Məhkəmə qərarları › İş №2-1(105)-339/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-339/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-339/2025 20.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinin yerinin məlum olmaması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınması, çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, X2 müdiriyyətinin 4 noyabr 1991-ci il tarixli, 360 saylı məktubu nəzərə alınaraq, İddiaçı (Гадаj) Əlibəy oğluna Novxanı sovxozu ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 21 fevral 2020-ci il tarixli arxiv çıxarışdan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarı ilə X2 müdiriyyətinin 4 noyabr 1991-ci il tarixli, 360 saylı məktubu nəzərə alınaraq, İddiaçı Novxanı sovxozu ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. Cavabdehin 28 mart 2023-cü il tarixli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa, hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda hüquq sahibinə dair məlumatlar aşkar edilməmişdir. Həmçinin, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi, həmçinin bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Əlavə olaraq, müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Cavabdehin 12 mart 2024-cü il tarixli, 3-21-3-32/2-3124/24 nömrəli məktubundan görünür ki, idarənin elektron baza məlumatlarına əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Sözügedən torpaq sahəsinin TEKUİS (X5 X7) məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və sözügedən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Məlumat üçün bildirilmişdir ki, vətəndaş tərəfindən təqdim edilmiş Abşeron rayon XDS İK-nın qərarında ad “Qaday” kimi qeyd edilmişdir. Cavabdehin 6 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Abşeron rayon XDS-in 30 noyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Novxanıda yerləşən torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,10 ha olaraq göstərilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, torpaq sahəsi yol ilə sərhəddir, ümumi daş hasar daxilində yerləşir, koordinatlar uyğun gəlir. "xxxx" ASC-nin 31 may 2024-cü il tarixli, 13-13/2-1/16-7330/2024 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 31 may 2024-cü il tarixli, 3-21-3-60/2-1243/2024 nömrəli məktubundan görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi Elektron kadastr məlumat bazasında (DWG) olan məlumatlara əsasən keyfiyyət göstəricisi (bonitet balı) 34 bal olmaqla, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Cavabdehin 2 iyul 2024-cü il tarixli, 3-21-3-32/2-8661/24 nömrəli məktubundan görünür ki, 4 saylı Abşeron Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə olunan torpaq sahəsinin sənədlər toplusuna əlavə edilmiş Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən uyğunluğu qeyd olunmuşdur. Bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda olması müayinə baxışından sonra idarənin xidməti istifadəsində olan elektron baza məlumatlarında araşdırılarkən məlum olmuşdur. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi "xxxx" MMC-nin 3-21-3-60/2-1281/2025 nömrəli, 14 may 2025 -ci il tarixli sorğuya cavab məktubundan görünür ki, məktuba qoşma kimi əlavə olunmuş Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində qeyd olunan koordinatlar Novxanı Üzümçülük sovxozunun hüdudları daxilində yerləşmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon X8 İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 saylı qərarına əsasən ayrılmış Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli, 268 nömrəli qərarına əsasən Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi bağ sahəsi kimi adına ayrılmışdır. Bu 0,10 ha bağ sahəsi ona təhvil verilmişdir və onun istifadəsi və sahibliyindədir. Hər il torpaq vergisini vaxtlı-vaxtında Novxanı bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. Cavabdehə ərizə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi onun səlahiyyətində olmayan, iradəsindən asılı olmayan bir səbəbdir. Belə ki, torpaqayırma barədə qanunamüvafiq sənəd ona təqdim edilmiş, lakin torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktı verilməmişdir. Bağ sahələrinin ayrılması zamanı ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının tərtib edilməsi qanunvericiliyə əsasən tələb olunmur. Əlavə olaraq, onun tərəfindən üzərində döngə nöqtələrinin koordinatları qeyd olunmuş, Novxanı bələdiyyəsi ilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş bələdiyyənin yerquruluşu planından çıxarış cavabdehə təqdim edilmiş, ərizəsinə əlavə olunmuşdur. Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi mümkün deyil. Belə ki, torpaq sahəsi baqçılıq-bostançılıq üçün ayırıb və bu səbəbdən də torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması mümkün deyil. Bundan başqa, onun sahibliyində olan torpaq sahəsinin ətrafında olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən yaşayış təyinatı ilə çıxarışlar verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina bilirişinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, iddia predmeti olan daşınmaz əmlakın bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən göndərilmiş məktubu ilə müəyyən edilir ki, mübahisələndirilən 0,10 ha torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda müəyyən edilir ki, həmin torpaq sahəsi keyfiyyət göstəricisi (bonitet balı) 34 bal olmaqla, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Həmçinin, cavabdeh orqan tərəfindən göndərilmiş ortofoto görüntüsündən torpaq sahəsinin faktiki yer üzrə və sxemə əsasən üst-üstə düşməməyi müəyyən edilir. Bundan əlavə, cavabdeh orqanın qeyd etdiyi bağ sahəsinin ayrılması barədə saxlanılan adlı siyahıda hüquq sahibinə dair məlumatlar da məhkəməyə təqdim edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə düzgün yanaşmamış və çıxardığı akt ədalətli olmamış, etimad prinsipi pozulmuşdur. Belə ki, məhkəmə öz qərardadının 14-cü səhifəsinin 45-ci abzasında qeyd etmişdir ki, “həmin torpaq sahəsi keyfiyyət göstəricisi (bonitet balı) 34 bal olmaqla, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir”. Lakin məhkəmənin mövqeyi yalnışdır. Belə ki, torpaq sahəsinin hüquqi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatlı torpaq sahələrinə aid edilməsi mümkün deyil. Eyni ərazidə qonşu torpaq sahələrində “yaşayış məntəqələri torpapları” təyinatı üzrə bir neçə torpaq sahəsi qeydiyyata alınmış və cavabdeh təşkilat tərəfindən çıxarış verilmişdir. Bu hallar isə məhkəməyə məlumdur. Lakin məhkəmə bərabərlik prinsiplərini nəzərə alınmamış və gözləməmişdir. Bundan əlavə, ona torpaq sahəsi bağçılıq üçün ayrılmış və verilmişdir. Hazırda isə örüş torpaq sahəsi olması absurddur. Həmçini torpaq sahəsinin keyfiyyət göstəricisi (bonitet balı) 34 bal olmaqla qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli, 230 nömrəli “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” qərarına əsasən Abşeron-Qobustan ərizəsində olan 40-21 aralıqlı bonitet şkalası olan torpaqlar İV keyfiyyət qrupuna əlavə edilmişdir. Hazırda isə sözügedən torpaq sahəsinin bonitet balının 34 olması müəyyən olunur. Bu isə həmin torpaq sahəsinin İV keyfiyyət qrupuna aid edildiyi deməyə əsas verir. Belə olan halda həmin torpaq sahəsi demək olarkı kənd təsərrüfatı üçün yararsızdır. Bundan əlavə məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(102)-1500/2023 nömrəli Qərarı isə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar (üç və ya dörd ulduzlu qərarlar) siyahısına əlavə edilməmişdir. Həmin qərara istinad etməklə iddiadan imtinanın əsaslandırılması ümumilikdə yolverilməzdir. Hesab edirik ki, hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Qeyd olunur ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Həmçinin ona torpaq sahəsi satılan zaman fərdi yaşayış evi tikintisi məqsədilə satılması, lakin hal-hazırda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kimi qeydə alınması mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olmamalıdır. Beləliklə cavabdehin onun mülkiyyət hüquqlarımın qeydiyyatından imtinasının əsası kimi göstərdiyi nal tamamiiə əsassızdır və formal xarakter daşıyır. Ona torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və bu torpaq sahəsi üzərində hüququmun dövlət reyestrində qeydiyyata alınmasınına dair tələbim qüvvədə olan qanunverciiiyə uyğun olduğundan, cavabdeh idarənin müraciətindən imtinasını əsaslı hesab etmək olmaz. Beləliklə də, torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Həmçinin məhkəmə öz qərarının 14cü səhifəsinin 47-ci bəndində göstərmişdir ki, cavabdeh orqan tərəfindən göndərilmiş ortofoto görüntüsündən torpaq sahəsinin faktiki yer üzrə və sxemə əsasən üst-üstə düşməməyi müəyyən edilir. Lakin məhkəmənin qeyd etdiyi məsələ üzrə ümumilikdəcavabdeh təşkilat tərəfindən imtina verilməmiş, bu hala görə torpağın rəsmi dövlət qeydiyyatına alınmasından imtina olunmamışdır. Lakin məhkəmə imtinanın əsası təşkil etməyən hala istinad etmişdir. Cavabdeh təşkilatın imtina etdiyi arqumentlərdə biri sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6KVT) mühafizə zolağında yerləşməsi olmuşdur. Məhkəmə isə öz qərarında həmin məsələyə belə hüquqi qiymət vermişdir: "xxxx" ASC tərəfindən göndərilmiş məktubu ilə müəyyən edilir ki, mübahisələndirilən 0,10 ha torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. (qərarın 14-cü səhifəsi 44 nömrəli bəndi) Göründüyü kimi, məhkəmə imtinanın əsasını araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan normanın məzmunundan aydın olduğu kimi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilməməklə, bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bu isə onu deməyə əsas verir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (25 iyun 1999-cu il tarixədək qüvvədə olmuş): Maddə 15. Torpaq sahələrindən müvəqqəti istifadə Torpaqdan müvəqqəti istifadə qısa müddətli—üç ilədək və uzun müddətli—on ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. İstehsalat zərurəti olduqda. bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Maddə 67. Ot çalını və mal-qara otarılması üçün torpaq sahələri Mülkiyyətində mal-qara olan vətəndaşlara ot çalını və mal-qara otarılması üçün, müvəqqəti istifadəyə torpaq sahələri verilir. . Bu məqsədlər üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetlərinin, kolxozların, sovxozların, digər müəssisələrin ixtiyarında, mülkiyyətində, sahibliyində və istifadəsində olan torpaqlardan verilir. Ot çalını və mal-qaranın otarılması üçün torpaqlar aşağıdakı qaydada verilir: 1) rayon, şəhər xalq deputatları Sovetlərinin ixtiyarında olan torpaqlardan — onların qərarı üzrə; 2) kolxozların, sovxozların və digər müəssisələrin, idarələrin, təşkilatların torpaqlarından - kolxoz üzvlərinin ümumi yığıncağının (müvəkkillər yığıncağının) və ya əmək kollektivlərinin ümumi yığıncağının rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən təsdiq edilən qərarları üzrə; 3) sənaye, nəqliyyat və digər təyinatlı torpaqlardan — torpaq istifadəçilərinin razılığı ilə rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı üzrə. Maddə 77. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudunda kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqlar və başqa yerlər Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudunda kənd təsərrüfatı üçün istifadə edilən torpaqlara aşağıdakılar aid edilir: 1) əkin yerləri, çoxillik əkinlərin yerləşdiyi torpaqlar, dincə qoyulmuş torpaqlar, şitilliklər, istixanalar, biçənəklər, otlaqlar; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıqsanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyasının

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: .... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının təqdim edilməməsi, bağ sahəsinin ayrılması barədə arxiv məlumatlarında olan adlı siyahıda ona dair məlumatların aşkar edilməməsi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edilməsi, bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi, adına münasibətdə uyğunsuzluq aşkar edilməsi, bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi hallarına istinad edərək, imtina və etiraz etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 268№li qərarı ilə X3 müdiriyyətinin 04 noyabr 1991-ci il tarixli 360 saylı məktubu nəzərə alınmaqla 1 nəfərə-İddiaçı-1445 №li- Novxanı sovxozu ərazisindən 0,10 ha torpaq sahəsi verilməsiŞ həmin torpaq sahəsinin bağçılıq-yoldaşlıq birliyinin sədri tərəfindən tanıdılması, ayrılmış torpaq sahəsində bağ evinin tikintisinə icazə verilməsi, iki il müddətində istifadə edilməzsə geri alınması qərara alınmış, həmin qərar əsasında 1445 №li bağçının üzvlik kitabçası tərtib edilmişdir. Müvafiq bələdiyyə təərfindən sözügeədn torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. İş materiallarında olan cavabdehin mütəxəssiləri tərəfindən tərtib edilmiş müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür,TEKUİS məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd edilmiş, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, yol ilə sərhəddir, tikili yoxdur, ümumi daş hasar daxilində yerləşir, koordinatları uyğun gəlir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, müvafiq bələdiyyə tərəfindən verilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi DWG məlumatına əsasən bonitet balı 34 bal olmaqla, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir, həmin ərazi Novxanı üzümçülük sovxozunun ərazisinin hüdudları daxilində yerləşmir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının adına torpaq sahəsinin ayrılması barədə müvafiq qərar yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilir. İndiki halda həmin qərara torpaq sahəsinin yerini və koordinatlarını müəyyən edən sənəd əlavə edilmədiyindən, iddianının əsaslılığının müəyyən edilməsi üçün ilkin müəyyən edilməli olan hal məhz müvafiq hüquqmüəyyənedici sənəd əsasında ayrılan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsi ilə bağlı olan haldır. Bununla bağlı kollegiya qeyd edir ki, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə yeri və faktiki koordinatları torpaq ayıran qurumun tərtib etdiyi sənədlər əsasında deyil, sonradan müvafiq bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarış əsasında müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ona müvafiq qərar əsasında ayrılan torpaq sahəsi olub-olmaması halının müəyyən edilməsinin məhz əlaqəli (dolayı) mötəbər sübutlar əsasında qiymətləndirilməsi məqsədəmüvafiqdir. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş kadastr məlumatlarından görünür ki, sözügedən torpaq sahəsi sovxoz ərazisindən ayrılsa da, sovxozun hüdudları daxilində yerləşmir. Bu hal özlüyündə iddiaçının hazırda faktiki istifadəsində olan torpaq sahəsinin müvafiq qərar əsasında onun adına ayrılan torpaq sahəsi olması halını təkzib edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kadastr uçot məlumatlarında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatı örüş torpaq sahəsi kimi əks olunmuşdur. Hansı ki, yuxarıda istinad edilən həm torpaq ayrılan vaxtda qüvvədə olan, həm də hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi yolverilməzdir, yalnız icarəyə (müvəqqəti istifadəyə) verilə bilər. Həmçinin, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kadastr uçot məlumatlarında iddiaçının iddia etdiyi və yeruquruluşu planından çıxarışda əks olunmuş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması öz təsdiqini tapmışdır. Nəticə etibarilə həmin torpaq sahəsinin kənd təsərrüfatı örüş torpaq sahəsi olması həmin torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan DWJ məlumatları və hazırda mövcud olan TEKUİS məlumatları əsasında öz təsdiqini tapmışdır. Bu hal isə iddiaçının iddia etdiyi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi halının mümkünlüyünü təkzib etmiş, habelə həmin halın müəyyən edilməsi əsasında müvafiq bələdiyyə tərəfindən sonradan tərtib edilmiş yeruquruluşu planından çıxarışın məhz müvafiq qərar əsasında ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi halını birbaşa təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi mümkün olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun eyni hüququmüəyyənedici sənəd (X1 məktubu, XDS İcraiyyə Komitəsinin qərarı) əsasında qeydiyyata alınması halı müəyyən edilmədiyindən məhz həmin əsasla da müvafiq qərar əsasında ayrılan torpaq sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, indiki halda iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilsə də, indiki halda həmin sənəd əsasında ayrılan torpaq sahəsinin yerini və koordinatlarını müəyyən edən sənəd müvafiq torpaqayırma sənədinə (qərar) əlavə edilmədiyindən, habelə digər sübutlar əsasında da həmin sənəd əsasında ayrılan torpaq sahəsinin məhz hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi olması halının müəyyən edilməsi mümkün olmadığından, işin müəyyən edilmiş faktiki və hüquqi halları əsasında iddianın əsaslılığını müəyyən etmək mümkün olmamışdır. Bu baxımından kollegiya qeyd edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina və etirazın dəlilləri əsaslı olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının bərabərlik prinsipinin tələbləri baxımından iddianın əsaslılığının yoxlanılması ilə bağlı istinad etdiyi dəlillərlə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halı müəyyən edilmiş, həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş həmin sənədlərin məzmunundan görünür ki, qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatın alınmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, müvafiq bələdiyyə qərarı,Abşeron mərkəzləşdirilmiş şəhərlərarası yükdaşıma müəssisəsinin məktubları və həmkarlar komitəsinin qərarı əsasında müvafiq XDS icraiyyə Komitəsinin qərarı) ilə iddiaçıya aid hüquqmüəyyənedici sənədlər (məhz X1 məktubu, müvafiq XDS İcraiyyə Komitəsinin qərarı) eynilik təşkil etmədiyindən, habelə iddiaçının iddia etdiyi torpaq sahəsinin sovxoz hüdudları daxilində yerləşməsi halı müəyyən edilmədiyindən, iddia tələbinin əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları iddianının və şikayətin dəlillərinin əsaslılığını müəyyən etməyə imkan vermədiyindən, cavabdehin imtina və etirazının digər dəliləri üzrə əlavə aradışdırma aparılmaqla, həmin hallara hüquqi qiymət verilməsi zəruri olmamışdır. Bu halın hazırki iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş,iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2340/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər. qn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar