Məhkəmə qərarları › İş №2-1(105)-338/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-338/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-338/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı bağ sahəsinə dövlət rüsumu ödəməklə mülkiyyət hüququ əldə edə bilməsi üçün Quba bələdiyyəsi rəhbərinin üzərinə onun adına sərəncam vermək vəzifəsinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-127/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “Quba şəhəri, Fətəli xan küçəsi 2A saylı binanın qarşısında inşa etdiyi 8 metr x 2,5 metr=20 metr kv. anbar/yığınağın altında olan və əkdiyi alma, armud, gilas ağacları olan ümumilikdə 8 metr x 6,5 metr=52 kv.m bağ sahəsinə dövlət rüsumu ödəməklə mülkiyyət hüququ əldə edə bilməsi üçün Quba bələdiyyəsi rəhbərinin üzərinə onun adına sərəncam vermək vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı Quba şəhəri, Fətəli xan küçəsi 2A saylı binanın 6-cı mənzilinə 1979-cu ildə köçərkən, binanın qarşısında olan yararsız boş sahəni zibil və tullantılardan təmizləyərək, abadlaşdırdıqdan sonra hasarlayaraq bağa çevirmişdir. Həmin bağ 1979-cu ildən hal-hazıradək, yəni 42 ildir ki, mövcuddur. Atası, X3 həmin torpaq sahəsində dükan tikmək üçün 40 kv.m sahənin anasının adına ayrılması üçün ərizə vermiş və 500.000 (beş yüz min) manat hərrac pulunu ödəmişdir. Quba bələdiyyəsinin 09 sentyabr 2002-ci il tarixli 81 saylı sərəncamı ilə anası X1 təsərrüfatı məhsullarının satışından ötrü Quba şəhərinin 4-cü məhəlləsinin, Mövlud Qonaq küçəsindən 40 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində dükan inşa edilmişdir. Anasının adına sənədləşdirərək onun maliyyə vəsaiti ilə tikilmiş dükanı anası etibarnamə ilə icarəyə vermişdir. İcarədar da etibardan sui-istifadə edərək dükanlarını satmış və Quba rayon notariusu da onun razılığı olmadan həmin dükan üçün alğı-satqı müqaviləsini təsdiq etmişdir. Satılmış dükanın arxa hissəsində ərsəyə gətirdiyi bağçada alma, armud, gilas ağacları və üzüm tənəyi əkmişdir. Tələbat yarandığından satılmış dükanın arxa hissəsində 8.0 metr x 2.5 metr ölçülərdə anbar yığınaq inşa etmişdir. 42 il müddətində bağ olaraq istifadə etdiyi ərazinin anbar (yığınaq) da daxil olmaqla ümumi ölçüsü 8 metr x 6.5 metr - 52 metr kvadratdır. Yarım sotdan bircə qədər artıqdır. Mişar daşından inşa etdirdiyi 8 metr x 2.5 metr=20 metr kvadrat olan anbar (yığınaq) satılmış dükana aid olmadığından həmin dükanın sənədlərində öz əksini tapmır. Quba bələdiyyəsinin sədrinə 42 il müddətində hasarlayaraq bağ kimi istifadə etdiyi 52 kv.m torpaq sahəsinin dövlət rüsumu ödəməklə ona satılması barədə ərizə ilə müraciət etsə də, Quba bələdiyyəsi ərizəsinə heç bir cavab verməmişdir. Əkdiyi ağaclar həmin ərazinin ekologiyası üçün çox əhəmiyyətlidir. Ərazidə 6 beşmərtəbəli, 2 ikimərtəbəli binalar, xəstəxana kompleksi və çox sayda irili xırdalı dükanlar olmaqla yanaşı çox sayda avtomobil istifadəçisi də vardır. Əkdiyi həmin 3-4 ağac eyni zamanda oksigen balansına xidmət edir. Həmin ərazi başqa birinə verilərsə ağaclar yerlə yeksan ediləcək və anbar (yığınaq) tikmək üçün xərclədiyi maliyyə vəsaitini itirəcək.

3. Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-127/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva)

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə də cavabdehin torpaq sahəsini mülkiyyətə ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur.

5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Quba bələdiyyəsi, mübahisələndirilən kiçik həcmli, 0,5 (yarım sot) torpağda Quba şəhəri üçün, böyük əhəmiyyət kəsb edən məktəb tikiləcəyi və ya park salınacağı barədə məlumat bildirməsə də, birinci instansiya məhkəməsi işi araşdırmadan verdiyi qərarında Quba bələdiyyəsinin diskresion səlahiyyətləri olması barədə çoxsaylı qeydlər edib. Birinci instansiya məhkəməsi, işi araşdırmış olsa idi görərdi ki, ətraf tərəfləri mişar daşı, beton və asfaltla örtülmüş, hər hansı bir kommersiya işinə yaramayan, mənfəət əldə etmək mümkün olmayan, əhəmiyyətsiz 0,5 (yarım sot) torpağ üçün Quba bələdiyyəsi heç bir diskresion səlahiyyət daşımır. Sadəcə, Quba bələdiyyəsi vətəndaş ərizəsinə cavab vermədən, vətəndaşlara qarşı bürokratik əngəllər yaşatmaq və vəzifə səlahiyyətindən sui-istifadə edərək vətəndaş hüququnu pozmaq niyyətli olmasıdır. Sumqayıt İnzibati Məhkəməsi qəbul etdiyi qərarın əsaslandırma hissəsində təkcə inzibati orqanın konkret diskresion səlahiyyəti həyata keçirməsinin hansı səbəblərdən haqlı və ya səhv olduğunu deyil, eyni zamanda inzibati orqanın qərar qəbul edərkən nəyi əsas götürməli olmasını təsvir etməyib. Çünki, inzibati orqanın qərarı mövcud deyil və Sumqayıt İnzibati Məhkəməsi müvafiq inzibati aktın qəbul edilməsi barədə Quba bələdiyyəsinin üzərinə öhdəlik qoymamışdır. Qanunvericiliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı da istisna hallarda nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Quba bələdiyyəsinə yazdığı 03 iyun 2020-cı tarixli ərizənin xahiş edirəm hissəsində dəyəri ödənməklə sözünü qeyd etmişdir ki, yəni həmin torpaq ona satılsın anlamında. xx.xx.1963-cü ildə Quba şəhərində doğulmuşdur və Quba bələdiyyəsinin ərazisində 58 ildir qeydiyyatda olaraq yaşayır. Torpağı Quba bələdiyyəsinə geri qaytarmaq mümkün deyil, çünki 42 il ərzində zəbt etdiyi 0,5 sot (yarım sot) ərazidə anbar (yığınaq) tikmiş, meyvə ağacları əkmiş və hasarlamışdır. Həmin yer kommersiyaya yararsız, balaca və kənar yer olduğundan heç kimə lazım deyil. Sadəcə həmin yerdə onun 42 illik zəhməti və anbar tikmək üçün xərclədiyi vəsaiti var. Bundan başqa, şəhər qeydiyyatında olduğundan, özəlləşdirilmə proqramı zamanı ona torpaq verilməyib, adına heç bir şəxsi ev və əmlak yoxdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh Quba bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

15. İşdən görünür ki, iddiaçı Quba şəhəri, Fətəli xan küçəsi 2A saylı binanın qarşısında inşa etdiyi 8 metr x 2,5 metr=20 kv.m anbar/yığınağın altında olan və əkdiyi alma, armud, gilas ağacları olan ümumilikdə 8 metr x 6,5 metr=52 kv.m bağ sahəsinə dövlət rüsumu ödəməklə mülkiyyət hüququ əldə edə bilməsi üçün Quba bələdiyyəsi rəhbərinin üzərinə onun adına sərəncam vermək vəzifəsinin qoyulmasını xahiş edir.

16. Birinci instansiya məhkəməsi iddia tələbi təmin etməyərək qərarında göstərmişdir ki, qanunverici bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eyni zamanda qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı da istisna hallarda nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir.

17. Hazırki işdə iddiaçı torpaq sahəsinin geri qaytarılması mümkün olmayan torpaq sahəsi kimi ona ayrılmasını tələb edir. Qanunvericilikdə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur: bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.

18. İddiaçı torpaq sahəsinin geri qaytarılmasının mümkünsüzlüyünün əsası kimi anasının adına sənədləşdirərək onun maliyyə vəsaiti ilə tikilmiş dükanı anasının etibarnamə ilə icarəyə verdiyini, icarədarın etibardan sui-istifadə edərək dükanlarını satdığını və Quba rayon notariusu da onun razılığı olmadan həmin dükan üçün alğı-satqı müqaviləsini təsdiq etdiyini, satılmış dükanın arxa hissəsində ərsəyə gətirdiyi bağçada alma, armud, gilas ağacları və üzüm təhəngi əkdiyini, 8.0 metr x 2.5 metr ölçülərdə anbar yığınaq inşa etdiyini göstərmişdir.

19. Beləliklə, iddiaçı mülkiyyətində ona ayrılmasını tələb etdiyi torpaq sahəsinə bitişik torpaq sahəsinin olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, habelə inşa etdirdiyini bildirdiyi anbar-yığınağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək inşa etdiyini sübut edə bilməmişdir.

20. Qeyd olunanlardan əlavə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-127/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar