Məhkəmə qərarları › İş №2-1(105)-34/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-34/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-34/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin idddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(85)-820/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı və digər 3 nəfər şəxs X3, X6 və X1 mülkiyyətində ünvan 1 ünvanında qeyri-yaşayış sahəsi var. 25.01.2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra cavabdeh) iddiaçıya bildiriş göndərərək ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin satın alınmasını və ya satınalma hüququ ilə icarəyə götürülməsini təklif etmişdir. 12.02.2019-cu il tarixində hazırkı iş üzrə İddiaçı cavabdeh orqana müraciət edərək onun mülkiyyətində olan və M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyriyaşayış binasının altındakı 3600,0 kv.metr torpaq sahəsinin ona satılmasına razılığını bildirmiş və satınalma ilə bağlı məlumatın ona verilməsini xahiş etmişdir. Cavabdeh 25.02.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən torpaq sahəsinin normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Eyni zamanda, iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 36000 manat təşkil edən 3600 kv.metr torpaq sahəsi satın alınması məqsədilə iddiaçıya təklif edilmişdir. Təklif olunan qiymətlə razılaşmayan İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1ndə yerləşən torpaq sahəsinin hər kvadrat metrinin 100 manat olmaqla, cəmi 3600 manat məbləğində müəyyən edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya təklif olunan qiymət torpağın normativ və bazar qiymətinə uyğun gəlmir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, özəlləşdirməyə çıxarılmış dövlət mülkiyyətində olan əmlakın qiymətinin təyin edilməsi hüququ satıcı kimi dövlətə və onun adından çıxış edən səlahiyyətli icra hakimiyyəti orqanına məxsusdur və əmlakın dəyəri müvafiq qanunvericiliyə uyğun müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-1-ci bəndinə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. ünvan 1 ünvanında özəlləşdirilmiş qeyriyaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin bazar dəyəri yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən, qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(085)- 820/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə»nin 6.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti hal-hazırda bazar dəyərindən aşağı olduğu halda onun qiymətləndirilməsi düzgün olaraq «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun iddiaçıya təklif edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(085)- 820/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-60/2020 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2- 1(085)-820/2019 nömrəli qərarı ləğv edilmiş, İddiaçı ünvan 1ndə yerləşən torpaq sahəsinin hər kvadrat metrinin 100 manat olmaqla, cəmi 3600 manata iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan sözügedən Əsasnamənin 6-1-ci bəndinə istinad edərək təklif olunan əmlakın satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq təşəkkül tapan bazar dəyəri əsasında satılmalı olduğunu iddia etsə də, hazırki mübahisəyə həmin bəndin tətbiqi əsassızdır. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ barədə şəhadətnamə iddiaçıya 05.03.1998-ci il tarixində verilmiş, birinci instansiya məhkəməsinin istinad etdiyi müvafiq Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 377 saylı Qərarı 05.10.2016-cı il tarixdə qəbul edildiyindən iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-60/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1296/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(105)-60/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.02.2021-ci il tarixli, 2-1(105)-34/2021 saylı qərardadı ilə qeyri yaşayış sahəsinin birgə mülkiyyətçiləri -X3, X6 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sözügedən daşınmaz əmlak uzun illərdir ki, 1998-ci ildən iddiaçının mülkiyyətindədir. İndiyə qədər bir nəfər də olsun cavabdeh idarə tərəfindən gəlib bu ərazi ilə maraqlanmamışdır. Onlar mülkiyyətlərində olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsini mülkiyyətlərinə keçirmək qərarına gəlmişlər. Cavabdeh idarə tərəfindən gələn bildirişdə həmin torpaq sahəsinə görə 36000 manat ödəməli olduqlarını bildirmişlər. Hesab edir ki, həddindən artıq şişirdilmiş məbləğdir və həmin əmlakın yerləşdiyi yerə görə dəfələrlə artıq məbləğdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi yazılı ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertizası rəyinə əsasən ünvan 1ndə yerləşən, həmin ərazidə satılan torpaq sahələrinin bir kv.metr bazar qiyməti 2019-cu ilin yanvar-fevral ayları üçün 1 manat 80 qəpik təşkil edir. Qeyd edilən torpaq sahəsinin 2019-cu il üçün bazar qiyməti 6500 manat təşkil etmişdir. Odur ki, iddia ərizəsində göstərilən torpaq sahəsinin bazar qiyməti 6500 (altı min beş yüz) manat qiymətləndirərək iddiaçıya satılması barədə öhdəliyin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər, lakin notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(85)-820/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti hal-hazırda bazar dəyərindən aşağı olduğu halda onun qiymətləndirilməsi düzgün olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilmiş və iddiaçıya təklif edilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə satılır. Qanunun göstərilən tələblərinə müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi 25.01.2019-cu il tarixli, **********39 nömrəli bildirişlə iddiaçıya və üçüncü şəxslərə (tikilinin digər mülkiyyətçilərinə) təklif edilmiş və təklifində Əsasnamənin 6-1-ci maddəsinə istinad etmişdir. Adı çəkilən Əsasnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2016-cı il tarixli, 377 nömrəli qərarı ilə əlavə olunmuş 6-1-ci maddəsində qeyd olunmuşdur ki, torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin normativ qiyməti bazar dəyərindən aşağı olduğu üçün cavabdeh “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq torpağın satın alınmasını sözügedən Əsasnamənin 6-1-ci bəndində nəzərdə tutulan qaydada əsaslı olaraq təklif etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından qərarın mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalı olması ilə bağlı qanunvericiliyin tələbi nəzərə alındıqda isə mübahisəli torpaq sahəsinin satış qiyməti ilə bağlı hazırkı mübahisənin həll edilməsi üçün adıçəkilən Əsasnamənin 6cı bəndinin tətbiqi mümkünsüzdür. Buna görə də, mübahisənin həlli mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 6-1-ci bəndinə əsasən həll edilməlidir. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2019-cu ildə yarandığından hazırkı iş üzrə həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Tətbiq olunan maddi hüquq norması isə Əsasnamənin 6-1-ci maddəsidir. Həmin maddəyə əsasən, torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Hazırkı iş üzrə də tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair bağlanacaq müqavilə də göstərilən maddənin tələbinə uyğun olaraq həmin müqavilə bağlandığı anda qüvvədə olan hüquq normalarına uyğun olmalıdır. Cavabdeh tərəfindən müəyyən edilmiş torpağın dəyərinə gəldikdə isə bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın məktubundan da göründüyü kimi, mübahisəli torpaq sahəsinin bazar qiyməti cavabdeh tərəfindən 36000 manat məbləğində müəyyən edilmişdir, iddiaçı isə bu qiyməti münasib və ədalətli hesab etmir. Bununla bağlı Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki, apelyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu faktiki halı araşdırmamış, cavabdehin təklif etdiyi qiymətin bazar qiymətinə uyğun olub-olmadığını müəyyənləşdirməmişdir. Belə olan halda, Ali Məhkəmə Kollegiyası mübahisənin həlli üçün sözügedən torpaq sahəsinin Əsasnamənin tələblərinə uyğun satın alınması üçün torpağın qiymətinin bazar qiymətinə uyğun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən işə təkrar apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə mübahisəsi gedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin verilməsi “Ekspert” LTD firmasına həvalə edilmişdir. “Ekspert” LTD müəssisəsinin 27/E saylı 04 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, ünvan 1ndə yerləşən həmin ərazidə satılan torpaq sahələrinin bir kv.metrinin bazar qiyməti 2019-cu ilin yanvar-fevral ayları üçün 1 manat 80 qəpik təşkil etmişdir. ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv metr torpaq sahəsinin bazar qiyməti 2019-cu ilin yanvar-fevral ayları üçün 6500 manat təşkil etmişdir. Cavabdeh 25.02.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin dəyərinin 36000 manat təşkil etməsini bildirsə də, həmin qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq müəyyən edilməmişdir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 19.07.2019cu il tarixdə cavabdehə məktub ünvanlanaraq, torpaq sahəsinin bazar dəyəri barədə qimətləndiricinin rəyi tələb edilmiş, yalnız bundan sonra məhkəmənin sorğusuna cavab vermək zərurəti yarandığından cavabdeh təşkilat «X11» MMCyə müraciət etmiş və sonuncu tərəfindən «Dövlət əmlakının qiymənləndirilməsi» barədə 01.08.2019-cu il tarixli, 522 nömrəli rəy verimişdir. Rəyə əsasən, mübahisəsi gedən torpaq sahəsinin bazar qiyməti 36000 manat müəyyən edilmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 25.02.2019-cu tarixdə torpaq sahəsinin qiymətinin 36000 manat olduğunu bildirsə də, qoyulmuş qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq müəyyən edilməmişdir. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun: - 5-ci maddəsinə əsasən, dövlət əmlakının dəyəri özəlləşdirilmə məqsədilə müəyyən edildikdə əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. - 6-cı maddəsinə əsasən, qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Bununla yanaşı kollegiya qeyd edir ki, məhkəmənin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə zamanı “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 27/E saylı 04 dekabr 2020-ci il tarixli rəydə ayrı-ayrı ekspertlərin, qiymətləndirici mütəxəssislərin ümumiləşdirilmiş rəylərinə, birja-bazar məmulatlarına, hüquqmüəyyənedici və texniki sənədlərə və s məlumatlara istinad edilmiş, plan-sxem çəkilmiş, fotoşəkillər çəkilmiş, internet məlumatlarından istifadə edilmiş, qiymətləndirmə zamanı uyğun satışların müqayisəsi metoduna üstünlük verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş rəy isə bir səhifədən ibarət olmaqla, qiymətləndirmə haqqında hesabat tərtib edilməmiş, hansı metodla qiymətləndirmənin aparıldığı, hansı məlumatlara əsasən qiymətin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, aparılmış təhlillər nəticəsində torpaq sahəsinə 36000 manat qiymət qoyulduğu qeyd edilmiş, bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası mübahisəsi gedən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsində “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş rəyi daha mötəbər sübut hesab edir. İddiaçı ilkin tələbində torpaq sahəsinin 3600 manat məbləğində müəyyən edilməsini tələb etsə də, məhkəmə kollegiyasının iclasında ekspertin rəyinə uyğun olaraq iddia tələbini dəqiqləşdirərək, ünvan 1ndə yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv metr torpaq sahəsinin bazar qiyməti 6500 manat qiymətləndirilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsində yerləşən “Avtomotoservis” məntəqəsinin qeyri-yaşayış sahəsi iddiaçıdan başqa digər 3 nəfərin-X3, X6 və X1 birgə mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi 4 fiziki şəxsin birgə mülkiyyətində olduğundan həmin tikilinin yerləşdiyi torpaq sahəsi də tikilinin mülkiyyətçilərinin ümumi istifadəsindədir. Bununla bağlı Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, apelyasiya instansiya məhkəməsi yuxarıda qeyd eidlən halı nəzərə almadan torpağın iddiaçıya satılması barədə qərar qəbul etmiş və bu barədə nəticəni əsaslandırmamışdır. Odur ki, işə təkrar baxılarkən birgə mülkiyyətçilər işə cəlb edilməklə əsaslandırılmış qərar qəbul edilməlidir. İşə təkrar apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının 10.02.2021-ci il tarixli, 2-1(105)-34/2021 saylı qərardadı ilə qeyri yaşayış sahəsinin birgə mülkiyyətçiləri -X3, X7 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Onlar 30.03.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin iddiaçı və cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda üçüncü şəxslər məhkəmənin ümumi şöbəsinə ərizə təqdim edərək, ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600,0 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya satılmasına etiraz etmədiklərini bildirmişlər. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 1ndə “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv m torpaq sahəsinin bazar qiyməti 6500 (altı min beş yüz) manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(85)-820/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(85)- 820/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. ünvan 1ndə “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv m torpaq sahəsinin bazar qiyməti 6500 (altı min beş yüz) manat müəyyən edilərək İddiaçı satılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar