Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-325/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Abşeron-Xızı regional filialına qarşı əmək stajının komissiyada araşdırılıb müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-427/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri cavabdehə təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 14.10.2021-ci il tarixli, **********1 saylı məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərə əsasən onun sığorta stajı 01 il, 01 ay, 07 gün təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından ona əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İddiaçı 29.10.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək stajının komissiyada araşdırılıb müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayon İsmayılbəyli kənd sakini olaraq məlum hadisələrlə əlaqədar 1993-cü il tarixdə məcburi köçkün olmuş və Sumqayıt şəhərində məskunlaşmışdır. İddiaçı xx xxxx 1955-ci ildə anadan olmuş və hazırda təqaüd yaşına çatmışdır. Ağdam rayonu işğal edilərkən bütün sənədlər orda qalmış və hazırda onun işlədiyini təsdiq edən heç bir şəxsi və ya arxiv sənədi qalmamışdır. Lakin, o 1969-cu ildən 1992-ci ilə kimi “Heydər Hüsüyev” adına sovxozda ocaqçı, çilingər vəzifəsində işləmiş, bu faktı həmin vaxt onunla birlikdə həmin kənddə yaşamış və işləmiş şəxslər təsdiq edə bilər. Onun 1969-cu ildən 1992-ci il ərzində “Heydər Hüsüyev” adına sovxozda işləməyini Gülablı kənd sakinləri, həmin sovxozda işləmiş X1 və X2 da təsdiq edə bilərlər. Həmin şəxslər də məhz onunla birlikdə həmin sovxozda işləmişlər və hazırda sovxozda işlədiklərinə görə əmək pensiyası alırlar. Bundan əlavə, 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu, Gülablı kənd özünümüdafiə batalyonunun tərkibində döyüşmüş və yaralanmışdır. Bu faktı şahidlər və Komisarlığın rəsmi arayışı təsdiq edir. Belə olan halda həmin illər onun əmək stajına daxil edilməli və ona əmək pensiyası təyin edilməlidir. İddiaçı bu barədə Sumqayıt şəhər məhkəməsinə ərizə ilə müraciət etmiş, həmin məhkəmə baxışı zamanı cavabdeh orqanın nümayəndəsi iddiaya dair etiraz vermişdir. Məhkəmənin qərardadına əsasən hüquqa dair mübahisə olduğu üçün iş baxılmamış saxlanmışdır. Həmin etirazda cavabdehin nümayəndəsi göstərmişdi ki, Nazirlər Kabinetinin 25.11.1992ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlann pensiya təminatı haqqında» Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bölməsinin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza və sairə fövqaladə hallarla əlaqədar əldə etmək mümkün olmadıqda əmək stajı 2 nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. İddiaçı da cavabdehin nümayəndəsinin etirazında göstərdiklərinə əsaslanaraq cavabdehə bu barədə müraciət etmiş və göstərilən Qanunun tələblərinə əsasən onun əmək stajının müəyyən edilməsi üçün komissiyada araşdırılıb qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, cavabdeh onun ərizəsinə özünün 14.10.2021-ci il tarixli məktubu ilə cavab verərək göstərmişdir ki, sənədlərə əsasən iddiaçının əmək stajı 1 il 1 ay 7 gün təşkil etdiyi üçün ona əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz sayır və hesab edir ki, onun əmək stajının təyin edilməsi üçün komissiyada ərizəsiin və sənədlərinin araşdırılaraq əmək stajı müəyən edilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 1969 - 1992-ci illərdə “Heydər Hüsüyev” adına sovxozda ocaqçı, çilingər vəzifələrində işlədiyini qeyd etmişdir. Bu səbəblə də, iş stajının araşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının sorğusuna Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilən cavaba əsasən Ağdam rayon Gülablı kənd “Heydər Hüsüyev” adına sovxozun 1993-cü ilədək olan sənədləri Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunması səbəbindən məhv olmuşdur. Bu səbəbdən də, İddiaçı qeyd edilən sovxozda işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi təmin edilməməlidir. Cavabdeh tərəfindən İddiaçı verilən imtinada əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildiyi qeyd edilmişdir. Etirazda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına istinad edilərək göstərilir ki, hazırki iş üzrə ən azından ərizəçiylə eyni müəsssədə işləmiş və işləməyini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Bütün bunlardan əlavə, iddiaçının iddiasına xüsusi icraat qaydasında mülki məhkəmədə hüquqi qiymət verilməlidir. Etirazda həmçinin İPM-nin 35.1ci maddəsinə istinad edilərək iddiaçının tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-427/2022 saylı qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vətəndaşlar tərəfindən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləəri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Göründüyü kimi iddiaçı ilə bir yerdə 1969-cu ildən 1992-ci il ərzində “Heydər Hüsüyev” adına sovxozda işləmiş Gülablı kənd sakinləri, X1 və X2 iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına aparılmasına baxmayaraq cavabdeh təşkilat iddiaçının əmək stajının araşdırılmasından yayınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi təmin edilib, müvafiq komissiyada onun əmək stajı araşdırılmalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətində etirazın və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etməklə şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı müraciəti araşdırılaraq sosial sığorta stajı kifayət etmədiyi əsas gətirilərək imtina verilmişdir. İddiaçının iddia tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsi deyil, iş stajının araşdırılaraq müəyyən edilməsidir. Bu iddia tələbi inzibati deyil, mülki qaydada baxılmalıdır. Bu səbəbdən də, iddiaçının iddiasına xüsusi icraat qaydasında mülki məhkəmədə hüquqi qiymət verilməlidir. İş stajını (əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ən azı iki ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Buna görə də hazırki iş üzrə ən azından ərizəçiylə eyni müəssisədə işləmiş və işləməyini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçının izahatını, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Yəni, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia predmet və mahiyyəti baxımından açıq-aşkar inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İdda ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının tələbi onun 1969-cu ildən 1992-ci ilədək Ağdam rayonunda “Heydər Hüsüyev” adına sovxozda işləməsi faktının müəyyən edilməsi ilə bağlıdır. İddiaçının pensiya hüququnun yarandığı vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyən, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın sosial sığorta stajının hesablanması prosedurunu tənzimləyən müvafiq 3.2, 3.2.2-ci bəndlərinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Plenum qərarında da məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş yuxarıda qeyd edilən müvafiq Qaydaların 3.2, 3.2.2-ci bəndlərinə istinad edilməklə bu kateqoriya işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması göstərilmişdir. Qeyd edilən Plenum qərarına əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir (13.4-cü bənd). Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia tələbi üzrə hüquqi marağının yönəldiyi əmək stajının müəyyən edilməsi tələbinə Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən mülki məhkəmə icraatı qaydasında xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırkı il üzrə iddianın mümkün sayılmamasına səbəb olan yuxarıda qeyd edilən hallar məhkəmə kollegiyası tərəfindən iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə edilmiş, iddiaçıya əmək stajının təsdiq edilməsi üçün ümumi (rayon-şəhər) məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdir. NƏTİCƏ HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-427/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-325/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-325/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver