Məhkəmə qərarları › İş №2-1(105)-335/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-335/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-335/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və X4 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxxxxx 2018-ci il tarixli 0743 saylı əmrin ləğv edilməsi və onun N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, xx.xx.2018-ci il tarixli, 0743 saylı əmrin ləğv edilməsi və onun N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, növbəti hərbi zabit rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmr verildiyi tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək olan müddətin onun qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, həmin ildən kadr zabiti kimi silahlı qüvvələrdə xidmətə başlamışdır. 2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsində mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsində qüsursuz xidmət etmişdir. xx.xx.2018-ci il tarixdə xidmətdə olduğu zaman həmin hərbi hissənin qərargahına çağırılmış və ona təyinat vərəqəsi təqdim edilərək, Müdafiə nazirinin xx xxxxxx 2018-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bildirilmişdir. Əmrin surəti ona indiyə qədər təqdim edilməmiş, yalnız şifahi olaraq xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən xaric olunduğu bildirilmişdir. Halbuki o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Xidmətə başladığı gündən barəsində hərbi intizamın pozulmasına görə İntizam Nizamnaməsində nəzərdə tutulmuş hər hansı cəza tədbiri tətbiq edilməmişdir, əksinə xx.xx.2008-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubiley medalı, xx.xx.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı, xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” (1918-2018) yubiley medalı, xx.xx.2012-ci il tarixdə “Qüsursuz Xidmətə” görə 3-cü dərəcəli medal ilə, xx.xx.2016-cı il tarixdə “Qüsursuz Xidmətə” görə 2-ci dərəcəli medal ilə, 2016-cı il tarixdə Türkiyə Respublikasında keçirilən hərbi təlimlərdə fəal iştirakına görə Türkiyə Respublikası Hərbi X11 tərəfindən Fəxri Fərmanla və Türkiyə Respublikasında “TURAZ Şahini” 2016-cı il tarixli təlimdə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur. Bundan başqa, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 161-ci maddəsinin 1-ci hissəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmağa iki ay qalmış xəbərdar edilməli olduğu halda, hərbi hissənin komandanlığı tərəfindən onunla hər hansı söhbət aparılmamışdır. Bundan əlavə, ona növbəti zabit, yəni mayor hərbi rütbəsi xx xxxxxx 2018-ci il tarixdə verilməli olduğundan buna müvafiq olaraq xidmət etdiyi hərbi hissə tərəfindən yuxarı vəzifəli şəxsə və ya orqana təqdimatla müraciət edilmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq, həmin hərbi rütbə ona verilməmişdir. Əmrin surəti ona verilməsə də, vəkil sorğusuna cavab olaraq cavabdeh xx.xx.2018-ci il tarixli məktubunda bildirmişdir ki, Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X6 xx.xx.2018-ci il tarixli, 2454 nömrəli və xx.xx.2018-ci il tarixli, 2504 nömrəli müayinə aktlarına əsasən, ondan götürülmüş nümunələrdə tetra-hidro kannabinol adlı narkotik maddələrin izləri aşkar olunduğundan, yuxarı qərargahın tapşırığına əsasən onun barəsində təqdimat verilmiş və o, Müdafiə nazirinin xx xxxxxx 2018-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunmuşdur. Bundan əlavə, həmin məktubda bildirilmişdir ki, keçmiş hərbi qulluqçu İddiaçı xx.xx.2018-ci il tarixdə mayor hərbi rütbəsini almalı olduğu üçün xx.xx.2018-ci il tarixdə müvafiq təqdimatla yuxan qərargaha müraciət edilmiş, lakin bu barədə müsbət qərar qəbul edilmədiyindən təqdimat icra edilmədən geri qaytarılmışdır. Göründüyü kimi, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx xxxxxx 2018-ci il tarixli əmrin verilməsinə və eyni zamanda ona mayor hərbi rütbəsinin verilməməsinə əsas Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 xx.xx.2018-ci il tarixli, 2454 nömrəli və xx.xx.2018-ci il tarixli, 2504 nömrəli müayinə aktları olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən müvafiq təhqiqat aparıldıqdan sonra, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin 3-1(093)-20/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə, onun barəsində başlanmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, yəni əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-525/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə nazirinin 0743 saylı, xx xxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi hissəsində iddia təmin olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün heç bir hal öz təsdiqini tapmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-525/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, növbəti hərbi zabit rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmr verdiyi tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək olan müddətin onun qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qeyd etmişdir ki, əmrin ləğvinə dair mübahisə aidiyyəti üzrə inzibati məhkəmə icraatında baxılmalı olsa da, əvvəllər tutduğu vəzifəyə bərpa edilməsinə dair mübahisə mülki hüquqi xarakterlidir. Bu səbəbdən də həmin tələbə inzibati mübahisə kimi baxıla bilməz. Tələbin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmr verdiyi tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək olan müddətin onun qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsinə dair hissələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin məsələ ilə bağlı iddiaçının cavabdehə yazılı müraciəti və onun imtina cavabı olmadığından tərəflər arasında hər hansı mübahisənin mövcud olması öz təsdiqini tapmır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-398/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: N.M.Nəsibov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 525/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı qismən işə bərpa tələbi hissəsində ləğv olunmuş və iddia işə bərpa tələbi hissəsində mümkün sayılmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-398/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: N.M.Nəsibov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) apelyasiya şikayəti təmin edilməmiş, iddiaçının iddiası işə bərpa tələbi hissəsində təmin olunmuş, iddiaçının əvvəlki N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-439/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: İ.K.Hüseynov və M.İ.Səfərova) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 398/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuş, 2004-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirmiş, xx.xx.2018-ci il tarixdən N №-li hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsində xidmət etmişdir. Hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 2454 №-li göndərişinə əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X7 tibbi müayinədən keçmişdir. 223/K №-li maddi sübutların tədqiqatı aktından görünür ki, iddiaçıdan götürülmüş qanda və sidikdə Tetra-hidro kannabinol adlı izləri aşkar olunmuşdur və aşkarlanan bu peraparatlar çətənə bitkisindən alınan marixuana, həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. Hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, 2504 №-li göndərişinə əsasən iddiaçıdan yenidən götürülmüş qan, sidik nümünələri, həmçinin tük nümünələri tədqiq olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X8 238/K №-li maddi sübutların tədqiqatı aktından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu kapitan İddiaçı götürülmüş qan və tük nümunələrinin tərkibində Tetra-hidro kannabinol (6-H- Dibenzo (b,d) puran-1-ol,) adlı maddənin izləri aşkar olundu. Aşkarlanan bu maddə çətənə (kannabis) bitkisindən alınan marixuana, həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt (eyforiya) yaradan psixoaktiv peraparatdır. Aşkarlanan həmin narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. Qan nümunəsinin tərkibində pirrol qrupuna aid olan dərman preparatlarının izləri aşkar olunmuşdur. Aşkarlanan dərman preparatları ən çox hallarda narkotik istifadəçilərinin müalicəsi zamanı mərkəzi sinir sistemini stimullaşdırmaq və sidik ifrazını artırmaq məqsədi ilə tətbiq edilir. 223/K №-li aktdan fərqli olaraq 238/K №-li aktda iddiaçıdan götürülmüş sidik nümünəsində narkotik maddənin aşkarlanması göstərilmir. Bu birinci maddi sübutların tədqiqi ilə ikinci tədqiqatın arasında 9 gün müddətin keçməsi, eləcə də iddiaçının narkotik maddənin əlamətlərini aradan qaldırmaq üçün qəbul etdiyi dərman preparatlarının təsiri ilə mümkün olmuşdur. Psixoaktiv pereparatların əlamətləri qan və tükdə daha uzun müddətə saxlandığından iddiaçıdan götürülmüş qan və tük nümünələrində də bu əlamətlər tam silinməmişdir. Bakı Hərbi Məhkəməsinin iddiaçının barəsində təyin etdiyi ekspertizanın rəyi xx.xx.2018-ci ildə, yəni 114 gün sonra verilmiş, həmin ekspertiza zamanı iddiaçıdan 2018-ci ilin avqustun 15-də və 28-də götürülmüş nümunələr tədqiq olunmamışdır. Uzun müddət keçdiyinə və müalicə olunduğuna görə iddiaçıda 2018-ci ilin dekabrın 7-də psixoaktiv pereparatların əlamətləri qalmaya bilərdi. Məhkəmə iş təcrübəsi 2001-ci ildən olan məhkəmə-tibb-eksperti-kimyaçı Qalib Həsənovu məhkəməyə dəvət etməmiş, ekspert rəyləri arasında ziddiyyəti tədqiq etməmiş, halbuki məhkəmə ekspertizanın rəylərini digər sübutlarla qarşılıqlı müqayisədə tədqiq etməli idi, çünki iddiaçı hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar onunla aparılan söhbət zamanı ailə problemi ilə əlaqədar olaraq istifadə etdiyini və bununla əlaqəli olaraq müalicə aldığını, etdiyi əmələ görə peşman olduğunu, hal-hazırda müalicəsini davam etdirdiyini bildirmişdir. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin protokolunda iddiaçı öz çıxışında bildirmişdir ki, xx.xx.2016-cı ildə 2 yaşında olan övladının itirdikdən sonra narkotik maddə olan çətənə kolunun yarpaqlarını qəbul etmiş sonradan bu əməmlindən peşman olduğu üçün müalicə almışdır. Etdiyi əməlin ciddi şəkildə zabitin şərəfinə xələl gətirdiyini anlayır. Göstərilənlərə əsasən N nömrəli hərbi hissənin komandiri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırmış, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2018-ci il tarixli, 0743 №-li əmri ilə kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan, sidik və tük nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Hərbi xidmət xüsusi xarakter daşıyır, iddiaçı rütbəsinə və vəzifəsinə görə bəzi hərbi qulluqçulara münasibətdə rəis və ya böyük hesab olunur, mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsində xidmət etmişdir.O narkotik vasitələrin qəbuledicisi kimi hərbi xidmətədə saxlanıla bilməzdi. İddiaçı hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılmamışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-cı maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər. Qanunverici “bir qayda olaraq” ifadəsindən məqsədli istifadə etmişdir. Həqiqi hərbi xidmətdən ehtiyata, yxud istefaya buraxılmaq haqqında iki ay qalmış xəbərdar etmə əsasən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçulara münasibətdə tətbiq edilir. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılan hərbi qulluqçulara münasibətdə bu qaydaya əməl olunmaya bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsində də göstərilir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma hərbi qulluqçunun hərbi intizamı ciddi pozması, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşması, öz üzərində çalışmaması, tabeliyində olanlara qarşı tələbkar olmaması və sair hallarda ola bilər. Belə hallar müxtəlif üsullarla aşkarlana bilər. Belə halların aşkarlanmasından sonra hərbi qulluqçunun iki ay xidmətdə saxlanması hərbi xidmətin mənafelərinə uyğun deyildir. Azərbaycan Respublikası Silahlı X3 qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır, lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkilh oğluapelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi HəsənovTəhmirazMustafaoğlu apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Əsasnamənin 168-ci bəndinə əsasən, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş və həmin tarixdən etibarən iş və vəzifəsinin qəbuluna və icrasına başlaması qərara alınmışdır. xx.xx.2018-ci il tarixdən iddiaçı N №-li hərbi hissənin Mühəndis aviasiya təminatı bölməsinin mühəndisi (aviasiya silahları üzrə) vəzifəsində xidmət etmişdir. xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 0743 №-li əmri ilə kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin 3-1(093)-20/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, yəni əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmin qərardan görünür ki, işə baxılarkən təkrar məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və müayinədən keçmiş İddiaçı götürülmüş qan və sidik nümunələrində narkotik vasitə aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında icraata xitam vermişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmrin verilməsi üçün əsas olmuş hal, yəni İddiaçı qan və sidik nümunələrində narkotik vasitələrin aşkar edilməsi faktı öz təsdiqini tapmamış və bununla bağlı onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxarıda qeyd olunan normadan görünür ki, qanunverici məlum Əsasnamənin 156-158-ci maddələri üzrə buraxılma haqqında əmrlərin dəyişdirilməsinə buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə yol vermir. Göründüyü kimi buraxılma haqqında əmrin dəyişdirilməsi üçün iki şərt var: 1) buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməlidir; 2) buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməlidir. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun. İş materiallarından görünür ki, iddiaçıdan 2018-ci ilin avqustun ayının 15-də götürülmüş qan, sidik və tük nümunələrində, həmin ayın 28-də isə iddiaçının qan və tük nümunələrində narkotik vasitə aşkarlanmışdırsa, təkrar ekspertiza xx.xx.2018-ci ildə, yəni ilkin tədqiqatdan 3 aydan çox vaxt keçdikdən sonra keçirilmişdir. Birinci tədqiqatla təkrar ekspertiza arasında uzun müddət keçmişdir. Həm uzun müddətin keçdiyinə, həm də iddiaçının müalicə alması səbəbindən ondan götürülmüş nümunələrdə 2018-ci ilin dekabr ayında artıq psixoaktiv preparatların əlamətləri qalmaya da bilərdi. Həm də, təkrar ekspertiza zamanı ilkin tədqiqat zamanı götürülmüş nümunələr deyil, yeni nümunələr götürülərək rəy verilmişdir. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin protokolunda iddiaçı öz çıxışında bildirmişdir ki, xx.xx.2016-cı ildə 2 yaşında olan övladını itirdikdən sonra narkotik maddə olan çətənə kolunun yarpaqlarını qəbul etmiş, sonradan bu əməlindən peşman olduğu üçün müalicə almışdır. Etdiyi əməlin zabitin şərəfinə ciddi şəkildə xələl gətirdiyini anlayır. İşə apelyasiya qaydasında yenidən baxılarkən iddiaçı tərəf N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində iddiaçının iştirak etmədiyini, iddiaçının yuxarıda göstərildiyi kimi izahat vermədiyini mübahisələndirdiyindən iddiaçı tərəfin vəsatətinə əsasən şərəf məhkəməsinin iştirakçıları məhkəmə iclasında şahid qismində dindirilmişdir. X1, X14 və X12 ifadələrində bildirmişdirlər ki, İddiaçı şərəf məhkəməsinin iclasında iştirak etməmişdir. X2 ifadəsində bildirmişdir ki, şərəf məhkəməsinin iclasına sədrlik etmişdir. İddiaçı iclasda iştirak etmiş, söz veriləndə 1-2 kəlmə danışmışdır. Uzun müddət keçdiyindən Qoşqarın iclasda nə dediyini dəqiq xatırlamır. X10 ifadəsində bildirmişdir ki, İddiaçı iclasda iştirak etmiş, lakin iclas bitməmiş çıxıb getmişdir. Onun nə dediyini dəqiq xatırlamır. Ümumiyyətlə protokol tərtib edərkən, o, iclasda deyilən sözləri yazır. Bundan əlavə, iş materiallarından həmçinin görünür ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar onunla aparılan söhbət zamanı ailə problemi ilə əlaqədar narkotik vasitələrdən istifadə etdiyini və bununla əlaqədar müalicə aldığını, etdiyi əmələ görə peşman olduğunu, hal-hazırda müalicəsini davam etdirdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, xidmət etdiyi hərbi hissədə ona qarşı qərəzli münasibət olmamışdır. Əksinə qüsursuz xidmətinə görə dəfələrlə təltif edilmişdir. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan, sidik və tük nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların isə xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. İddiaçı rütbəsinə (kapitan) və tutmuş olduğu vəzifəsinə (Mühəndis aviasiya təminatı bölməsinin mühəndisi (aviasiya silahları üzrə) görə müəyyən kateqoriya hərbi qulluqçulara münasibətdə rəis hesab olunur, bütün komandirlər (rəis) isə hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borcludurlar, ümumiyyətlə hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Göründüyü kimi, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçularla fərdi söhbətin buraxılmadan 2 ay qabaq aparılması mütləq xarakter daşımır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, xx xxxxxx 2018-ci il tarixli əmrin verilməsi qanunverciliyin tələbinə uyğun olmuşdur. Əmrin əsassız və qanunsuz olması tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir. Odur ki, həmin əmrin ləğvi barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-525/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxxxxx 2018-ci il tarixli 0743 saylı əmrin ləğv edilməsi və onun N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-525/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxxxxx 2018-ci il tarixli 0743 saylı əmrin ləğv edilməsi və onun N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Şəmsəddin Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar