Məhkəmə qərarları › İş №2-1(105)-331/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-331/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-331/2022 02.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli **********191053 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2-1(118)-55/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********172872 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) xx.xx.2013-xx.xx.2018-ci il dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində ünvan 1i ünvanında yerləşən daş karxanasında mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir.

3. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********189733 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli **********191053 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən iddiaçıya 2015-2018-ci illər üzrə 20505.56 manat mədən vergisi, 2016-2018-ci illər üzrə 1188.03 manat sadələşdirilmiş vergi, 2016-2018-ci illər üzrə 2604 manat ödəmə mənbəyində tutulmalı olan vergi hesablanmış və cəmi 10620,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

4. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəai ilə məhkəmədə iddia qaldıraraq “xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsi”nə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********172872 nömrəli qərarına əsasən "xxxx" MMC-də yanvar 2013 - sentyabr 2018 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə bitmişdir. Yoxlama 8 halda cəmi 248 gün müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********189733 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya 2015-2018-ci illər üzrə 20505.56 manat mədən vergisi, 2016-2018-ci illər üzrə 1188.03 manat sadələşdirilmiş vergi, 2016-2018-ci illər üzrə 2604 manat ödəmə mənbəyində tutulmalı olan vergi hesablanmış və cəmi 10620,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı tamamilə əsassız və qanunsuz hesab edirlər: İlk öncə qeyd etmişdir ki, vergi orqanı dekabr 2015avqust 2016 dövlərinə mədən vergisi, 2016-cı ilin İ rübü üzrə ÖMV üzrə əlavə vergi məbləği hesablayarkən vergi qanunvericiliyinin, tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin yalnız son 3 illik dövrünü yoxlaya və hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablaya bilər. İddiaçı qeyd edir ki, vergi orqanının vergi, faiz və maliyyə sanksiyası üzrə hesablama hüququ dekabr 2015-avqust 2016 hesabat dövrlərinə mədən vergisi üzrə xx.xx.2019-cu il tarixdə, 2016-cı ilin İ rübünə ÖMV üzrə isə xx.xx.2019cu il tarixdə bitmişdir. Beləliklə, vergi orqanı cəmiyyətə dekabr 2015-avqust 2016 hesabat dövrləri üzrə 2963,7 manat mədən vergisi, 2016-cı ilin İ rübü üzrə 168 manat ÖMV hesablayarkən Vergi Məcəlləsinin 36.3, 83.3 və 85.4-cü maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda qeyd etmişdir ki, vergi orqanı tərəfindən hesablama aparılarkən mənbə qismində qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş ekspert rəyi əsas götürülmüşdür. Ekspert rəyi əsassız şəkildə tərtib edilmişdir. Belə ki, cavabdehin istinad etdiyi ekspert rəyində istehsal itkisinin həcmi 35 faiz göstərilsə də, onun hansı mənbədən götürülməsi və necə hesablanması qeyri-müəyyəndir. Halbuki, həmin ərazi üzrə istehsal itkisinin həcmi AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət İnformasiya-Arxiv Fondunun məlumatına əsasən 53 faiz müəyyən edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən cəlb edilmiş ekspert tərəfindən verilmiş rəydə işıq sərfiyyatı da düzgün müəyyən edilməmişdir. Belə ki, ekspert enerji sərfiyyatına uyğun istehsal həcmini hesablayarkən transformator və xətt itkisini nəzərə almamışdır. Halbuki, "xxxx" ASC- nin Qaradağ RESŞ-nin verdiyi arayışdan aydın olur ki, iddiaçıda enerji sərfiyyatı zamanı 70 % transformator və xətt itkisi yaşanır. Göründüyü kimi, cavabdeh vergi orqanı əsassız tərtib edilmiş ekspert rəyinə istinad edərək vergi hesablamış və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bundan başqa vergi orqanı Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçıda hazırkı iş üzrə mübahisələndirilən qərar ilə əhatə olunan dövr üzrə əvvəlki tarixlərdə səyyar vergi yoxlaması həyata keçirilmiş, həmin dövr üzrə xx.xx.2018-ci il tarixli 1.**********35432 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında xx.xx.2018-ci il tarixli **********142217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı əvvəlki yoxlama ilə əhatə olunmuş dövr üzrə Vergi Məcəlləsinin 38.3-cü maddəsinə müvafiq olaraq yenidən növbədənkənar səyyar vergi yoxlaması həyata keçirmişdir. Bu isə o deməkdir ki, vergi orqanı yoxlamanın nəticəsinə dair Vergi Məcəlləsinin 49.1.4-49.1.6-cı maddələrində öz əksini tapan 3 qərardan birini qəbul etməli idi. Lakin, iş materiallarından göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuş, əvvəlki yoxlamanın nəticəsini ləğv etmədən və ya dəyişdirmədən yeni, qərar qəbul etmişdir ki, nəticədə iddiaçının şəxsi hesab vərəqəsində hər iki yoxlamanın nəticəsi qüvvədə qalmış (aktiv) halda görsənir və iddiaçıdan hər iki yoxlama üzrə hesablanmış əlavə vergi məbləğləri və maliyyə sanksiyaları borc qismində tələb edilir.

6. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, səyyar vergi yoxlaması Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********995900 nömrəli xidməti məlumatına əsasən açılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********172872 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) xx.xx.2013 xx.xx.2018-ci il dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində ünvan 1i ünvanında yerləşən daş karxanasında mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi yoxlaması təqdim olunmuş elektrik enerjisi sənədləri və xx.xx.2019-cu il tarixli 234 saylı, xx.xx.2019-cu il tarixli 277 saylı ekspert və mütəxəssis rəyləri əsasında aparılmışdır. Vergilərin hesablanması ilə bağlı sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********3173384 nömrəli Tələbnamə iddiaçıya verilmişdir. İddiaçı tərəfindən yoxlamaya sənədlər tam təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X1 Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir. İddiaçının nümayəndəsi ekspertizanın təyin edilməsi və mütəxəssisin dəvət edilməsi haqqında qərarlarla tanış edilmiş, ona Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmişdir. Yoxlama zamanı dəvət edilmiş ekspert və mütəxəssis rəyi əsasında Müəssisəyə 2015-ci il üzrə 74,6 (sanksiya tətbiq olunmamışdır) , 2016-cı il üzrə 4255,2 ( 683, 05 manat maliyyə sanksiyası tətbiq olunmuşdur), 2017-ci il üzrə 7373,14 ( 3686,57 m/s), 2018-ci il üzrə 8802,62 (4401,31 m/s) manat, cəm olaraq 20505,56 manat mədən vergisi, 8770,93 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə 1188,03 manat sadələşdirilmiş vergi, 595,2 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği, 1134 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə cəm olaraq aktda 24297,59 manat vergi məbləği və 10620,13 manat maliyyə sanksiyası tətbiq olunub və xx.xx.2019-cu il tarixdə **********191053 nömrəli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Aşağıda göstərilənlərə görə iddia tələbi əsasızdır və rədd edilməlidir: 1. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh vergi orqanı əsassız tərtib edilmiş ekspert rəyinə istinad edərək vergi hesablamış, iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bununla əlaqədar olaraq bildirirlər ki, iddia ərizəsində dövriyyənin real olmadığı iddia edilsə də həmin dövriyyəni təkzib edən hər hansı sübuta istinad edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. İddiaçının yoxlamanın əhatə etdiyi dövrdə mişar daşı hasilatı ilə məşğul olduğu və bu sahədə fəaliyyətin spesifik xüsusiyyətləri olduğu və nəticə etibarı ilə məsələlərin izah olunması üçün xüsusi biliyə və təcrübəyə zərurət yarandığından cavabdeh vergi orqanının müvafiq qərarlarına əsasən ekspert və mütəxəssis dəvət edilmişdir. Ekspert və mütəxəsisin təqdim etdiyi rəylər səyyar vergi yoxlaması zamanı müvafiq nəticəyə gəlməyə və iddiaçının yoxlamanın əhatə etdiyi dövrdə konkret olaraq vergi öhdəliyinin müəyyən edilməsinə yardımçı olmuşdur. Ekspert və mütəxəssisin işin nəticəsində maraqlı şəxs olması qanunvericiliyə əsasən qadağan edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44.2-ci maddəsinə əsasən ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Eyni qayda ilə Vergi Məcəlləsinin 45.3-cü maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Bundan başqa Vergi Məcəlləsinin 45.2.-ci maddəsinə əsasən mütəxəssis işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Həmçinin iddia ərizəsində iddiaçı cavabdeh vergi orqanı tərəfindən VM-nin 36.3, 83,3 və 85.4-cü maddəsinin tələblərini pozduğunu bildirmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Göründüyü kimi qeyd edilən qərarda birbaşa göstərilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır, yəni həmin müddət keçdikdən sonra vergi ödəyicisinə Vergi Məcəlləsinin 57-ci maddəsində müəyyən edilmiş hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları, 58-ci maddədə nəzərdə tutulmuş vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları, 59-cu maddədə nəzərdə tutulmuş ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər və 60-cı maddədə nəzərdə tutulmuş banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyaları tətbiq oluna bilməz. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

7. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2-1(118)-55/2021 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın 2016- 2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği və ona uyğun hesablanmış maliyyə sanksiyası və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə tətbiq edilmiş 120 manat məbləğində maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi və ləğv edilmiş hissədə vergi borcunun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddia ərizəsində dövriyyənin real olmadığı iddia edilsə də, həmin dövriyyəni təkzib edən hər hansı sübuta istinad edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin məcəllənin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. İddiaçının yoxlamanın əhatə etdiyi dövrdə mişar daşı hasilatı ilə məşğul olduğu və bu sahədə fəaliyyətin spesifik xüsusiyyətləri olduğu və nəticə etibarı ilə məsələlərin izah olunması üçün xüsusi biliyə və təsrübəyə zərurət yarandığından cavabdeh vergi orqanının müvafiq qərarlarına əsasən ekspert və mütəxəssis dəvət edilmişdir. Ekspert və mütəxəssisin təqdim etdiyi rəylər səyyar vergi yoxlaması zamanı müvafiq nəticəyə gəlməyə və iddiaçının yoxlamanın əhatə etdiyi dövrdə konkret olaraq vergi öhdəliyinin müəyyən edilməsinə yardımçı olmuşdur. Həmçinin iddia ərizəsində iddiaçı cavabdeh vergi orqanı tərəfindən VM-nin 36.3, 83.3 və 85.4-cü maddəsinin tələblərini pozduğunu bildirmişdir. Bununla bağlı bildirmişlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Göründüyü kimi qeyd edilən qərarda birbaşa göstərilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulmasl halları ilə əlaqədar tətbiq olunmalıdır, yəni həmin müddət keçdikdən sonra vergi ödəyicisinə Vergi Məcəlləsinin 57-ci maddəsində müəyyən edilmiş hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları, 58-ci maddədə nəzərdə tutulmuş vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları, 59-cu maddədə nəzərdə tutulmuş ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər və 60-cı maddədə nəzərdə tutulmuş banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyaları tətbiq oluna bilməz. Məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, Abşeron rayon məhkəməsinin hökmü ilə hasil edilmiş mişar daşının müəyyən edilməsində və digər əlaqəli əsaslar baxımından hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır və qeyd edilən məhkəmə hökmü ilə İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ödəmə mənbəyində tutulan verginin 2604,0 manat məbləğində az hesablanması müəyyən edilmiş, hazırki iş üzrə iddiaçının vergi məsuliyyəti olaraq müəyyən edilməlidir. Bununla bağlı bildirmişlər ki, iddiaçı tərəfindən yoxlamaya sənədlər tam təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X1 Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir. İddiaçının nümayəndəsi ekspertizanın təyin edilməsi və mütəxəssisin dəvət edilməsi haqqında qərarla tanış edilmiş, ona Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmişdir. Yoxlama zamanı dəvət edilmiş ekspert və mütəxəssis rəyi əsasında müəssisəyə 2015-ci il üzrə 74,6 (sanksiya tətbiq olunmamışdır), 2016-cı il üzrə 4255,2 (683,05 manat maliyyə sanksiyası tətbiq olunmuşdur), 2017-ci il üzrə 7373,14 (3686,57 manat maliyyə sanksiyası), 2018-ci il üzrə 8802,62 (4401,31 maliyyə sanksiyası) manat, cəmi olaraq 20505,56 manat mədən vergisi, 8770,93 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə 1188,03 manat sadələşdirilmiş vergi, 595,2 manat maliyyə sanksiyası, 2016-2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği, 1134 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə cəm olaraq aktda 24297,59 manat vergi məbləği və 10620,13 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 12.1 Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

16. Hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********191053 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyası barədədir. İddiaçı həmin qərarı mübahisələndirir.

19. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu öz qərarında Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmünün preyudisial əhəmiyyət daşıması ilə əsaslandırmışdır.

20. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə aşağıdakılara əsasən razılaşmır.

21. İlk növbədə qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri)

22. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

23. Hazırki işdə iddiaçı qeyd etmişdir ki, cavabdeh vergi orqanı yoxlama zamanı iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi daş karxanasında istehsal, edilən mişar daşının həcmini və real satış dəyərini dəvət etdiyi ekspert və mütəxəssis tərəfindən, verilmiş rəylər əsasında müəyyən etmiş və həmin rəylərin əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Belə ki, mütəxəssis öz rəyində istehsal həcmini iddiaçının enerji sərfiyyatı əsasında müəyyən etmiş, ekspert rəyində isə mişar daşınının real bazar dəyəri müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən dəvət edilən mütəxəssis tərəfindən satılan mişar daşının bazar qiyməti, ekspert tərəfindən isə hasil edilən yararlı mişar daşının həcmi müəyyən edilərkən qanunvericiliyin tələbləri, o cümlədən hasilat zamanı yaranan faktiki itkilərin (istehsal brakının və enerji itkisinin) həcmi düzgün şəkildə nəzərə alınmamış və nəticədə reallığı əks etdirməyən nəticəyə gəlinmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla qeyd edilən hallarla bağlı məhkəmə mühasibatlıq və tikinti-texniki ekspertizası təyin etsə də ekspertizanın aparılmasından imtina edilmişdir.

25. İddiaçı tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 4103/04 saylı ekspert rəyi, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-37/2021 sayı hökmü birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

26. İş materiallarında olan və qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin 1(012)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə hazırkı iş üzrə iddiaçı olan "xxxx" MMC-nin faktiki rəhbəri X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya, Cinayət Məcəlləsinin 308.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilən cəzalar qismən toplanılması və üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmış, (...), xx.xx.2020-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən ona elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin xaric edilməsi, iş üzrə 495 manat ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, İPM-nin yuxarıda istinad edilən 58.8-ci maddəsinin tələbləri baxımından Abşeron Rayon Məhkəməsinin qeyd edilən hökmü növbədənkənar səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2013-xx.xx.2018-ci il dövrlər üzrə iddiaçı "xxxx" MMC hasil edilmiş mişar daşının müəyyən edilməsində və digər əlaqəli əsaslar baxımından hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Həmin məhkəmə hökmündə istinad edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 4103/04 saylı ekspert rəyində qeyd edilir ki, 1-ci sual üzrə Dağ mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziyası və dağ mədən ayrılması aktı, eləcə də digər ekoloji sənədləri olmadan Abşeron rayon ərazisində “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsalı ilə məşğul olduğuna görə, "xxxx" MMC-nin faktiki rəhbəri X6 tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21, 41, 46-cı maddələrinin və ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi qaydalarının 1.2 və 1.5 bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunan məlumatlarda 1 kub metrdə olan mişar daşlarının sayının 72 ədəd təşkil etdiyi qeyd edilmişdir. Belə ki, hər mişar daşının ölçüləri 390x190x188 mm götürüldüyü halda göstərilənlər nəzərə alınmaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə "xxxx" Ağbulaq MMC-nin istismarında olan daş karxanasında 217.728,0 ədəd mişar daşının istehsal olunduğu müəyyən edilir. Əhəngdaşı karxanasında hasil (emal) olunmuş ümumi xammaldan (tərkibində əhəng daşı olan dağ kütləsindən) (7560 kub metr) faydalı qazıntılar nəticəsində alınan məhsulun (əhəngdaşına aid mişardaşının) cəmi 40% (3024 kub metr) təşkil etdiyi nəzərə alındıqda, "xxxx" MMC-yə məxsus əhəngdaşı karxanasının fəaliyyəti nəticəsində xammaldan (tərkibində əhəngdaşı olan dağ kütləsindən) alınmış məhsulun (əhəngdaşının) miqdarı 3024 kub metr, təbiətə dəymiş ziyanın məbləği 23284,8 manat (iyirmi üç min iki yüz səksən dörd manat 80 qəpik) (3024 kub.metr x 7.7 manat= 23284.8 manat) təşkil edir. İkinci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə, məhkəmə mühəndis texniki ekspertinin gəldiyi nəticəyə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə görülmüş işlərə görə dövlət büdcəsinə ödənilməli olan mədən vergisinin və sadələşdirilmiş verginin az hesablanması müəyyən olunmamışdır. İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ödəmə mənbəyindən tutulan verginin 2604,0 manat məbləğində az hesablanması müəyyən olunmuşdur.

28. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

29. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin hazırkı iş üzrə inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir

30. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının qərarlarında faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin hesablanmasının Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmaması mövqeyi bildirilmişdir (2-1(102)-532/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərar; 2-1(105)- 219/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərar).

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2-1(118)-55/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar