Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-335/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarının X5 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X5 verilmiş JN-301A (KOD ********) seriya nömrəli 12.07.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-173/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarının X5 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X5 verilmiş JN- 301A (KOD ********) seriya nömrəli 12.07.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyası müvafiq səlahiyyəti olmadığı halda etibarsız inzibati akt qəbul etmişdir. Belə ki, həmin dövrün qanunvericiliyinə əsasən Aqrar İslahat Komissiyasının həyətyanı torpaq sahəsi ayırmaq hüququ olmamışdır. Ümumiyyətlə, Aqrar İslahat Komissiyası yalnız müəyyən hüquqi sənədlərlə vətəndaşların istifadəsinə verilmiş həyətyanı torpaq sahələrinə dair qərar qəbul edə bilərdi. Bu səbəbdən də iddia düzgün qoyulmuşdur və məhkəmə bu iddiaya İnzibati Prosessual Məcəllənin 36-cı maddəsinə əsasən baxmalıdır. Qərarın etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, məhkəmələr bu işlər üzrə müddətin ötürülməsi ilə bağlı adətən İnzibati Prosessual Məcəllənin 38.1-ci və “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə istinad edirlər. Qanunvericilikdə bu tipli iddialarda müddət nəzərdə tutulmamışdır. İddiaçı və ailə üzvləri 1997-ci ildən Xaçmaz rayonu, Şollar kəndində 0,10 ha torpaq sahəsində ev tikib yaşayır. Belə ki, 1997-ci ilin may ayının 22-dən etibarən ailə üzvləri ilə birlikdə mübahisəli 0.10 ha torpaq sahəsini istifadə etmiş, torpaq sahəsində ev tikmiş və indiyədək hər il bələdiyyəyə torpaq vergisini ödəmişdir. Torpaq sahəsi ona Susayqışlaq inzibati ərazi vahidi nümayəndəsinin əmri ilə verilmişdir. Xaçmaz rayonu Susayqışlaq inzibati ərazi vahidi nümayəndəliyinin 05 saylı 21.05.1997-ci il tarixli əmri ilə həmin Şollar kəndindən ev tikmək üçün 0,10 ha torpaq sahəsini iddiaçıya ayırmışdır. Həmin əmr Susayqışlaq inzibati ərazi vahidi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Göstərilən əmr Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07.07.1995-ci il tarixli 52 saylı protokoluna əsasən verilmişdir. Belə ki, arxiv arayışına əsasən Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07.07.1995-ci il tarixli 52 saylı protokolu ilə rayonun Nizami, S.Qurbanov, H.Z.Tağıyev adına, “Şəfəq”, Bakı, Müşkür, Xəzər, Xudatkənd, Azərbaycan, Yalama, Uzunoba, Susay, Niyazabad sovxozlarında və Qusarçay kəndində həyətyanı torpaq fondu təsdiq edilmiş və həmin inzibati ərazi vahidlərinə həyətyanı torpaq fondunun ayrılmasına dair məktub göndərilmişdir. 22.05.1997-ci il tarixdə həmin torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. İddiaçının Xaçmaz rayon arxivinə 05 noyabr 2018-ci il tarixli H-61/01 saylı sorğusuna əsasən aldıqları rəsmi cavabda bildirilmişdir ki, Susayqışlaq kənd İƏV nümayəndəliyinin 2000-ci ilədək sərəncamlarında C.M.Bayramovaya həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilməyib. 1997-ci ilin may ayından bu günə qədər iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində olan 0.10 ha torpaq sahəsinin AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. “Susay” sovxozunun AİK-nin 25.02.1998-ci il tarixli 02 saylı protokolu ilə sovxozun əhatə etdiyi kəndlər, o cümlədən Şollar kəndi üzrə normadan artıq həyətyanı torpaq sahəsi olan şəxslərin pay torpaqlarından həmin hissədə çıxılması qərara alınmışdır. Xaçmaz rayon AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə “Susay” sovxozu üzrə cəmi torpaq fondu 3620 ha olmaqla dövlət mülkiyyətində saxlanılan torpaqlar 1170 ha, bələdiyyə mülkiyyətinə verilən 599 ha və xüsusi mülkiyyətə verilən torpaqlar 1851 ha torpaq payı almaq hüququ olan hər bir subyektə 0,56 ha orta torpaq payının müəyyən edilməsi barədə “Susay” sovxozu AİKnin 25.02.1998-ci il tarixli 02 saylı protokolu təsdiq edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, “Susay” sovxozu ərazisindəki kəndlərdə yaşayan vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaqlar onların torpaq payından çıxılsın. Xaçmaz rayon Dövlət Arxivinin 20.07.2016-cı il tarixli 530 saylı arxiv arayışına əsasən Xaçmaz rayon AİK-nin 28.04.1998-ci il tarixli 05 saylı protokolu ilə Susay sovxozu Şollar kəndi üzrə püşk atma yolu ilə fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarında torpaq almaq hüququ olan vətəndaşların ardıcıllıq siyahısında 196-cı sırada iddiaçının adına qaytanlanmış kitab üzrə 0,10 ha, faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon AİK-nin 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya, X8 və X6 0,06 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 12.07.2004-cü il tarixdə şəhadətnamə verilmişdir. İddiaçı 2011-2012-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə dəfələrlə müraciət etmişdir. Vəkili tərəfindən bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) sorğu verilmişdir. 22.01.2020-ci il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, “İddiaçı ona ayrılmış 0.10 ha torpaq sahəsinin mülkiyyət hüququna dair şəhadətnamədə ölçülərinin düzgün göstərilmədiyi və bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinə müraciətinin nəticəsiz qalması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə ünvanladığı şikayətlə bağlı tərəflərindən həmin komitəyə göndərilmiş sorğuya verilmiş cavabda İddiaçı müraciətinin rayonun aidiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə mövcud yerquruluşu və arxiv sənədlərinə əsasən, mütəxəssislər tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırıldığı, Xaçmaz Rayon İqrar İslahat Komissiyası tərəfindən 12.03.2001-ci il tarixdə təsdiq edilmiş həmin kənddə yaşayan vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair layihə sənədlərində İddiaçı qanuni istifadəsində 0.10 hektar əvəzinə texniki səhv olaraq 0.06 hektar həyətyanı torpaq sahəsi qeyd olunduğundan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin də həmin ölçüdə hazırlandığı, odur ki, buraxılmış uyğunsuzluğun aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin torpaqayırma sənədlərini komitəyə təqdim etməsinin İddiaçı tövsiyə olunduğu bildirilmişdir.” Xaçmaz rayonu Susay-Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 1997-ci il 22 may tarixli, 5 saylı əmrinin surəti, Xaçmaz rayonu Susay-Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin sərəncamının surəti, 1997-ci il 22 may tarixli təhkim aktının surəti, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli, 05 saylı Protokolunun surəti və həmin komissiyanın Şollar kəndi üzrə torpaq almaq hüququ vətəndaşların siyahısının surəti təqdim edilmişdir. Həmin sənədlər ona 0.10 ha torpaq sahəsinin ayrılmasını sübut edir. Üçüncü şəxs C.Bayramova hesab edir ki, onun adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0.06 ha torpaq sahəsinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə verilməsi göstərilmişdir. Həmin qərarda C.Bayramovanın adı qeyd olunsa da, ona hər hansı torpaq sahəsi verilməsi göstərilməmişdir. Yəni həmin qərar ilə C.Bayramovaya torpaq sahəsi verilməmişdir. Aqrar İslahat Komissiyasının mövcud qanunvericiliyə görə torpaq ayırma kimi bir funksiyası yoxdur, hüquq və vəzifəsi də olmamışdır. C.Bayramovaya torpaq sahəsinin ayrılmaması ilə bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. C.Bayramova iddiaçının 1997-ci ildən hasara alıb istifadə etdiyi torpaq sahəsindən sonra yerləşən ərazini 2005-ci ildə qanunsuz hasara almışdır. Buna qədər onun hər hansı sənədi və istifadəsində torpaq sahəsi olmamışdır. 1997-ci ilin may ayının 22-dən iddiaçı ona təhkim olunmuş 0.10 ha torpaq sahəsini istifadə etmiş, bununla bağlı vergi ödəmişdir və orada tikdiyi evdə yaşayır. Sonradan həmin torpaq sahəsinin 0.06 ha hissəsi qanunsuz olaraq iddiaçıya, qalan hissəsi də C.Bayramovanın mülkiyyətinə verilmişdir. C.M.Bayramovanın adına olan JN 301A kod ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0.06 ha torpağ sahəsinin Xaçmaz rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilməsi göstərilir. AİK-nın həmin tarixli qərarında C.M.Bayramovanın adı qeyd olunsa da, ona hər hansı ölçüdə torpaq sahəsinin verilməsi göstərilməmişdir. Yəni AİK-nın qərarı ilə mübahisəli torpaq sahəsi C.M.Bayramovanın mülkiyyətinə verilməmişdir. C.M.Bayramova isə əsassız olaraq qeyd edir ki, guya Xaçmaz rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ona 0,06 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi JN 301A nömrəli, kodu 30222048 olan şəhadətnaməyə əsasən verilən tarixdən onun mülkiyyətindədir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə AİK-nin torpaq ayırma kimi bir funksiyası, hüquq və vəzifəsi olmamışdır. AİK-nın torpaq islahatı haqqında qanununun 9-cu və 10-cu maddələrinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə vermişdir. Məhkəməyə təqdim etdiyi Xaçmaz rayonun arxiv idarəsindən əldə etdiyi Xaçmaz rayon AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı protokolunun surəti və Şollar kəndi üzrə torpaq almaq hüququ olan vətəndaşların siyahısının surəti ilə sübut olunur ki, həmin siyahıda 6-cı sırada olan X2 adının qabağında torpaq sahəsinin olması göstərilməmişdir və AİK-nın qərarı ilə ona hər hansı torpaq ayrılmamışdır. Xaçmaz rayon arxivinə 05 noyabr 2018-ci il tarixli H- 61/01 saylı sorğuya əsasən iddiaçının aldığı rəsmi cavabda bildirilmişdir ki, Susayqışlaq kənd İƏV nümayəndəliyinin 2000-ci ilədək sərəncamlarında C.M.Bayramovaya həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilməmişdir. 1997-ci ilin may ayından bu günə qədər iddaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan 0.10 ha torpaq sahəsinin AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada iddaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) iddaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. Ona görə də, iddiaçı hesab etmişdir ki, Xaçmaz rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı əsassızdır və ləğv edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-173/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Qərardaddan İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Susay-Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 1997-ci il 22 may tarixli, 5 saylı əmrinin surəti, Xaçmaz rayonu Susay-Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin sərəncamının surəti, 1997-ci il 22 may tarixli təhkim aktının surəti, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli, 05 saylı Protokolunun surəti və həmin komissiyanın Şollar kəndi üzrə torpaq almaq hüququ olan vətəndaşların siyahısının surəti təqdim edilmişdir. Həmin sənədlər ona 0.10 ha torpaq sahəsinin ayrılmasını sübut edir. Üçüncü şəxs C.Bayramova hesab edir ki, onun adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0.06 ha torpaq sahəsinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə verilməsi göstərilmişdir. Həmin qərarda C.Bayramovanm adı qeyd olunsa da, ona hər hansı torpaq sahəsi verilməsi göstərilməmişdir. Yəni, həmin qərar ilə C.Bayramovaya torpaq sahəsi verilməmişdir. Aqrar İslahat Komissiyasının mövcud qanunvericiliyə görə torpaq ayırma kimi bir funksiyası yoxdur, hüquq və vəzifəsi də olmamışdır. C.Bayramovaya torpaq sahəsinin ayrılmaması ilə bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. C.Bayramova onun 1997-ci ildən hasara alıb istifadə etdiyi torpaq sahəsindən sonra yerləşən ərazini 2005-ci ildə qanunsuz hasara almışdır. Buna qədər onun hər hansı sənədi və istifadəsində torpaq sahəsi olmamışdır. 1997-ci ilin may ayının 22-dən ona təhkim olunmuş 0.10 ha torpaq sahəsini istifadə etmişdir, bununla bağlı vergi ödəmişdir və orada tikdiyi evdə yaşayır. Sonradan həmin torpaq sahəsinin 0.06 ha hissəsi qanunsuz olaraq ona, qalan hissəsi də C.Bayramovanın mülkiyyətinə verilmişdir. C.M.Bayramovanın adına olan JN 301A kod ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0,06 ha torpağ sahəsinin Xaçmaz rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilməsi göstərilir. AİK-nın həmin tarixli qərarında C.M.Bayramovanın adı qeyd olunsa da, ona hər hansı ölçüdə torpaq sahəsinin verilməsi göstərilməmişdir. Yəni, AİK-nın qərarı ilə mübahisəli torpaq sahəsi C.M.Bayramovanın mülkiyyətinə verilməmişdir. C.M.Bayramova isə əsassız olaraq qeyd edir ki, guya Xaçmaz rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ona 0,06 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi JN 301A nömrəli, kodu 30222048 olan şəhadətnaməyə əsasən verilən tarixdən onun mülkiyyətindədir. Məhkəməyə təqdim etdiyi Xaçmaz rayonun Arxiv idarəsindən əldə etdiyi Xaçmaz rayon AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı protokolunun surəti və Şollar kəndi üzrə torpaq almaq hüququ olan vətəndaşların siyahısının surəti ilə sübut olunur ki, həmin siyahıda 6-cı sırada olan X3 adının qabağında torpaq sahəsinin olması göstərilməmişdir və AİK-nın qərarı ilə ona hər hansı torpaq ayrılmamışdır. Xaçmaz rayon Arxivinə 05 noyabr 2018-ci il tarixli H-61/01 saylı sorğusuna əsasən aldığı rəsmi cavabda bildirilmişdir ki, Susayqışlaq kənd İƏV nümayəndəliyinin 2000-ci ilədək sərəncamlarında C.M.Bayramovaya həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilməyib. 1997-ci ilin may ayından bu günə qədər onun və ailə üzvlərinin qanuni istifadəsində olan 0,10 ha torpaq sahəsinin AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada onun və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X11 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında iddiaçılar İddiaçı, X1, X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı adlarına verilmiş JN-197A saylı, 30222048 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə qismən dəyişiklik edilməklə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ölçüsünün 0,10 ha göstərilməsi, tərəflərindən hasarlanmış və faktiki olaraq istifadələrində olan həmin 0,10 ha torpaq sahəsinə onların mülkiyyət hüquqlarının qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair adlarına reyestrdən çıxarışın verilməsi, Mansurova Yaqutun atasının adının “Hacımurad”, Rəhilənin soyadının “Mansur” yazılması, 3-cü şəxs X4 adına verilmiş JN-301 A saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv edilməsi və sonuncunun adına rəsmiləşdirilmiş 0,04 ha torpaq sahəsinin onların adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş olmuş, məhkəmənin 2-1(85)-413/2017 saylı, 15 mart 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərarda iddiaçılara izah edilmişdir ki, mübahisə kökü aqrar islahat zamanı vətəndaşlara ayrılmış torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin sərhəddinin müəyyən olunması ilə bağlı olduğundan buna müvafiq olaraq X7, bələdiyyə və bələdiyyənin X4 torpağına bitişik ərazidə torpaq sahəsi ayırdığı şəxslə müxtəlif razılaşma, bu mümkün olmadıqda isə müxtəlif iddialar qaldırma imkanları vardır. Xaçmaz Rayon Məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair 2(067)-1009/2018 saylı iş olmuş, məhkəmənin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN 301 A kod ******* olan şəhadətnaməyə əsasən X4 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin İddiaçı qanunsuz istifadəsindən alınaraq iddiaçı X5 qaytarılması qət edilmişdir. Bundan başqa, iddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 saylı qərarını mübahisələndirir və tələbini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yönəltmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qərardadında göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ləğv edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan, hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddiaya cavab verməli olan şəxs olmadığından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin qərarda həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar” Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-173/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-335/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-335/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver