Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-335/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-2160/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0.30 ha torpaq sahəsi üçün verilmiş 10.11.2004-cü il tarixli, JN-8261 KOD ******* saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Hüquqların dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və mübafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,30 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 15.05.1998-ci il tarixli 09 saylı qərarına əsasən iddiaçıya ayrılmışdır. Həmin vaxtdan göstərilən torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, onun tərəfindən həmin ərazidə ağaclar əkilmişdir. 2004-cü ildə DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN-8261 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən çıxarış almaq məqsədi ilə iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir.
4. Cavabdeh iddiaya etirazında götərmişdir ki, İddiaçı müraciəti araşdırılarkən istinad olunan JN-8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığı və idarənin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmadığı müəyyən edilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-2160/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı mövcud deyildir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. İddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.
7. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, torpaq sahəsinin ayrılmasına dair Aqrar İslahat Komissiyasının qərarı aşkar olunmamışdır. Qaldı ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1998-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahılarının əlavə olunmamasına, bu artıq bir vətəndaş kimi onun təqsiri deyil və bu halın iddianın rədd olunması üçün əsas kimi götürülməsi özü-özlüyündə absurddur. Belə ki, məhkəmə qərarında göstərilən bu hala əsaslansa, onda belə çıxır ki, Quba şəhərində aqrar islahat aparılarkən Quba şəhərinin sakinlərinə verilmiş bütün torpaqlar qanunsuz verilib və bu torpaqların heç birinə reyestrdən çıxarış verilməməlidir, verilmiş çəxarışlar ləğv olunmalıdır və ümumiyyətlə, bütün bu torpaqlar vətəndaşlardan geri alınmalıdır? Dövlət tərəfindən verilmiş, qüvvədə olan, heç bir səlahiyyətli orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv olunmamış, mülkiyyət hüquqlarını təsdiq edən sənəd olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 1998-ci ildən qanuni istifadəsində olan torpaq sahəsinin hüquqi statusu necə olmalıdır? Əgər DƏDRX ona göstərilən torpaq sahəsinə çıxarış verməkdən imtina edirsə (baxmayaraq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2000-ci ilin may ayında verilmiş şəhadətnamə ilə təsbit olunmuş mülkiyyət hüquqlarını DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tanımamağa və bunları mübahisələndirməyə heç bir hüququ yoxdur) və məhkəmə orqanları DƏDRX-nin bu qanunsuz mövqeyini müdafiə edirsə, göstərilən torpaq sahəsini nə etməlidir? Ümumiyyətlə, dövlət reyestrində qeydiyyat hüququn yaranması kimi yox, bundan əvvəlki yaranmış hüququn sadəcə olaraq reyestrdə formal qeydə alınması kimi qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduqda, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi DƏDRX yaranmamış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamə əsasında mövcud olan hüquqları sadəcə olaraq qeydə almalı idi. İşə baxan məhkəmə instansiyaları isə Qanunun yuxarıda göstərilən müddəalarını düzgün tətbiq edə bilməmiş və onun birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən mülkiyyət və vətəndaş hüquqlarını pozan qərarlar qəbul etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
12. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; .. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
17. Hazırki işin hallarından görünür ki, iddiaçı JN-8261 KOD 30301036 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona verilmiş Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,30 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir.
18. Cavabdeh isə JN-8261 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığına, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmadığına istinad edərək imtina cavabı vermişdir.
19. İşdə olan JN 8261N KOD30301036 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, həmin şəhadətnamə Quba rayon X1 15.05.1998-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı ayrılmış 0.30 hektar torpaq sahəsinə dair verilmişdir.
20. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon X1 15.05.1998-ci il tarixli 09 saylı qərarı arxivdə aşkar olunmamışdır.
21. Məhkəmə kollegiyası da göstərilən halların araşdırılması üçün X2 filialına sorğu vermiş, Quba rayonunda keçirilmiş aqrar islahat zamanı İddiaçı torpaq sahəsinin ayrılıbayrılmaması barədə məlumat verilməsini, ayrıldığı təqdirdə qərarın təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.
22. X2 filialının 438 nömrəli 11.05.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının sənədlərində vətəndaş İddiaçı torpaq sahəsinin ayrılması haqqında heç bir məlumat aşkar edilmədi.
23. Göründüyü kimi, İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0,30 ha torpaq sahəsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı, o cümlədən ona torpaq sahəsinin ayrılması haqqında heç bir məlumat arxivdə aşkar olunmamışdır.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədin arxiv məlumatları olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-2160/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.