Məhkəmə qərarları › İş №2-1(105)-333/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-333/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-333/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli , 35-111 nömrəli Qərarı ilə Siyəzən rayonu , Dağ Quşçu kəndi ərazisində təsərrüfat başçısı olaraq X1 adına kənd təsərrüfatı məhsulları istehsalı üçün 31399 kv m, 16000 kv m, 51106 kv m və 44701 kv m torpaq sahələri ayrılmış və müvafiq olaraq X6 kitabında A N: 482722 nömrə ilə uçota alınmışdır. Təsərrüfat başçısı X3 24 mart 2011 -ci il tarixdə vəfat etmişdir. Lakin İddiaçı4 qəyyumu olduğu şəxslər xəstəliklə əlaqədar və maddi imkansızlıqdan torpaq sahəsini becərə bilməmişlər və Siyəzən Rayon İcra Hakimiyyəti və Bələdiyyə orqanları tərəfindən bu torpaq sahələri qanunsuz olaraq onlara məlum olmayan müxtəlif şəxslərə verilmişdir. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh tərəfindən torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi barədə tədbir görülməmiş və əsassız olaraq ərizənin icrasından imtina edilmişdir. Cavabdeh tərəf tədbir görməməklə hərəkətsizliyə yol vermiş və nəticədə iddiaçıların hüquqları pozulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işə baxan məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmadan əsassız olaraq subyektiv hüquqlarının yaranmadığı qənaətinə gəlməklə düzgün olmayan qərardad çıxarmışdır. Halbuki, iddiaçıların torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi üçün tələb irəli sürmək subyektiv hüquqları vardır. Dövlət aktlarının əsillərini tapa bilmədiklərindən surətlərini təsdiq etdirə bilməmişlər, belə ki, qəyyumu olduğu şəxslər xəstəlikləri ilə bağlı həmin sənədləri hara qoyduqlarını, yaxud kimə verdiklərini xatırlamırlar. Lakin işə baxan məhkəmə qanunvericliyin normlarını sadalamaqla kifayətlənmiş, ətraflı araşdırma aparmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi apelyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və bunu qərardadında onunla əsaslandırmışdır ki, iş materiallarına iddiaçıların subyektiv hüququnun olması ilə bağlı sənədlərin əsli və ya notarial təsdiq edilmiş surətləri əlavə edilməmişdir. İş materiallarında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünün kserosurətləri əlavə edilmişdir ki, həmin sənədlər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və məhkəmənin 04.02.2021-ci il tarixli, 2-1(118)- 357/2021 saylı sorğusuna Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, məktubda qeyd olunan torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə məktuba əlavə olunmuş ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçü”lərinin arxiv nüsxəsi və sözügedən torpaq sahələrinə dair hər hansı hüquqmüəyyənedici sənədlər idarənin arxiv sənədlərində aşkar edilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, müvafiq sənədlərin əsillərinin itirildiyi və arxivdə də müvafiq məlumatın olmadığı halqa mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24.03.2011-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2020-ci il tarixli, 64 saylı sərəncamı ilə ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı4 fəaliyyət qabiliyyəti olmayan qardaşı qızı İddiaçı3 Fəxrəddin qızı, qardaşı İddiaçı1 və bacısı İddiaçı2 Məcid qızı üzərinə qəyyum təyin edilmişdir. İş materiallarından görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 35-111 nömrəli qərarı ilə Siyəzən rayonu, Dağ Quşçu kəndində 44701 kv.metr, 51106 kv.metr, 16000 kv.metr və 31399 kv.metr torpaq sahələri, ümumilikdə 14.32 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X2 verilmiş və həmin torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin plan və ölçüsü sənədləri tərtib edilmişdir. Sadalanan sənədlərin əsli deyil, təsdiq edilməmiş sadə kserosurətləri məhkəməyə təqdim edilsə də, kollegiya qeyd edir ki, aqrar islahat zamanı X2 torpaq sahəsinin ayrılması cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksinə iş materiallarına əlavə edilmiş sənədlərlə qeyd edilən məlumatların həqiqiliyi təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC tərəfindən İddiaçı4 ünvanlanmış 20.07.2018-ci il tarixli məktubdan görünür ki, ünvan 2isində himayəsində olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilmiş pay torpaq sahələrinin sərhədlərinin naturada onun iştirakı ilə tanıdılmasına köməklik göstərilməsi barədə 03.07.2018-ci il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Mərkəzin elektron məlumat bazasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərazidə aparılmış torpaq islahatı ilə bağlı yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq edilmiş “Pay almaq hüququ olan subyektlərin Siyahısı”nda vətəndaşlar İddiaçı2, İddiaçı1 və İddiaçı3 adları ailə üzvləri kimi vətəndaş X1 ailə tərkibində siyahıya alınmış və yeddi (7) subyektdən ibarət olmaqla ailəyə üç hissədən (3,72 ha, 3.84 ha və 2,48 ha) 10,04 ha pay torpaq sahəsi verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X4 İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı4 ünvanlanan 01 avqust 2018-ci il tarixli, **********75 saylı, 10 sentyabr 2018-ci il tarixli, **********31 saylı, 27 sentyabr 2018-ci il tarixli, **********48 saylı, 19 oktyabr 2018-ci il tarixli, **********47 saylı, 07 noyabr 2018-ci il tarixli, **********56 saylı, 22 aprel 2019-cu il tarixli, **********98 saylı məktublarda bildirilmişdir ki, qohumlarının mülkiyyətinə ayrılmış, Siyəzən rayonu ərazisində yerləşən pay torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi ilə əlaqədar yaranmış problemlərin həllinə və pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi barədə müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi X4 İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətində qeyd olunan məsələ komitənin Sumqayıt ərazi şöbəsinin mütəxəssisləri tərəfindən yerində araşdırılan zaman müəyyən olunmuşdur ki, 2017-ci ildə yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələr dövriyyədən çıxarılaraq, tam yararlı vəziyyətdə olan 7.56 ha əkin və 2,56 ha biçənək sahələrinin hüdudları mütəxəssislər tərəfindən qohumlarına(hazırkı iş üzrə iddiaçılara) tanıdılmışdır. Bölgü layihəsinə uyğun verilmiş torpaq sahəsi ilə bağlı yaranmış mübahisəli məsələnin həlli üçün aidiyyəti üzrə müraciət etməyi məqsədəuyğun sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə yuxarıda tədqiq edilən sübutlarla iddiaçıların torpaq sahəsi üzərində subyektiv hüquqlarının mövcudluğu təsdiq edildiyi halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini mümkünsüz saymışdır. Məhkəmə işdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçü”lərin arxiv nüsxəsinin və sözügedən torpaq sahələrinə dair hər hansı hüquqmüəyyənedici sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi idarəsinin arxiv sənədlərində aşkar edilməməsinə istinad edərək, iddiaçıların subyektiv hüquqlarının olmadığı qənaətinə gəlmişdir. Halbuki, analoji işlər üzrə məhkəmə təcrübəsindən də məlum olduğu kimi, bir çox hallarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçılara torpaq sahəsinin plan-ölçüsü sənədi təqdim edilsə də, bu barədə arxiv sənədlərində qeydiyyat aparılmır. Kollegiya hesab edir ki, bu hal həmin sənədin həqiqiliyini şübhə altına ala bilməz. Göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə işə baxan məhkəmə ilk növbədə planölçü sənədinin verilməsinə əsas olmuş Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 35-111 nömrəli qərarının arxiv nüsxəsini əldə etmək məqsədilə aidiyyəti üzrə Siyəzən rayon Dövlət Arxiv İdarəsinə müraciət etməli idi. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdehin iddia tələbinə dair təqdim etdiyi etirazında torpaq islahatı aparılarkən, texniki səhvlərə yol verildiyindən Siyəzən rayonu Dağ Quşçu kənd sakinlərinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsi tərəfindən verilmiş torpaqa mülkiyyət hüququna dair X7 rayon Məhkəməsinin 2(059)-162/2012 saylı qətnaməsi əsasında ləğv olunmasını qeyd etməsinə baxmayaraq, işə baxan məhkəmə qeyd edilən xüsusatı da araşdırmamışdır. Odur ki, işə yenidən baxılarkən Siyəzən rayon Məhkəməsinin 2(059)-162/2012 saylı qətnaməsi tələb edilərək, həmin qətnamənin hazırkı işə aidiyyətinin olub-olmadığı, X2 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon Şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədlərinin ləğv edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə işin hallarından ilkin olaraq belə görünür ki, X2 islahat zamanı 14.32 ha torpaq sahəsi ayrılsa da, 2017-ci ildə yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələr dövriyyədən çıxarılaraq, tam yararlı vəziyyətdə olan 7.56 ha əkin və 2,56 ha (cəmi 10.12 ha torpaq sahəsi) biçənək sahələrinin hüdudları mütəxəssislər tərəfindən hazırkı iş üzrə iddiaçılara tanıdılmışdır. İddiaçıların qanuni nümayəndəsi məhkəmə kollegiyasını iclasında həmin bölgü sxeminə münasibət bildirərək qeyd etmişdir ki, tərtib edilən bölgüdən onun məlumatı olmamış, iddiaçılar fəaliyyət qabiliyyətsiz olduğundan onların hər hansı sənədə imza etmək səlahiyyəti olmamışdır. Odur ki, işə yenidən baxılarkən birinci instansiya məhkəməsi tərəfindən 2017-ci ildə mübahisəsi gedən torpaq sahələrinə dair tərtib edilmiş bölgü sxemi sorğu edilərək tələb edilməli və yuxarıda sadalanan hallar tam aydınlaşdırıldıqdan sonra iddiaçıların hüquqi marağına uyğun olaraq tələblərini dəqiqləşdirmək təklif edilməlidir. İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsində əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Odur ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda sadalanan xüsusatları araşdırılmalı və yalnız bundan sonra zərurət yaranarsa iddianın mümkünlük şərtlərinə qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar