Məhkəmə qərarları › İş №2-1(105)-327/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-327/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-327/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi, pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2723/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu uil tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs, ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Onun hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək mənim əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalımı nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin hesablanma səhv aparılmışdır. Onun cavabdehə müraciətinin məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Lakin Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı qəbul edilmiş, həmin Qərarla hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun müvafiq müddəaları şərh edildi, nəticədə hazırda qüvvədə olan qanunvericiliyə görə pensiyamın məbləği sığorta kapitalım əsasında artmayacaq, pensiyasının məbləği sabit qalacaqdır. Eyni zamanda həmin Qərarla təsdiq edilmişdir ki, mənə "Əmək pensiyaları haqqında" Qanunun 29.2, 37.3.1,45-ci maddələri şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29,2-ci maddəsinə əsasən, həmin maddə yalnız” xx.xx.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə” tətbiq olunur. İddiaçı isə xx.xx.2017-ci ildən öncə pensiyaya çıxmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona dair göndərilmiş məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir.İddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (103)-1347/2022 nömrəli qərardadı ilə iddiaçının tələbinə uyğun əmək pensiyası Mərkəzi Filial tərəfindən yenidən hesablandığına görə icraata xitam verilmişdir. Belə ki, sonrakı artımlar nəzərə alınmaqla iddiaçının 442.23 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-243,3 manat; qulluq stajına görə əmək pensiyasına əlavə-198,93 manat. Eyni zamanda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dovr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir."Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinə əsasən "bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır’.Əlavə olaraq iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 20644,25 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.Qeyd olunanları nəzərə alaraq, iddiaçının 20644,25 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 81 ay (65 il (iddiaçının Mərkəzi Filiala müraciət etdiyi vaxtda qanunla müəyyən edilmiş pensiya hüququ verən yaş həddi) - 64 il 3 ay (müraciət tarixinə iddiaçının yaşı)=81 ay+144 ay-72 ay) bölünərək (20644,25:81=254,87 manat) əmək pensiyası yenidən hesablanıb. Nəticədə iddiaçının əmək pensiyasının sığorta hissəsi 498,17(243,3+254,87) manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir, Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İli hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırın hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. İddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2021-ci il tarixədək toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunmuşdur. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2723/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçıya pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə əsasən “qətnamə qanuni qüvvəyə mindikdən sonar tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bildirmişlər ki, məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində iddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə bub u hesablamanı qanuni hesab etməmişdir. Bununla bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən həmin Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma da Qanunun 29.1-ci maddəsinin təsir dairəsinə daxildir. Bu səbəbdən cavabdeh tərəfindən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılması tamamilə qanunauyğundur. Cavabdehin qeyd olunan mövqeyi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında da aydın ifadə olunub. İddiaçı Elektron Kabinet vasitəsinə məhkəməyə ünvanladığı apellyasiya şikayətinə etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı 15.5ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. ...15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən, həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Hazırki mübahisəyə münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur hüquqi baxımdan etibarlıdır, yəni qüvvəsini saxlamaqdadır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8560/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsinin yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, daha əvvəl ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbi təmin edilmişdir. İddiaçının hazırkı iş üzrə qaldırdığı iddia tələbi isə yuxarıda qeyd edilən məhkəmə qərarından sonra cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiya üzrə hesablamanın yenidən səhv aparılması olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd edilən qərarının icrası məsələsi ilə bağlı iddiaçının ərizəsinə həmin məhkəmədə baxılması ilə bağlı xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına dair bildirişi və müvafiq sənədləri təqdim etmiş, iddiaçı da qeyd edilən məsələ ilə bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini və məhkəmə iclası barədə məlumatlı olduğunu bildirmişdir. İPM-nin yuxarıda istinad edilən 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bundan əlavə, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinadən, Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkün olduğu müddəaları baxımından, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan əlavə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mübahisə predmeti haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan hazırkı iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə almamış, iddianın mümkünlüyünə hüquqi qiymət vermədən təkrarən eyni predmet üzrə tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2723/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün hesab edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar