Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-333/2025 07.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 23532/2024 nömrəli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2-1(118)-6316/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materialarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli Qərarına əsasən iddiaçı X2 2024-cü ilin yanvar ayına ƏDV üzrə 78,423.55 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydə aınlmış və qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş idxal barədə cədvələ əsasən iddiaçı 2022-ci ilin noyab-dekabr və 2023-cü ilin yanvar aylarında invoys dəyəri üzrə ümumilikdə 190,060.56 manat dəyərində mallar idxal etmiş və həmin mallara görə gömrük orqanına 85,271.39 manat ƏDV məbləği ödəmişdir. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 23532/2024 nömrəli Qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, X2 cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 9/2-23532/2024 nömrəli Qərarına əsasən 2024-cü ilin yanvar ayına ƏDV üzrə 78,423.55 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “Sair: Bu dövr üzrə analoji qaydada vergi məbləği hesablanmışdır.”. Qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçını xx.xx.2024-cü il tarixli ******* nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinə əsasən həmin tarixdə məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydə almış və qeydiyyatın qüvvəyə minmə tarixini xx.xx.2024-cü il tarixi müəyyən etmişdir. Belə ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2024-cü il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və vergi nəzarəti tədbirləri nəticələrinə əsasən mal qalığı aşkar edilməmişdir. Daha sonra vergi orqanı “ƏDV məqsədləri üçün qeydiyyat haqqında” Bildiriş göndərərək, Baza məlumatlarına əsasən 2022-ci və 2023-cü illərdə invoys dəyərlə 275,479.3 manat, statistik dəyərlə 561,351.3 manat dəyərində mallar idxal edildiyinin müəyyən olunduğunu, həmin əməliyyatı da Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən təqdim edilən malların bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab olunduğunu göstərmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır, buna görə də iddiaçı xx.xx.2024-ci il tarixdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş yük gömrük bəyannamələri barədə məlumata əsasən müəyyən edilir ki, idiaçı 2022-2023-cü illər ərzində ümumilikdə 473,729.94 manat məbləğində mallar idxal etmiş və həmin mallara görə 85,271.39 manat əlavə dəyər vergisi ödəmişdir. Bununla bağlı qeyd edirik ki, iddiaçı malları idxal etdiyi tarixlərdə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyindən (sadələşdirilmiş verginin ödəyicisi olduğundan) aldığı mallara görə ödədiyi ƏDV məbləğlərini Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən əvəzləşdirmək hüququ olmamışdır. Göstərilənlərə əsasən iddiaçı 2022-2023-cü illər ərzində idxal etdiyi mallara görə ƏDV ödədiyi halda, onları Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə müvafiq olaraq əvəzləşdirmək hüququna malik olmamışdır ki, nəticə etibarilə həmin malların satışı ƏDVyə cəlb olunan əməliyyat hesab edilə və ƏDV-yə cəlb edilə bilməzdi. İddiaçı hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 Qərar vergi qanunvericiliyinin tələblərinin pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan X2 (VÖEN: **********) 2024-cü ilin yanvar ayı əlavə dəyər vergisi bəyannaməsinə kameral vergi yoxlamasına əsasən 78423.55 manat vergi məbləği hesablanmışdır. İddiaçının sahibkarlıq fəaliyyəti baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma zamanı xx.xx.2024-cü il tarixdə keçirilən OVN tədbiri zamanı sahibliyinizdə mal qalığı müəyyən edilməmişdir. İddiaçı tərəfindən 2022-ci və 2023-cü illərdə invoys dəyərlə 275479.3 manat, statistik dəyərlə 561351.3 manat dəyərində mallar idxal etdiyi müəyyən olunmuşdur. 2023-cü ilin aprel-may aylarında hüququ olmadığı halda 20222023-cü il üzrə GV bəyannamələri təqdim etmiş, eyni zamanda həmin dövrlər üzrə təqdim edilmiş SV bəyannamələrindəki dövriyyəni sıfırladığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Qeyd olunanları və sadələşdirilmiş vergiyə cəlb olunacaq dövriyyələri (47241,3 manat) nəzərə alınmaqla 78423.55manat (561351,3-47241,3 )/118% *18% dəyərində əlavə dəyər vergisi hesablanaraq xx.xx.2024-cü il tarixli **********204400 nömrəli qərar göndərilmişdir. Vergi ödəyicisi xx.xx.2024-cü İİ tarixdə 2024-cü ilin yanvar ayı əlavə dəyər vergisi bəyannaməsinə heç bir dövriyyəsi olmayan (boş bəyannamə) dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etdiyindən, xx.xx.2024-cü il tarixli **********403400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla azaldılmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə göndərilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2-1(118)-6316/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfiondən X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-23532/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilmişdir. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2022-ci ilin noyabrdekabr və 2023-cü ilin fevral aylarında invoys dəyəri 190,060.56 manat (ƏDVsiz), gömrük dəyəri isə 475,932.56 manat (ƏDV-siz) olan malları idxal edən zaman ödədiyi ümumilikdə 85,271.39 manat ƏDV məbləğini əvəzləşdirmək hüququna malik olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydə alındığından və malların idxal edildiyi tarixdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan onun ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin malların iddiaçı tərəfindən təqdim edilməsi ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat sayıla və ƏDV hesablana bilməzdi. Normaların birgə təhlilinə əsasən məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəycisi hesabat dövrü (təqvim ayı) ərzində vergiyə cəlb edilən dövriyyədən hesablanan ƏDV-nin məbləği ilə həmin hesabat dövrü (təqvim ayı) üzrə elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirmək hüququ olan ƏDV məbləği arasındakı fərqi dövlət büdcəsinə ödəməyə borcludur. Lakin vergi ödəyicisinin idxal etdiyi və ya elektron qaimə-faktura əsasında aldığı mallar üzrə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdursa, həmin malların təqdim edilməsi (satışı) ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilmir. İş materiallarından göründüyü iddiaçının 2022-ci ilin noyabr-dekabr, 2023-cü ilin fevral ayları ərzində idxal etdiyi mallar üzrə ödədiyi 85,271.39 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ olmadığından, həmin malların daha sonra təqdim edilməsi Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə müvafiq olaraq vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, bu halda iddiaçı həm malların idxalı zamanı, həm də satışı zamanı iki qat ƏDV məbləği ödəməli olur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan və həmin sənədlər əsaslandırılmadan rədd edilmişdir. Nəticədə birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddaya etiraz etdi və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDVnə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. [1078] 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDVdən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. Maddə 177. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 23532/2024 nömrəli qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərə və cavabdeh vergi orqanının etirazına əsasən müəyyən edilir ki, cavabdeh vergi orqanı iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirmiş və vergi nəzarəti tədbirinin nəticələrinə əsasən mal qalığı aşkar etməmişdir. Bu səbəbdən də iddiaçının idxal etdiyi malları bir əqd üzrə təqdim edilmiş mallar kimi qiymətləndirmişdir. Nəticədə cavabdeh vergi orqanı idxal edilmiş malların 561,351.30 manat gömrük dəyərini əsas götürərək və sadələşdirilmiş vergiyə cəlb edilmiş dövriyyəni (47,241.30 manat) nəzərə alaraq, iddiaçıya 78,243.55 manat ((561,351.3 – 47,241.30) /1.18 * 18%) ƏDV hesablamışdır. Lakin yuxarıda sadalanan normaların birgə təhlilinə əsasən müəyyən edilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəycisi hesabat dövrü (təqvim ayı) ərzində vergiyə cəlb edilən dövriyyədən hesablanan ƏDV-nin məbləği ilə həmin hesabat dövrü (təqvim ayı) üzrə elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirmək hüququ olan ƏDV məbləği arasındakı fərqi dövlət büdcəsinə ödəməyə borcludur. Lakin vergi ödəyicisinin idxal etdiyi və ya elektron qaimə-faktura əsasında aldığı mallar üzrə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdursa, həmin malların təqdim edilməsi (satışı) ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilmir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmədə təqdim edilmiş cavabdeh orqanın iddiaçıya ünvanladığı **********986800 №-li məktubunda qeyd edilmişdir ki, mallar alınarkən ƏDV-nin məbləği ödənilməsinə baxmayaraq ödənən ƏDV-ni vergi ödəyicisinin əvəzləşdirmək hüququ yoxdursa, həmin mallar ƏDV-yə cəlb olunmur. İş materiallarından göründüyü iddiaçının 2022-ci ilin noyabr-dekabr, 2023-cü ilin fevral ayları ərzində idxal etdiyi mallar üzrə ödədiyi 85,271.39 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ olmadığından, həmin malların daha sonra təqdim edilməsi Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə müvafiq olaraq vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, bu halda iddiaçı həm malların idxalı zamanı, həm də satışı zamanı iki qat ƏDV məbləği ödəməli olur. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-yə cəlb olunan dövriyyəsini idxal edilmiş malların faktiki alış (invoys) dəyəri əsasında deyil, gömrük dəyəri əsasında hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh istinad edilən normaların tələblərinə zidd olaraq malların invoys dəyəri ilə alışını nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq onu da qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarı əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2-1(118)-6316/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-333/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-333/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver