Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-334/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünsüz sayılması) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Məmmədov Zaur İkram oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X3, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Cavabdeh qarşı Xaçmaz şəhəri, N.Rəsulbəyov küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində yerləşən özbaşına qanunsuz tikinti-quraşdırma işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1965/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz şəhəri, N.Rəsulbəyov küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində yerləşən özbaşına qanunsuz tikinti-quraşdırma işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Cavabdeh tərəfindən Xaçmaz şəhəri, N.Rəsulbəyov küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində yerləşən tikinti obyektində icazəverici sənədlər təqdim edilmədən üçüncü mərtəbənin örtük səviyyəsində özbaşına tikinti işləri aparılması aşkarlanmışdır. Həmin işlərin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan binanın istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 09 avqust 2021-ci il tarixli 0493 nömrəli qərar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsi tələblərinin pozulmasını bildirilmiş və həmin pozuntu aradan qaldırılması ilə bağlı müəyyən müddət ərzində müvafiq tədbirlərin görülməsini tapşırılmışdır. Bununla bağlı, həmin tikinti obyektində mütəxəssislər tərəfindən 2022-ci ildə texniki baxış keçirilmiş və nəticədə tikinti-quraşdırma işlərinin dayandırılması barədə Qərarın tələblərini yerinə yetirilmədən dam örtüyü vurularaq divarların hörgü-suvar işlərinin davam etdirilməsi aşkarlanmışdır. Tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə almmadıqda onun sökülməsi həmin Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcüdluğunu nəzərə alınaraq, Agentlik tərəfindən məhkəməyə müraciət edilməsi zəruri edir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1965/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz şəhəri, N.Rəsulbəyov küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində yerləşən özbaşına qanunsuz tikinti-quraşdırma işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq Cavabdeh hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasına baxmayaraq, bununla bağlı cavabdehin müraciətin təmin olunmasından imtina etməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı iddia ərizəsinə 03 avqust 2021 və xx.xx.2022-ci il tarixli texniki baxış aktları əlavə etsə də, iş materiallarına əsasən cavabdehin hazırkı iddia tələbindən məlumatlı olduğu müəyyən edilmir. Hər bir halda iddiaçı irəli sürdüyü tələblərlə bağlı cavabdehi məlumatlandırmalı və şərtlərə əməl edilməklə məlumatlandırılmış (cavabdeh aşkar olunmadığı halda kütləvi informasiya vasitələri ilə elan verilməklə) cavabdeh tərəfindən tələblər yerinə yetirilmədiyi halda tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət etməli, yəni, məhkəməyə müraciət edilmənin əsasını lazımı qaydada məlumatlandırılmış cavabdeh tərəfindən tələb olunan şərtlərin yerinə yetirilməməsi təşkil etməlidir. Bu isə cavabdehin müraciətin təmin edilməsindən imtinası (və ya müraciəti cavabsız saxlaması) şəklində ifadə oluna bilər ki, hazırkı iş materiallarından ümumiyyətlə cavabdehin məlumatlandırılması, o cümlədən cavabdehin irəli sürülən tələblərin yerinə yetirilməsindən imtina etməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən etməli olduğu halda etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddianın mümkünlüyü məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. ... 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları": 5-ci hissəsinə əsasən (Məhkəmə qaydasında sökülən tikinti obyektləri ilə bağlı Agentliyin vəzifələri) bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 3-cü hissəsi Tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilən obyektin və ya onun hissəsinin sökülməsi, 4-cü hissəsi tikintisinə icazə alınmadan inşa olunan obyektin və ya onun hissəsinin sökülməsi barədədir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi Xaçmaz şəhəri, N.Rəsulbəyov küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində yerləşən özbaşına qanunsuz tikinti-quraşdırma işlərinin nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman cavabdeh tərəfindən müvafiq ünvanda yerləşən tikinti obyektində icazəverici sənədlər təqdim edilmədən özbaşına tikinti işləri aparılması aşkar edilmiş, buna dair texniki baxış aktı tərtib edilmiş, onun əsasında 09 avqust 2021-ci il tarixli “Tikinti işlərinin dayandırılması barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın məzmununda pozuntunun aradan qaldırılması üçün obyektin tikintisinə icazə sənədlərinin Agentliyə təqdim edilməsinin təmin edilməsi və bunun üçün 30 gün müddət müəyyən edilməsi əks olunmuşdur. Daha sonra dekabr 2022-ci il tarixdə iddiaçı inzibati orqanın əməkdaşları tərəfindən yenidən müvafiq tikinti obyektinə texniki baxış keçirilmiş, buna dair akt tərtib edilmişdir. Bundan sonra iddiaçı birbaşa məhkəməyə müraciət etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Başqa sözlə desək, qeyd edilən iddia növü üzrə həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdehə müraciət edib-etməməsidir. İndiki halda, iş materiallarında iddiaçının hazırki iddia tələbi ilə ilkin olaraq cavabdehə müraciət etməsi və ya müraciət etdiyi halda cavabdehin hərəkətsizlik nümayiş etdirməsi ilə bağlı sübut olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı sənədlərin məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmış, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahtında onlar tərəfindən qeyd edilən tələblə bağlı cavabdehə ünvanlanmış belə bir müraciətin olmadığını, bu səbəbdən də həmin sənədlərin mövcud olmadığını bildirdi. Göründüyü kimi iddiaçı özü bu barədə sübutların olduğunu qeyd etsə də, daha sonra belə bir müraciətin olmadığını təsdiq etmişdir. Nəticə etibarilə indiki halda iddiaçı hazırkı tələblə ilkin olaraq cavabdehə müraciət etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyd edilən hallarla bağlı mümkünlük şərtləri yoxlanılmamış, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, işə mahiyyəti üzrə baxaraq, iş üzrə yalnış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, təmin edilməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1965/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-334/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-334/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver