Məhkəmə qərarları › İş №2-1(105)-338/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-338/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-338/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(118)-235/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı(bundan sonra iddiaçı) nümayəndəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə(bundan sonra cavabdeh) müraciət edərək, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının nümayəndəsinə 04 iyul 2020-ci il tarixli, **********32 saylı məktub ünvanlayaraq bildirmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, 0,0024 ha torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinin 18 fevral 2004-cü il tarixli 106 nömrəli protokolundan çıxarışla ayrılmasına baxmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada icarə müqaviləsinin müraciətinə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən əraziyə müayinə zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının faktiki tikinti sahəsi təqdim olunmuş hüquq müəyyənedici sənədlərə uyğun deyil. Belə ki, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsində və istismara icazə sənədində tikilinin tikintialtı sahəsi 24,0 kv.metr qeyd olunsa da, faktiki tikilinin tikinti sahəsinin 30.1 kv.metr olduğu, 6.1 kv.metr kənarlaşmanın olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 18.02.2004-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində ümumi sahəsi 30.1 kv m ərazidə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, 34-cü məhəllə 20 Yanvar küçəsində 24 kv m ərazidə yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində qeyri-yaşayış binasının faktiki sahibidir. Belə ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 18.02.2004-cü il tarixli qərarı əsasında iddiaçıya Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi də nəzərə alınmaqla Sumqayıt şəhər Bələdiyyəsinin Torpaq Komissiyasının 17 fevral 2004-cü il tarixli 5 saylı protokoluna əsasən mağaza-tikinti quraşdırılması məqsədi ilə 24 kv.km torpaq sahəsi ayrılmışdır. İddiaçı da həmin qərara uyğun olaraq ona ayrılan torpaq sahəsində tikili inşa etmişdir. Həmin tikili hazırkı günədək qeyri-iaşə obyetki kimi fəaliyyət göstərir. Onun həmin torpaq sahəsi ilə əlaqədar bütün hüquq müəyyənedici sənədləri mövcuddur. Həmin sənədlər əsasında Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etmişdir. Cavabdeh ona ünvanlanan məktubda ekspertiza nəticəsində ona məxsus qeyri-yaşayış sahəsində 6,1 kv.m kənarlaşma olduğunu qeyd etmiş və bu səbəbdən mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd olunan qeyri yaşayış sahəsinin ölçüsünün artıq olmasına səbəb isə qeyri yaşayış binasının üzlənməsi zamanı kənara çıxmalar səbəbindən olmuşdur. Cavabdehin imtina məktubunu əsassız hesab edir. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2-1(118)-235/2021 saylı qərarı ilə iddia təmin edilərək, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 18.02.2004-cü il tarixli qərarına əsasən İddiaçı icarəsinə verilmiş Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 24 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ 0.0024 ha torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin 18 fevral 2004-cü il tarixli 106 nömrəli protokolundan çıxarışla ayrılmasına baxmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə müqaviləsinin müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən əraziyə müayinə baxışı keçirilən zaman müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının faktiki tikinti sahəsi təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə uyğun deyil. Belə ki, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsində və istismara icazə sənədində tikilinin tikintialtı sahəsi 24.0 kv.m qeyd olunsa da, faktiki tikilinin tikinti sahəsinin 30.1 kv.m olduğu, 6.1 kv.m kənarlaşmanın olduğu müəyyən edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı tələbində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 18 fevral 2004-cü il tarixli, 106 saylı qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, şəhər bələdiyyəsi torpaq komissiyasının 17 fevral 2004-cü il tarixli 5 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində İİ qrup əlil İddiaçı mağaza tikinti-quraşdırılması məqsədilə 24 kv metr torpaq sahəsi ayrılmışdır. Həmçinin, ayrılan torpaq sahəsinin koordinatlarını, ölçülərini və digər parametrlərini göstərməklə cizgi və sxemlərini, tikintidən qabaq və tikinti dövrləri üçün sahəyə olan sanitar, yanğın, ekoloji radiasiya təhlükəsizliyi tələblərini, obyektin mövcud mühəndis kommunikasiyalarına qoşulma şərtlərini, yerli icra hakimiyyəti və ya bələdiyyənin obyektə aid memarlıq planlaşdırma göstərişlərini özündə əks etdirən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İnşaat Pasportu tərtib edilmişdir. İnşaat pasportundan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin tikintisi Sumqayıt Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (26.04.2004-cü il tarixli 069 saylı məktub), Sumqayıt şəhər Gigiyena və Epidemoligiya Mərkəzi(26.04.2004-cü il tarixli A-03/85 saylı rəy), Sumqayıt şəhər X4 İdarəsi (27.04.2004-cü il tarixli A-409 saylı rəy), Sumqayıt şəhər qaz İstismar İdarəsi, “Sumqayıtelektrikşəbəkə” Regional İdarəsi (30.04.2004-cü il tarixli 09-ŞX/1501 saylı məktub) ilə razılaşdırılmışdır. İş materiallarında olan 144 saylı, 29 dekabr 2019-cu il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsinin 18 fevral 2004-cü il tarixli. 106 saylı qərarı əsasında Sumqayıt şəhəri, məhəllə 34 əraziində yerləşən ümumi sahəsi 24 kv.metr olan torpaq sahəsini 15 il müddətinə müvəqqəti istifadə üçün iddiaçıya icarəyə vermişdir. S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən təsdiq edilmiş Sumqayıt şəhəri, 34cü məhəllə ərazisində fiziki şəxs İddiaçı məxsus 1 mərtəbəli mağaza binasının instrumental müayinəsi haqqında protokoldan görünür ki, iddiaçıya məxsus 1 mərtəbəli mağaza binasının instrumental müayinəsini aparılmış, müayinə zamanı müəyyən edilmişdir ki, konstruksiya cizgiləri təqdim olunmayan obyekt bir mərtəbəli inşa olunmuşdur. Obyekt lentvari bünövrəsi 14 mm diametrli armaturlardan və B20 sinifli betondan, divarları mişarlanmış əhəng daşından istifadə olunmaqla inşa olunmuşdur. Örtük hissəsi metal elementlərdən yığılmışdır. Deformasiya və çatlara rast gəlinməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən tərtib edilmiş 19 fevral 2020-ci il tarixli, Ö/003586 saylı X8ndan görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin 18.02.2004-cü il tarixli, 106 nömrəli protokoluna əsasən, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində 1 mərtəbəli kommersiya obyektinin tikintisinə 2004-cü ilin fevral ayında başlanılmış, 19 aprel 2004-cü il tarixdə yekunlaşdırılmışdır. Binanın ümumi sahəsi 24 m2, tikintialtı sahəsi 24 m2, tikintinin həcmi 72 m3-dir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş 15 may 2020-ci il tarixli, 11 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, təqdim edilmiş sənədlərə əsasən, tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normatıv sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq tikinti obyektinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.9-cu və 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tiklililərə dair – çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. Beləliklə, işin yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 106 saylı 18 fevral 2004-cü il tarixli qərarı ilə İddiaçı Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində mağaza tikintisi üçün 24 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair X5 ilə Sumqayıt Bələdiyyəsi arasında 144 saylı 29 dekabr 2019-cu il tarixli 01.01.2020-ci ildən 31.12.2024-cü ilədək qüvvədə olan “Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən mağazaya “İnşaat Pasportu verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ”Azərdövlətlayihə” Dövlət Baş Lahiyyə institutu tərəfindən birmərtəbəli binanın instrumental müayinəsi aparılmışdır. Tikiləcək mağaza ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarçinin, lahiyəçinin və podratçının nümayəndələrinin imzaları ilə təstiq edilmiş 19 fevral 2020-ci il tarixli 003586 saylı X8 verilmişdir. Mağazanın inşası başa çatdırıldıqdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 15.05.2020-ci il tarixli 11 saylı İcazəsinə əsasən 24.0 kv.m ümumi sahəsi olan mağazanın istismarına icazə verilmişdir. Qeyd olunan mağazanın üzərində yaranmış mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə İddiaçı DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin inşa edilmiş mağazanın ümumi sahəsinin 24 kv.m deyil 30 kv.m olması səbəbindən iddiaçının mağaza üzərində yaranmış hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh təşkilatın imtina üçün gətirdiyi arqument-icazə sənədində tikinti altı sahə 24 kv.m olduğu tədqirdə faktiki tikilinin tikinti sahəsinin 30.1 kv olduğu, yəni 6.1 kv.m kənarlaşmanın olmasından ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehin imtinasında göstərdiyi hallar daşınmaz əmlaka mülkiyyət hüququnun qeyd alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh iddiaçıya ünvanlanan imtina məktubunda və apellyasiya şikayətində mübahisə predmeti olan qeyri yaşayış obyektinin 24 kv.m deyil 30,1 kv. m torpaq sahəsi üzərində inşa edildiyini bildirsə də, əvvəla öz etirazının əsas kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, buna dair məkhəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən istismara hazırlıq aktında, o cümlədən istismara icazə sənədində ticarət obyektinin 24 kv m torpaq sahəsində inşa edildiyi qeyd edilmişdir. Bundan əlavə iddiaçı özü də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də, 24 kv m torpaq sahəsində inşa edilmiş mağaza üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçının bildirdiyi və təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, Sumqayıt şəhərində yenidənqurma işlərinin aparılması zamanı qeyri yaşayış binasının üz örtüyü xüsusi materialla üzlənmiş və həmin materialın binanın üz tərəfinə vurulması zamanı qeyri-yaşayış binasının çöl tərəfdən sahəsinin 24 kv.m artıq olması təbii haldır. Cavabdehin apellyasiya şikayətinin(o cümlədən imtinasının) digər dəlili Sumqayıt Şəhər Bələdiyyəsinin 106 saylı 18 fevral 2004-cü il tarixli qərarı ilə iddiaçıya mağaza tikintisi üçün 24 kv.m torpaq sahəsi ayrılsa da, həmin vaxt qanunvericilikdə müəyyən edilmiş qaydada icarə müqaviləsi bağlanmamışdır. Kollegiya bununla bağlı bildirir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, idşən görünür ki, 18.02.2004-cü il tarixdə iddiaçıya 24 kv m torpaq sahəsi mağaza tikintisi üçün ayrılsa da, həmin vaxt iddiaçı ilə qanunvericilikdə nəzərdə tutulduğu kimi icarə müqaviləsi bağlanmamışdır. Lakin, kollegiya hesab edir ki, qeyd edilən halın baş verməsində birbaşa məsuliyyət Bələdiyyənin üzərinə düşmüş, iddiaçının bunda heç bir təqsiri olmamışdır. Bundan əlavə işdən görünür ki, Sumqayıt Bələdiyyəsi 2004-cü il tarixdə yol verdiyi qanun pozuntusunu aradan qaldırmaq məqsədilə 29 dekabr 2019-cu il tarixdə Sumqayıt Bələdiyyəsinin 18 fevral 2004-cü il tarixli 106 saylı qərarı əsasında Sumqayıt şəhəri, məhəllə 34 əraziində yerləşən ümumi sahəsi 24 kv.metr olan torpaq sahəsinə dair iddiaçı ilə 15 il müddətinə icarə müqaviləsi bağlamışdır. Odur ki, kollegiya hesab edir ki, hazırda torpaq sahəsi qanuni əsaslarla iddiaçının icarəsində olduğundan cavabdehin 2004-cü ildə icarə müqaviləsinin bağlanmaması ilə bağlı dəlili qanuni məhkəmə qərarının ləğvinə əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda istinad edilən qanunvericiliyin tələblərini pozmaqla yanaşı, əsassız səbəblərdən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(118)-235/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar