Məhkəmə qərarları › İş №2-1(105)-34/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-34/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-34/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X1 adına Quba rayonu Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Açar sözlər: icra nümayəndəsinin qərarı əsasında verilmiş torpaq sahəsinə çıxarış verilməsindən imtina Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, irinova Şəfəq Zahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X1 adına Quba rayonu Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(118)-810/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X1 qanun üzrə vərəsəsi olan İddiaçı adına adına Quba rayonu Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin üzərinə 31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X1 adına Quba rayonu, Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışın verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cu il tarixli və XXİ Çağırış Quba Rayon X4 Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü torpaq sahəsinin ayrılmasına dair 6 iyul 1993cu il tarixli Qərarlarına əsasən Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba Şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 nömrəli Sərəncamı ilə qanun üzrə vərəsəsi olduğu 31.01.2007-ci il tarixində vəfat etmiş atası X1 adına Quba rayonu Dəvədabanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi tərəflərindən hasarlanmış və uzun müddətdir ki, istifadələrindədir. Torpaq sahəsinin sol, sağ və arxa tərəfləri qonşu torpaqlarla ön tərəfi isə məhəllədaxili yolla hasar olaraq ayrılmışdır. Torpaq sahəsinin ətrafında qonşular tərəfindən fərdi yaşayış evləri inşa edilmişdir. Hazırda həmin evlərdə yaşayış mövcuddur. 25 ildən artıqdır ki, istifadələrində olan torpaq sahəsinin sərhədlərinə dair qonşuluq etdiyi şəxslərlə heç bir mübahisə və fikir ayrılıqları olmamışdır. Həmçinin bu müddət ərzində ailələrinə ayrılmış torpaq sahəsinə dair üçüncü şəxs və ya şəxslərin sahiblik iddiası mövcud olmamışdır. Quba rayon bələdiyyəsi tərəfindən təqdim olunan 1:10000 miqyasda, 1:2000 miqyasda sxemləri də qeyd olunan torpaq sahəsinin faktiki olaraq ailələrinə mənsub olmasını təsiqləyir. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsinə dair 03.11.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh müraciətinin təmin edilməsindən imtinanın səbəbi olaraq Azərbaycan Respublikası İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin torpaqayırma səlahiyyətinin olmadığını göstərmişdir. Hesab edir ki, Quba Rayon İcra Hakimiyyətinin həmin qərarın icrasını icra hakimiyyəti nümayəndəsinə həvalə etməsi vətəndaşın mülkiyyət hüququnun pozulmaı ilə nəticələnməli deyi və burada hüquqmüəyyənedici sənəd kimi Azərbaycan respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cü il tarixli və X4 6 iyul 1993-cü il tarixli Qərarları əsas kimi qəbul edilməlidir.

Cavabdehin etirazları:

4. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaş İddiaçı mərhum atası X1 adına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.1994-cü il tarixli və XXİ Çağırış Quba rayon XDS-nin Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü torpaq sahəsinin ayrılmasına dair 06.07.1993-cü il tarixli qərarlarına əsasən Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.08.1995-ci il tarixli, 50 nömrəli Sərəncamı ilə, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 03.11.2020-ci il tarixdə yazılı ərizə ilə müraciət etmiş və ərizəyə 05.11.2020-ci il tarixli **********89 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Quba şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 03.11.2020-ci il tarixli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd edilən 0.05 ha torpaq sahəsi Quba rayon İcra Hakimyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.08.1995-ci il tarixli 50 saylı sərəncamı əsasında ayrılmışdır. Quba rayon İcra Hakimyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bununla bağlı əvvəlki müraciəti zamanı 17.09.2020-ci il tarixli **********38 nömrəli məktubla münasibət bildirilmişdir. Bu, səbəblərdən də ərizənin icrasını Ərazi İdarəsi tərəfindən təmin etmək mümkün olmamışdır.”

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-cı il tarıxlı 2-1(118)-810/2021 saylı qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilərək, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 saylı sərəncamı ilə mərhum X2 ayrılmış 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

6. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(118)-810/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum atası X1 adına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.1994cü il tarixli və XXİ Çağırış Quba rayon XDS-nin Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü torpaq sahəsinin ayrılmasına dair 06.07.1993-cü il tarixli qərarlarına əsasən Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.08.1995-ci il tarixli, 50 nömrəli Sərəncamı ilə, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 03.11.2020-ci il tarixdə yazılı ərizə ilə müraciət etmiş və müraciətinə imtina ona görə verilmişdir ki, Quba rayon İcra Hakimyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Həmçinin Torpaq Məcəlləsinin 68-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələrinin tələbləri nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması mümkün olduğundan, məhkəmə tərəfindən mülkiyyət hüquqi müəyyən edilmiş 0.05 ha olan torpaq sahəsinin yerləşdiyi yer belə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd və ya sxemə belə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(118)-810/2021 saylı qərarının ləğv edilməsini xahiş edirlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Apelyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz. Torpaq sahəsi halhazırda onların istifadəsində olmaqla tərəflərindən hasarlanmış və uzun müddətdir ki, istifadə edirlər, torpaq sahəsi üç tərəfi qonşu torpaqlarla əhatə olunmuş, artıq bir çox qonşuları tərəfindən fərdi yaşayış evləri də tikilmişdir. Cavabdehin göstərdiyi imtinanın əsası qanunsuzdur, belə ki, mərhum atasına Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.08.1995-ci il tarixli, 50 nömrəli Sərəncamı ilə, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi ayrılmış, keçən müddət ərzində həmin torpaq sahəsilə bağlı hər hansı dövlət orqanı tərəfindən onlara qarşı heç bir iddia bildirilməmişdir. Hesab edir ki, atasına torpaq sahəsinin guya səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda, eləcə də apelyasiya şikayətində göstərdiyi dəlili tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.1994-cü il tarixli və XXİ Çağırış Quba rayon XDS-nin Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü torpaq sahəsinin ayrılmasına dair 06.07.1993-cü il tarixli qərarlarına əsasən Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsi səlahiyyətli olaraq 19.08.1995-ci il tarixli, 50 nömrəli Sərəncamı qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

10. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İdarənin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).

32. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-).

33. 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. (-). Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. (-). Maddə 23. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; (-); Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır.

34. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli № 372 nömrəli Fərmanına əsasən qərara alınmışdır:

1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin. (-).

5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. (-).

35. Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qəbul edilənədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə: Maddə 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri İcra hakimiyyətinin başçısı: (-); q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində: (-); təbiəti mühafizə haqqında respublika qanunvericiliyinin pozulduğu hallarda müəssisələrin, təşkilatların və idarələrin təsərrüfat fəaliyyətini və obyektlərin tikintisini saxlayır, qanunla müəyyən edilmiş qaydada onların üzərinə inzibati məsuliyyət qoyur, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir; (-). Maddə 22. Rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailəəmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hazırkı qərarın 12-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd olunmalıdır.

37. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir.

38. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Quba rayon X4 6 iyul 1993-cü il tarixli qərarına əsasən Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsünün hər bir təsərrüfat üzrə 0,05 ha müəyyən edilməsi, rayon XDS-nin Rəyasət heyətinə deputaların tənqidi qeydləri ilə əlaqədar Alekseyevka, Rustov, Amsar, İ Nügədi, Zərdabi, Zelenovka və digər inzibati ərazi vahidlərində ictimai torpaqların dağıdılması faktlarını, vətəndaşlara verilən həyətyanı torpaqların qanuniliyini yoxlamaq üçün komissiya təşkil etməsinin və yoxlamanın nəticələrindən asılı olaraq tədbirlərin həyata keçirilməsinin tapşırılması qərara alınmışdır. Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli, 50 saylı sərəncamından görünür ki, X3 fərdi yaşayış evi tikmək üçün şəhərin “Dəvədabanı” ərazisində 500 kv.metr torpaq sahəsinin verilməsi qərara alınmışdır. Bu sənədlərə əsaslanan iddiaçı mərhum atasına ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi üçün ərizə ilə cavadeh İdarəyə müraciət etmişdir. Lakin cavabdehin 05 noyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmişdir. Cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Belə ki, Quba rayon X4 6 iyul 1993-cü il tarixli qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılması üçün komissiya təşkil edilməsi qərara alınmış və Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19 avqust 1995-ci il tarixli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi Quba rayon İcra Hakimiyyəti başçısı yuxarda qeyd edilən sərəncamı ilə Quba şəhəri üzrə nümayəndəsinə vətəndaşlara sahəsi torpaq ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətindən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Beləliklə də, iddiaçının mərhum atasına torpaq sahəsinin səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçının mərhum atasına torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mərhum atasının hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmır və qeyd edir ki, cavabdeh İdarənin imtinasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz ona görə ki, qeyd edilən maddənin 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin torpaq sahəsinin planı və ölçüsünün əlavə olunması zəruridir ki, iddiaçının təqdim etdiyi sənədlər yalnız Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 19.08.1995-ci il tarixli, 50 saylı sərəncamıdır ki, həmin sərəncamın da Quba şəhəri üzrə nümayəndə tərəfindən imzalamaq barədə hüquq Quba rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilməsini təsdiq edən sübut iş materiallarında mövcud deyildir.

40. Kollegiya qeyd edir ki, iddiaçının mərhum atasına mübahisələndirilən torpaq sahəsi ayrılarkən mövcud qanunvericilik, hansı ki, məhkəmənin də istinad etdiyi və hazırkı qərarın 33-cü bəndində istinad edilən Torpaq Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsində vurğulanırdı ki, Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Yəni, rayon, şəhər üzrə nümayəndələr yalnız onlara verilən xüsusi səlahiyyət çərçivəsində torpaq sahələrini xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilmələri qanunvericilikə təsbit edildiyi halda, birinci instansiya məhkəməsi qanun normasını düzgün təfsir etməyərək yuxarıda qeyd edilən qənaətə gəlmişdir.

41. Məhkəmə kollegiyasının iclası zamanı da X5 filialına edilmiş sorğuya (sorğunun məzmunu: - 19.08.1995-ci ildə Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin Quba şəhərində hər hansı məqsədlər üçün torpaq ayrılması ilə əlaqədar sərəncam vermək səlahiyyəti, istər əvvəllər mövcud olmuş Quba rayon XDS-i tərəfindən, istərsə də sonralar təsis edilmiş Quba rayon İcra Hakimiyyəti tərəfindən verilməsinə dair adı çəkilən İcra Orqanları tərəfindən hər hansı sərəncam verilib ya yox) 21.09.2021-ci il tarixdə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, X6 filialında mühafizə olunan Quba rayon İcra Hakimiyyətinin sənədlərində Quba şəhər nümayəndəliyinə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar sərəncam vermək səlahiyyəti olması haqqında məlumat aşkar edilməmişdir(i.v.92).

42. Məhkəmə kollegiyasının Quba Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğusuna cavab olaraq Quba Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 25.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, 19 avqust 1995-ci il tarixdə Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması məqsədilə rayon İcra Hakimiyyəti və digər orqanlar tərəfindən sərəncam vermək səlahiyyətinin verilib-verilməməsi barədə məlumat aşkar edilməmişdir (i.v.115).

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atasına Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsi tərəfindən torpaq sahəsi ayrılarkən hazırkı qərarın 35-cü bəndində istinad edilən Əsasnamənin 22-ci maddəsinin tələblərindən də göründüyü kimi, Quba şəhəri üzrə nümayəndənin torpaq ayırma səlahiyyəti olmamış, nümayəndənin həmin maddədə qeyd edilən konkret səlahiyyətləri həyata keçirməklə yanaşı, İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək etməsi və İH-i başçısının tapşırıqlarını yerinə yetirmək vəzifəsi olmuşdur ki, hazırkı iş üzrə də Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaq ayrılma barədə hər hansı bir tapşırıq və ya səlahiyyət verilməsi müəyyən edilməmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.1994-cü il tarixli və XXİ Çağırış Quba rayon XDS-nin Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü torpaq sahəsinin ayrılmasına dair 06.07.1993-cü il tarixli qərarlarına istinad etmiş olsa da, məhkəmə kollegiyası iddiaçının bu direktiv sənədlərə istinadı qəbul etmir ona görə ki, həmin sənədlərdə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması üçün müəyyən razılaşdırılmış təkliflərin qəbul edilməsinin, həmçinin Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisindən ötrü ayrılacaq torpaq sahəsinin ölçüsü haqqında qərarların qəbul edilməsi, heç də Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinə torpaq ayırma səlahiyyətini vermək anlamını vermir(i.v.6, 8).

45. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 31-35-ci bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sərəncam səlahiyyəti olmayan orqan tərəfindən verildiyindən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilməli, bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(118)-810/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «31.01.2007-ci il tarixində vəfat etmiş mərhum atası X1 adına Quba rayonu Dəvədabanı y/m-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar