Məhkəmə qərarları › İş №2-1(105)-325/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-325/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-325/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləğindən tutulmaların geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında 28 aprel 2022-ci il tarixli **********1 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-1748/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 28 aprel 2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********1 saylı qərarından görünür ki, iddiaçıya təyin edilmiş 528 manat 87 qəpik pensiya məbləği yenidən hesablanaraq, ona 348 manat 60 qəpik pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “onun dövlət qulluqçusu kimi müəyyən edilmiş əmək pensiyasının yenidən cənab Prezident tərəfindən təsdiq edilmiş qaydada artımlarla verilməsinə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin çıxardığı qanunsuz “Qərar’’ın ləğv edilməsinə, həmçinin sözügedən idarənin üzərinə öhdəlik qoyularaq aprel ayından tutulan məbləğin hesablanaraq ona ödənilməsi və əmək pensiyasının artımlarla ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında 28 aprel 2022-ci il tarixli **********1 saylı qərarının ləğv edilərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəzifəli şəxsləri öz mülahizələrinə uyğun olaraq onun dövlət tərəfindən müəyyən olunmuş əmək pensiyasından qanunsuz olaraq 180 manat məbləğin tutulmasına qərar verərək onun hüquqlarını pozmuşdurlar. Bununla ələqadar olaraq, 03 oktyabr 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat İdarəsinin direktoruna müraciət (əlavə olunur) etmişdir ki, bu qanunsuzluğa son verilərək onun əmək pensiyası artımlarla olduğu kimi 528 manat bərpa olunmasına və bu tutulan müddətin hesablanaraq qaytarılmasına göstəriş verilsin. Lakin yenədə öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Xüsusi Şərtlərlə Təyinat idarəsinin vəzifəli şəxsləri məhkəmə qərarı və razılığı olmadan belə qeyri qanuni hərəkət etdikləri barədə cavab veriblər. Bununla yanaşı guya idarə tərəfindən ona qanunvericiliyin tələbləri izah olunması barədə e-sosial.az elektron portalında məlumat qeyd etmişlər. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Subyektiv hüquq olaraq sosial təminat hüququ, ilk növbədə, hər kəsin qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir. Bu hüquq bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. Həmçinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ vardır. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir və fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Lakin ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Həmçinin, bu dəyişiklilər əvvəllər peniyaya çıxanlara münasibətdə tətbiq edilmir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında, olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və İV. hisəsində isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir rayon şöbəsi tərəfindən 1 avqust 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 avqust 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 127,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 38,10 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 10,58 manat olmaqla orta aylıq əmək haqqı 175,68 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən iddiaçının 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (175,68 manat) 80 faizi-140,54 manat məbləğində hesablanmalı olduğu halda, 228,80 manat məbləğində müəyyən edilməklə xx.xx.2013- xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 353,04 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən iddaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 160,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 48,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 13,33 manat olmaqla orta aylıq əmək haqqı 221,33 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (221,33 manat) 80 faizi-177,06 manat məbləğində hesablanmalı olduğu halda, 357,86 manat məbləğində müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 9220,80 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 175,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 52,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 14,58 manat olmaqla orta aylıq əmək haqqı 242,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (242,08 manat) 80 faizi- 193,66 manat məbləğində hesablanmalı olduğu halda, 393,25 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2395,08 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar pensiya məbləği 1 mart 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 210,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 63,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 17,50 manat olmaqla orta aylıq əmək haqqı 290,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (290,50 manat) 80 faizi- 232,40 manat məbləğində hesablanmalı olduğu halda, 393,25 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 965,10 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 315,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 94,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 26,25 manat olmaqla orta aylıq əmək haqqı 435,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 8 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (435,75 manat) 80 faizi-348,60 manat məbləğində hesablanmalı olduğu halda, 528,87 manat məbləğində müəyyən edilməklə xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 5768,64 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18702,66 manat artıq pul vəsaiti ödənilib. Həmin 18702,66 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2003-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18702,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi barədə aktın mövcud olması müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bununla bağlı bildiririk ki, işin hallarından da göründüyü kimi iddiaçıya pensiya təyin edilərkən səhvə yol verildiyi üçün inzibati orqan öz təşəbbüsü ilə əmək pensiyasının yenidən hesablanması haqqında **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərar qəbul etmiş və əmək pensiyasının məbləği yenidən hesablanaraq yol verilmiş səhv özü tərəfindən düzəldilmişdir. Bundan başqa, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Həmçinin bildiririk ki, “İnzibati icraat haqqında" Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki hallan və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir. Bundan əlavə “İnzibati icraat haqqında" Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Eləcə də, həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Əlavə olaraq bildiririk ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, əmək pensiyasının qanunauyğun təyin edilməsi və hesablanması pensiya sisteminin əsas təməl prinsipləridir. İddiaçının ona təyin olunmuş pensiyanın qanunauyğun olmayan məbləğdə ödənilməyə davam etdirilməsini tələb etməsi qeyd olunan pensiya sisteminin təməl prinsiplərinə ziddir və hazırki iddia tələbi “qanunçuluq” prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1748/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli **********1 saylı “Əmək pensiyanın yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin İddiaçı qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. Cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Cavabdeh təşkilat iddiaçının müraciətinin təmin edilməsindən imtinada haqsız olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli **********1 saylı “Əmək pensiyanın yenidən hesablanması haqqında” qərar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. ..... “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş ürzə iddiaçının iddia tələbi onun barəsində əmək pensiyanın yenidən hesablanması barədə qəbul edilmiş qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş pensiya məbləğinin ona geri qaytarılması ilə bağlı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı barəsində 01 avqust 2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək, ödənilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 2013- 2022-ci illərə aid dövr üzrə orta aylıq əmək haqqının 80 faizi məbləğinin düzgün hesablanmadığını pensiyanın hesablanması zamanı səhvə yol verilməsi halını əsas gətirərək, iddiaçıya təyin edilmiş pensiya məbləğinin (528,87 manat məbləği) azaldalaraq, pensiya məbləğini 348,60 manat müəyyən etmiş, bununla əlaqədar olaraq iddiaçıya ümumilikdə 18702,66 manat məbləğində artıq pul vəsaiti ödənildiyini, həmin pul vəsaitini tutulması barədə razılıq verilməsi tələb olunmuş, razılığı olmadığından tutulma aparılmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının istinad etdiyi iddia tələbinin əsası, o cümlədən cavabdehin imtina, etiraz və şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2013-cü il tarixdən yaşa görə əmək pensiyaçısı olmuş, pensiya məbləği 528,87 manat təşkil etmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində yaşa görə pensiya təyin edilməsi zamanı yalnışlığa yol verilməsi halına istinad edərək, əmək pensiyası məbləğini yenidən hesablayaraq, iddiaçıya təyin edilmiş pensiya məbləğini azaldaraq, artıq ödəmə halının olduğunu müəyyən etmişdir. Həmçinin, məhkəmə araşdırması zamaanı müəyyən edilmişdir ki, pensiya məbləğinin azaldılması barədə qəbul edilmiş inzibati akt cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati icraatın təzələnməsi, iddiaçının iştirakı ilə dinlənilmə hüququ təmin edilməklə, inzibati icraatın aparılmasının nəticəsi kimi ortaya çıxmamışdır. Halbuki, yuxarıda istinad edilən inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqan iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati aktın dəyişdirilməsi üçün əsaslar müəyyən etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Göründüyü kimi iddiaçı barəsində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə əlverişli inzibati akt məhz cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. İndiki halda cavabdeh tərəfindən həmin aktın qəbul edilməsi zamanı yalnışlığa (pensiya məbləğinin düzgün hesablanmaması halı ilə bağlı) yol verilməsi halına istinad edərək, iddiaçıya münasibətdə əmək pensiyası yenidən hesablanmasına dair inzibati akt qəbul edilmişdir. Həmçinin, həmin inzibati akt nəticəsində iddiaçının aldığı aylıq pensiya məbləği azaldılmışdır. Göründüyü kimi həmin inzibati akt iddiaçı barəsində əlverişsiz nəticələrin yaranmasına, maddi məhrumiyyətlərlə qarşılaşmasına səbəb olmuşdur. Nəticə etibarilə iddiaçı barəsində əlverişli inzibati akt qüvvədə olduğu halda, onun barəsində əlverişsiz inzibati akt qəbul edilmiş, o cümlədən həmin əlverişsiz inzibati akt iddiaçı barəsində dinlənilmə hüququ və qanunla müəyyən edilmiş inzibati icraat çərçivəsində malik olduğu digər hüquqarı (icraat materialları ilə tanış olmaq, etiraz, vəsatət vermək, sübutlar təqdim etmək və s.) təmin edilməklə, aparılmış inzibati icraatın nəticəsi olaraq ortaya çıxmamışdır. Bu hal isə inzibati icraat haqqında qanunvericiliyin qanunçuluq, etimadın qorunması kimi prinsiplərinin mahiyyətinə zidd olmuşdur. Başqa sözlə desək, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat təzələnməli, aparılmış inzibati icraat barədə iddiaçıya məlumat verilməli, onun iştirakı və dinlənilmə hüququ təmin edilməli, öz xidməti vəzifəsinə görə işin bütün mühüm faktiki halları ətraflı araşdırmalı, zəruri olan sübutlar (sənədlər, məlumatlar və s.) əldə edilməli, maraqlı şəxs həmin icraat materialları ilə tanış ediməli olduğu halda, qeyd edilən tələblərə iddiaçıya münasibətdə riayət edilməmişdir. Bununla yanaşı, indiki halda cavabdeh tərəfindən həmin hal əsaslandırılmamışdır. Göründüyü kimi, indiki halda cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş inzibati akt əlverişsiz inzibati akt qismində çıxış etməklə, qanunvericiliyin normalarının və iddiaçının qanunla müəyyən edilmiş bir sıra hüquqlarının (dinlənilmə, inzibati icraat materialları ilə tanış olmaq və s.) pozulması ilə müşayiət olunmuşdur. Nəticə etibarilə cavabdehin qeyd edilən hərəkətləri hər şeydən əvvəl inzibati icraat haqqında qanunvericiliyin norma və tələblərinə, o cümlədən inzibati icraatın aparılmasına dair prinsiplərinin mahiyyətinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərarı inzibati icraat haqqında qanunveriicliyin prinsiplərinin mahiyyətinə və tələblərinə riayət edilmədən qəbul edildiyindən, qanuni olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin geri qaytarılması və tutulmuş məbləğin geri qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan artıq ödəmə ilə bağlı iddiaçıya münasibətdə tutulma aparılmaması halına istinad edərək, həmin hissədə məhkəmə qərarını mübahisələndirmişdi. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya münasibətdə onun razılığı olmadığından artıq ödəmə əsası ilə tutulmaların aparılmadığı müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbində qeyd edilmiş tutulmuş məbləğin geri qaytarılması hissəsində iddiaçının hüquqi marağı məhz ona pensiya məbləğinin azaldılması ilə bağlı tutulmuş məbləğin ona geri qaytarılmasından ibarət olmuşdur. Belə ki, iddiaçı məhz ondan tutulan 180 manat məbləği mübahisələndirmiş və əsas kimi ona təyin edilən əvvəlki pensiya məbləğinin 180 manat tutulmaqla, az ödənilməsi halı ilə əsaslandırmışdır ki, həmin tutulma isə məhz pensiya məbləğinin yenidən hesablanması və bununla əlaəqdar olaraq pensiya məbləğinin azladılmasının nəticəsi kimi ortaya çıxmışdır. İndiki halda, iddiaçı barəsində əmək pensiya məbləğinin azaldılmasına səbəb olan müvafiq qərar ləğv edildiyindən, əvvəlki pensiya məbləği bərpa edildiyindən, ödənilməyən hissənin tutulmuş məbləğ kimi ona geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlili əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bu baxımından məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1748/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar