Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-336/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ”əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(118)-1390/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarında işləmişdir. İddiaçı ona 25 il qulluq stajı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 25 noyabr 2020-ci il tarixli, **********4 saylı məktubu iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasında göstərilirdi ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixdən qeyd olunan maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının 1 iyul 2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixdən (25 il qulluq stajı yarandığı gündən) ona pensiya hesablanıb verilməsi, bunun üçün isə həm son 24 ay, həm də ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqı məbləğinin (əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla) hesablanması və onlardan daha əlverişli olan (daha yüksək məbləğ əmələ gətirən) orta aylıq əmək haqqı məbləğindən pensiya hesablanması və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə prokurorluq orqanlarına işə qəbul olunmuş və xx.xx.2018-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir. Bununla da, 25 il 23 gün iş stajı toplanmışdır. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən hakimlərin müstəqilliyinin təminatlarından biri onların sosial müdafiəsinə təminatdır. Bu baxımdan, hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatları əks etdirən qanunvericiliyin müddəaları onlar barəsində tətbiq olunmalıdır. Son dövrdə formalaşmış vahid məhkəmə təcrübəsi kimi Ali Məhkəmənin xx.xx.2022ci il tarixli, 2-1(102)-48/2022 nömrəli qərarı ilə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20.7.1 və 20.1.4-cü maddələrinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası hakim barəsində tətbiq edilərək ona pensiya hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hesab edir ki, hakimlər kimi “Prokurorluq haqqında” Qanunun 36-cı maddəsinin 1-ci cümləsinə əsasən prokurorluq işçisi də xidməti fəaliyyətində müstəqil olduğundan, habelə həmin Qanunun 2-ci maddəsinə əsasən prokurorluq da məhkəmələr kimi məhkəmə hakimiyyətinə aid edildiyindən prokurorluq işçiləri ilə hakimlər oxşar vəziyyətdə olan şəxslərdir. Oxşar vəziyyətdə olan şəxslərə isə eyni rəftarın göstərilməsi tələb olunur. (R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2011ci il tarixli qərarının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qəranndakı hüquqi mövqeyi). Bu baxımdan, prokurorluq işçilərinin də müstəqilliyinin təminatı olaraq onların prokurorluq işçisi vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları onlar barəsində tətbiq olunmalıdır. Belə olan halda isə iddiaçı barəsində xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericilik tətbiq edildikdə xx.xx.2018-ci il tarixdə prokurorluq işçisi kimi pensiya hüququ yaranır. Qeyd olunan tələblə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, eyni məzmunlu müraciətinə xx.xx.2020-ci il tarixli **********4 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktublarla cavab verilmişdir. Halbuki, cavabdehin qeyd edilən məktubları tamamilə fərqli tələbə münasibətdə cavab olmuşdur. Belə ki, 5 il 8 gün təhsil müddətinin prokurorluqda qulluq stajına daxil edilməklə xx.xx.2013-cü il tarixdən ona yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona prokurorluq orqanı işçisi kimi əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Hazırda isə xx.xx.2013-cü il tarixdən deyil, xx.xx.2018-ci il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilərək ödənilməsini xahiş etmişdir. Bu isə hazırkı iddianın predmeti, obyekti və faktiki əsasının əvvəlkindən fərqli olmasını birbaşa göstərir. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2022-ci il tarixli ərizəylə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubla müraciətin icrasından imtina edilmişdir. İmtinanın əsasları kimi iddiaçının xx.xx.2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajının 25 ildən az olması və bu səbəbdən iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmamasıdır. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıdaqeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri (9.4.1); yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri (9.4.2). Həmin Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək olan redaksiyasında göstərilirdi ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixində qeyd edilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Sözügedən maddənin mətnindən aydın olur ki, prokurorluq işçilərinin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 35 il sığorta stajı olmalıdır. İddiaçıya münasibətdə qeyd olunmalıdır ki, iddiaçı prokurorluq orqanlarında xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək (25 il 23 gün) işlədiyini iddia edir və bu həmin dövrdə qüvvədə olan qanunvericiliklə tələb olunan 35 il sığorta stajı tələbini ödəmir. İddiaçının 1 iyul 2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajı 25 ildən, cavabdeh orqana müraciət etdiyi tarixdə qulluq stajı 35 ildən az olduğu üçün ona prokurorluq əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(118)-1390/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qərarını, ümumiyyətlə, əsaslandırmamış, irəli sürdüyü heç bir dəlilə münasibət bildirməmiş, yəni dəlillərinə əks-dəlil gətirməmiş və heç bir əsaslandırma olmadan və dəlilləri təkzib etmədən qərar qəbul etmişdir. Qeyd edir ki, iddia tələbinin əsasında 2 dəlili dayanır: 1) xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Qanunun tətbiqi ilə hakimə qulluq stajına görə pensiya təyinatının mümkünlüyü; 2) prokurorluq işçisinin hakimlə oxşar vəziyyətdə olan şəxs olması. 1-ci dəlili Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-48/2022 nömrəli qərarında formalaşmış son vahid məhkəmə təcrübəsinə görə mübahisəsizdir. 2-ci dəlili isə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən mübahisəsizdir. Hesab edir ki, məhkəmə iddiasını rədd edərkən 2 dəlilinin rədd edilməsi motivlərini qərarda təsvir etməli idi. Məhkəmə qərarda xüsusi rütbədən məhrum edilmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququna malik olmamasına istinad edərək iddianı rədd etmişdir. Halbuki, iddiaçı xüsusi rütbədən məhrum edilməmişdir. İşdə də xüsusi rütbədən məhrum edildiyini təsdiq edən heç bir sübut mövcud olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: (01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (-) 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Qanun: (hazırda qüvvədə olan redaksiyası) Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (-) 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Hazırki mübahisə predmeti cavabdehin iddiaçıya prokurluq orqanlarında qulluq etmiş şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən qüvvədə “Əmək pensiyaları haqqında” Qanunda iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajı 35 ildir. Həmin tarixə qədər iddiaçının prokurorluq orqanlarında sığorta stajı 24 il 1 ay təşkil etmişdir. Qanunun həmin redaksiyasının tələblərinə görə xüsusi rütbədən məhrum edilmiş prokurorluq işçiləri yaşa görə əmək pensiya hüququna malik deyildirlər. Belə olan halda cavabdeh tərəfindən iddiaçının prokurorluq orqanlarında xidmət etmiş şəxs kimi pensiya təyin edilməsində imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırda iddiaçı tələbinin əsası "Əmək pensiyaları haqqında" Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının onun barəsində tətbiq edilməsini tələb edir. Kollegiya yaranmış mübahisə ilə bağlı qeyd edir ki, prokurorluq orqanlarında qulluq etmiş şəxslər "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.4-cü maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 9.4 və 9.4.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərt mövcud olmalıdır: 1) Xüsusi rütbələrdən məhrum edilməməlidir; 2) Prokurorluq orqanlarında azı 25 il qulluq etməlidir. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 13 sentyabr 2018-ci il tarix, 10/69-11/430-K nömrəli “İnzibati məsuliyyətə cəlb etmə barədə” əmrinə əsasən iddiaçı prokurorluq orqanlarından xaric edilmişdir. “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin tələblərinə əsasən xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu X2 Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: irad tutuma; töhmət; şiddətli töhmət; aşağı vəzifəyə keçirmə; rütbənin aşağı salınması; vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, prokurorluq orqanlarında işə təyin edilir); prokurorluq orqanlarından xaric etmə; rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi prokurorluq orqanlarından xaric etmə və rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric etmə prokurorluq işçisi barəsində tətbiq olunan ayrı-ayrı intizam tənbehləridir. Qanunun tələbində isə məhz xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ istisna edilmişdir, hansı ki, yuxarıda qeyd edilən araşdırma ilə iddiaçının rütbədən məhrum edilmədən prokurorluq orqanlarından xaric edildiyi müəyyən edilmişdir. Bununla da iddiaçıya münasibətdə birinci şərtin ödənildiyi müəyyən edilir. Prokurorluq orqanlarında azı 25 il iş stajının mövcud olması ilə bağlı ikinci şərtə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarında işləmişdir. (25 il 22 gün). İddiaçı prokurorluq orqanlarının əməkdaşı kimi, ümumilikdə, 25 ildən artıq sığorta stajına malik olsa da, 01 iyul 2017-ci il tarixədək 23 il 10 ay 10 gün sığorta stajına malik olmuşdur. Göründüyü kimi prokurorluq orqanlarında azı 25 il iş stajının mövcud olması ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilməmişdir. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.4 və 9.4.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasında prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin pensiya hüququ təsbit edilmişdir. Həmin tarixədək isə iddiaçı istinad olunan norma ilə tələb edilən xidmət müddətinə, yəni 01 iyul 2017-ci il tarixədək azı 25 il xidmət müddətinə malik olmamış və bu baxımdan onun həmin dəyişikliyə qədər pensiya hüququ da yaranmamışdır. Kollegiya hesab edir ki, iddiaçının pensiya hüququ həmin dəyişikliyə qədər yaranmadığı üçün, ona münasibətdə istinad olunan normanın dəyişiklikdən sonrakı redaksiyasının tətbiq olunması qanunvericinin iradəsinə uyğundur. Başqa sözlə, iddiaçının prokurorluq işçisi kimi pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmadığından, xidmət müddətinin “Əmək pensiyaları haqqında" Qanunun 9.4-cü maddəsinin əvvəlki redaksiyasına istinadən hesablanmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Həmin Qanuna 01 iyul 2017-ci il tarixdə edilən müvafiq dəyişiklikdən sonra isə, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin pensiya hüququ yaranır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunan 35 ildən az xidmət etdiyi müəyyən olunduğundan, onun hazırda qüvvədə olan qanunvericiliyə əsasən hazırkı məzmunda tələb hüququ yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə prokurorluq işçisi kimi xidmət illərinə görə pensiya hüququnun yaranması üçün yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmədiyindən, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı və Ali Məhkəmənin müvafiq qərarlarından formalaşmış vahid məhkəmə təcrübəsinə görə hakimlərə işlədiklərə dövrdə qüvvədə olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının onların pensiya təminatında tətbiqinin nəzərdə tutulduğunu və belə mexanizmin iddiaçının şəxsində prokurorluq işçilərinə də aid edilməsini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının istinad etdiyi güzəştli mexanizmin tətbiqi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarından irəli gəlir ki, hansı ki, həmin qərarla xüsusi kateqoriyalı şəxs olan məhz hakimlərə münasibətdə onların işlədikləri dövrdə qüvvədə olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının pensiya təminatlarında tətbiqinin mümkünlüyü nəzərdə tutulmuş, həmin qərarda belə mexanizmin prokurorluq işçilərinə münasibətdə də tətbiq edilməsi ilə bağlı hər hansı müddəa qeyd edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2-1(118)-1390/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-336/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-336/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver