Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-34/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndələri X2 və X4 iştirakları ilə, İddiaçı “Zəmi” X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-1(118)-258/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Siyəzən rayon şəhər İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 nömrəli sərəncamına əsasən Siyəzən rayonu “28 may” təsərrüfatı ərazisində “Zəmi” kooperativinin bazasında “Zəmi” kəndli (fermer) təsərrüfatı yaradılmış, Dəvəçi rayonu XDS-nin 23 fevral 1990-cı il tarixli, 03 nömrəli qərarı ilə “Zəmi” kooperativinə icarəyə verilmiş 50 ha (16 ha daşlı, 34 ha kollu örüş) kənd təsərrüfatına az yararlı torpaq sahəsi “Zəmi” kəndli (fermer) təsərrüfatının daimi istifadəsinə verilmişdir. Siyəzən rayon şəhər İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 nömrəli sərəncamına əsasən iddiaçıya verilmiş 50 ha torpaq sahəsinə dair onun adına Siyəzən rayon torpaq şöbəsi tərəfindən 25 aprel 1998-ci il tarixli, JN-0173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ tərtib edilmişdir. İddiaçı 16 mart 2022-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Siyəzən rayonu, Sədan kəndində yerləşən 50 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 13 aprel 2022-ci il tarixli, **********69 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisi tərəfindən əraziyə müayinə baxışı keçirilən zamanı əldə olunan məlumatların kadastr məlumat bazasında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 KOD nömrəli “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967,0 metr kənarda yerləşir. Faktiki torpaq sahəsinin yerləşdiyi ərazi kadastr məlumat bazasında örüş torpaqları kimi qeyd olunmuşdur. Həmçinin, kadastr məlumat bazasına əsasən faktiki torpaq sahəsinin 1,37 ha hissəsi **********95 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən, müraciətin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı “Zəmi” kəndli fermer təsərrüfatı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Siyəzən rayon şəhər İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonun Sədan kəndi ərazisində ayrılmış və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 25 aprel 1998-ci il tarixli, JN-173 KOD 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ na əsasən daimi istifadəsinə verilmiş 50,0 hektar torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə “Zəmi” X7 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonun Sədan kəndi ərazisindən ayrılmış 50,0 hektar torpaq sahəsi 1998-ci ildən bu günədək onun istifadəsində olmaqla, təyinatı üzrə istifadə edilməkdədir. Qeyd edilən torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, imtina məktubunda cavabdeh tərəfindən göstərilmiş dəlillər hüququn qeydiyyatından imtina üçün əsas sayıla bilməz. İlk növbədə qeyd edilməlidir ki, “Zəmi” kft-nin torpaq sahəsi üzərində daimi istifadə hüququ hələ 1998ci ildə dövlət qeydiyyatından keçirilmiş və həmin qeydiyyat bugün də qüvvədədir. Göründüyü kimi, torpaq sahəsinin harada yerləşməsindən asılı olmayaraq cavabdeh istənilən halda torpaq üzərində “Zəmi” kft-nin daimi istifadə hüququnu dövlət qeydiyyatına almalı idi və bu onun vəzifəsi idi. Bu qeydiyyat, ən azından ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ nın kadastr məlumat bazasında göstərilmiş koordinatlar əsasında həyata keçirilməli idi. Cavabdehin həmin sənəddə göstərilmiş koordinatların torpağın faktiki yerləşdiyi kordinatlarla üst-üstə düşməməsi barədə bildirdikləri isə müvafiq sənədlərlə və faktlarla təkzib olunur. Əvvəla, İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya 50,0 ha torpaq sahəsi Siyəzən rayonunun Sədan kəndi ərazisində ayrılmışdır. Cavabdehin kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967,0 metr kənarda yerləşən torpaq sahəsi isə Sədan kəndinin deyil, rayonun Çarxana kəndinin inzibati ərazisi daxilində yerləşir ki, bu da həmin torpaq sahəsinin “Zəmi” kft-yə ayrılmış torpaq sahəsi olmasını istisna edərək ilkin sxem və torpaayırma sənədlərində ayrılmış torpaq sahəsinin koordinatlarının yanlış göstərildiyini sübut edir. Həmçinin, həmin 50,0 ha torpaq sahəsinin naturada təsbit edilmiş dəqiqləşdirilmiş koordinatları hələ 2016-cı ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Sumqayıt Layihə Tədqiqat İdarəsi tərəfindən hazırlanaraq müvafiq qaydada cavabdeh orqana təqdim olunmuşdur. Həmin İdarənin rəisinin imzası ilə cavabdehə ünvanlanmış 22 fevral 2016-cı il tarixli, xx-xx/2016 saylı Arayışa “Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) Aktı”, həmçinin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının da əks etdirildiyi rəqəmsal kadastr xəritəsindən çıxarış əlavə edilmişdir ki, həmin sənədlərdə “Zəmi” kft-yə ayrılmış 50,0 ha torpaq sahəsinin naturada təsbit edilmiş koordinatlarının ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ nın kadastr məlumat bazasında qeyd olunduğu kimi olduğu müəyyən edilmişdir. Cavabdeh həmin sənədləri diqqətə almayaraq əsassız şəkildə torpaq sahəsinin yerinin başqa yer olduğu qənaətinə gəlməklə qanunsuzluğa yol vermişdir. Bu baxımdan, cavabdehə təqdim olunmuş hüquqmüəyyənedici və texniki sənədlərlə nəzərdə tutulmuş torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alımasınından imtina etməkdə haqlı sayıla bilməz. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək sonuncu ərizəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə “Zəmi” X7 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonunun Sədan kəndi ərazisində ayrılmış və JN-0173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ na əsasən daimi istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin faktiki istifadə etdiyi 48,63 ha hissəsi üzərində “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” nda göstərilmiş torpağın konfiqurasiyasına uyğun şəkildə iddiaçının daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-1(118)-258/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə “Zəmi” X7 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonunun Sədan kəndi ərazisində ayrılmış və daimi istifadə hüququ ilə qeydiyyatdan keçmiş torpaq sahəsinin 48,63 ha hissəsi üzərində onun daimi istifadə hüququnun (ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən) 25 aprel 1998-ci il tarixdə tərtib edilmiş, JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” nda göstərilmiş torpağın konfiqurasiyasına uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin torpaq sahəsinin örüş torpaq sahəsi olması dəlili əsassızdır, belə ki, qanunvericiliyin tələbləri baxımından örüş torpaq sahələrinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur. Bundan əlavə, “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ nda göstərilmiş koordinatlar zaman etibarı ilə qüvvədə olmuş DTXK-si tərəfindən (“Pulkova-1942” koordinat sistemi ilə) müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş sxemdə müəyyən edilmiş koordinatlar DƏDRX (“WGS-84” koordinat sistemi ilə) tərəfindən işləndiyindən torpaq sahəsinin yerləşdiyi yer üzrə uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, DƏDRX tərəfindən “WGS-84” koordinat sistemi ilə müəyyən edilmiş koordinatlarla 50 ha torpaq sahəsinin Siyəzən rayonu Çarxana kəndi ərazisinə düşdüyü müəyyən olunur. Lakin iddiaçının faktiki istifadəsində olan və koordinatları DTXK tərəfindən “Pulkova-1942” koordinat sistemi işlənmiş 48.63 ha torpaq sahəsi hər hansı fiziki və hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür və Siyəzən rayonun Sədan kəndində yerləşir. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ləğv edilmiş X8 Komitəsinin hüquqi varisidir və koordinat sistemlərinin dəyişməsi səbəbindən torpaq sahələrinin yeri ilə bağlı uyğunsuzluğun əmələ gəlməsində torpaq sahələrinin sahiblərinin hər hansı bir təqsiri yoxdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından qərar ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişd Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, tərəflərindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967,0 metr kənarda yerləşməsi ilə bağlı uyğunsuzluq GPS aparatları ilə bağlı yaranmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, Siyəzən rayon şəhər İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış 50 ha torpaq sahəsi rayonun Sədan kəndinin aşağı hissəsində yerləşir, cavabdehin dəlillərində JN-0173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ nın koordinatlarına əsasən yerləşdiyi göstərilən torpaq sahəsi isə onlara ayrılmış torpaq sahəsindən uzaqda yerləşir. Tərəflərindən həmin torpaq sahəsindən heç vaxt istifadə edilməmişdir, həmin sahədə kəndin əhalisi heyvandarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 48,63 ha torpaq sahəsi üzərində onun daimi istifadə hüququnun JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” nda göstərilmiş torpağın konfiqurasiyasına uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası barədədir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: 1) elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması; 2) torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluq olması, faktiki istifadə edilən torpaq sahəsinin JN-173 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967.0 metr kənarda yerləşməsi; 3) kadastr məlumat bazasına əsasən faktiki torpaq sahəsinin 1.37 ha hissəsinin **********95 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşdən görünür ki, Dəvəçi rayonu XDS-nin 23 fevral 1990-cı il tarixli, 03 nömrəli qərarı ilə 50 ha (16 ha daşlı, 34 ha kollu örüş) kənd təsərrüfatına az yararlı torpaq sahəsi iddiaçının hüquqi varisi olduğu “Zəmi” kooperativinin icarəsinə verilmiş, daha sonra Siyəzən rayon şəhər İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 nömrəli sərəncamına əsasən həmin kooperativinin bazasında “Zəmi” kəndli (fermer) təsərrüfatı yaradılmış, icarəyə verilmiş sözügedən 50 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Eləcə də, həmin torpaq sahəsinə dair onun adına JN-0173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ tərtib edilmişdir. Hazırda iddiaçı onun daimi istifadəsinə verilmiş sözügedən 50 ha torpaq sahəsinin 48,63 ha hissəsi üzərində istifadə hüququnu dövlət reyestrində qeydiyyata aldırmaq niyyətindədir. Bununla bağlı qeyd edilməlidir ki, 1992-ci ilə qədər qüvvədə olan 1982-ci il tarixli Azərbaycan SSR Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaq sahələri daimi və müvəqqəti verilir. Torpaq sahələri 3 ildən 10 ilə qədər uzunmüddətli, 3 ilə qədər qısamüddətli hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə görə kənd təsərrüfat təyinatlı torpaq sahələri ilk növbədə kənd təsərrüfat müəssisələri və təşkilatlarına ayrılır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxoz, sovxoz və digər torpaq istifadəçilərinə verilən torpaq sahələri torpaqdan istifadəyə dair dövlət aktları ilə rəsmiləşdirilir. Məcəllənin 66-cı maddəsinə əsasən kolxoz, sovxoz, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan dövlət və kooperativ, o cümlədən ictimai müəssisə və təşkilatlara torpaq sahələri daimi istifadəyə verilir. Həmçinin, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Göründüyü kimi torpaq sahəsinin ayrıldığı dövrdə qüvvə olmuş, eləcə də hazırda qüvvədə olan qanunvericilikdə isə örüş torpaq sahələrinin şəxslərin istifadəsinə verilməsi ilə bağlı hər hansı qadağa nəzərdə tutulmamışdır. Belə olan halda, kollegiya cavabdehin 1-ci dəlilini əsassız hesab edir. Torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluq olması, faktiki istifadə edilən torpaq sahəsinin JN-173 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967.0 metr kənarda yerləşməsi ilə bağlı cavabdehin 2-ci dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Bununla bağlı cavabdeh hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Siyəzən Rayon İHB-nin 18 mart 1998-ci il tarixli, 71 nömrəli sərəncamı ilə ona ayrılmış 50,0 ha torpaq sahəsi olmadığını bildirir, iddiaçı isə dəlillərində bunun əksinə, faktiki istifadə etdiyi torpaq sahəsinin sözügedən sərəncamla ona ayrılmış 50,0 ha torpaq sahəsi olduğunu iddia edir. Qeyd olunan dəlillə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən 15 noyabr 2022-ci il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 50,0 ha torpaq sahəsinə dair tərtib edilmiş ilkin sxem və xəritə materiallarında göstərilən koordinatlar iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmçinin, həmin ilkin sxem və xəritə materiallarında göstərilən koordinatlar torpaq sahəsinə dair iddiaçının adına Siyəzən rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş JN-173 KOD 30503018 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla eynilik təşkil edir. Həmçinin, işdən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Sumqayıt Layihə Tədqiqat İdarəsi tərəfindən 2016-cı ildə sözügedən 50,0 ha torpaq sahəsinə baxış keçirilmiş, naturada təsbit edilmiş koordinatları dəqiqləşdirilmiş, koordinatları yerində GPS aparatı vasitəsilə ölçülərək yeni koordinatlar verilmişdir. Hansı ki, yuxarıda qeyd edilən mütəxəssis rəyində torpaq sahəsinin dəqiqləşdirilmiş koordinatları ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Sumqayıt Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş sənədlərdə göstərilən torpaq sahəsinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun olduğu qeyd edilmişdir. Mütəxəsis rəyindən göründüyü kimi torpaq sahəsinin ilkin sxem və xəritə materiallarında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Bununla bağlı cavabdehin nümayəndəsi məhkəmə iclasında ilkin izahatında iddiaçı ona 50 ha torpaq sahəsinin Siyəzən rayonunun Sədan kəndindən ayrıldığını bildirdiyi halda, elektron kadastr məlumat bazasının məlumatlarına əsasən həmin torpaq sahəsinin ona rayonun Çarxana kəndindən ayrıldığını bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan məsələ ilə bağlı cavabdeh inzibati orqandan mütəxəssis rəyi alınmışdır. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq cavabdeh tərəfindən 19 sentyabr 2023cü il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, Siyəzən rayonu “28 May” kolxozunun baş sxemindən çıxarışa əsasən Siyəzən rayon İcra hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 nömrəli sərəncamı ilə Siyəzən rayonu ərazisindən iddiaçıya ayrılmış 50,0 ha torpaq sahəsinə dair JN-173 KOD 30503018 nömrəli Dövlət Aktında qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Sədan kəndinin inzibati ərazisi daxilindədir, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı və Siyəzən rayon torpaq şöbəsi tərəfindən təsdiqlənmiş Siyəzən rayon “28 May” kolxozunun (təsərrüfatı) baş planının sxemindən çıxarışa əsasən kolxozun ərazisi vaxtı ilə Sədan və Çarxana kəndlərinin inzibati ərazisini əhatə edir. Həmçinin, mütəxəssis qarşısında qoyulmuş 1998- 2003-cü illər ərzində Siyəzən rayonunun tabeçiliyində olan Sədan və Çarxana kəndlərinin inzibati ərazi hüdudlarında hər hansı bir dəyişikliyin olub-olmaması ilə bağlı suala cavab olaraq qeyd olunan məsələ barədə Ərazi İdarəsində məlumat aşkar edilmədiyi üçün aidiyyəti üzrə Cavabdeh publik hüquqi şəxsi "xxxx" MMC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Rəydən müəyyən edildiyi kimi 1990-cı ildə iddiaçının icarəsinə verilmiş 50 ha torpaq sahəsinin yerləşdiyi “28 May” kolxozunun (təsərrüfatı) ərazisi vaxtilə Sədan və Çarxana kəndlərinin inzibati ərazisini əhatə etmişdir. Həmçinin, kollegiyanın Siyəzən rayonunun tabeçiliyində olan Sədan və Çarxana kəndlərinin inzibati ərazi hüdudlarında hər hansı bir dəyişikliyin olub-olmaması ilə bağlı sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilən 31 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Siyəzən rayonunun ərazisində torpaq islahatı aparılarkən Sədan və Çarxana kəndlərində bir yerdə islahat aparılmış və bununla bağlı 1999-cu ildə rayonun “28 May” təsərrüfatının ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsi hazırlanmışdır. Sədan bələdiyyəsinin 24 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş Sədan bələdiyyəsinin xəritəsində də hər iki kənd birlikdə, bələdiyyənin hüdudları daxilində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası” na uyğun olaraq 2013-cü ildə ləğv edilmiş DTXK tərəfindən Siyəzən rayonunun Sədan inzibati ərazi dairəsinin və onun tərkibindəki Çarxana, Müşkülqazma və Sağolcan kənd ərazi vahidlərinin xəritələri hazırlanaraq Milli Məclis tərəfindən aparılan ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi üçün Milli Məclisə təqdim olunmuşdur. Bundan əlavə, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatı da məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 5-73-3/2-954/2023 nömrəli məktubu ilə mübahisəli ərazinin Sədan bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar olduğunu bildirmişdir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində müəyyən edilmişdir ki, cavabdeh torpaq sahəsinin faktiki yerləşdiyi yerin sənəd üzrə göstərilən yerdən 1967 metr kənarda yerləşdiyini bildirsə də, əslində Sədan və Çarxana kəndləri arasında olan məsafə 4-5 kmdən çox təşkil edir. Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 25 aprel 1998-ci il tarixli, JN-173 KOD 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları “Pulkovo 1942” koordinat sisteminə əsasən müəyyən edilmişdir. Kollegiya tərəfindən cavabdeh orqana növbəti dəfə sorğu verilərək faktiki və sənəd üzrə torpaq sahəsi arasındakı 1967,00 metr ölçüdə fərqin yaranması səbəbləri - ərazidə koordinat sürüşməsinin olub-olmaması, “Pulkovo 1942” koordinat sistemi ilə hazırki elektron informasiya sisteminin məlumatları arasında uyğunsuzluğun olubolmaması, habelə belə uyğunsuzluq olduğu təqdirdə onun hazırki məzmunda fərqin (1967,00 metr) yaranmasına səbəb olmasının mümkünlüyü barədə məlumat verilməsi tələb edilmişdir. Qeyd olunan sorğuya cavab olaraq cavabdeh 25 yanvar 2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, JN-173 KOD 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktının tərtib edilməsi zamanı müasir elektron ölçmə cihazlarından istifadə edilmədiyi, ərazidə koordinat sürüşməsi, həmçinin, “Pulkovo 1942” koordinat sistemindəki məlumatların hazırki elektron informasiya sisteminə köçürülməsi zamanı yaranan uyğunsuzluqlar nəticəsində faktiki və sənəd üzrə torpaq sahəsi arasında 1967,0 metr fərq yaranmışdır. Eləcə də, həmin məktubla verilən mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Sədan kəndinin inzibati ərazisi daxilindədir. Rəyə əlavə edilən orto-foto xəritədən çıxarışdan görünür ki, torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşdiyi yer bir-birindən kifayət qədər aralı məsafədə yerləşməklə, onlar arasındakı məsafə 1967,0 metr təşkil edir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahatında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967,0 metr kənarda yerləşməsi ilə bağlı uyğunsuzluğun GPS aparatlarının qüsurları ilə bağlı yarandığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının faktiki istifadəsində olan 48,63 ha torpaq sahəsi Siyəzən rayonunun Sədan kəndinin ərazisində yerləşir. Həmin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadə vəziyyəti arasında 1967,0 metr fərqində uyğunsuzluğun olduğu müəyyən edilsə də, bu uyğunsuzluğun səbəbləri köhnə elektron koordinat sisteminin qüsurları, eləcə də ərazidə koordinat sürüşməsi nəticəsində olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin yerləşmə vəziyyətində yaranmış uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq - köhnə elektron koordinat sisteminin qüsurları, həmçinin, sürüşmə nəticəsində yarandığından və bunun nəticəsində digər şəxslərin hüquqları pozulmadığından bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 43-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Həmin maddənin 3-cü bəndində qeyd olunub ki, yerquruluşu işləri dedikdə həmçinin torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutulur. 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının istifadəsinə verilmiş JN-0173 KOD 30503018 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ nda qeyd edilən 50 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında köhnə elektron koordinat sisteminin qüsurları, eləcə də sürüşmə nəticəsində dəyişiklik olduğundan, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyəti digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyindən, başqa sözlə, hər hansı şəxsin hüquqlarını pozmadığından cavabdehin 2-ci dəlili iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində qeyd edildiyi kimi, yaranmış uyğunsuzluq yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində istifadə hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Siyəzən rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş 25 aprel 1998-ci il tarixli, JN-0173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ na əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Cavabdehin gətirdiyi 3-cü dəlilini yəni, kadastr məlumat bazasına əsasən faktiki istifadədə olan torpaq sahəsinin 1,37 ha hissəsinin **********95 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşməsi dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı həmin hissədə tələbindən imtina edərək, tələbini dəqiqləşdirmiş və ona ayrılmış 50 ha torpaq sahəsinin 48,63 ha hissəsi üzərində istifadə hüququnun qeydiyyata alınmasını xahiş etmiş, işə baxan məhkəmə də iddiaçının məhz bu məzmunda tələbini təmin etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-1(118)-258/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.