Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-326/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu,hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)-372/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1975-ci ildə Qubadlı rayonunun Xəndək kəndində anadan olmuş, hazırda həmin ünvanda qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 2vanında yaşayır.
2. AA seriyalı 164210 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən iddiaçı Qubadlı rayonundan məcburi köçkündür.
3. Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavinin 12.03.2019-cu il tarixli, 369 nömrəli arayışına əsasən iddiaçı Qubadlı rayon ərazisi işğal olunduğu üçün 1993-cü ildən məcburi köçkündür və hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10-17/18 nömrəli, 22.01.2019-cu il tarixli arayışına əsasən iddiaçının atası X2 da 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün olmuşdur.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin 29.06.2020-ci il tarixli, 231 nömrəli arayışına əsasən iddiaçı 25.02.1992-ci il tarixdən SHXÇDK-nin Qubadlı rayon bölməsində hərbi qeydiyyata alınmışdır (hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir). Həmin bölmənin 06.10.2021-ci il tarixli, 254 nömrəli arayışına əsasən iddiaçı 31.03.1995-ci il tarixdən 07.05.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Fərarilərin siyahısında yoxdur, barəsində amnistiya aktı tətbiq edilməyib.
5. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət edərək seriya AA164210, nömrəsi 5084 olan məcburi köçkün vəsiqəsinin vərəqləri qurtardığından statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir.
6. Cabvabdehin 24.09.2021-ci il tarixli, 01/5352 nömrəli imtina məktubunda iddiaçının məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı ərizəsinə baxıldığı göstərilmiş və məlumat üçün bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4 bəndinin tələblərinə görə sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İmtina ilə razılaşmayan iddiaçı 18.10.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının ona verilməsi vəzifəsinin cavabdehəin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)-372/2022 saylı qərarı ilə iddia təmin edilərək məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin 06.10.2021-ci il tarixli, 254 nömrəli arayışına əsasən iddiaçı 31.03.1995-ci il tarixdən 07.05.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Onun adı fərarilərin siyahısında yoxdur və barəsində amnistiya aktı tətbiq edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Belə ki, iddiaçı ona məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmiş, mövcud olan sənədin dublikatının verilməsini xahiş etmiş, cavabdeh isə onun verilməsindən əsassız olaraq imtina etmişdir.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayətində göstərilir ki, məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və sözügedən Qaydalar məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətləri tənzimləyən yeganə normativ hüquqi aktdır. İşin faktiki hallarına əsasən İddiaçı AA seriyalı 164210 nömrəli məcburi köçkün vəsiqəsini 2007-ci ilin iyun ayında əldə etmiş, sonradan vəsiqə dolduğuna görə İddiaçı 2021-ci ildə yeni vəsiqə əldə etmək üçün Komitəyə müraciət etmişdir. Məcburi köçkünlərlə iş sahəsində aparılan dürüstləşdirmə işlərinin davamı olaraq İddiaçı müvafiq müraciəti üzrə də Komitənin aidiyyəti struktur bölməsi tərəfindən, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)”məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində inzibati icraat həyata keçirilmişdir. Şikayət onunla əsaslandırılır ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmasının səbəbi ondan ibarətdir ki, iddiaçının məcburi köçkün statusunu təsdiq edəcək və Qaydalarda müəyyən edilmiş müvafiq sənədlər Komitəyə təqdim olunmamışdır. Sənədlər itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə onların dublikatının verilməsi həyata keçirilir. Nəticədə bu halda vəsiqənin dublikatının verilməsindən deyil, iddiaçının həqiqətən məcburi köçkün statusuna malik olub-olmamasının müəyyənləşdirilməsindən söhbət gedə bilər. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdə Qubadlı rayonunun Xəndək kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin 29.06.2020-ci il tarixli 231 nömrəli arayışına əsasən, İddiaçı 25.02.1992-ci il tarixdən Xidmətin sözügedən yerli bölməsində ilkin hərbi qeydiyyata alınmışdır. Xidmətin Qubadlı rayon Bölməsinin 06.10.2021-ci il tarixli 254 nömrəli arayışına əsasən iddiaçı 31.03.1995-ci il tarixdən 07.05.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1975-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə yetkinlik yaşına çatsa da, 1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçıya dəfələrlə müvafiq normativ aktla elan olunmuş səfərbərlik üzrə çağırışına möhlət verilməsionə dair halları təsdiq edən sənədləri Komitəyə təqdim etməsi izah edilsə də, iddiaçı tərəfindən müvafiq sənədlər təqdim olunmamışdır. Nəticədə, iddiaçı tərəfindən səfərbərlik zamanı möhlət hüququndan hansı əsasla istifadə etməsinə fair müvafiq təsdiqedici sənədlər təqdim olunmadığından, Qaydaların 4.2.4-cü bəndinə əsasən ona məcburi köçkün statusu və onu təsdiq edən məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunu Maddə 1. məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
15. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” (Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmişdir). Bu Qaydalar Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli 669-İQ nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli 55-İQ nömrəli Qanunlarının, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq hazırlanmış, məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: ...4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə.
16. “İnzibati icraat haqqında” Qanun: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 61. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (1-4-cü bəndlər). Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır
17. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının məcburi köçkün statusunu təsdiq edən vəsiqənin yenisi ilə əvəz olunmasından imtinası təşkil edir.
21. Cavadehin imtinasının əsas dəlilini yuxarıda istinad edilən (15-ci bənd) Qaydaların sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsini istisna edən mqvafiq norması təşkil edir.
22. Birinci instansiya məhkəməsi təqdim edilən sübutlara və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən bu nəticəyə gəlmişdir ki, iddiaçı hazırda məcburi köçkün statusuna malikdir və həmin statusun itirilməsi halları sübut edilməmişdir. Belə ki, iddiaçıya məxsus olmuş 164210 nömrəli məcburi köçkün vəsiqəsinin surəti və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışla da müəyyən edilmişdir ki, o, Qubadlı rayonundan məcburi köçkündür və hazırda müvəqqəti olaraq Sumqayıt şəhərində məskunlaşmışdır.
23. Cavabdeh özü də apellyasiya şikayətində İddiaçı AA seriyalı 164210 nömrəli məcburi köçkün vəsiqəsini 2007-ci ilin iyun ayında əldə etdiyini, sonradan vəsiqə dolduğuna görə 2021-ci ildə yeni vəsiqə əldə etmək üçün Komitəyə müraciət etdiyini göstərir.
24. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Belə ki, iddiaçı ona məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmiş, mövcud olan sənədin dublikatının verilməsini xahiş etmiş, cavabdeh isə onun verilməsindən əsassız olaraq imtina etmişdir.
25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı bu qərarın 14-cü bəndində istinad edilən qanunun tələbinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində hərbi təcavüz (31.08.1993-cü il tarixdı Qubadlı rayonunun Erməni hərbi birləşmələri tərəfindən işğal olunması) nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs kimi məcburi köçkün köçkün statusuna malik olması və ona bu barədə AA seriyalı 164210 nömrəli məcburi köçkün vəsiqəsinin verilməsi işin mübahisəsiz halıdır.
26. Belə olan halda cavabdeh inzibati orqan iddiaçının məcburi köçkün statusunu itirməsinə səbəb olan hallar (əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə) müəyyən edilmədən və onun məcburi köçkün statusuna xitam verilməsi barədə qərar qəbul edilmədən, vərəqləri dolmuş əvvəlki vəsiqəsinin əvəzinə yeni vəsiqə verilməsi ilə bağlı ərizəsi əsasında iddiaçının ümumiyyətlə məcburi köçkün statusuna malik olmaması barədə gəldiyi nəticə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “İnzibati icraat haqqında” qanunların yuxarıda istinad edilən tələblərinə uyğun olmamışdır.
27. Cavabdehin istinad etdiyi müvafiq normaya gəldikdə isə, həmin norma ilk dəfə məcburi köçkün statusunun verilməsi ilə bağlı ərizə ilə bağlı olsa da, yuxarıda göstərilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin arayışlarından göründüyü kimi iddiaçı 25.02.1992-ci il tarixdən SHXÇDK-nin Qubadlı rayon bölməsində hərbi qeydiyyata alınmış, 31.03.1995-ci il tarixdən 07.05.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Fərarilərin siyahısında yoxdur, barəsində amnistiya aktı tətbiq edilməyib. Belə olan halda iddiaçının hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran yaxud fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxs olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh orqan məhkəmə iclaslarının vaxtı və müvafiq sənədlərin təqdim edilməsi barədə məlumatlandırılmasına baxmayaraq iş üzrə birinci və apellyasiya instansiyasında keçirilmiş məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməyərək iddia tələbini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)-372/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.