Məhkəmə qərarları › İş №2-1(105)-332/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-332/2020

11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-332/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, onun hərbi xidmətdən azad olunmağına dair əmrin ləğv edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cü bəndinə əsasən bağlaşmanın ləğv edilməsi ilə bağlı xidmətdən azad olunmağı barədə yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-303/2020 saylı xx xxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, onun hərbi xidmətdən azad olunmağına dair əmrin ləğv edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cü bəndinə əsasən bağlaşmanın ləğv edilməsi ilə bağlı xidmətdən azad olunmağı barədə yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanılmış kontrakt müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək DSX–nin Sərhəd Qoşunları Xidmətinin Astara Nəzarət-Buraxılış Məntəqdəsində pasport nəzarətçisi və qeydiyyatçısı vəzifəsində xidmət etmişdir. xx xxxx 2019-cu il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinə ərizə verib öz xahişi ilə işdən azad olunmuşdur. O cavabdeh inzibati orqana işə qəbul olunduğu gündən hüququları daima pozulmuş, kontrakt müqaviləsinin bir nüsxəsi ona təqdim edilməmiş, müqavilə üzrə hansı hüququ və vəzifələrə malik olduğu barədə ona məlumat verilməmişdir, qanunla müəyyən olunmuş iş normalarından artıq gecə və gündüz qanunsuz olaraq xidmətə cəlb olunmuş və artıq işlədiyi saatların pulları ona kompensasiya edilməmişdir. Cavabdeh onun qanunda, habelə kontrakt müqaviləsində göstərilən hüquqlarını pozduğu üçün ərizə yazıb könüllü olaraq xidmətdən azad olunmasını xahiş etmiş, lakin cavabdehin nümayəndələri bundan imtina etmişlər və ondan tələb etmişlər ki, rəhbərliyə xidməti uyunsuzluğu barədə raport yazsın və onu xidmətdən azad etsinlər. Təzyiqlərlə üzləşdiyi üçün, iradəsinə zidd olaraq həmin raportu yazmağa məcbur edilmişdir. Lakin ximətdən azad olunduqdan sonra da cavabdeh onun hüquqlarını pozmaqda davam etmişdir, işdən azad olunmağına dair Əmrin (Sərəncamın) surətini ona təqdim etməkdən imtina etmiş, xidmət etdiyi müddətin əmək kitabçasına daxil edilib– edilməməsindən heç bir xəbəri olmamışdır. Yaxın zamanlarda başqa bir dövlət qurumuna işə düzəlmək istəyərkən barəsində yoxlama aparılmış və ƏƏSMN–nin internet bazasında məlumat baza sistemində Dövlət Sərhəd Xidməti orqanından vəzifəyə uyğun olmadığı üçün işdən xaric edildiyi qeyd edilmişdir. Cavabdehin ona yazdırdığı raport əsasında onu “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikası Qanununun 41.0.6 maddəsi ilə, yəni xidmətə uyğunsuzluğa görə xidmətdən xaric edilməsi tam qanunsuzdur. Belə ki, şəxsin xidmətə uygunsuzluğu onun yazdığı raport əsasında deyil, sağlamlıq vəziyyətinin hərbi xidməti davam etməyə imkan vermədiyinə dair qanunda müəyyən edilmiş qaydada verilmiş tibbi rəy əsasında müəyyən edilir. O, dəfələrlə cavabdeh inzibati orqana müraciət etmiş, əmrin surətini tələb etmiş, əmrdə müvafiq düzəlişlər edilməsini xahiş etmiş, lakin bununla bağlı cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Bundan sonra o vəkilə müraciət etmiş və sonuncunun vasitəsi ilə cavabdehə sorğu göndərib Əmrin surətinin təqdim edilməsini və əmrdə olan yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən vəkil sorğusuna cavab olaraq məlumat vermişlər ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6 maddəsi ilə xidmətə uyğun gəlmədiyinə görə xidmətdən xaric edilmişdir. Bu barədə cavabdeh ona xx.xx.2019–cu il tarixli 33/6254 saylı imtina məktubu göndərmiş, raportu və əmrin surətini həmin məktuba əlavə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018ci il tarixdə Dövlət Sərhəd Xidmətində 5 il gizir qismində xidmət etmək üçün öhdəlik verməsi ilə əlaqədar həqiqi hərbi xidmətə qəbul edilmişdir. Lakin o, xidmət müddəti başa çatmamış raportla müraciət edərək «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmasını xahiş etmişdir. Müraciəti ilə əlaqədar onunla söhbətlər aparılmış, şikayət və təklifləri dinlənilmiş, tərxis olunmaq barədə qərarını həyata keçirməyə tələsməyərək xidmətini davam etdirməsi, xidmət yerinin dəyişdirilməsi təklif olunmuş, lakin İddiaçı edilmiş təklifə görə minnətdarlığını bildirərək, tərxis olunma barədə qərarının qəti olduğunu qeyd etmişdir. Həmçinin tərxislə bağlı xidmət dövründə səhhətində yarana biləcək problemlərin müəyyənləşdirilməsi ilə əlaqədar DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi təklif edilmiş, lakin o, bundan yazılı surətdə imtina etmişdir. Tərxislə bağlı qərarlı olduğunu bildirdikdən sonra qanunvericilikdə müəyyən olunmuş qaydada xidmət müddəti başa çatmadığı üçün və özünün müraciəti əsasında xx.xx.2019-cu il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-303/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-303/2020 saylı xx xxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanılmış kontrakt müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək DSX-nin Sərhəd Qoşunları Xidmətinin Astara Nəzarət-Buraxılış Məntəqəsində pasport nəzarətçisi və qeydiyyatçısı vəzifəsində xidmət etmişdir. xx xxxx 2019-cu il tarixdə cavabdehə ərizə verib xidmətdən azad olunmuşdur. Şəxsin xidmətə uygunsuziuğu onun yazdığı raport əsasında deyil, başqa əsaslar üzrə müəyyən olunur, bu əsaslar isə mövcüd olmamışdır. Məhz buna görə cavabdeh həkim komissiyasından keçməyini təkid etmişdir ki, hər hansı formada qəbul edəcəyi əmrə qanuni don geyindirsin. Lakin hazırda cavabdehin xidmətə uyğunsuzluq meyarlarının hansı qaydada müəyyən edilməsi məlum deyil, cavabdeh bunu yalnız yazdırdığı ərizə əsasında müəyyən etmişdir. Dəfələrlə cavabdehə müraciət edib, əmrin surətini tələb etmiş, əmrdə müvafiq düzəlişlərin edilməsini xahiş etmişdir, lakin heç bir cavab verilməmişdir. Bundan sonra vəkilə müraciət edib və sonuncunun vasitəsilə cavabdehə sorğu göndərib əmrin surətinin təqdim edilməsini və əmrdə olan yanlışlıqların aradan qaldırılması xahiş etmiş, vəkilin sorğusuna cavab olaraq cavabdeh məlumat vermişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6 maddəsi ilə xidmətə uyğun gəlmədiyinə görə xidmətdən xaric edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman, hakimin tələbinə əsasən cavabdeh xx xxxxxx 2018-ci il tarixli bağlaşma müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir, bu sənədi birinci dəfə məhkəmədə görmüşdür, cavabdeh həmin bağlaşmanın bir surətini ona təqdim etməli olduğu halda, bu günə kimi təqdim etməmiş, həttə məzmunu ilə tanış etməmişdir. Bağlaşmanın (kontraktın) məzmunu ilə tanış olduqda ona məlum olmuşdur ki, bağlaşmada qanunla tələb olunan imperativ rekvizitlər mövcüd deyil, bağlaşmada müvafiq dövlət orqanının adı, eləcə də həmin orqanı təmsil edən vəzifəli şəxsin adı, rütbəsi və vəzifə göstərilməmiş, müqavilə möhürlə təsdiq edilməmişdir. Bağlaşmanı imzaladığı zaman ona yalnız boş blank təqdim edilmişdir. Kontraktın hansı müddətə bağlandığı barədə bağlaşmada hər hansı qeyd mövcüd olmamış, bu barədə qeyd ondan xəbərsiz olaraq sonradan bağlaşmaya əlavə edilmişdir. Bundan əlavə kontraktın 5-ci bəndinə qeyd edilmişdir bu bağlaşma hər biri eyni hüquqi qüvvəyə malilk olan üç nüsxədə tərtib edilir. Halbuki Bağlaşma cəmi bir nüsxədə olmuş, ona boş blanka imza etdirmişlər, bağlaşmanın bir nüsxəsi ona rəsmi qaydada təqdim edilməmiş, onun rəsmi qaydada təqdim edilməsi barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Kontrakt üzrə müddətdən artıq gizir rütbəsində xidmət etməyə razılıq vermişdir. Bu zaman müddət ümumiyyətlə razılaşdırılmamışdır. Xidmətdən azad olunmağının səbəbi bağlaşmanın ləğv edilməsidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsində qeyd edilmişdir: Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Lakin cavabdeh göstərilən qanunun 41.0.10-cu bəndinə əsasən xidmətdən azad etmək əvəzinə, qanunsuz olaraq 41.0.6 bəndinə əsasən, yəni xidməti uyğunsuzluğa görə azad etmişdir, lakin uyğunsuzluğun nədə ifadə olunmasını əsaslandıra bilmədiyi üçün bu barədə ona ərizə yazdırmışdır ki, göstərilən bəndlə azad olunmağına etiraz etmir. Lakin qanunda xidmətə uyğunsuzluğun şəxsin öz ərizəsi əsasında müəyyən olunması əsası nəzərdə tutulmamışdır. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-303/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx xxxx 2019-cu il tarixli, 0182 nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, gizir İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli “Bağlaşma”nın 1.1.1-ci və 2- ci bəndlərindən görünür ki, İddiaçı 5 il müddətinə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunub və “Bağlaşma əsasında həqiq hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.23-cü bəndində göstərilən hallar mövcud olduqda, bağlaşma ləğv edilir. İş materiallarına əlavə edilmiş Astara SNM-nin sərhəd nəzarət bölməsinin nəzarətçisi gizir İddiaçı ilə aparılmış xx xxxx 2019-cu il tarixli söhbət haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, söhbət zamanı onun xidməti fəaliyyəti ətraflı təhlil edilmiş, şikayət və təklifləri dinlənilmiş, ona qalıb xidmətini davam etdirilməsi təklif edilmişdir. Lakin o, hərbi xidmətini davam etmək arzusunda olmadığını və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Həmçinin gizir İddiaçı edilmiş təklifə görə minnətdarlığını bildirərək, tərxis olunma barədə qərarının qəti olduğunu qeyd etmişdir. Sonda ona qərarına bir daha baxmaq üçün vaxt verilmişdir. Gizir İddiaçı arayışın mətni ilə tanış oluması, yazılanlarla razı olması barədə imza etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş raportun təsdiq edilmiş surətindən görünür ki, o, “Astara” sərhəd nəzarəti məntəqəsinin rəisi kapitan Nəimi Ələsgərovdan DSX-nin Sərhəd Nəzarəti xidmətindən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, Sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar həkim komissiyasında şəhadətləndirilməyə, müalicə və müayinəyə ehtiyacı olmadığını bildirmişdir. Onun Silahlı Qüvvələrdən ehtiyata buraxıldığı təqdirdə sənədlərinin SHXÇDX-nin Naxçıvan Muxtar Respublikasının Culfa rayon idarəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Astara SNM-nin sərhəd nəzarət bölməsinin nəzarətçisi gizir İddiaçı ilə aparılmış xx xxxx 2019-cu il tarixli söhbət haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, gizir İddiaçı ilə "Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yazdığı raportla əlaqədar Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə söhbət aparılmışdır. Söhbət zamanı tərxis olunmaq arzusunun səbəbləri araşdırılarkən o, hərbi xidmətini davam etdirmək arzusunda olmadığını bildirmiş və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Daha sonra ona tərxis olunmaq barədə qərarını həyata keçirməyə tələsməyərək xidmətini davam etdirməsi və xidmət yerinin dəyişdirilməsi təklif olunmuş, lakin gizir İddiaçı edilmiş təklifə görə minnətdarlığını bildirərək, tərxis olunma barədə qərarının qəti olduğunu qeyd etmişdir. Tərxislə bağlı xidmət dövründə səhhətində yarana biləcək problemlərin müəyyənləşdirilməsi ilə əlaqədar gizir İddiaçı DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi təklif edilsə də o, bundan yazılı surətdə imtina etmişdir. Həmçinin, gizir İddiaçı mövcud Qanunvericiliyin və Əsasnamənin tələbləri bir daha çatdırılmış və xidmət illəri ilə tanış edilmişdir. Söhbətin sonunda gizir İddiaçı onunla aparılmış səmimi söhbətə görə razılığını bildirərək, tərxis edilməsi ilə əlaqədar şikayətinin olmadığını, təklifinin isə, yalnız tərxis olunmasının tezləşdirilməsi xahişindən ibarət olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti ilə imzaladığı bağlaşmaya əsasən üzərinə düşən vəzifələri 5 il müddətinə yerinə yetircəyinə dair üzərinə öhdəlik götürmüşdür, lakin o, vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Qeyd olunan bağlaşmanın ləğvi qaydası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyata buraxıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 37.1.2ci maddəsinə əsasən bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün hərbi xidmətə başladığı gün hesab edilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edilməsi əsası ilə (41.0.10.) xidmətdən azad olunması barədə yeni əmr verilməsini cavabdeh inzibati orqandan tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təstiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.10.3-cü bəndinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olullar. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Həmin Qaydaların 3.23-cü bəndinə əsasən hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. Həmin Qaydaların 3.25.2-ci bəndinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir: gizirlər və miçmanlar üçün - 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır. Kollegiya qeyd edir ki, Qaydaların 3.23-cü bəndində bağlaşmanın ləğvi əsasları müəyyən edilmişdir. İddiaçıya həmin bəndin tətbiqi üçün isə heç bir qeyd olunmuş əsas müəyyən edilməmişdir. Qaydaların 3.25.2-ci bəndindən göründüyü kimi, iddiaçı gizir olaraq 5 il xidmət etməli olduğu halda həmin müddət tamam olmamış öz raportu ilə Xidmətdən ayrılmışdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti ilə imzaladığı bağlaşmaya əsasən üzərinə düşən vəzifələri 5 il müddətinə yerinə yetircəyinə dair üzərinə öhdəlik götürmüşdür, lakin o, vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Qeyd olunan bağlaşmanın ləğvi qaydası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyyata buraxıla bilər. Kollegiya qeyd edir ki, qeyd olunan Qanunun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün nəzərədə tutulmuş hər hansı digər halın iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən tətbiq edilməsi düzgün olmazdı. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki iş üzrə mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmiş və iddiaçı tərəfindən mübahisəli əmrdə dəyişiklik edilərək, onun verilməsinə əsas kimi «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) qeyd olunması üçün yetərli əsasların olması iş üzrə müəyyən olunmamışdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Cavabdeh inzibati orqan tərəfindən əmrin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə təsdiq edilmədiyindən apelyasiya şikayəti əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-303/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-303/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar