Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-327/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-250/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı X2 ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 25 avqust 2021-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pesiyasının minimum məbləğindən az olduğuna və cəmi 25 il sığorta stajı olmadığına görə əmək pensiyası hüququ yoxdur. Həmçinin, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 1 nömrəli əmək haqqı arayışı əmək kitabçası ilə üst-üstə düşmür. Bu baxımdan, cavabdeh orqan iddiaçının müraciətinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 2 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 25 avqust 2021-ci il tarixli, **********3 saylı qərarının ləğv olunması və pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Hesab edir ki, təqdim edilən hüquqmüəyyənedici sənəd olan əmək kitabçası və digər sənədlər əmək stajının 25 il olması faktını təsdiq etməklə yanaşı pensiya almaq hüququnu müəyyən edir. İlkin sənədlərin arxivə təhvil verilib-verilməməsinə görə iddiaçı məsuliyyət daşımır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, onun kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alan iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işin tam, obyektiv və hərtərəfli araşdırılması üçün tərəflərindən cavabdeh 2 saylı regional ərazi filialına “sosial sığorta stajının hesablaması və hansı illərin nəzərə alınması” haqqında **********1 nömrəli sorğu verilmişdir. 2 saylı regional ərazi filialı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli cavab məktubu ilə iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixində yarandığını, ümumi sosial sığorta stajının 25 il 6 ay 12 gün (bütün dövrlər, o cümlədən, hərbi xidmət illəri daxil olmaqla) olduğunu, sosial sığorta stajına daxil edilməyən, mübahisələndirilən illərin 1 il 11 ay (xx.xx.1994-cü il tarixdən xx.xx.1996-ci il tarixədək “Abadlıq" kiçik müəssisəsində iş dövrü), 5 il 2 ay 14 gün (xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək “Xudat-Balıq" ASC-də iş dövrü) və 1 il 1 ay 14 gün (xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq fermasın" da iş dövrü) cəmi 8 il 2 ay 28 gün olduğunu, sosial sığorta stajına daxil edilən, mübahisələndirilməyən illərin 17 il 03 ay 14 gün (xx.xx.1973-cü il tarixdən xx.xx.1994-cü ilədək fasilələrlə iş dövrü hərbi xidmət dövrü ilə birlikdə) olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il İyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi ödənilsin:
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş tələb olunan yaş həddi olan 65 yaşa xx.xx.2021-ci il tarixində çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş tələbini ödəmişdir.
2. Birinci tələb ödənilsə belə, 25 il sosial sığorta stajına malik olmadıqda vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajına daxil edilən illər 17 il 03 ay 14 gündür. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-250/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 2 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir (hakim L.Mirzəyeva). Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-250/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin rədd edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, “Abadlıq” kiçik müəssisəsində ümumiyyətlə işləməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Xudat-balıq zavodunda, xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək "xxxx" ASC-də, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək “1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq ferması”nda işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1956–cı il təvəllüdlü olduğu üçün 65 yaşda, yəni xx.xx.2021–ci il tarixdən yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlili iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-ci il tarixədək “Abadlıq" kiçik müəssisəsində (1 il 11 ay), xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək “Xudat-Balıq" ASC-də (5 il 2 ay 14 gün) və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq ferması" -ındakı iş dövrünün (1 il 1 ay 14 gün, cəmi 8 il 2 ay 28 gün) mübahisəli illər olduğudur. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996cı il tarixədək Abadlıq” kiçik müəssisəsində işlədiyi qeyd olunsa da, məhkəmə iclasında iddiaçı “Abadlıq” kiçik müəssisəsində işləmədiyini qeyd etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir, iddiaçının həmin müəssisədə işlədiyi müddət sosial sığorta stajına daxil edilməməlidir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixədək (5 il 2 ay 14 gün) “Xudat-Balıq" ASC-də işləmişdir. Həmçinin, işdə olan Xudat balıq zavodunun direktorunun 06 sentyabr 1996-cı il tarixli, 49 saylı sərəncamına əsasən iddiaçı xx.xx.1996-cı il tarixində "xxxx" ASC-də işə qəbul edilmiş, 21 noyabr 1996-cı il tarixli, 74 saylı sərəncamla xx.xx.1996-cı il tarixindən şofer vəzifəsinə keçirilmişdir. Bundan başqa, "xxxx" ASC-in xx.xx.2019-cu il tarixli, 2 saylı və xx.xx.2020-ci il tarixli, 1 saylı əmək haqqı barədə arayışlarından görünür ki, iddiaçı 1994-2001-ci illər ərzində ASC-dən əmək haqqı almışdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixədək (1 il 1 ay 14 gün) “1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq fermasında işləmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə İƏD-də nümayəndəsinin xx.xx.2016-cı il tarixli, 125 nömrəli arayışına əsasən iddiaçı “Dənizçi” Yardımçı kənd təsərrüfatı müəssisəsində “Donuzçuluq” fermasında işlədiyi dövrlərdə 2001-ci ilin dekabr ayı, 2002-ci il və 2003-cü ilin yanvar, fevral ayları müəssisədən əmək haqqı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 23 il 9 ay 5 gün olmaqla sığorta stajına malik olmuş, onun 27 may 1976-cı ildən 13 may 1978-ci ilədək 02 il həqiqi hərbi xidmətdə olması nəzərə alındıqda, ümumilikdə (25 il 09 ay 5 gün) 25 ildən artıq sığorta stajına malik olduğu təsdiq olunur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-250/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.