Məhkəmə qərarları › İş №2-1(105)-339/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-339/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-339/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin, iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)- 225/2023 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır.

2. JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsi X1 mülkiyyətinə ayrılmışdır.

3. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.256 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş 19 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şamaxı rayonu, Qızmeydan kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X1 adı aşkar edilməmişdir.

5. Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əlavə edilmiş Şamaxı rayonunun Qızmeydan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid adlı siyahıdan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır.

6. Məhkəməyə sorğu əsasında Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışından görünür ki, Şamaxı rayon Qızmeydan kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin şəxsi hesab 256 №-li təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında 0.25 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir.

7. Məhkəməyə sorğu əsasında Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 06 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qızmeydan kənd ərazi vahidi üzrə nümayəndəliyinin 1991-2010-cu illərin təsərrüfatbaşına kitablarında X1 adına təsərrüfat aşkar olunmamışdır.

8. Məhkəməyə sorğu əsasında daxil olmuş cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında X2 aid JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinə aid heç bir məlumat aşkar olunmadığndan JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst- üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı; elektron məlumat bazasında İddiaçı JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyyətinə verilmiş 0.25 ha torpaq sahəsi haqqında məlumatlar mövcuddur; X1 adına olan RX seriyalı **********33 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi və JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi naturada ölçülmüş torpaq sahəsinin hüdudları daxilindədir.

9. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron məlumat bazasında X2 aid JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyətinə ayrılmış 0.40 ha torpaq sahəsinə aid heç bir məlumat aşkar olunmadığından JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı; JN 009A, KOD 41003005 saylı şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları X1 adına tərtib edilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışın A № 157186 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin (0.256 ha) koordinatları üst-üstə düşür.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, üçüncü şəxsin adına verilmiş şəhadətnamə və çıxarışın ləğv edilməsinə dair iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat İddiaçının dəlilləri

11. İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş JN-009A saylı, KOD- 41003005 seriyalı şəhadətnamənin, 15 may 2017-ci il tarixli, AN-157186 seriyalı –“Torpaq sahəsinin planı və ölçüsü”nün və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli çıxarışın qanunsuz hesab edilməklə ləğv edilməsi, İddiaçı adına verilmiş JN-009A saylı, KOD-41003005 seriyalı şəhadətnamə əsasında Şamaxı rayonunun Qızmeydan kəndində verilmiş 0,25 ha torpaq sahəsi üzərində hüquqların cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyata alınması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini dəqiqləşdirərək, “üçüncü şəxs X1 adına verilmiş JN 009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin, iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1687/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Qızmeydan kəndində qeydiyyatda olan İddiaçı 1997-ci ildə 0,25 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində 1 (bir) otaqlı zirzəmili ev tikmiş və həmin ev invertarlaşdırılmış və həmin evə texniki pasport almışdır. Eyni zamanda həyətyanı torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli,16 saylı Qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş, müvafiq olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009A saylı, KOD 41003005 seriyalı Şəhadətnamə verilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsinə torpaq sahəsinin üzərində hüquqların dövlət reyesterində qeydə alınması ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən imtina məktubu göndərilmişdir. İddiaçı məlum olmuşdur ki, X1 adına JN-009A saylı , KOD41003005 seriyalı Şəhadətnamə,15 may 2017-ci il tarixli, AN- 157186 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli Çıxarış verilmiş və həmin torpaq sahəsinin üzərində olan evin bir hissəsi uçurdulmuşdur və üçüncü şəxs X4 bu torpağın Qızmeydan Bələdiyyə sədri hal-hazırda vəfat etmiş İrşad Zərbalıyev tərəfindən ona satıldığını bildirmişdir. İddiaçı aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər etmiş və Qızmeydan İcra Nümayəndələrinin Qaytanlanmış Kitabından da məlum olmuşdur ki, həmin torpaq sahəsi qaytanlanmış kitabda iddiaçının adına qeydiyyatdadır. Lakin DTXK-nin Şamaxı Rayon Şöbəsinin Qeydiyyat Kitabında isə qeydiyyat ağardıcı ilə ağardılmış və üstündən X1 adı qeyd edilmiş və onun adına olan JN-009A saylı, KOD-41003005 seriyalı şəhadətnamənin qeydiyyat nömrəsi verilmişdir. Yerquruluşu və Layihə İnstitutunda da həmin torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmışdır. Göründüyü kimi üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı,KOD-41003005 seriyalı Şəhadətnamə,15 may 2017-ci il tarixli, AN-157186 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli çıxarış saxta olmaqla qanunsuzdur. Bu tələblə o cavabdeh orqana müraciət etsə də, tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazının dəlilləri

15. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Ərazi idarəsinə daxil olmuş ərizəsinin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayonun Qızmeydan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-009A, kod 41003005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin yerləşdiyi ərazi mübahisəli olduğu üçün, İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-225/2023 nömrəli qərarı ilə iddia təmin edilərək üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamə və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarış, daşınmaz əmlakın dövlət reyestrində olan qeyd - İddiaçı 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır.

17. Qərardan narazı qalan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

18. Məhkəmə araşdırmasının uzun sürməsinə və iş üzrə sübutların toplanılmasına baxmayaraq, məhkəmə yekunda sübutlara düzgün hüquqi qiymət verməmiş, toplanılmış sübutların İddiaçı adının sonradan siyahıya daxil edilməsini müəyyən etmək üçün kifayət qədər əsas verdiyi halda, habelə məhkəmə artıq qanunla müəyyən edilmiş mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış şəxsin–üçüncü şəxs Zərifə Bəşirovanın hüquqlarını qanunsuz müdaxilədən qorumalı olduğu halda bunu etməmişdir, sübutlara yanlış hüquqi qiymət verərək, işin mahiyyəti üzrə deyil, tamamilə fərqli yanaşma sərgiləmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının 2002-ci il tarixinədək sözügedən ərazidə hər hansı daşınmaz əmlaka ilkin və ya dolayı hüququ olması, istifadə və sahibliyində torpaq sahəsinin olması təsdiq edilmir. Hətta şəxsin torpaq sahəsi üzərində tikilinin mövcud olma faktını təsdiqi kimi məhkəməyə təqdim etdiyi texniki pasport sənədi avqust 2002-ci ilə aiddir. Bundan başqa, Şamaxı rayon Arxivinin sorğuya cavabından məlum olur ki, Şamaxı rayon Qızmeydan kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında İddiaçı adına 0,25 ha torpaq sahəsi olmuşdur. Amma sözügedən tarixə kimi İddiaçı adına hər hansı torpaq sahəsinin mövcudluğuna dair məlumat yoxdur. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında DİN-nin verdiyi Arayışdan görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Şamaxı rayonu Göylər kəndində anadan olmuşdur, Şamaxı rayonu Qızmeydan kəndində isə qeydiyyata xx.xx.2005-ci ildən düşmüşdür. Məhkəmə mötəbər sübut kimi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş ıxamaŞ˝ rayonu Qızmeydan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl˝ə istinad etmişdir. Bu zaman hesab etmişdir ki, bu sənəd Şamaxı rayonu X3 16 saylı, xx.xx.1998-ci il tarixli qərarına əlavə edilmiş Şamaxı rayonunun Qızmeydan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıdır və bu siyahı Qızmeydan kəndində 0,25 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmasını təsdiq edir. Öncəliklə qeyd edilməlidir ki, əgər sənəd kənd üzrə torpaq sahəsinə malik subyektlərin siyahısından çıxarışdırsa, o zaman siyahıda digər subyektilərin də adı göstərilməli və çıxarış formatında təqdim edilməli idi. Hazırki sənəddə isə yalnız İddiaçı(özü də ada düzəliş edilməklə və bu düzəlişin sənədi tərtib edən tərəfindən edilməsini təsdiqləyən məlumat göstərilmədən) adı göstərilmişdir. Beləliklə sözügedən sənəd ümumi siyahıdan çıxarış kimi deyildir. Aqrar islahatlar 1998-ci ildə aparılsa da, hazırki sənəd xx.xx.2002-ci il tarixində tərtib edilmişdir. Üstəlik vətəndaşlara torpaq sahəsinin ayrılması səlahiyyəti Aqrar islahat komissiyalarında olmuşdur, lakin hazırki sənəd rayon İcra başçısının, Qızmeydan kəndi icra nümayəndəsinin, Qızmeydan bələdiyyəsinin, Şamaxı rayon torpaq şöbəsi müdirinin imza və möhür ilə təsdiq edilmişdir. X6 İslahat Komissiyası və Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməmiş və möhürlənməmişdir. Bu sənəd də özlüyündə təsdiq edir ki, İddiaçı adının məhz 2002-ci ilin avqustundan sonra daha öncədən tərtib edilmiş Aqrar İslahat Komissiyasının siyahsına daxil edilməsinə cəhd göstərilmişdir. Məhkəmə Aqrar islahat komissiyasının adlı siyasında üçüncü şəxs Zərifə Bəşirovanın adının olmamasını qeyd edərək və yuxarıda göstərilənlərə əsaslanaraq, iddiaçının adının sözügedən siyahıda olmasını göstərərək yanlış nəticəyə gəlmişdir. Bundan başqa, İddiaçı adına verilmiş şəhadətnamənin surətindən görünür ki, sənəd DTXK Şamaxı rayon şöbəsi və Dövlət Yerquluşu Layihə İnstitutu tərəfindən xx.xx.2004-cü il tarixdə imza və möhürlə təsdiq edilməsinə baxmayaraq, qanunverciliyin tələbinə zidd olaraq, (10 gün müddətində deyil) yenidən DTXK Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixində, yəni 6 aydan da çox müddət sonra imza və möhürlə təsdiq edilmişdir. Bundan başqa, vəsatətləri əsasında iddiaçının nümayəndəsi tərəfindən sözügedən sənədin əsli məhkəməyə təqdim edilərkən orada olan möhürlərdən yalnız birinin möhür üçün ştampdan vurulduğu, digər iki möhürün isə scan vasitəsilə sənədə yerləşdirildiyi aşkar müəyyən edilmişdir. Göstərilən hallar iddiaçıya aid sənədlərin saxta olmasını güman etməyə kifayət qədər əsas verdiyi üçün, iş üzrə məhkəmə sənədlərin texniki ekspertizasının keçirilməsi zərurəti yarandığından vəsatət verilmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Bununla hesab edirlər ki, subyektiv hüquqa dair Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, subyektiv hüquq məsələsinə hüquqi qiymət verərkən məhkəmə sübutların mötəbət və həqiqiliyini də nəzərə almalı olduğu halda bunu etməmişdir

19. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

21. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edirək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

22. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

31. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi üçüncü şəxslərin adına verilmiş JN 009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin, iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi” barədə olmuşdur.

32. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında İddiaçı adına JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan isə həmin torpaq sahəsinə dair üçüncü şəxs X1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edildiyi üçün onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya cavab olaraq üvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

33. İşin halları ilə müəyyən olunur ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yenidən JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” X1 adına tərtib edilmişdir. Sonuncunun adına tərtib edimiş şəhadətnamədə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən X2 Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir.

34. Göründüyü kimi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 009A, KOD 41003005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” iki fərqli nüxsədə tərtib edilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ilkin JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrıldığı qeyd edilmişdir. Həmçinin eyni nömrəli, kodlu şəhadətnamədə (kitabda 9252 nömrə ilə qeydə alınmış) Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsinin X1 mülkiyyətinə ayrıldığı qeyd edilmişdir. Qeyd edilən şəhadətnamə əsasında cavabdeh orqan tərəfindən torpaq sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilmişdir.

35. Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş 19 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şamaxı rayonu, Qızmeydan kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X1 adı aşkar edilməmişdir. Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 06 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qızmeydan kənd ərazi vahidi üzrə nümayəndəliyinin 1991-2010-cu illərin təsərrüfatbaşına kitablarında X1 adına təsərrüfat aşkar olunmamışdır.

36. Eyni zamanda "xxxx" MMC-dən daxil olmuş Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əlavə edilmiş Şamaxı rayonunun Qızmeydan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid adlı siyahıdan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışından görünür ki, Şamaxı rayon Qızmeydan kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin şəxsi hesab 256 №-li təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında 0.25 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir.

37. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə X1 adına tərtib edilmiş JN-009A saylı, KOD 41003005 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eyni torpaq sahəsi olmasının müəyyənləşdirilməsi üçün cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlanmışdır.

38. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron məlumat bazasında X2 aid JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyətinə ayrılmış 0.40 ha torpaq sahəsinə aid heç bir məlumat aşkar olunmadığından JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı; JN 009A, KOD 41003005 saylı şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları X1 adına tərtib edilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışın A № 157186 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin (0.256 ha) koordinatları üst-üstə düşür.

39. Göründüyü kimi, mübahisələndirilən, yəni X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin verilməsinə hansı sənədlərin əsas olduğunun aydınlaşdırılması üçün aidiyyatı üzrə sorğular verilsə də, orqanların müvafiq cavab məktubları ilə şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Yəni, şəhadətnamənin heç bir əsas olmadan üçüncü şəxin adına tərtib edilməsi qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

40. İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamənin 12-ci bəndinə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər şəxsin adı, soyadı, torpağın sahəsi göstərilməklə, ailə başçısının adına verilirdi.

42. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

45. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir.

46. Beləliklə, məhkəmə kollegiyasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, üçüncü şəxs X1 adına 0.40 ha torpaq sahəsinin ayrılmasına dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı şəhadətnamə (kitabda 9252 nömrə ilə qeydə alınmış) hüquqmüəyyənedici sənədlər olmadan, qanunun tələblərinə zidd olaraq tərtib edilmişdir.

47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli,16 saylı Qərarı ilə - İddiaçı mülkiyyətinə verilmiş müvafiq olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009A saylı, KOD 41003005 seriyalı Şəhadətnaməyə əsasən 0.25 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, yəni torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı müvafiq səbəblərdən torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmamışdır.

49. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

50. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.”

51. İddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmasa da, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur.

52. İşin sadalanan xüsusatlarına baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsini üçüncü şəxslərin mülkiyyəti kimi qeydə almış və iddiaçıya məxsus 0.25 ha torpaq sahəsinin üçüncü şəxslərin xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birini instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur.

54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-225/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar