Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-33/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X9 Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın məbləğinin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X9 Agentliyi publik hüquqi şəxsə qarşı 75000 manat kompensasiya məbləğinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-96/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin imtina məktubundan görünür ki, X9 Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən (çıxarış № **********54) 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562.47 manat kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya "xxxx" ASC-nin Sumqayıt şəhər filialına köçürülmüşdür. İddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətinə bu barədə dəfələrlə məktubla rəsmi cavab verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, ona məxsus 127.5 sot sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuş tikinti təyinatlı ehtiyat fondu torpaq sahəsinin (Reyestr №**********53) “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş 61.87 sot hissəsinə dəymiş ziyana görə 60.000 manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan X2 xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus xüsusi mülkiyyətində olan Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi bazar qiymətinə (1.2795 ha üçün 128,000.00 AZN; 1 sot üçün hesablanma 1200 AZN) əsaslanaraq “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş həmin torpaq sahəsinin 61.87 sot hissəsinə dəymiş ziyana görə (hesablanma: 1200 AZN*61.87 sot) 75000 manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan X1 xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 127.5 sot sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuş tikinti təyinatlı ehtiyyat fondu torpaq sahəsinin (Reyestr № **********53) 61.87 sot hissəsi “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüşdür. Kompensasiya məbləğinin hazırkı dövr üçün bazar dəyərinə uyğun olmaması və torpağın bölünməsi nəticəsində sahibliyində qalacaq digər (alınmayan) hissədən istifadənin məhdudlaşadıracağına, mümkünsüz olacağına görə əlavə kompensasiya verilmədiyi üçün torpağın satılmasına razılaşmamış və alqı-satqı müqaviləsini imzalamamışdır. Belə ki, məsələ ilə bağlı Azərbaycan X9 Agentiyinə rəsmi müraciət etmiş və müraciətinə cavab olaraq Azərbaycan X9 Agentiyindən gələn № **********, ********* saylı məktublarda bildirilmişdir ki, torpaq sahəsi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilib və kompensasiya olaraq 18.500 manat banka hesabına köçürülüb halbuki, bununla əlaqədar heç bir hüquqi sənədi imzalamamış və bu öz-özlüyündə qanun pozuntusu hesab oluna bilər. Şifahi xəbərdarlığına baxılmadan yolun inşası ilə əlaqədar ilkin işlər görülmüş və halhazırda davam etdirilir. Agentlik vətəndaşla kompensasiyanın məbləğini razılaşdırmaq əvəzində məhkəməyə müraciət etməyini tövsiyə edir. İddiaçı, xüsusi mülkiyyətinə dəymiş ziyana, torpağın bölünməsi, indiki dövr üçün bazar dəyəri və mənəvi təzminat da daxil olmaqla bazar dəyərinə uyğun 60.000 manat kompensasiya tələb edir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, X9 Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən (çıxarış № **********54) 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562.47 manat kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya "xxxx" ASC-nin Sumqayıt rayon Filialına köçürülmüşdür. İddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətinə bu barədə dəfələrlə məktubla rəsmi cavab verilmişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. Bundan əlavə, əmlakın qiymətləndirilməsində Azərbaycan X9 Agentliyi hər hansı məsuliyyət daşımır. Dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X3 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. İddiadan göründüyü kimi, iddiaçıya məxsus olan Siyəzən rayonu Zarat kəndində yerləşən 61.8749 sot torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018-ci il, sərəncamı ilə təsdiq edilmiş “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" üzrə yol tikintisinin ərazisinə düşməsi və torpağın cavabdeh Azərbaycan X9 Agentliyi tərəfindən dövlət ehtiyacları məqsədilə alınmağı tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir. Müəyyən olunur ki, iddiaçının və onnan yanaşı Siyəzən rayonu Zarat kəndinin yol tikintisi altına düşən bütün mülkiyyətçilər məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdeh Azərbaycan X9 Agentliyinin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adma “Kapitalbank”da açılmış hesabına köçürülmüşdür. Bundan əlavə, iddiaçıya məxsus torpağ sahəsinin cavabdeh Azərbaycan X9 Agentliyinin sifarişi ilə qiymətləndiricinin, o cümlədən, özəl MMC-nin hesabatına əsasən qiymətləndirilmişdir. Qiymətləndirmə sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə əsasında aparılmaqla, bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə obyektin və onun sahibinə dair məlumatlar, o cümlədən, foto-şəkillərdən və müxtəlif elmi metodlardan istifadə olunur və yekunda müstəqil ekspert, ümumilikdə, təyin etdiyi 1 sotun qiyməti, AR Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 faiz miqdarında hesablanmış əlavə ilə 300 (üç yüz) manat məbləğində olmuşdur. Göstərənlərə əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin qiyməti qanuna əsasən istənilən qiymətləndiricı tərəfindən deyil, müvafiq icra hakimiyyəti müəyyən qaydada hesablanmalı olduğundan və bu qaydada hesablanaraq ödənilməli olduğundan, İddiaçı torpaq sahəsinin dəyərinin tam odənilməməsi və bunun da nəticəsində hüququnun pozulmasi müəyyən olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçıya məxsus torpaq sahəsi Siyəzən rayonu Zarat kəndində mərkəz hissəsində deyil, mərkəzdən xeyli kənar hissədə yerləşir və əsas sahəsinin 1 sotu 300 manatdan hesablanması ədalətli şəkildə hesablanılıb. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-96/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Siyəzən rayon Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsinin 0, 6187 sot hissəsi ilə bağlı dəymiş ziyana görə (torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı) 55711 (əlli beş min yeddi yüz on bir) manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan Avtomobili Yolları Dövlət Agentiyindən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh orqan torpaq sahəsinin bir hissəsinin dövlət ehtiyacları üçün alındığını və dəyərinin müvafiq bank hesabına köcürürüldüyünü bildirir. Bu proses topaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan zaman baş vermişdir. Lakin hazırda torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu isə inzibati orqanların öz fəaliyyətini düzgün və effekli həyata keçirmədiyini göstərir. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin qiymətinin qanunvericliyə uyğun ödənilməsindən başqa, həmin torpaq sahəsinin dövlət reystrindəki müvafiq qeydinin silinməsini təşkil etmək inzibati orqanların edəcəkləri işlər arasında olmalıdır. Bu hüquqi müəyyənlik prinsipinin reallaşması baxımındanda müvafiq səlahiyyətli dövlət orqanlarının vəzifələri kimi qəbul edilməlidir. Lakin hazırkı işdə bu hal baş verməmiş, mübahisə predmeti olan topaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Bu kimi hallara görə məsuliyyət isə vətəndaşların yox, səlahiyyətli dövlət qurumlarının məsuliyyət dairəsinə aiddir. Hazırda iddiaçının mülkiyyətində olan 1,2795 ha torpaq sahəsin 0,6187 ha hissəsinin dövlət ehtiyacları üçün alınmalı olan topaq kateqoryasında olması işin mübahisə olunmayan halıdır. İddiaçıda mülkiyyətində olan torpaq sahəsin dövlət ehtiyacları üçün alınmalı olan hissəsinin bazar qiymətinə uyğun hesablanmasını istəyir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi üçün səlahiyyətli dövlət qurumuna sorğu edilmiş, müəyyən edilmişdir ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,2795 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə olan bazar qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) manat təşkil edir. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 02 iyun 2023-cü il tarixli, 3-21-3- 02/2-6895/2023 saylı məktubu) Bu halda Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il 689 saylı Fərmanının 2.3-cü bəndinin tələbi nəzərə alınmaqla iddiaçıya ödənilməli olan kompensasiya məbləği aşağıdakı düstur üzrə hesablanmalıdır: 12795-12800 0.6187-x x=61.894 manat 61894+ (20%-i)12379=74273 manat Göründüyü kimi hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmalı olan hissəsinə görə ödənilməli olan konpensasiyanın məbləği 74273 manat təşkil edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiki, eyni torpaq sahəsinə görə bir dəfə 18562 manat məbləğində kompensasiya hesablanmış və üçüncü şəxsin hesabına köçürülmüşdür. Ona görə də həmin məbləğ çıxılaraq iddiaçıya ödəmə həyata keçirilməlidir. İddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisə mövcud deyil. Əgər həmin 18562 manat məbləğlə bağlı iddiaçı və üçüncü şəxs arasında mübahisə yaranarsa, bu mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilə bilər. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hesablanmış 55711 manat məbləğində kompensasiya real və ağlabatan görünmür. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin qiyməti 2023-cü ilin bazar qiymətinə uyğun müəyyən edilsə də, həmin torpaq sahəsinin dövlət ehtiyacları ücün alınması 2015-ci ildə həyata keçirilidiyindən məhz həmin ilin bazar qiyməti əsas götürülmüş və 18562.47 manat kompensasiya hesablanmışdır. Torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir və bununla belə siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmiş, və torpaqların carı bazar qiymətini araşdırarkən kifayətlənmişdir. Lakin əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı- satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinə tərəfimizdən verilən etirazda qeyd edilmişdir ki, Azərbaycan X9 Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Siyəzən rayonu Zarat kəndinin ərazisində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 (bir) kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə 20 faiz əlavələrlə birlikdə 300 (üç yüz) manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabatlar hazırlanmışdır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Lakin məhkəmə, əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi kimi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə görə qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1-bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli,iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan 61,87 ha ölçülü torpaq sahəsinin müvafiq avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən, onun əvəzi olaraq müvafiq məbləğdə kompensasiya ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562.47 manat kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya "xxxx" ASC-nin Sumqayıt şəhər filialına köçürülmüşdür. İddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətinə bu barədə dəfələrlə məktubla rəsmi cavab verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, həmin torpaq sahəsi müvafiq yolun tikintisi altına düşür (cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus olan 61,87 ha torpaq sahəsinin müvafiq yolun tikinti altına düşməsi halını qəbul edir). Cavabdeh tərəfindən həmin torpaq sahəsi ilə bağlı 18562,47 manat məbləğində kompensasiya bank hesabına köçürülmüşdür (iddiaçı və üçüncü şəxs həmin halı təsdiq edir). İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tərəf ona ödənilən kompensasiya məbləğinin az olduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan isə iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya məbləğinin hesablanaraq, ödənildiyini əsas gətirərək, etiraz etmişdir. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin təyinatı mülkiyyət hüququnu təsdiq edən sənəddə ehtiyat fondu torpaqları kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, həmin ərazidə yerləşən və müvafiq tikinti layihəsinin təsiri altına düşən sahibkarlıq məqsədilə ayrılan torpaq sahəsinə görə hər bir sot üçün 300 manat müstəqil qiymətləndirici tərəfindən qiymətləndirmə aparılmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müvafiq yolun tikintisi layihəsinin təsirinə məruz qaldığı dövrə aid həmin ərazidə yerləşən və eyni təyinatlı torpaq sahələrinə dair notarial qaydada bağlanılmış alqı-satqı müqavilələrinə dair notariat işləri tələb edilmiş, müvafiq qurum tərəfindən həm yaşayış məntəqələri kateqoriyalı torpaq sahələrinə, həm ehtiyat fondu torpaqlarına, həm də kənd təsərrüfatı təyinatlı torpaqlara aid alqı-satqı müqavilələri təqdim edilmişdir. Bu baxımından kollegiya onu da qeyd edir ki, təqdim edilmiş müqavilələrədən bir qismi üzrə müqavilələrinin predmeti olan torpaq sahələrinin təyinatı iddiaçıya məxsus torpaq sahəsinin təyinatı ilə eynilik təşkil etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, torpaq sahəsinin təyinatı baxımından predmeti eynilik təşkil etməyən alqı-satqı müqvailələr üzrə məlumatlar (müqavilənin qiyməti) kompensasiya məbləğinin hesablanması zamanı orta göstərici kimi nəzərə alınmamalıdır. Bu halda kollegiya hesab edir ki, həmin alqı-satqı müqavilələrindən iddiaçıya məxsus torpaq sahəsi ilə eyni təyinatı (ehtiyat fondu torpaqlar) olan torpaq sahələrinin alqı-satqısına dair müqavilələrin qiyməti əsas götürüməklə, orta göstərici müəyyən edilməlidir. Qeyd edilən hallar əsas götürülməklə, həmin müqavilələrə əsasən 1 kv.m torpağın ən yüksək qiymətinə 2,99, 3 və 3,1 manat aid edildiyindən, onların ortaq göstəricisi 3 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, indiki halda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləği qiymələndirmə hesabatı üzrə müəyyən edilmiş qiymətlə (1 sot 300 manat), müvafiq alqı-satqı müqavilələri əsasında müəyyən edilmiş orta göstərici (1 sot 300 manat) eynilik təşkil etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinə əsasən dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalması ilə bağlı ödənilməli olan kompensasiyanın məbləği torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilir, bazar qiyməti isə alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi və ya qiymətləndirmə hesabatında əks olunmuş qiymət əsasında daha yüksək qiymət verən üsul tətbiq edilməklə müəyyən edilir. Göründüyü kimi, indiki halda iddiaçıya münasibətdə alınmanın təsirinə mərz qalan torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləğinin hesablanmasına hər iki üsul tətbiq edildikdə, eyni məbləğ alınır. Bu baxımından iddiaçıya münasibətdə kompensasiyanın məbləği hər iki üsul tətbiq edildikdə, eyni nəticə yaratdığından, hər iki üsul tətbiq edilməklə, kompensasiyanın məbləğinin hesbalanması mümkündür. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qiymətləndirmə hesabatında əks olunmuş məbləğ əsas götürülməklə, kompensasiya məbləğinin hesbalanaraq, mülkiyyətçiyə ödənilməsi ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı iddia tələbində ona ödənilməli olan kompensasiyanın məbləğinin 75000 manat olduğunu qeyd etsə də, ona dair heç bir sübut təqdim etməmiş, habelə həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən kompensasiyanın məbləği məhz ümumi əmlakın bazar qiyməti əsas götürülməklə hesablanmışdır. Bu hal isə həm yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə və qeyd edilən inzibati işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə zidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunvericilik norması düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-96/2024 nömrəli qərarı ləğv edilsin,iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-33/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-33/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver