Məhkəmə qərarları › İş №2-1(105)-334/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-334/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-334/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili X1 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4015 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4015 nömrəli qərarın ləğv edilməsinə”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh vergi orqanının 15.01.2021-ci il tarixli **********6725 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. 07 aprel 2021-ci tarixdə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3 ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardaddan iddiaçı “xxxx” MMC apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iş üzrə məhkəmə icraatının bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vergi orqanı mübahisələndirilən qərarın ləğv edilməsinin mümkünlüyü barədə rəsmi qaydada yazılı məktub verməməsinə baxmayaraq, onların vədinə inanıb iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etmişdirlər. Eyni zamanda, ərizənin verilməsinə əaslardan biri də vergi orqanının rəsmi şəxslərinin işə məhkəmədə baxıldığı müddətdə onların şikayətlərinə baxa bilməyəcəklərini bildirmələri olmuşdur. Halbuki, məhkəmədə də vergi orqanı mübahisənin həllinə yönəlmiş qərarını bildirə bilərdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən vəkili X3 şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qərardad İPM-nin normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin geri qaytarılması haqqında ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normadan göründüyü kimi, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmədə baxılması prinsiplərini İnzibati Prosessual Məcəllə müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göründüyü kimi İnzibati Prosessual Məcəlləyə əsasən iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından və bununla bağlı imperativ norma olmadığından, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxararaq düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin geri qaytarılması haqqında ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-614/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin geri qaytarılması haqqında ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar