Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-339/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1974-cü ildən 2005-ci ilədək fəhlə iş icraçısı peşəsində işlədiyi illəri nəzərə alaraq ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-540/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, 01.09.1976-27.06.1977-ci il tarixlərdə Sumqayıt şəhər 91 saylı orta texniki peşə məktəbində “elektrik qaynaqçısı” ixtisası üzrə təhsil almışdır.
2. İddiaçı 19.07.1977-cı ildən əmək fəaliyyətinə başlamış, 25.10.1978-06.11.1980-ci il trixlərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, əmək kitabçasına əsasən 19 yanvar 1981-ci il tarixdə əmək fəaliyyətini “Mərkəzləşdirilmiş Təmir-Tikinti Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində” 3№li quraşdırıcı sahəyə 2-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul olunmuş, 11.11.1983-cü il tarixli 586/0k saylı əmrlə sahəyə 3-cü dərəcəli elektrik qaynaqçısı işinə, 11.11.1987-ci il tarixli 169 saylı əmrlə sahəyə 2-ci dərəcəli elektrik qaynaqçısı işinə, 30.07.1990-cı il tarixli 152/k saylı əmrlə sahəyə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə, 22.07.1992-ci il tarixli 73 saylı əmrlə sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı ixtisasına keçirilmişdir. 27.04.2000-ci il tarixli 16/k saylı əmrlə işdən azad olunmuşdur. 09.01.2001-08.08.2005-ci illərdə “Azərsənayetikinti” SC 2 saylı müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı işində işləmişdir. 03.12.2019-cu il tarixdən "xxxx" İş Mərkəzi MMC-də işə qəbul edilmişdir.
3. İddiaçı 28.01.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək müvafiq sənədləri təqdim etməklə texniki peşə məktəbində oxuduğu, hərbi xidmətdə olduğu və zavodda işlədiyi dövrləri nəzərə almaqla ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdehin 23.02.20201-ci il trixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 1.0.8-ci maddələrinə istinad edilərək göstərilir ki, təqdim edilmiş sənədlərdən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 3 ay 13 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminat üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18736,87 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 26.11.2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01.09.1976-cı ildən 08.08.2005-ci ilədək ayrı-ayrı müəssiəsələrdə işləmiş, onun ümumi əmək stajı 29 ilə yaxın olmuşdur. Onun ümumi stajı 29 il olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 57 yaşda 15.11.2016-cı ildən əmək pensiyasına çıxmaq hüququ verir. Müvafiq sənədləri toplamaqla 2021-ci ilin fevral ayında cavabdeh təşkilata müraciət etmiş, lakin 23.02.2021ci il tarixli məktubunda cavabdeh ona fərdi pensiyasının minumum məbləğindən az olduğunu göstərərək tələbinin təmin edilməsindən imtina etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun 57 yaşı tamam olduğu gündən, yəni 15 noyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
Cavabdehin etirazının dəlilləri
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının ümumi iş stajınız 25 ildən az (23 il 5 ay 13 gün) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16932,44 manat təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-540/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 57 yaşı tamam olduğu 15 noyabr 2016-cı il tarixdən (lakin pensiya ödənişləri 21 yanvar 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh apellyasiya şikayətində imtinanın və iddiaya etirazın dəlillərinə istinad edərək əlavə olaraq göstərir ki, əmək kitabçasında olan qeydlərə əsasən 09.01.2001- 08.08.2005-ci illərdə işlədiyi “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin VÖEN alma tarixi 02.01.2005-ci ildir ki, bu da həmin tarixə qədər nəinki iddiaçının sığorta stajını, həmçinin müəssisənin fəaliyyətini şübhə altına alır. Şikayətdə daha sonra göstərilir ki, iş materiallarında iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla qanunla tələb edilən müddətdə çalışmasını təsdiq edən yeganə bir arayış mövcuddur ki, o da 2001- 2005-ci illərə aid olmaqla qanunla tələb edilən müddətdən azdır. Həmçinin bu arayışda müvafiq siyahının 2320000-19106 şifrinə (koduna) istinad edilmişdir ki, sözügedən siyahıda bu kod mövcud deyildir, 2320000-19106 kodu var ki, o da əl ilə qaynaq aparan elektrik qaynaqçıları adlanır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən isə o 09.01.2001-ci il tarixli əmrlə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında ifadə verən şahid X1 bildirmişdir ki, direktoru olduğu “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi keçmiş “Səneyekommunaltikinti” birliyinin 3 saylı Təsərrüfathesablı Saənin hüquqi varisi olmaqla 27.10.1999-cu ildə yenidən dövlət qeydiyyatından keçmiş və fəaliyyət göstərmiş, iddiaçı 2001-2005-ci illərdə rəhbəri olduğu müəssisədə elektrik qaynaqçısı işləmişdir. Müəssisənin VÖEN-nin müddəti başa çatdığı üçün 2005-ci ildə yeni VÖEN almışdır. Hətta müəssisənin pensiya fonduna 8 minə yaxın borcu olmuş, həmin borc silinmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. 01.10.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər.
18. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının 57 yaşı tamam olduğu zaman qüvvədə olan redaksiyada): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti…
21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320№li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2№li Siyahısına uyğun olmaqla 01.01.2006-cı ilə qədər təhsil dövrü də daxil olmaqla 25 ildən çox ümumi və 20 ildən çox güzəştli iş stajı mövcuddur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının əmək pensiyasının 57 yaşı tamam olduğu 15.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
26. Belə ki, İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik norması güzəştli şərtlələ yaşa görə əmək pensiyası təyinatının aparılmasını üç şərtlə- kişilər üçün 57 yaş həddi, ən az 25 il sığorta stajı və 12 il 06 ay güzəştli iş stajı ilə şərtləndirmişdir.
27. İddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla 15.11.2016 –ci il tarixə 25 ildən artıq ümumi stajı vardır.
28. İddiaçının güzəştli iş stajına gəldikdə isə işin araşdırılmış hallarına görə iddiaçı 19.07.1977-ci ildən 2-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul olunmuş, 11.11.1983-cü il tarixdən sahəyə 3-cü dərəcəli elektrik qaynaqçısı işinə, 11.11.1987-ci il tarixdən sahəyə 2ci dərəcəli elektrik qaynaqçısı işinə, 30.07.1990-cı il tarixdən 4-cü dərəcəli elektrik qaynaqçısı işinə, 22.07.1992-ci il tarixdən 5-ci dərəcəli elektrik qaynaqçısı ixtisasına keçirilmişdir. 27.04.2000-ci il tarixədək həmin işdə, 09.01.2001-08.08.2005-ci illərdə isə “Azərsənayetikinti” SC 2 saylı müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə işləmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahıların təsdiq edilməsi haqqında Azərbayvcan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan (XXXİİİ, 23200000-19906) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi iddiaçının işlədiyi peşəyə tam uyğundur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
29. İddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası ilə yanaşı işin 37-ci səhifəsində olan, iddiaçının işləmiş olduğu "xxxx" MMC-nin 26.11.2016-cı il tarixli arayışı və apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisənin 12 may 2022-ci il tarixli, 09/44 nömrəli arayışı ilə də təsdiq olunur. İddiaçının “elektrik qaynaqçı”sı kimi işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır.
30. Apellyasiya şikayətinin iddiaçının 09.01.2001-08.08.2005-ci illərdə işlədiyi “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsindəki sığorta stajının şübhəli olması ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qeyd edilən müəssisənin direktorunun birinci instansiya və apellyasiya məhkəmələrində şahid kimi verdiyi ifadə ilə yanaşı, təqdim edilmiş həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyesterinə alınma barədə şəhadətnamələr, habelə işin 38-39-cu səhifələrində olan DSMF-nin Abşeron-Xızı regional filalının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə 27.12.2021ci il tarixli məktubu ilə təkzib olunur.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1976-1977-ci illərdə Sumqayıt şəhər 91 saylı orta texniki peşə məktəbində oxuduğu dövrlər də iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsinə dair hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
32. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər sübut hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-540/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.