Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-332/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(1N)-202/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 17 dekabr 2019-cu il tarixli, 1/C-N039 saylı məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman 27.01.1994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bundan sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı uzun müddət cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olmaqla müharibə zonalarında hərbi xidmətdə olmuş və həmin dövrdə dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, MN-nin N may 1992-ci il tarixli, 98 saylı əmrindən çıxarışa əsasən, iddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh qanunsuz olaraq xahişini təmin etməkdən imtina etmişdir. Cavabdehin etirazları: İddiaçının hərbi biletinin surətindən görünür ki, o, xx.xx.1973-cü ildə doğulmuş, 1991ci ildə hərbi xidmətə yararlı sayılmış, N aprel 1992-ci ildə N nömrəli hərbi hissədə hərbi andı qəbul etmişdir. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 01.11.2019-cu il tarixli 9/2-16995 №- li məktubunda və həmin məktuba əlavə edilmiş əmrlərdən çıxarışlarda iddiaçının xidməti ilə bağlı müəyyən məlumatlar vardır. N və N nömrəli hərbi hissələr döyüş əməliyyatları aparmışlar. N №-li hərbi hissə komandirinin N №-li N may 1992-ci il tarixli əmrində iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilməsinə dair əmr vardır. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təkzib etmir. Lakin, aşağıda göstərdiyi əsaslara görə onun müharibə veteranı adı verilməsinə dair tələbini əsaslı saymır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərindəaparılan döyüş əməliyyatlarında özünmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranı adını alması üçün iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, həmin halların hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlarla, hərbi biletlə (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərlə təsdiq olunması, həmçinin hal-hazırda xidmət keçməsi, əvvəllər ehtiyata və istefaya buraxılması vacib şərtdir. İddiaçı iddia ərizəsində döyüşlərdə iştirakı barədə məlumatlar versə də, hərbi xidmətdən qanuni əsaslarla buraxılmasını, hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmasını və belə dəlillərə malik olmasını göstərmir. Onun hərbi biletinin 3-cü səhifəsində də hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd yoxdur. Yuxarıda qeyd olunan Əsasnamə ilə Müdafiə Nazirliyinin o, hərbi qulluqçulara müharibə veteranı adı vermək öhdəliyi yaranmışdır ki, həmin şəxslər hal-hazırda xidmət keçsinlər və ya əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamış, onun ehtiyata buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Halbuki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(1N)-202/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Onun müharibə zamanı döyüş əməliyyatlarında iştirak etməyi, tam olaraq tərəfindən sübut edilmiş, bunun heç bir tərəfi mübahisəli qalmamışdır. Lakin qanuni əsaslarla xidmətdən təxris olunmağı barədə cavabdeh AR Müdafiə Nazirliyinin Arxivində müvafiq qeydlərin olmaması, iddiaçı və döyüş əməliyyatlarında iştirak etməsi inkar edilə bilməyən şəxs olaraq onun deyil, birbaşa cavabdeh AR Müdafiə Nazirliyinin səhvidir. Ona görə ki, o, xidmətin sonunda qanuni əsaslarla təxris olunmuşdur, lakin bu barədə qeydləri aparmalı olan orqan bunu nədənsə etməmişdir. Bu kimi hallar hansısa qanunda nəzərdə tutulsa da, yəni qanunda şəxsin təxris olunmasının qanuniliyi tələb edilsə də bunun döyüş əməliyyatlarında iştirak edən şəxsin müharibə veteranı, adı və vəsiqəsi verilməsinə təsiri olmamalıdır. Ona görə ki, qanuni əsaslarla təxris olunma ona görə tələb olunur ki, şəxsin hansısa intizam və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi yoxlanılsın. Göründüyü kimi o, 30 il bundan əvvəl arxiv arayışına əsasən müvafiq hərbi hissənin bütün növ təminatlarından çıxarılmışdır və indiyə kimi barəsində heç bir təqsirləndirici material, cinayət işi, məhkəmə hökmü və sair olmamışdır. Rəsmi əldə edib məhkəməyə təqdim etdiyi arayışda da Gəncə və Tərtər Hərbi Prokurorluğunun ona göndərdiyi cavab məktublarında da məhkumluğunun ümumiyyətlə olmaması qeyd edilmişdir. Sadəcə olaraq cavabdeh AR Müdafiə Nazirliyinin bəzi məsul vəzifəli şəxslərinin səhvi ucbatından həmin qeydlər edilməmişdir. İddiaçı olaraq onun məhkəməyə təqdim etdiyi sübut xarakterli izahat və sənədlərdə, o cümlədən arxiv arayışında açıq mətnlə qeyd edilmişdir ki, o, iddiaçı olaraq əvvəllər MN-in arayış və əmrlərində də qeyd edildiyi kimi dəfələrlə döyüş əməliyyatları aparılan hərbi hissələrə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə ezam olunub qayıtmışdır, heç bir intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən barəsində təqsirləndirici material olması barədə məlumat yoxdur, barəsində cinayət işinin və ya qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olub-olmamasının müəyyən edilməsi və düzgün-qanuni nəticəyə gəlmək üçün AR Hərbi prokurorluğuna sorğu məktubu göndərilməmiş, iş tam araşdırılmamış və bunun da nəticəsində məhkəmənin məsələyə səhv yanaşması onun qanunsuz və əsassız qərar çıxarmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi olaraq Sumqayıt İnzibati Məhkəməsinə məhkəmə prosesi zamanı onun tərəfindən vəsatət verilmişdir ki, cavabdeh MN-dən müvafiq əmrlərin surətləri məhkəməyə təqdim edilsin. Həmin sorğuya cavab olaraq cavabdeh MN-dən verilən 24.11.2020-ci il tarixli, 9/2-10613 №-li məlumatında da döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən çoxsaylı əmrlər vardır. Həmin əmrlərin sırasında olan 29.07.1993-cü il tarixli 143 saylı əmrdə onun müddətdən artıq xidmət etmiş hesab edilməyi qeyd edilmişdir. Buna baxmayaraq heç bir əsas olmadan həmin məktubda belə bir abzas qeyd edilmişdir: “Hərbi orkestrin əsgəri İddiaçı fərarilikdən qayıtdığı üçün N nömrəli hərbi hissə komandirinin 27.01.1994-cü il tarixli, 27 №-li əmri ilə (əsas § 5) 10.01.1994-cü il tarixdən təmir bölüyündə ştata təyin edilərək bütün növ təlimatlara daxil edilmişdir. Hesab edir ki, “İddiaçı fərarilikdən qayıtdığı üçün” ifadəsində “fərarilikdən qayıtdığı üçün” ifadəsi heç bir əsası olmayan ifadədir və mexaniki səhv xarakteri daşıyır. O, heç vaxt fərarilik etməmişdir, bu barədə material və sair toplanmayıb barəsində təqsirləndirici material olmamış, cinayət işi istintaq edilməmiş, barəsində heç bir məhkəmə hökmü çıxarılmamış və artıq qeyd etdiyi kimi nəinki hərbi cinayətlərə görə, o cümlədən ümumiyyətlə məhkumluğu olmamışdır. Ona görə də əlavə olaraq onu da bildirmişdir ki, artıq hamıya məlum olduğu kimi 1990-cı illərdə MN də peşəkar əməkdaşlarla təmin edilməmişdi ki, deyə bu növ qeyri-dəqiq qeydlər və mexaniki səhvlər həmin dövrdə az qala adət halını almışdı. Odur ki, məhkəmənin sözügedən guya qanuni əsaslarla təxris olunmamağı və fərarilik barədə edilən qeydlərin əsassız olduğunu nəzərə alması vacibdir. O, həmin cinayətlərdən hər hansı birinə görə məhkum olunmamışdır və məhkum olunmadığına görə də Qanunun həmin tələbləri ona və onun qəbildən olan şəxslərə aid edilə bilməz. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nomrəli Qərarı ilə təsdiq edilmiş «Muharibə veteranı, silahlı quvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanladığı məktubdan görünür ki: - Ağsu RHK- dan çağırılmış, 1973-cü il təvəllüdlü X1 N nömrəli hərbi hissə komandirinin 26.03.1992-ci il tarixli 62 №-li əmrilə (əsas: § 2, sıra 3, əmrdə soyadı Cabiyev yazılmışdır) 25.03.1992-ci il tarixdən “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir; - N №-li hərbi hissə komandirinin N.05.1992-ci il tarixli N №-li əmrilə (əsas: § 4, səh 3, sıra 95, əmrdə atasının adı Fəttulla yazılmışdır) sıravi İddiaçı Fəttulla oğlu döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam edilmişdir; - N №-li hərbi hissə komandirinin 29.07.1993-cü il tarixli 143 №-li əmrilə (əsas: səh 40, § 2) təmir bölüyünün əsgəri sıravi İddiaçı N №-li hərbi hissənin mühafizə və xidmət taburuna keçirildiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır; - N №-li hərbi hissə komandirinin 21.10.1993-cü il tarixli 227 №-li əmrilə (əsas: səh N, § 5) təmir bölüyünün əsgəri İddiaçı haqqında 29.07.1993-cü il tarixdə verilmiş 143 №-li əmr ləğv edilərək hərbi orkestrin şəxsi heyətinin siyahısına daxil edilməklə salist vəzifəsinə təyin edilərək müddətdən artıq xidmət etmiş hesab edilmişdir; - Hərbi orkestrin əsgəri İddiaçı fərarilikdən qayıtdığı üçün N №-li hərbi hissə komandirinin 27.01.1994-cü il tarixli 27 №-li əmrilə (əsas: § 5) 10.01.1994-cü il tarixdən təmir bölüyündə ştata təyin edilərək bütün növ təminatlara daxil edilmişdir. - N №-li hərbi hissə komandirinin iyul-oktyabr 1993-cü ıl tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin N yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 20.07.1993-cü il tarixli 24 №-li inzibati-təsərrüfat hissə üzrə əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun «döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs» statusunu əldə etməməsinə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(1N)-202/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-332/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-332/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver