Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-327/2024 07.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-367/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084600 saylı qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisələndirilən qərarın artıq vergi orqanı tərəfindən ləğv edildiyini və iddiaçının dəqiqləşmə bəyannaməsindən sonra onun barəsində xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarın qəbul edildiyini, həmin qərarın iddiaçı tərəfindən elə həmin gün elektron qaydada oxunduğu və iddia müddətini ötürüldüyünü bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli **********084600 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi 2 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə məcburi ƏDV qeydiyyata alınmışdır. İddiaçının əsas fəaliyyəti avtomobil vasitəsilə daşımaların təşkilindən ibarət olmuşdur. Cavabdeh tərəfindən həyata keçirilən kameral vergi yoxlaması nəticəsində iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının əsas xərci yanacağın alışı ilə bağlı olmuşdur. Belə ki, 2020-ci il ərzində vergi ödəyicisi "xxxx" MMC-nin yanacaqdoldurma məntəqəsindən ümumi dəyəri 133700.0 manat məbləğində yanacaq almış, həmin məbləğin yalnız 58648,84 manat məbləğində olan hissəsinə qarşı tərəfdən e-qaimə faktura təqdim edilməmişdir. Yanacağa sərf olunan vəsaitin hamısı vergi ödəyicisinin "xxxx" ASC-də olan müvafiq hesablaşma hesabı üzrə açılmış “Biznes Kart” vasitəsilə nağdsız qaydada "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Lakin yoxlama zamanı cavabdeh əməliyyatların e-qaimə təqdim edilməyən hissəsini xərc kimi nəzərə almamışdır. Halbuki, həmin xərclərin hamısı nağdsız qaydada “Biznes Kart” vasitəsilə köçürülmüşdür. Həmin köçürmələr xx.xx.2022-ci il tarixdə bankın Suraxanı filialından alınmış müvafiq “ödəniş kartı üzrə çıxarış”da öz əksini tapmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş e-qaimə fakturalar üzrə aparılan əməliyyatların həcmi 230002.00 manat olmasına baxmayaraq, hesablaşma hesabına ümumilikdə 213000,00 manat vəsait mədaxil olmuşdur. Belə ki, hesaba mədaxil olunmuş məbləğlə e-qaimə yazılmış məbləğ arasında 17002.0 manat fərq olmuşdur. Hazırda qüvvədə olan vergi qanunvericiliyinə əsasən dəyəri bank hesabına ödənilməmiş əməliyyatların vergitutma məqsədləri üçün hər hansı öhdəlik yaratmadığını nəzərə alaraq, 17002.0 manat məbləğində vəsaitin ümumi vergi bazasından çıxılması məqsədəmüvafiqdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarın ləğv edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı elektron sənədlərlə işləyə bilmir, həmin qərarı oxuyacaq adam yalnız mühasibi ola bilər ki, o da oxumayıb və iddiaçıya bu barədə məlumat verməmişdir. İddiaçı bu müddət ərzində əvvəlki qərarı mübahiəsləndirmiş, sonrakı qərardan xəbərdar olsaydı, həmin qərarı mübahiəsləndirərdi. Əslində sonrakı qərarı vergi orqanı gizlətmiş və hətta məhkəmə araşdırması zamanı bu qərarın mövcudluğunu bildirməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-367/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********084600 qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmşdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçının vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və işin icraatı dayandırılmışdır. Məhkəmə Ekspertizası mərkəzinin 9/8926 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və icraat təzələnərək növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Ekspert rəyi ilə tanış olmaq istəyən cavabdeh orqanın nümayəndəsi məhkəmədən vaxt istəmiş və bu məqsədlə məhkəmənin növbəti iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Növbəti məhkəmə iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi ekspert rəyi ilə razı olmadığını bildirərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmişdir. Cavabdeh orqanın tələbinə əsasən e-2-1(118)- 367/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edildi və iş üzrə icraat dayandırıldı. Məhkəmə ekspertiza mərkəzinin 9/5191 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və məhkəmənin icraatı təzələnərək növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Yalnız sonuncu məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********084600 qərarın cavabdeh orqan tərəfindən ləğv edildiyini və xx.xx.2022-ci il tarixli **********658600 saylı yeni qərar qəbul edildiyini bildirmişdir. Bundan sonra birinci instansiya məhkəməsi iş üzrə xx.xx.2023-cü il tarixli qərardad elan edərək iddianı mümkün hesab etməmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli **********084600 qərarı qüvvədə olmuşdur. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********658600 saylı yeni qərar qəbul edildiyini məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iclaslarında bildirməmişdir. Əksinə vəsatət verərək yenidən ekspertiza təyin edilməsini, yəni işin mahiyyəti üzrə araşdırılmasını istəmişdir. Əgər həqiqətən də qərar ləğv edilmişdirsə o zaman cavabdeh orqan bunu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim edərdi. Cavabdeh inzibati orqan tərəfindən yalnızca qərarın tarixi və nömrəsi dəyişdirilmişdir, hesablanmış vergi borcu isə eyni olaraq qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilməmiş, bununla bağlı hər hansı bir bildiriş və ya xəbərdarlıq göndərilməmiş, qərardadda bəhs olunan hallar araşdırılmamış, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasında proses iştirakçısına yardım olunmamış, nəticədə İPM-in 12, 13, 48 və 58-ci maddələrinin tələbləri kobud pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Vergi Məcəlləsi Maddə 70.2.1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ...70.2-1.3- elektron üsulla elektron kabinetinə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən mübahisələndirilən inzibati aktın qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə təqdim edilməsi və bunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi, iddiaçının isə üzürlü səbəb olmadan iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkünlüyü ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işdə iddiaçı məhkəmədən cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********658600 saylı qərarının ləğv olunmasını xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. əlverişsiz inzibati akt olmalı;
3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;
4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı;
5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış, apellyasiya şikayətində mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********658600 saylı yeni qərar qəbul edildiyini məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iclaslarında bildirməmişdir. Əksinə vəsatət verərək yenidən ekspertiza təyin edilməsini, yəni işin mahiyyəti üzrə araşdırılmasını istəmişdir. Əgər həqiqətən də qərar ləğv edilmişdirsə o zaman cavabdeh orqan bunu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim edərdi.” İş materialları ilə müəyyən olunur ki, vergi orqanı mübahisələndirilən inzibati aktı elektron qaydada vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə göndərmiş və elə həmin gün vergi ödəyicisi tərəfindən oxunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, həmin qərar vergi ödəyicisi tərəfindən oxunmasa belə, yuxarıda göstərilən qanunun tələbinə uyğun olaraq təqdim edilmiş hesab edilir. Beləliklə, iddiaçı vergi orqanının qərarını məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsinin həmin qərarın vergi orqanı tərəfindən gizlədildiyi və cavabdehin nümayəndəsi tərəfindən məhkəmə araşdırması zamanı bəyan etməməsi barədə dəlilləri əsassızdır. Belə ki, həmin qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya göndərilmiş və elektron qutu açılaraq oxunmuşdur. Cavabdehin nümayəndəsi mübahisələndirilən qərarı iddiaçının nümayəndəsinə elan etmək vəzifəsini daşımır və bu hal iddia müddətinin ötürülməmiş hesab edilməsi üçün əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, hazırkı iddia, qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-1(118)-367/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.