—cu ilin may ayından etibarən iddiaçıya əmək haqqı ödənişi edilmişdir. Həmçinin, arxiv arayışından görünür ki, iddiaçı 02 saylı 04 yanvar 1976-cı il tarixli əmrlə Xəqani adına sovxoza fəhlə qəbul edilmiş və 01 saylı 02 yanvar 1997-ci il tarixli əmr ilə islahatla əlaqədar işdən azad olunmuşdur. 1997-ci ildə isə Yeni Astraxanovka sovxozunda işləmiş və əmək haqqı almışdır. Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozun işə qəbul və azad edilmə barədə əmrlər kitabı arxiv idarəsinə təhvil verilsə də, 1974-cü ildən 1980-ci ilə kimi əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları X8 filialına təhvil verilməmişdir. Bu səbəbdən iddiaçıya təqdim edilmiş arxiv arayışında həmin illərə dair əmək haqqı barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin 13 dekabr 2019-cu il tarixli, 438 saylı arayışından görünür ki, iddiaçı 30.11.1973-cü il tarixdən 17.12. 1975-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mövqeyini əsassız hesab edərək bildirir ki, zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Eləcə də, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının 1970-1996-cı illərdə Şamaxı rayonu, Quşçu kənd “Xəqani” adına sovxozda, 1997-ci ildə Yeni Astraxanovka sovxozunda işləməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 arayışında göstərilən illərin iddiaçının sığorta stajı kimi nəzərə alınmasında mötəbər sübut kimi qəbul edir. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1970-1996-cı illərdə Şamaxı rayonu, Quşçu kənd “Xəqani” adına sovxozda, 1997-ci ildə Yeni Astraxanovka sovxozunda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Cavabdeh apellyasiya şikayətində iddiaçının ümumilikdə 22 il 11 ay 09 gün iş stajının olmasını mübahisələndirmir və arxiv arayışlarında göstərilmiş 1976-ci ildən 1979-ci ilə kimi müddəti İddiaçı əmək haqqı barədə məlumat olmadığına görə, həmçinin 1969-1972-ci illərə dair əməyin ödənilməsinə dair hesablaşma kitablarında iddiaçının adı və soyadı qələmlə, verilən əmək haqqı isə sadə qələmlə yazıldığından həmin müddəti sığorta stajına daxil edilməsinə etiraz edir. Bununla bağlı kollegiya qeyd edir ki, Dövlət Arxiv İdarəsinin Şamaxı rayon filialının 27 noyabr 2019-cu il tarixli 782 saylı məktubuna əsasən iddiaçının əmək haqqı cədvəllərinin olmamasına səbəb kimi onun işlədiyi Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozun 1974-cü ildən 1980-ci ilə kimi əmək haqqı cədvəllərinin və şəxsi hesab kitablarınn X5 filialına təhvil verilməməsi göstərilmişdir. Bundan əlavə X5 filialının iddiaçıya ünvanladığı 27 noyabr 2019-cu il tarixli 782 saylı arxiv çıxarışından məlum olur ki, iddiaçı 02 saylı 04 yanvar 1976-cı il tarixində Xəqani adına sovxoza fəhlə qəbul edilmiş və 01 saylı 02 yanvar 1997-ci il tarixli əmr ilə islahatla əlaqədar işdən azad olunmuşdur. Odur ki, kollegiya hesab edir ki, nə bu hal, nə də 1969-1972-ci illər üzrə iddiaçıya əmək haqqının sadə qələmlə yazılması iddiaçının təqsiri üzündən baş verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun mötəbərlik prezumpsiyası adlanan 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı halda da, iddiaçı tərəfindən təqdim edilən arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Cavabdehin şikayətinin digər dəlili odur ki, iddiaçı 1969-cu ilin may ayında, yəni 14 yaşı tamam olmamış sovxozda işləməyə başlamış, bu isə arxiv arayışında edilmiş qeydlərin bütünlüklə mötəbərliyini şübhə altına almış olur. Qeyd edilən dəlili əsassız hesab edərək kollegiya qeyd edir ki, iddiaçının 15 yaşadək sovxozda işlədiyi dövr birinci instansiya məhkəməsi tərəfindən sığorta stajına daxil edilməmiş və bu hissədə iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və apelyasiya şikayəti təqdim etməmişdir. İddiaçının 14 yaşından sovxozda işləməyə başlaması arxivdən tələb edilən sənədlərlə təsdiq olunur və yaşının 15-dən az olması arxiv arayışındakı məlumatların həqiqiliyini şübhə altına ala bilməz. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən, arayışdakı məlumatların həqiqiliyini şübhə altına almamış, sadəcə iddiaçının həmin vaxt 15 yaşının tamam olmadığını nəzərə alaraq bu hissədə iddianı rədd etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, arxiv arayışlarına əsasən, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-367/2021 saylı qərarı mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-367/2021 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar