Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-329/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-1323/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Abşeron rayonu Görədil Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı ilə alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün X3 ayrılmış 600.9 kv.m torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına A № 195417 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və sənəd X7 06 iyul 2009cu il tarixdə 12501 nömrəsi ilə uçota alınmışdır. Abşeron rayonu Görədil Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə uzun illər istifadə etdiyi 0,08 ha torpaq sahəsi Əliyev Cavid Hicran oğluna satılmışdır. AZ-İİ 125139 nömrəli “Ölüm haqqında Şəhadətnamə” yə əsasən X4 01 avqust 2018ci il tarixdə ölmüşdür. İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Əliyev Cavid Hicran oğluna torpaq sahəsinin satılması haqqında cavabdehin 17 nömrəli, xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X4 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həyat yoldaşı T.N.Hümbətov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşına sağlığında cavabdehin 17 sentyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edir ki, iddiaçı və 2 azyaşlı övladı mərhum həyat yoldaşının hüquqi varisləridir və həyat yoldaşından miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 8 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Həyat yoldaşının vəfatından sonra təkbaşına qaldıqları və maddi imkanları olmadığından həmin torpaq sahəsində tikinti işləri apara bilməmişdir. Bir müddət öncə ona məlum olmuşdur ki, cavabdeh tərəfindən mərhum həyat yoldaşına ayrılmış həmin torpaq sahəsinin bir hissəsi Əliyev Cavid Hicran oğlu və onun həyat yoldaşı X5 tərəfindən, digər hissəsi isə X6 adlı şəxs tərəfindən ayrıayrılıqda zəbt olunmuş və həmin torpaq sahəsində hasarlama və tikinti işləri aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, mərhum həyat yoldaşına ayrılmış torpaq sahəsi ya da onun bir hissəsi cavabdehin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə Əliyev Cavid Hicran oğluna satılmışdır. Tərəfindən cavabdehə müraciət olunaraq C.H.Əliyevə torpaq sahəsinin satılması haqqında 17 nömrəli, 30 noyabr 2007-ci il tarixli sərəncamın, ona əsas və aidiyyatı olan bütün sənədlərin (ərizə və ona əlavə olunan sənədlərin, torpaq sayəsinin ayrılmasına dair qərarın, yerqurluşu planından çıxarışın, alqı-satqıya dair aktın, torpağın nəzərdə tutulmuş satış qiymətinin ödənilməsinə dair qəbzin, ayrılmış torpaq sahəsinin koordinat döngə nöqtələrinin və s.) surətinin verilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə Abşeron rayon Arxiv idarəsinə müraciət etməyi tövsiyyə etmişdir. Abşeron rayon Dövlət arxivi tərəfindən H340 №-li, xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayonu Görədil Bələdiyyə sədrinin 30 novabr 2007-ci il tarixli, 17 nömrəli qərarı və ödəniş qəbzinin surəti təqdim olunmuşdur. Təqdim edilən sənədlərdən göründüyü kimi Əliyev Cavid Hicran oğluna torpaq sahəsi 30 noyabr 2007-ci il tarixli qərarla, yəni 17 sentyabr 2007-ci il tarixində mərhum həyat yoldaşına torpaq sahəsi ayrılandan sonra verilmişdir ki, sonradan ona ayrılan torpaq sahəsinin yenidən başqa şəxsə verilməsi qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-1323/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən, mərhum həyat yoldaşının qanuni vərəsəsi olması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmiş, iş materiallarından isə onun həyat yoldaşının qanun və ya vəsiyyət üzrə vərəsəsi olması müəyyən edilmir. Bununla bağlı bildirir ki, iddiaçı mərhum həyat yoldaşı ilə bağladığı nikah haqqında şəhadətnamənin, mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnamənin və “Torpaq sahəsinin plan və ölçüsü” nün notarial təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etməklə məhkəməyə təqdim etmişdir. Bundan başqa iddiaçı xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və həmin müraciəti əsasında 159/2019 nömrəli vərəsəlik işi açılmışdır. Bu səbəbdən də hesab edir ki, məhkəmənin qanuni vərəsə olması ilə bağlı hər hansı bir sənədin məhkəməyə təqdim edilməməsi barədə mövqeyi düzgün deyildir. Çünki, məhkəmə ondan belə bir sənəd tələb etməmişdir. Halbuki, İPM-nin 49.1.4-cü maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam verə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın mümkünlüyü ilə bağlı məsələnin yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən, mərhum həyat yoldaşının qanuni vərəsəsi olması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməməsi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Hazırkı işdən görünür ki, məhkəmə yardım etmək vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 11 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iddiaçıya inzibati məhkəmə icraatında iddia qaldıran şəxsin subyektiv hüquqa malik olmamasının iddianın mümküsüzlüyünə səbəb olacağını izah etməklə kifayətlənmiş, iddiaçı ilə iddianın mümkün sayılmamasına səbəb olan halları müzakirə etməmiş, vərəsə olmasına dair sübutu təqdim etmək üçün ağlabatan müddət verməmişdir. Halbuki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, mərhum həyat yoldaşından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və müraciəti əsasında 159/2019 nömrəli vərəsəlik işi açılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1509 nömrəli məktubdan görünür ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 159/2016 nömrəli vərəsəlik işi açılmışdır. T.N.Hümbətovun ölümü ilə əlaqədar 2019-cu ildə onun vərəsələrindən İddiaçı notariat ofisinə müraciət etmişdir. Abşeron rayonu Görədil Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarından çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə T.N.Hümbətovun adına hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsi xahiş edilmiş, qeyd olunan sənəd verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili nəticəsində müəyyən edilir ki, daşınmaz əmlak üzərində üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün ərazi idarəsinə müraciət etmədən öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsələri inzibati orqana müraciət etmək, həmçinin, müvafiq tələblə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından iddiaçının müraciəti ilə onun mərhum ərindən miras qalmış əmlakla əlaqədar vərəsəlik işi açıldığı, başqa sözlə, iddiaçının notarius tərəfindən müəyyən edilən vərəsə olduğu, bununla da onun hazırki iddianı qaldırmağa subyektiv hüququnun olduğu müəyyən edilir. Odur ki, bu hissədə məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün sayılmaması qənaətinə gələrkən iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərini yoxlamamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən iddianın digər mümkünlük şərtləri yoxlanılmalı, tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-1323/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv olunması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-329/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-329/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver