Məhkəmə qərarları › İş №2-1(105)-336/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-336/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-336/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına qarşı “iddiaçının 1973-1978-ci il tarixlərində ünvan 1ozunda təsərrüfat işlərində işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-200/2021 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 1973-1978-ci il tarixlərində ünvan 1ozunda təsərrüfat işlərində işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, milliyyəti rusdur, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1958-ci ildə Şamaxı rayonunun Astraxanovka (indiki Qızmeydan) kəndində anadan olmuşdur. Hal–hazırda ərizədə qeyd edilmiş ünvanda yaşayır. 1973-1978-ci il tarixlərdə ünvan 1ozunda təsərrüfat işlərində işləmişdir. Yaşa görə əmək pensiyası alması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizəni rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yoxdur. Belə ki, 1973-1978-ci il tarixlərində Şamaxı rayonunun Astraxanovka kənd Kommunizm kolxozunda təsərrüfat işlərində işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamış, iddiaçının narazı qalacağı halda məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə 1973-1978-ci il tarixlərində ünvan 1ozunda təsərrüfat işlərində işlədiyini sübut edən arxiv arayışını, Şamaxı RİHB-nın Qızmeydan İƏD-si üzrə nümayəndəliyinin Aktını və işləməsini təsdiq edən rəsmi arayışları və sənədləri cavabdehə təqdim etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-200/2021 saylı qərarı ilə İddiaçı 1973-1978-ci il tarixlərində ünvan 1ozunda təsərrüfat işlərində işlədiyi müddətlər (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X2 27 fevral 2020-ci il tarixli, 157 saylı arayışında qeyd olunan dövrlər) ümumi iş stajı kimi sosial sığorta stajına daxill edərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçasının surəti və AR Milli Arxiv İdarəsi Dövlət X2 arxiv arayışları əsasında (əmək haqqı cədvəlləri) ilə iddiaçının 20 il 07 ay 6 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Aşağıda həmin hesablama qaydası təqdim olunur: 1978-ci ildə - 3 ay 1979-cu ilidə 12 ay 1980-ci ildə - 12 ay 1981 -ci ildə - 9 ay 1982-ci ildə - 6 ay 1983-cü ildə - 2 ay 1984-cü ildə - 12 ay 1985-ci ildə - 12 ay 1986-cı ildə - 12 ay 1987-ci ildə - 12 ay 1988-ci ildə - 7 ay 1989-cu ildə - 11 ay 1990-cı ildə - 12 ay 1991 -ci ildə - 10 ay 1992-ci ildə - 12 ay 1993-cü ildə - 12 ay 1994-cü ildə - 11 ay 1995 - 2000-ci illərdə - 72 ay 2001 -ci ildə - 8 ay 247 ay ~ 20,6 il = 20 il 7 ay 6 gün. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajının müddəti 20 il 07 ay 06 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Əlavə olaraq qeyd edilir ki, 1973-1978-ci illərdə iddiaçının “Kommunizm” kolxozunda işləməsi faktı əmək kitabçasında deyil, yalnız Dövlət X2 təqdim etdiyi arxiv çıxarışında öz əksini tapır. Şamaxı rayonu Astraxanovka kəndi (hazırda Qızmeydan kəndi) “Kommunizm” kolxozunda işləyən kişilər üçün minimum adam günü 240, qadınlar üçün isə minimum adam günü 120 gün kimi hesablanır. İddiaçı isə 1973-cü ildə (73 adam günü) və 1974-cü (114 adam günü) ildə tələb olunan minimum 120 günü tamamlaya bilmədiyi üçün həmin illər sığorta stajına tam bir il kimi hesablana bilməz. 1973-cü il üçün 07 ay 03 gün, 1974cü il üçün isə 11 ay 04 gün kimi hesablanmalıdır. Və beləliklə, işə əlavə olunmuş arxiv çıxarışı əsasında iddiaçının 05 il 06 ay 07 günlük iş stajı var. Lakin bu faktı təsdiqlədəcək əmr kitabından çıxarışın arxiv tərəfindən təqdim olunmaması səbəbindən həmin illərdə iddiaçının kolxozda işlədiyi dövrün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına sığorta stajına daxil edilməsi əsassız və qanunsuz hesab olunmalıdır. 1973-cü ildə iddiaçının yaşı 15 yaş təşkil edirdi. Həmin dövrdə SSSR-in Əmək Qanunları Məcəlləsinə əsasən isə əmək qabiliyyətli yaş 16 yaş hesab olunduğu üçün 16 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Ona görə də iddiaçının 03.03.1974-cü il (16 yaşın tamam olma tarixi) tarixinə qədər olan illəri iş stajına daxil ola bilməz. Bu səbəbdən də, iddiaçının 03.03.1974-cü il (16 yaşının tamam olduğu) tarixədək olan dövr iş stajına daxil edilə bilməz. Belə olduğu halda isə iddiaçının kolxozda işlədiyi dövr arxiv arayışına əsasən 05 il 06 ay 07 gün kimi deyil, 04 il 03 ay 07 gün (1773-cü il tam, 1974-cü ilin isə ilk 3 ayı çıxıldıqda alınan rəqəm) kimi nəzərə alınmalıdır. O zaman iddiaçının əmək stajı: 20 il 07 ay 06 gün + 04 il 03 ay 07 gün = 24 il 10 ay 13 gün təşkil edəcək. Tərəflərin izahatları: apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X2 27 fevral 2020-ci il tarixli, 157 saylı arayışında iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işləməsi öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi müddət əmək kitabçasında öz əksini tapmadığına görə həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Qeyd olunan qərar ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, iddiaçı pensiya yaşına çatmışdır və əmək kitabçasına əsasən isə 20 il 7 ay 6 gün sosial sığorta stajı vardır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X2 27 fevral 2020-ci il tarixli, 157 saylı arayışında qeyd olunan iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi dövrlər, illər üzrə əmək günləri əsas götürülərək 05 il 06 ay 07 gün sosial sığorta stajı kimi nəzərə alınanda isə iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranmış olur. İddiaçıya münasibətdə qanunvericilikdə tələb olunan yetərli şərtlər mövcud olduğuna görə, yəni iddiaçı pensiya yaşına çatdığına və 25 ildən artıq sosial sığorta stajı olduğuna görə ona yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” na 2 nömrəli Əlavənin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Bundan başqa, kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X2 27 fevral 2020-ci il tarixli, 157 saylı arayışında iddiaçının 1973-1978ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işləməsi öz təsdiqini tapır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, 1973-cü ildə iddiaçının yaşı 15 yaş təşkil edirdi. Həmin dövrdə SSSR-in Əmək Qanunları Məcəlləsinə əsasən isə əmək qabiliyyətli yaş 16 yaş hesab olunduğu üçün 16 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Ona görə də iddiaçının 03.03.1974-cü il (16 yaşın tamam olma tarixi) tarixinə qədər olan illəri iş stajına daxil ola bilməz. Məhkəmə kollegiyası inzibati orqanın sovet dövründəki qanunvericiliyə istinad edərək, “əmək stajının arxiv arayışı nəzərə alınaraq hesablansa belə, 16 yaşından əvvəlki dövrlər hesablana bilməz” mövqeyi ilədə razılaşmır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən əməyə cəlb edilmə yaşı 15 yaş olduğuna görə, cavabdehin bu dəlili əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdehin “16 yaşdan əvvəlki dövrün sosial sğorta stajı kimi nəzərə alna bilməz” dəlili qəbul edilsə belə, hazırkı konkret iş üzrə də iddiaçının əmək stajının hesablanması zamanı onun 16 yaşına kimi məhdud iş stajının olması, yəni 1973-cü ildə az əmək günü olması və 1974-cü ildə 16 yaşına qədər (03.03.1974-cü il) kolxozlarda təsərrüfat işlərinin əsasən olmadığı nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2- 1(118)-200/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-200/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar